Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə gənc şair Şəfa Vəli görüşür.

 

Mən axı yer üzüyəm,

Astanamda eşq hökmü.. 

İnsanda dərd iziyəm,

Ağaclarda dörd mövsüm...

 

İnsan olmaqdan çıxıb

Kainata səpildim.

Etdiklərimdən qorxub

Öz içimə təpildim.

 

Tapmadı məni Tanrı...

Görmədi məni bəşər...

İçərimin o yanı

Arzulardan kül eşər...

 

Yenə bağlıdı bəxtin

Dəstəksiz qapıları...

Yenə tayçarıq əhdim,

Yenə yoxdu can payı...

 

Özüm-özümü yonub

Qorxu büstü elədim.

Saçımı yolub-yolub

Yolları dəstələdim.

 

Dəstələrin o başı

Tanrıyacan çatmadı...

Arzumun aldanışı

Öz ağlıma batmadı.

 

İtirilmiş hər güman

Şeytana dəvətnamə...

Ümidsizliyim ümman,

Düşüncəm divit, namə... 

 

Yazıram ey... 

Yazdığım

Öz başıma daş olur... 

... Bu cür şeir yazanın

Gövdəsində baş olur?!

 

Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Bazar ertəsi, 11 Dekabr 2023 16:30

Göy üzündən gələn qız

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bir az dəli doludu, bir az küsəyən, bir az pessimist, bir az təkəbbürlü, bir az utancaq, bir az da gözüsulu. Göz yaşı ovcunun içindədi. Himə bənddi. Ani toxunuşdan sellənə bilər…

 

Bütün bu bir azlarda özüdü amma. Heç kimə bənzəmək istəməyən, öz yolu, öz cığırı olan, xəyalları, arzuları uzun saçlarından asılan, hər addımda qadınlığını qoruyub saxlayan, çiyinlərində yüz kişinin yükünü daşıyan, yorulmayan, usanmayan bu kişmiş qız (mən elə adlandırıram) həm də özündən çox sevdiklərinin harayına qaçır. Özü də sevə-sevə, həvəslə. Kirpikləri qaranlığı yoranacan yumulmur. Zamandan zaman oğurlayır. Mənim "25-ci saat"-ımın qəhrəmanları kimi. 

Həm də bu boyda çətinliyin və təlatümün içində onun bir ədəbiyyat yükü də var. Yazıb yaratmaqla  bütün ağrılarına, əzablarına sığal çəkir. Sözüylə ovudur özünü. Elə vurğunu olduğu yazarların da söz işığında  oturmaq, sözə tutunmaq eşqi də onu bircə an rahat buraxmır. Bilirsiz söhbət kimdən gedir.? Günün hansı hissəsində olur olsun, ürəyinin və duyğularının qapısını ərklə açdığım, qızım kimi öyüd verdiyim( hərdən tənbeh etdiyim vaxtlar da olur) filoloq yazar Ülviyyə Əbülfəzqızından danışıram. Daha doğrusu, duyğularım və hiss etdiklərim məni danışmağa vadar edir.    

Ürəyinin işığı üzünə yansıyıb. Gözlərinin  təmizliyi vurur adamı. İçini görürəm bu qızın. Gəncliyimə bənzədirəm bir az da. Üsyankarlığını, sadəliyini, kübarlığını, dürüstlüyünü. Deyəsən özümü çox təriflədim. Nə edim? Bu qız mənə bənzəyir. Əyilməzdi həm də. Kiməsə söykənib yeriməyi, kiminsə ətəyindən tutub gəzməyi sevmir. Bütün uğurlarını öz zəhmətinə və səbrinə borcludu. Bütün çətinliyin və əzabların qarşısında alnı açıqdı. Hərdən heyfim gəlir bu qıza. Bu çirkabla dolu dünyada  onun  təmizliyinə, saflığına , paklığına heyfim gəlir. Qorumaq istəyirəm onu. Keçdiyim fırtınaların təlatümündən, həyatın siyah üzündən, təzadlardan, yalanlardan, hiylələrdən - hər şeydən. Qanadımın altına almaq istəyirəm. Amma sonra fikirləşirəm ki, insan əzablarda bərkiməlidi, bişməlidi. Hər əsən küləyə əyilməməlidi, dik dayanmalıdı. Ülviyyə hələ ömrünün  ən çətin sınaqlarından keçir. Söz , dostluq, övladlıq, müəllimlik və ən başlıcası analıq sınağından. Büdrəyir də, qaçır da, töyşüyür də, yorulub usanır da. Amma ümidini itirmir. Həmişə axtarışdadı. Özünü dəryada damla adlandırır. Baxmayaraq ki, sözü havadan asılı qalan, köksüz, budaqsız "şeir"ləriylə özünü ədəbiyyata sırıyan, yaradıcılığı olmasa da imzası ilə hər addımbaşı gözümüzü yoran neçə dil pəhləvanlarından yaxşı yazır. Nə o özündən razıdı, nə də  biz. Öyrənməyi və öyrətməyi çox sevir amma. Özü də incimədən. 

Hər sözə sevgiylə yanaşa- yanaşa həm də. Bilir ki, insan həmişə öyrənməli, oxumalı , ruhdan düşməməlidi. Ən çox məndən söz eşidir. İstər problemlərin ağırlığından yorulanda, istər cəmiyyətin o biri üzüylə qarşılaşanda, istərsə də şeir yazanda ən çox mənim fikirlərimlə ovunur. Bu qız başdan-başa təlatümdü. İçindəki fırtinanı mən görürəm bircə. Ya mənə elə gəlir. Bilmirəm. 

Bu qız haqda danışmaq elə asandı ki, mənə. Hətta bu yazını da birnəfəsə yazdım. Pəncərəmə ayın üzündən işıq düşüb. Bilirəm ki, Ülviyyə də oyaqdı. Baxışlarımız göy üzündə toqquşur. Elə fikirlərimiz də. İnanıram  ki, hər şey gözəl olacaq. Sözə  inandığım qədər inanıram həm də. Bir də ki, hələ payıza bir ömür var. Hələ ömrünün baharını doya-doya yaşa, əzizim. Onsuz da bu gün yazdıqların sabah xoşuna gəlməyəcək. Elə yaşadıqların da. Həyatın dadını çıxar. O çox gözəldi. Ürəyinisə beləcə tər-təmiz və ləkəsiz saxla. 

Mən sənə inanıram. Elə sözünə də...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Zaman Paşazadənin şeirlərini  təqdim edir.

 

Zaman Paşazadə 1979-cu ildə Kərəc  şəhərində dünyaya göz açmış, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanln Parsabad  şəhərinə köçmüşdür. 

O, Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 

2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

 

SSENARİŞEİR: DOĞUM

 

İçəri – gecə - doğum evi

Işıq izinsiz cumur gözlərimizə

Yenicə göz açmış kameradan zillənirik divardakı saata

Saat iyirmi dördü tələsir…

 

İçəri – gündüz – doğum evi

Çeşidli açıdan üzümüzə zillənir kameralar

Yaxınlaşdıqca dodaqları yekəlir

Öpülürük

Öyülürük

Öööö

Burnumuzdan gəlir ana südümüz

Zaman ağzımızın ağuz zamanı.

 

Mavi boyalı istamp güpsənir ayağımızın altına

Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində

Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…

 

Yoxlanılır təməl hüceyrələrimiz

Yoxlanılır sağlamlığımız

Yoxlanılır sağmallığımız

Yoxlanılır varlıq.

 

Içəri – gecə - ev

Zillənirik divardakı saata

Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını

Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu

Saat iyirmi dördü…

Geri, geri, geriyə dönür film

Kameralar itir dumanda.

Zamansız – içəri – iç

Cənində bir budda heykəliyik

Boynumuz da göbək bağından bir boyunbağı

Ayağımızın altında doğum çarpayısı…

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Bazar ertəsi, 11 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

8-ci hissə

 

Boşanmalar niyə artır?

 

Süleyman kədərli halda kitabı bükdü… Durub yan otağa keçdi, televizora baxan Zərrin xanımın yanında divanda əyləşdi, onu heyran-heyran bir də süzdü… Ailə müqəddəsdir, ləkə götürməz. Ülkəri istədiyindən zorla qoparırlar, başqasına verirlər. O vaxtZərrinlə bir sinifdə oxumuşdular, arxayın idi ki, Zərrinin sevdiyi bir kəs olmayıb. Nə yaxşı tanıdığını, bələd olduğunu alıb. Başqasıyla, öncədən tanımadığı biri ilə ailə qursaydı, bu oxuduğu romandan sonra şübhələrdən əsla qurtula bilməzdi.

Zərrini özünə tərəf çəkib ehmalca yanağından öpdü və yenə çay istədi. Zərrin baxdığı teleserialın maraqlı epizodunu sonacan izləyib sonra tələsik mətbəxə getdi.

Zərrinin nə qədər ürəyincə bir xanım olduğunu düşündü. İndi Azərbaycanda baş verən boşanma hallarının sürətlə artmasının kökünü elə Ülkərin toyu kimi bir toyda, ondan əvvəlki elçilənmədə, valideynlərin ailə qurmağa müdaxiləsində gördü.Zərrin çay gətirdi. Özünə də süzmüşdü. Onlar çay içə-icə serialdakı epizodu müzakirə etməyə başladılar. Türk serialı idi. Yaşlı bir kişinin gənc həyat yoldaşı gizlicə kişinin qardaşı oğluyla eşq yaşayırdı. Süleyman qətiyyətlə bu halı pislədi. Dedi, bəlkə də qızların pozulmalarına bu sayaq filmlər rəvac verir. Dedi, bunların mesajı nədir axı, qadınları ərlərinə xəyanət etməyə sürükləyirlər?

Zərrin Süleyman deyəni təsdiqlədi. Amma mükaliməni bir qədər də dərinləşdirdi. Dedi, olsun ki, mesaj kişilərədir, imkanlı, varlı olan qoca kişilərədir, onlara deyilir ki, pulunuzun gücünə qızınız yaşda birilərini almayın, mütləq xəyanətə tuş gələcəksiniz.

Serial bitdi, Süleyman kanaldəyişəni götürüb kanalı dəyişdi, bir neçə kanalı yoxladı. Kanallardan birində ona universitetdə sosiologiyadan dərs deyən yaşlı professoru gördü. Professor ailə məsələlərindən danışırdı:

-- Təəsüf ki, indiki vaxtda ailələrimizdə tariximizdə görünməyən bir gərginlik yaşanır. Hər yüz nikaha qarşı otuzdan artıq boşanma halları var. Nəzərə alsaq ki, boşananlardan iki dəfə çox da gərginlik halları yaşayan var, o zaman ailələrimizin səksən faizində gərginlik olduğunu deyə bilərik. Bu, təkcə ər və arvadın faciəsi, problemi deyil. Onlar boşanandan sonra bəlkə daha münasib başqa adamla ailə də quracaqlar, yaxud daha maraqlı bir həyata təminat da alacaqlar. Əsas problem bizim yeni nəslin problemidir. İndiki vaxtda bizim qarşımızda duran ən mühüm məsələ daha keyfiyyətli yeni nəslimizin olmasıdır. Ölkənin gələcək taleyi həm də boy atan yeni nəslin keyfiyyətindən asılıdır. Ata-ana ixtilafları arasında yaşayan, yaxud boşanmış valideynlərin zavalına düşən uşaqlar psixoloji travma almırlarmı? Əlbəttə alırlar.

Zərrin professorun dediyini təsdiqlədi. Fikirli-fikirli durub qızlarının otağına keçdi. Müəllimin dedikləri onu bərk həyəcanlandırmışdı. Səkkizincidə oxuyan qız planşetdə yeniyetmə serialına baxırdı. Qızına sorğu-sual elədi, dedi, mama qurban, orda əxlaq pozan bir şeylər ola bilər, hər halda Avropa serialıdır, onların mentaliteti başqadır, bizimki başqa.

Süleyman isə çay içə-icə fikrən Ülkərin yanında idi. Çayını içib qurtarıb Ülkərin yanına getmək hayındaydı.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

 

Bazar ertəsi, 11 Dekabr 2023 15:00

Bir mahnının tarixçəsi - “Sunam uyanmaz”

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Məhşur "Sunam uyanmaz" türküsünün hekayəsi belədir.

Suna Fahri Kayhan adlı kişinin həyat yoldaşıdır. Fahri bəy həyat yoldaşı Sunanı çox sevir və bunu hər fürsətdə dilə gətirərdi. Suna da Fəhri bəyi çox sevirdi. Onların əfsanəvi sevgisi dillərə dastan idi.

Hamama getmək o dövrün qadınları üçün ən böyük əyləncə idi. Qadınlar təyin olunmuş günlərdə toplaşır və birlikdə hamama gedirdilər. Günlərin bir günü hamısı birlikdə hamama gedir və qadınlarımızın arasında Neriman xanım Suna xanımın kürəyindəki heç kimin bilmədiyi xalı görür. Eyni zamanda Neriman xanım Suna xanımın ən yaxın dostudur. Və həm də onun gözəlliyinə qibtəedəndir. Amma o, paltarına görə Suna xanımın kürəyindəki xalı indiyədək görməmişdi və bu onun diqqətini çəkmişdi. Neriman xanım evə qayıdanda əri Mustafa bəyə Suna xanımın belindəki xaldan danışır. Bir gün Fahri bəy evinin yaxınlığındakı qəhvəxanada Mustafa bəylə qarşılaşır. Aralarındakı söhbətlərdən, qarşılıqlı mübahisələrdən və söyüşlərdən sonra Fahri bəyin təhdidlərinə qarşı Mustafa bəy:

"Mənimlə dava etməkdənsə, evindəkinə yiyə dur. Mən hətta sənin arvadının belindəki xalı da tanıyıram" deyir. 

Fahri bəy eşitdiklərinə inana bilmir. Bir anlıq tək sevgisi Suna xanımın ona xəyanət etdiyini düşünür. Yad adam arvadının belindəki xalı necə bilə bilərdi? Evə qayıdanda mərəkə qoparır, Suna xanımdan cavab tələb edir. Suna xanım hər şeyi Fahri bəyə danışır. Fahri bəy əmin olur ki, Suna xanımın gözləri ondan başqa heç kimi görmür. Fahri bəy əmindir və əmindir ki, Suna xanım onu ​​aldatmır, lakin beynindəki şübhələr heç vaxt sönmür. Bu problemdən sonra Fahri bəy Suna ilə pis davranmağa başlayır.

 Bir axşam yemək vaxtı nədənsə mübahisə başlayandan sonra Fahri bəy pencəyini götürüb bayıra çıxır və evə isə səhər gəlir. Evə girəndə gördükləri qarşısında heyrətlənir. Suna xanım məktub buraxaraq intihar edib. Onun özünü asmış vəziyyətdə tapması və ağzından çıxan sözlər bu günə qədər gəlib çatmışdır. Suna Xanımın Məktubda Son Sözləri: "Üzr istəyirəm, bəy. Şübhələrinizin səbəbini çoxdan bilirəm. Adımı təmizləmək üçün başqa yol tapa bilmirdim. Bunu xatırlayın, sizi heç vaxt aldatmadım".

 

Mahnının linki budur:

 

https://youtu.be/U4hhjLb8o3g?si=f2hJID4rW9HOiEAW

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının poçtunda daha bir məktub sözlü-şeirlidir. Məktubu AYB üzvü Xaqani Abbasəli Öztürk yollayıb. 

Onun 2 şeirini diqqətinizə çatdırırıq. 

 

 

VƏTƏN, MƏNİ SƏP ZƏMİNƏ

 

Günlər avara-avara,

Veyillənir ay içində.

Şəklini çəkib divara,

Ruhum özgə bir biçimdə...

                

Qoşa günlərim yarışır,

Boş beşikdən gələn səslə.

Günəş gecələr alışır,

Yaxır yuxumu həvəslə...

                

Xatirələr mürgü vurur,

Mutluluq baxtımdan pərən,

Könlümü qarsıyan qürur,

Ağzın açmır tək bir kərəm...

                 

Soyunur sarı əynini,

Yığvalımın xəzəl fəsli.

Ayrılıq açmaz eynini,

Ayrılıq sevdanın əsli...

                  

Dönür tətildən ta quşlar,

"Quşqorxuzan" özləminə,

Bundan belə məndə qışlar,

Vətən, məni səp zəminə...

                   

Yenə buludlar qısırdı,

Şimşək sarılıb dəfinə,

Dilimi, dişim ısırdı,

Dəyən olmadı kefinə...

                   

Veyil- veyil veyillənir,

Sağımda, solumda ömür,

Hər gün gözümdən ələnir,

Hər sabah yolumda ömür...

 

 

KÖNÜL GİLEYİ

               

          "Özümə bənziyən"

              silsiləsindən

 

Yenə gecə,

Könlümdə yağmur yağır.

Şimşək bulud düyünündə

oynuyan sərxoş qonaqdı...

İblis amadə, oyaqdı.

Tanrının xoşuna gəlməyən,

şeirlərim tökülür

qismətin gözlərindən...

Sən oxuyan şeirim 

öpəcək dodağını acığa,

(sirrin çıxacaq açığa).

Yaddaşım adını daşıdığım həybə,

Bəkləyişim kirli sokak 

lampaları kimi fakiranə.

Ümüdlərim can verir,

bəlkənin bəlkəsində

Ağı deyən duyğularım,

qurudur ümmanları...

Kür-Araz misralarım

arxanca açılan qollarım,

arxanca atdığım su,

iyi yolçuluk duası...

Dilimdə pas tutub vida kəlməsi,

Yas tutub güman içimdə...

Dilim yorulub adını söyləməkdən

Oysa könlüm sən deyir,

halən sən...

Soyuq-soyuq şeirlərim,

qışı gətirib bəxtimə...

Daha indi,

sətir-sətir hördüyüm

eşqin şeir şəhərini

ovcumun təriylə yıxayıram hər gecə...

Anlayıram,

şımarık sevgilər səbr istər.

Üşüyən ürəyimi gizlədirəm

dərdin güneyində

İçimdəki çığlıklar

hıçkırığıdı həsrətin...

Mənim şeirlərim həsrətin yurdu.

...atdın məni zamanın, zamanla ötəsinə...

Olsun,oldu.

Baxışımla ərşə hördüm,

"Göy quşağı"xalısı,

tükəndi gözlərimdə

rəngin "çalası",

O, göylərin bayrağıdı,

həsrətimin qisası...

Gizlə məni dərdən ya Rəbb,

torpağın astarında.

uvandı qəm tarlası...

Onsuzda,

Ömrümün təqvimini

varaqlayır,oxuyur külək...

...İndən belə tanrım

yoluna çıxmam,

arxanca baxmam...

tərs baxışından qorxar sevdam...

Gedəcəm,

yerim fəna olmasa döməyəcəm,

Bu dünya aramızda zəlil

qaldı.

Sevda qolumuz üstə əlil qaldı.

Mənim xəyalım sənə

yetişmənin gerçəyidi...

Yapış əlindən ruhumun,

gedək bu yer üzündən,

ayaqları tutulmadan həsrətin...

Ovcuma qonan ququşu tək

oxu son nəğməni,

tükənsin vaxtım.

Yol bitmədən ölüm gəlsin,

Bıkdım ta bu özləmdən,

gedirəm öz-özümdən

məni əhv et ya da.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib Xalq artisti Baba Mahmudoğludur. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.

 

“NİYAZİ DEDİ Kİ, SƏNİN SƏSİN ÖZÜNDƏN ALTI DƏFƏ AĞIRDI”

Xalq artisti Baba Mahmudoğlu ilə dəniz kənarında görüşüb söhbət etdik. Həmin gün qəzetlərdən birində dərc olunmuş “Baba Mahmudoğlu acından ölür”sərlövhəli məqalə ilə bağlı olaraq bütün jurnalistlərdən narazı qalsa da, bizimlə çox səmimi söhbət etdi. Çünki onu az-çox tanıyan hər kəs çox gözəl bilir ki, sözün doğrusunu demək, səmimiyyət Baba Mahmudoğlunun xarakterinin əsas cəhətidir. Və elə bu cəhəti sənətin çətin yollarında irəliləməsinə az mane olmadığı kimi, ona kömək də edib.

 

- Baba müəllim, şükür Allaha, sağ-salamatsınız. “Baba Mahmudoğlu acından ölür” məqaləsini oxuyub lap narahat olmuşduq.

 

-Jurnalist gərək müsahibinin fikrini əvvəlcə düzgün qavrasın, sonra isə nöqtə-vergülünə belə toxunmadan qələmə alsın. Mənim Nizami Xudiyevə böyük hörmətim var. Amma müxbir yazıb ki, guya mən onu televiziyadakı rüşvətxorluğa göz yummaqda ittiham edirəm. Halbuki, o, “televiziyadakı rüşvətxorluqdan, sizcə, Nizami Xudiyevin xəbəri yoxdurmu?” deyə sual edib, mən isə “əgər siz deyən kimidirsə, televiziyada rüşvət varsa və Nizami Xudiyev də buna göz yumursa, bu çox mənfi haldır” demişəm. Televiziyanın mənə münasibəti həmişə yaxşı olub. Hələ təxminən 20-25 il əvvəl televiziyanın keçirdiyi “Ən çox hansı müğənnini ekranda görmək istəyirsiniz?” sorğusunda tamaşaçılar ən çox mənim adımı çəkmişdi. İkinci yeri Zeynəb xanım tutmuşdu.

 

- Hətta Zeynəb xanımı belə üstələmişdiniz?

 

- Zeynəb xanım çox böyük sənətkardır, nə qədər ki Zeynəb xanım sağdır, nə qədər ki, Zeynəb xanım səhnədədir, ikinci heç bir Azərbaycan müğənnisi onun qədər sevilə bilməyəcək. Mən uzun müddət fikirləşib, Zeynəb xanımın böyük uğurunun, sirrinin şifrəsini açmışam. O oxuduğu mahnının dinamikasını daxili bir  dramatizmlə açıb göstərir.

 

- Zeynəb xanımın sənətinə bəslədiyiniz bu böyük sevgiyə baxmayaraq, opera səhnəsində onunla tərəf müqabili olmamağınız qəribə görünür...

 

- Buna Ələkbər Tağıyev imkan vermədi. Görünür, bizim temperamentlərimizdə də fərq var idi. Məsələn, mən Məcnunu çox emosional, coşqun səpkidə oynayırdım. Zeynəb xanımın ifa tərzi bir az başqa cür idi. Bunu yaxşı başa düşən Ələkbər Tağıyev ona məsləhət görmüşdü ki, sən Baba ilə oynama, sizinki alınmaz. Ələkbər çox ağıllı adam idi.

 

- Nəzakət Məmmədova və Rübabə Muradova dediyiniz tələblərə cavab verə bilirdilərmi?

 

- Toy səhnəsinə qədər Nəzakətin ifası xoşuma gəlir. Nəzakət 13-14  yaşında qızın hiss-həyəcanlarını psixoloji dəqiqliklə verə bilirdi. Utananda belə, bakirə utanırdı. Toy səhnəsindən sonrakı faciəvi səhnələrdə Rübabə xanım əvəzolunmaz idi.

 

- İndki leylilərdən kim xoşunuza gəlir?

 

- Nəzakət Teymurovanın ifası az-maz Nəzakət Məmmədovanı yada salır.

 

- Qayıdaq, acından ölmək məsələsinə, maddi durumunuz necədir?

 

- Mən həmin müxbirə də demişdim ki, çox pis. Amma bu o demək deyildir ki, acından ölürəm. Mən Opera Teatrının aparıcı aktyoru kimi aya on altı şirvan maaş alıram. Təbii ki, bununla yaxşı yaşamaq olmaz.

 

- Toylara getmirsiniz?

 

- Yox.

 

- Sonuncu dəfə nə vaxt toyda olmusunuz?

 

- Üç-dörd il əvvəl.

 

-Təxminən on-on beş il əvvəl sizin rəhbərliyinizlə “Dastan” ansamblı fəaliyyət göstərirdi. “Dastan” niyə yarandı və hara yox oldu?

 

-  (gülərək) Mən Qazağın Muğanlı kəndində doğulmuşam. Qazmada yaşayırdıq. Dünyadakı nənələrin ən gözəli olan bir nənəm var idi. Gözümü açandan divardakı rəfdə bir çaydan görmüşdüm. Nənəm ondan heç vaxt istifadə etməzdi. Bir dəfə nənəmdən soruşdum: “Ay nənə, bu çaydanda nə vaxt çay qoyacaqsan?” Dedi: “Heç vaxt. Bu çaydan mənə ulu babamdan cehizdir, tozunu alıram, ki, təzə qalsın”. Xalq mahnıları nənəmin çaydanıdır. Gərək tozunu alasan ki, gələcək nəsillərə ötürə biləsən.

 

-        “Dastan” xalq mahnılarının tozunu ala bildimi?

 

-        Bir az...

 

-        Uzun müddət dünya şöhrətli Rəşid Behbudovun ansamblında işləmisiniz. Onunla bağlı xatirələriniz çox olar.

 

-        Bir dəfə Hindistanın Dehli şəhərində Rəşid Behbudovun 70 illik yubileyi qeyd olunurdu. Xahiş etdilər ki, məclisi mən aparım. Bir az çıxış etdikdən sonra birdən qayıtdım ki, Rəşid müəllim, deyirlər, siz çox xəsis adamsınız. Bu doğru sözdür? Dedi ki, düz deyirlər, mən hər sarsaq-sursağa pul xərcləmirəm.

 

-        Rəşid Behbudovun sizi ansambla dəvət etməsi necə olmuşdu?

 

-        Rəhmətlik bir gün dedi ki, bir muğam oxu. Bir “Çahargah” oxudum. Mən Azərbaycanda ən uzun zənguləli və ən uzun nəfəsli oxuyan olmuşam. Bir “Mənsuriyyə” oxudum ki, gəl görəsən... Bəyəndi deyəsən məni. Dedi: “Oğlum, səndən əvvəl bura başqa bir oğlanı çağırmışdım, çox gözəl oxuyurdu. Dedim ki, dur ayaq üstə, durdu. Gördüm boyu çox balacadır. Dedim ki, bir ansamblda iki balacaboy adam olmaz.” Axı, Rəşidin özünün də boyu balaca idi. Yəni demək istəyirəm ki, Rəşid Behbudov qədər Azərbaycan musiqisində özünə, başqalarına qarşı diqqətli olan ikinci adam tanımıram.

 

-        Bəs, ikinci balacaboy kim idi?

 

-        (tərəddüd etdiyi hiss olunur) Alim Qasımov...

 

-        Opera Teatrına  dəvət almağınız necə olub?

 

-        Bir dəfə Opera teatrına qəbul olunmaq üçün müsabiqə elan olunmuşdu. Mən də bəxtimi sınamaq qərarına gəldim. Müsabiqədə 183 nəfər iştirak edirdi. Növbə mənə çatanda bir “Kürd-Şahnaz” oxudum. Jürinin sədri durdu ayağa ki, tarzən və oxuyan oğlan yanıma gəlsinlər. Yarı yolda tarzən mənə dedi ki, sən çaldın. Jürinin sədri Niyazi, tarzən isə Bəhram Mansurov idi. Niyazi hər iki əli ilə böyürlərimdən tutub, məni dik qaldırdı. Soruşdu: “Çəkin nə qədrədi?” Dedim ki, 53 kilo. Üzünü jüri üzvlərinə tutub dedi: “Bu oğlanın səsi çəkisindən altı dəfə böyükdür.” Soruşdu ki, səni İtaliyaya göndərsək, getmək istəyərsənmi? Qayıdandan sonra operada aparıcı solist olacaqsan. Mən belə bir şey gözləmirdim. Mənim ən böyük arzum bu idi ki, məni xora-zada götürsünlər. Əlövsət Sadıqov Məcnunu oynasın, mən də səhnədə onunla bir yerdə olum.

 

-        Son vaxtlar Məcnunu niyə oynamırsınız?

 

-        Görünür, teatrın müdiriyyəti bu fikirdədir ki, gənclər oynasa, daha yaxşı olar.

 

-        Sənət həyatınızda nə kimi yeniliklər var?

 

-        “Görüşünüzə gəlmişəm” adlı yeni albomum çıxıb. Yaxın vaxtlarda İran və Almaniyaya səfərim var.

 

-        Gənc qalmağınızın sirrini nədə görürsünüz?

 

-        Həyat yoldaşım Amaliya xanımda. O, iki övlad anasıdır. Üçüncü övladı mənəm. İndi balaca uşaq kimi qəzet oxuduğum yerdə məni yedirdir.

 

-        Gənclik illərində sizə sevgi məktubları yazan çox olardı...

 

-        (gülümsəyir) O qədər!.. Amma mən həyat yoldaşımdan başqa heç kəsi sevməmişəm.

 

-        Amma bir vaxtlar şaiyələr gəzirdi ki, guya sevgi məktublarına biganə deyilsiniz. Hətta buna görə həbsə də düşmüsünüz.

 

-        (təəssüflə) Şaiyəyə bax e, sən Allah! Mən həbsdə olmuşam, amma ev üstündə. Kooperativ mənzil almaq üçün bizdən pul yığmışdılar. Sonra məlum oldu ki, bu, rüşvət imiş. Biz də dünyadan bixəbər. Düz 38 gün içəridə qaldıq. Rəhmətlik Eyvaz Həsənov da mənimlə bir yerdə idi. Bu iş üstündə tutulanları “Baba Mirzəyevin qruppası” adlandırırdılar.

 

-        Mahnı oxuyarkən gözlərinizi niyə yumursunuz?

 

-        Çünki onda ətraf aləmi unudub, mahnının dünyası ilə yaşayıram.

 

-        Gözlərinizi açmaq fikriniz yoxdur? Axı, dünya dəyişir...

 

-        Mən romantikəm. amma görünür ki, gözümü açmalı olacağam.

 

-        Son sualımı da elə romantik akkordla vuracağam. Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-        Mən vicdanımı götürərdim...

 

 “Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Vaxtında, yerində, qədərində olan hər şey qiymətlidir.

2.Valideyn üçün ən böyük təhlükə və ən böyük ümid mənbəyi övladlarıdır.

3.Fikirlər havayı paylandığından qiymətləndirilə bilmir.

4.Şər gecə, xeyir gündüzdürsə, insan alatoranlıqda yaşamağa məhkum məxluqdur.

5.Hələ heç kəs başqalarının vaxtını almaqla öz vaxtını uzada bilməyib.

6.Mərhəmət göstərilib bağışlanan insan, ona mərhəmət göstərən insanı heç vaxt bağışlamır.

7.İnsanın ən gözəl libası onun xoş xasiyyətidir.

8.Tikansız güllər axtaran güllərin qızılını heç vaxt tapmaz.

9.Ehtiyaclarının qədərini azaldan insan xoşbəxt olmaq şansını çoxaldır.

10.Ətrafın axmaqlardırsa, özünü ağıllı saymağın axmaqlıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Əvvəllər dekabr küləyini, ümumiyyətlə qış aylarında əsən güclü ilıq küləkləri çox sevərdim. Adətən gecələr şiddətlənən və yetkin insanların narahatlığına, uşaqların isə qorxusuna səbəb olan bu güclü küləklər niyəsə mənim ruhuma həmişə rahatlıq bəxş edərdi. 

Hər dəfə külək əsəndə mən o daha da güclü əssin istəyərdim...

 

Doğrusunu desəm, əslində bu küləkləri indi də sevirəm. Lakin arada bir fərq var ki, indi küləyi sevdiyim üçün utanıram.

Bəli həyat belədir, insan bəzən gün gələr, utanar sevdiyi şeylərdən...

Küləyi sevməkdən utanar məsələn, ağacların budaqlarında özlərinə yuva qurmuş kiçik quşların, balaca uçuq-sökük daxmalarda yaşayan insanların var olduğunu xatırlayanda...

Qarı sevməkdən utanar məsələn, sobası yanmayan evlərin, üşüyən, xəstələnən uşaqların var olduğunu xatırlayanda.

Həyat sevdiyi şeyləri ən böyüyündən ən kiçiyinə qədər yavaş-yavaş, bircə-bircə insanıın əlindən alar...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Əllərin nə yaman soyuqdur, gülüm” şeirinin növbəsidir. Bu şeir bu soyuq dekabr günündə tam yerinə düşmürmü, düşür. 

 

Əllərin nə yaman soyuqdur, gülüm,

Əllərin elə bil qar çiçəyidir.

Ay aman, əlində dondu ki əlim,

Əllərin əlimin buz əlcəyidir.

Biz ki cənubluyuq,

bu soyuq hardan?

Gərək külümüz də soyuq olmasın.

Gözümüz dünyada ən qaynar bulaq,

Gərək əlimiz də soyuq olmasın.

 

Oddan yoğrulmuşuq, atəşik axı,

Qəlbimiz duyğular tonqalı kimi.

Yanağın elə bil alov dilmi,

İllərin bir taxta yonqarı kimi...

Əllərin nə yaman soyuqdur, gülüm,

Niyə bu soyuğu indi duymuşam?

Bir ömrün məhəbbət taleyini mən

O soyuq əllərə necə qıymışam?!

 

Ay üzübaharlı,

əli qış sonam,

Gileyim gülməli gəlməsin mənim.

Qorxuram

sevgidə soyumağın da

Əlindən başlaya,

əlindən sənin;

Əllərin nə yaman soyuqdur, gülüm...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.