Super User
Uğur üçün 15 keyfiyyət - Planlaşdırılmış həyat yaşamaq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
13) Planlaşdırılmış həyat yaşamaq.
Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.
Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.
Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
11) Məqsədyönlü olmaq.
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
SƏXAVƏT ABBASOV Elşad Baratın “Şəhidlər” silsiləsində
“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Abbasov Səxavət Rizvan oğlu
Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər bir saylı tam orta məktəbdə alıb. Güləşin Yunan-Roma növü ilə məşğul olan Səxavət həm də musiqi bacarığı ilə yadda qalıb. O, dostları arasında şən, zarafatcıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib.
Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "Məndən nigaran qalmayın, Vətən borcunu yerinə yetirib qayıdacağam" – deyib.
"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.
20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdən qalib çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi hər ikisinin həyatına son qoyub.
Səxavət Abbasov oktyabırın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sona “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zəfər tariximizdə
Tarixin igidisən.
Evin tək oğlu idin,
İndi tək şəhidisən.
Fəxr eləyir səninlə
Sabah, bu gün və dünən.
“Övladdan şirin olur
Nəvələr” – deyən nənən.
Şəhidlərin adı var
Vətənin hər daşında.
Çünki onlar yaşayır
Tarixin yaddaşında.
Hamı ölür dünyada,
Hansı bədən yaşayır?
Canını vətən üçün
Qurban edən yaşayır.
Sən canını Vətənə,
Dosta qurban elədin.
Torpağına göz dikən
İti peşman elədin.
Elədin azad, şəhid,
Cəbrayıl, Füzulini.
Hadrutun, Xocavəndin
Susmuş otuz ilini.
Söz vermişdin anana,
Gələcəm igid kimi.
Sözünün üstə durdun,
Qayıtdın şəhid kimi.
Şəhidliyin mübarək,
İgid, qəhrəman oğul.
Vətənə bir can verib
Qazandın min can, oğul.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Özü cansız dəmir parçası olsa da, yediyi canlıdır, insandır... –AĞDAMDAN REPORTAJ
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Mən heç vaxt Qarabağın işğal olunmuş ərazilərini görməmişdim. İlk dəfə Şuşaya da 2021-ci ildə MEDİA Agentliyinin dəvəti ilə getmişdim. İşğaldan azad olmuş Qarabağla ilk görüşüm viran olmuş yurd yerlərimiz, yetim daşlar, damı olmayan binalar, evlərin içərisində bitən ağaclarla başladı.
Sual oluna bilər ki, necə olur ki, Azərbaycanda doğulasan, bir dəfə Qarabağa yolun düşməyə?! Çünki ali təhsil almaq üçün vətəni tərk edib gedəndə gənclik çağım idi. Vətənə qayıtığımdan iki il sonra isə torpaqlarımız düşmən tərəfindən rəzilliklə və həyasızcasına işğal olundu. Beləcə, mən və mənim kimi nə qədər Azərbaycan vətəndaşı vətənin bir parçasını, cənnət qoxuyan o torpaqları 30 il müddətində görməyə həsrət qaldı. Görənlərin xəyallarında və röyalarında, görməyənlərin isə arzu və ümidlərində yaşadı Qarabağ.
Bu günlərdə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyitərəfindən 6-7 dekabr tarixlərində keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun iştirakçıları ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin keçirdiyi görüşdə “İpək yolu” Tarixi və Mədəni Araşdırmalar İctimai Birliyinin sədri kimi mən də iştirak edirdim.
Beynəlxalq Forumun ikinci gününü Ağdam şəhərində keçirmək nəzərdə tutulmuşdu.
Səhərin gözü açılmamış Bakıdan üzü Ağdama yola çıxdıq.
Ağdam haqqında ilk yazılarımı elə 1992-ci il işğalından sonra yazmışam. Əsasən də bu yurdun şəhidləri və burada şəhid olan Azərbaycan qəhrəmanları haqqında... Ağdamı coğrafi məkan kimi şahidlərin söhbətlərində və xatirələrində tanımışam.
Bu səhər tezdən Ağdama gedən şüşə kimi yollarla şütüyən avtobusumuzda ağdamlı dostlar da vardı. Sən demə Bakıdan Ağdama gedən yol düppədüz imiş. Nə sola, nə də sağa dönüşü var imiş. Ağdamın Quzanlı kəndindən keçib, düşmənlərin əlindən xilas etdiyimiz kəndlərdən keçirik. Yolun solu da, sağı da yaralıdır, xərabətdir, ya da ki, bom-boş çölə bənzəyir. Əgər jurnalist həmkarımız Təhmasib Novruzov hərdənbir mikrafonla yolun sağ və ya sol tərəfində nə vaxtsa kəndlərin, obaların, üstü damlı evlərin, məktəblərin, bağçaların, bağ-bağatların olduğunu deməsə, buraları ilk dəfə görən adımın heç ağlına da gəlməz ki, Güllücə, İlxıçılar, Suna , Tağıbəyli, Əmirli, Şurabad, Şotlanlı... kəndlərinin xərabətidir gördüklərimiz.
Vaxtı ilə yurd olmuş, ev olmuş, toy-büsatlı olmuş bu kəndlərin üstündən keçib getdikcə Nizami Gəncəvinin Bərdəni tərif etdiyi şerini xatırlayıram:
İndi o dərgahın taxtı alçalmış,
İpəyi, qumaşı küləklər çalmış.
Təzə nar gülləri tökülüb solmuş,
O narlar, nərgizlər dönüb toz olmuş.
Biz də təbiətin nar fəslindəyik. Yollarda o xərabət evlərin yerində, bəzi evlərin skletinin ortasında yabanı halda bitən nar, heyva, xurma ağacları həsrətlə yollara baxır, gəlib meyvəsindən dadacaq insanları gözləyir. Ağaclar da həsrət çəkərmiş... Körpə balası öləndə döşlərini süd tutan anaya bənzəyir üstü meyvəli qalan ağaclar. Necə ki, ana əmizdirməyə körpəsini axtarar, sinəsinə sağılmayan südü ağırlıq edər, bu ağaclara dərilməyən meyvələri ağırlıq edir, ağacların qəddini əyir. Budaqda qalmaqdan gülöyşə narların bağrı çatlayıb burada...
Lakin Azərbaycan insanı o ağaclara yaxınlaşa bilmir axı. Çünki insanlığa ləkə olan hay tayfası bu torpaqlarda, bu ağaclar bitən yerlərdə gecə-gündüz bilmədən mina basdırıblar. Lakin sonradan buralara özləri də demək olar ki, gəlməyiblər. Minalı sahələrdə neyləyəcəkdilər ki? Minanı basdırmazdan əvvəl isə işağl etdikləri yurdumuzun evlərini, məktəblərini, mədəni və idman obyektlərini, zavod və fabriklərini talan edib, külünü göyə sovurublar. Göyə sovurmaq bir yana, viran İran rejiminin mollalarının baştutanları və daş-dəmir yeyənləri də bir yandan peyda olub daşıyıb İrana aparıblar. Özlərini müsəlman sayan İran mollaları həmişəki kimi harama şərik olub, harama əl qatıblar. Bizdən oğurladıqları daş-kəsək, taxta-şalbandan, dəmir darvazalardan özlərinə ev tikiblər.
Bizim inanclarımıza görə oğurluqla yapılan evin təməli tez uçar, viran olar. Mən elə istəyirəm ki, Azərbaycandan daşınan daşla, taxta ilə tikilən evlərin hamısı uçulub tökülsün, viran olsun... O daşını, divarını talayıb apardığınız evlərin sahiblərinin çəkdikləri ev, yurd həsrətini çəkəsiniz... Yaratdığınız qondarma dininiz, haram qatdığınız namazlarınız özünüzə qənim olsun... Özünə “müsəlman” deyən də bu qədər rəzillik edərmi? Müsəlman da öz qardaşının evini, yurdunu talan edib, viran qoyarmı? Bu ancaq İran hökumətinin müsəlman mollalarına xas olan iyrənclikdir.
Həmkarımız Təhmasib Novruzov yenə də mikarfonla danışır:
“ - ... bir azdan bizim avtobusun dayanacağı yer ermənilərin axırıncı postu olan yer idi... Oradan üzü bu yana hər tərəf, sağ-sol minalanmış ərazilərdir. Uzundərə adlı yer var idi. Uzundərə Sovet İttifaqının Zaqafqaziya ordusunu təmin edən hərbi bazası burada yerləşirdi. Patrondan tutmuş raketə qədər, qrantamyot sursatı, həm tank və piyadalar əleyhinə minalar da bu bazada saxlanırdı. O bazanın bütün tank əleyhinə və piyada əleyhinə olan minalarını Ağdamın kəndlərinə basdırıblar... Qalan silahları da başımıza yağdırbılar.”
Sağında –solunda yol qırağına qədər ev olan kəndlər yoxdur indi... Yuxudur sanki, var idi, indi də yoxdur. Elə bil ki, yer yarılıb, yerə girib kəndlər. Bu kəndlərdə firavan yaşayan insanların həyət-bacaları da növbənöv ağacla, yaşıllıqla dolu idi axı... O ağacları da qırıb, oduncaq kimi istifadə ediblər, satıblar... Adda-budda gözə görünən ağaclar isə 30 ildə yabanı halda bitən ağaclardır...
Baş Qərvənd kəndinin yerində qalan xərabət çöllüyə çatırıq. Təhmasib Novruzov 200 metirliyimizdəki bir təpəliyi göstərib deyir ki, o görünən dəyirmandır. Qarqar çayının üstündə tikilmişdi. Yaşı 100-dən çoxdur. İndi həmin dəyirman uçqun üzərində bir xərabətə bənzəyir. Qədimlərdə bütün sulu kəndlərin girəcəyində belə su dəyirmanı tikilərdi. Dəyirmanlar da onu tikən sahibinin adı ilə adlanardı. Kənd əhli də bu çayın üstündə tikilən dəyirmanda kəndə əkib becərdiklərini yığıb gətirib üyüdər, evlərinə , külfətinə ruzi aparardılar.
Baş Qərvənd kəndinin girəcəyində dayanıb, xaricdən gələn qonaqların bizim sıramıza çatmalarını gözləyirik. Minatəmizləmə agentliyinin əməkdaşı təhlükəsizliyimiz baxımından bizdən xətt çəkilmiş yoldan bir addım belə kənara çıxmamağı xahiş edir. Hər kəsi özünü qorumağa və qaydalara əməl etməyə çağırır. Üzbəüz dayandığımız yerdən təxminən 200 metr uzaqlıqda yenə viran olmuş tavansız evlərdən qalan uçulmuş divarlar diqqətimi çəkir. Evin uçulmuş divarlarının üstünə quşlar qonublar. Yəqin o quşlar da bu evin əsil sahibini gözləyirlər. Ürəklərinə damıb ki, görüşə az qalıb.
Qonaqlar gəlib, bizə yetişəndən sonra minatəmizləyənlərin səhra öfisinə sarı gedirik. ANAMA, BAMF, MAG və APOPO təşkilatının stendinə yaxınlaşırıq. Burada BAMF-ın (Beynəlxalq Avrasiya Mətbuat Fondu) xüsusi rolunu qeyd etməsək insafsızlıq olar. Yarandığı 30 il ərzində Azərbaycan ərazilərində minaaxtarama üzrə ən uğurlu layihələrə imza atıb. Məhz bu Fondun təşəbbüsü ilə 6 ay bundan əvvəl başlayan “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində minaların təmizlənməsi əməliyyatlarına MAG və APOPO təşkilatı da cəlb olunub. İndi bu təşkilatın təlimlərində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 40-dan artıq qadın əməkdaşı da düşmənin basdırdığı minaları axtarıb tapır və zərərsizləşdirirlər. Bu məlumatları bizə ANAMA-nın bosniyalı əməkdaşı çatdırır.
Azad olunmuş torpaqlarımızda Şəhidlər Xiyabanları yalnız təzə basdırılmış baş daşları üzərindəki bayraqdan bilinir. Elə bil ki, bir kimsəsiz çöllükdə, diyarda ölünü torpağa tapşırmısan, əmanət etmisən. Qəbristanlıqların ətrafında ins-cins, insan belə gözə dəymir. Çünki bu qəbirlər də düşmən tərəfindən vandalizmə məruz qalıblar.
Qonaqlarla birlikdə QHT təşkilatlarının nümayəndələri də Qərvəndin məzarlığında uyuyanları ziyarət edirik.
Forumun maraqlı və yaddaqalan məqamlarından biri də APOPO təşkilatı tərəfindən mina axtarışına cəlb edilən siçovullar və itlərdir.
Minaxtaranların sırasında cəsur qızlarımızı görməyin də bir ayrı fəxarəti vardır. Həmsöhbət olduğum minaaxtaran Sehran Şükür qızı Babayeva deyir ki, 6 aydır ki, Baş Qərvənd kəndində minaaxtarma əmliyyatında çalışır:
-Əməliyyatlarımız davam edir. Qərvənddəki əməliyyatlarımız yaxın günlərdə bitəcək. Ərazini məcburi köçkünlərə təhvil verəcəyik. Məcburi köçkünlər üçün burada evlər tikiləcək. Mən özüm də məcburi köçkünəm. Ancaq çox qürurluyam. Çünki mənim kimi xanım qızlarımızın təmizlədikləri ərazilərdən yenə şənlik, deyib-gülmək səsi gələcək. Daha heç kim burada minaya düşməyəcək.
Diqqətimi başqa bir qız cəlb edir. Əynində uniforma geyinmiş bu qız isə torpağın üstünə uzanıb. Əlndəki balaca bel ilə yavaş-yavaş, ehtiyatla torpağı eşir. Hərdən də incə barmaqları, əlləri ilə torpağın üstünə sığal çəkir, tumarlayır. Elə bil ki, torpaqla danışır, könlünü alır. Bir neçə dəqiqə keçəndən sonra qazdığı yerdən hansısa silahdan qalma dəmir parçası çıxarır. Sevinir. Ayağa durur, fotoaparatımızın qarşısında sevinclə poz verir. Əlbəttə belə anı tarixə çevirməyə dəyər.
Bu zərif qızlarımız incə və zərif barmaqları ilə xalça toxuya bilərdilər. Qarabağ xalçaları sənət əsərləri arasına öz adı ilə, gözəl naxışları ilə düşüb. Dünyanın ən bahalı muzeylərində saxlanılır. Həmin o Qarabağ xalçalarının ərişli-arxaclı iplərinin rəngini bu torpaqda bitən bitkilərdən tutublar. İndi mənfur düşmən bu torpaqların hər addımında təhlükə əkib və bitirib.
Mina ilə üzbəüz qalmaq təhlükəli bir işdir. Mina adamı yalnız öldürmək üçün tanıyır. Allahı yox, insafı yox, yaddaşı yox... Özü cansız dəmir parçası olsa da, yediyi canlıdır, insandır...
Minatəmizləmə əməliyyatlarını öz gözümüzlə görəndən sonra geri qayıdırıq. ANAMA-nın əməkdaşları gələn qonaqlar üçün çay süfrəsi açıblar. Yaxınlaşıb bir stəkan çay istəyirəm. Samovarın yanında dayanan oğlan həvəslə və hörmətlə büllur stəkanda mənə çay süzür. Xahiş edirəm ki, mənim çayımı tünd eləsin. Onu deyim ki, yola çıxanda adətim üzrə həmişə özümlə çay götürürəm. Çünki çox vaxt yol kənarında və ya elə qonaq olduğum yerlərdə hər içdiyim çayı bəyənmirəm. Çaya qarşı xüsusi qurmanlığım vardır. Qarabağın suyu ilə dəmlənən çayın ilk qurtumunu alanda, hiss etdiyim daddan əhval-ruhiyyəm çayın dadı qədər gözəlləşir. Gecə saat 5-dən oyaq olmağın yuxusuzluğu da uçub gedir. İkinci stəkan çayı xahiş edirəm. Hətta Rey Kərimoğluna da deyirəm ki, bu çaydan mütləq içsin. Çünki bu çayın dadı, zövqü çox başqadır. O da yanında gələn digər qonaqlara çay təklif edir. ANAMA-nın əməkdaşları büllur stəkanlarda isti samovar çayına qonaq edirlər samovarın başına yığılanları. Bu çay, o çaydan deyil... Bu çayın suyunda, dəmində sevinc, nəşə dadı var.
Eh... özlüyümdə fikirləşirəm ki, indi böz çöllüyə bənzəyən kəndin məhlələrində, həyətlərində 30 il əvvəl hər gün samovar qaynayıb, təndirlərdə çörək bişib, ocaq qalanardı. Ağcalardan meyvə dərib, gələn qonağın yol ehtiyatını tutardılar. ANAMA-nın burada işləyən əməkdaşlarını isə nə qarşılayan var, nə də yola salan... Hətta bu kəndin sakini olanlar belə indi iş yerinə uzaqdan gəlirlər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, ANAMA və BAMF-ın təşkil etdiyi "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun rəsmi hissəsi AĞDAMCONFERENCE-də keçirilir.
Müzakirələrdə ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, BMTİP eksperti Don Makdonald, siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti Mustafa Caner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İctimai Birliyinin eksperti İtamar Levy, “Minadan Azad Sarayevo” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Trlin, Humanitar Yardım Fondunun eksperti Mehmet Altıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru Joanne La Terriere, UNİCEF-in humanitar minatəmizləmə üzrə eksperti Tetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulu fəsadlardan, ondan qorunma və maarifləndirmə yollarından bəhs edirlər. Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasından dəhşətə gəliblər. Vurğulanıb ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərinin sürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələni etməlidir.
Daha sonra növbəti faktlar səsləndirilir: 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərərçəkənlərin ümumi sayı 3416 nəfər təşkil edir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub. 2022-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb,.
2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 275 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır. Bu günə qədər isə mina partlayışı nəticəsində ümumilikdə 600 nəfərdən çox insanımız vaxtsız həlak olub.
Biz – dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq.
30 il ərzində düşmən Ağdamı bufer zona kimi saxlayıb, hər qarışında piyada əleyhinə, tank əleyhinə mina basdırıb. Belə edib ki, Azərbaycandan buraya kimsənin ayağı dəyə bilməsin.
Bu günə qədər nə bir ermənidən, nə də bir beynəlxalq təşkilatdan soruşan olmayıb ki, bu erməniyə əgər Azərbaycan torpaqları lazım idisə, niyə orada mina basdırırdı? Niyə məktəbləri söküb, daşını –divarını İrana satırdı? Niyə torpaqlarımızda taxıl, üzüm əkmək əvəzinə narkotik plantasiyaları salırdıniz? Yer üzünün ikinci Xirosiması olan Ağdamı niyə görməzdən gəlirsiniz?
Bu boyda vəhşilikmi olar? Quzanlıdan sonra Ağdamın qurtaracağına qədər bir dənə də olsun it-pişik, mal-heyvan gözə dəymir. Təbiətə bu qədər zülm edərlərmi? ATƏT, BMT, Aİ hara baxırsınız?
O minaaxtaran qızlar əziz canlarını təhlükə altına qoyub, torpağın üstündə sürünə-sürünə mina axtarırlar, torpağın bağrına sancılmış yaraları, bombaları təmziləyirlər. Bizim qızlara mina axtarmaq təlimi keçən avropalılar, amerikalılar əslində bununla fəxr etmənizə dəyməz. Vaxtında bizim haqq səsimizə səs versəydiniz, harayımızı eşitsəydiniz, indi şir ürəkli, cəsarətli xanım qızlarımız torpağın sinəsindən bomba axtarmazdılar, həyatlarını bu boyda təhlükəyə atmazdıllar. Barı sizin etinasızlığınız səbəbindən yer üzündən silinmiş Xocalı və Ağdamın bugünkü halını dünyaya öz dilinizdə, öz medianızda çatdırın. Biz özümüz həqiqətimizi göstərsək də, bizə inanmaq istəmirlər. Barı öz gözünüzlə gördüyünüzə inanın. Barı, düşmənin mina xəritələrinin alınmasında bizə kömək edin ki, tapa bildiyimizi tapaq.
Ötən əsrin Böyük Vətən müharibəsində basdırılan minaları hələ bu gün də dənizlərdən, torpağın altından aşkar edilir. Kim bizə zəmanət verə bilər ki, 5,10, 20, 50 ildən sonra bizim indi qarış –qarış təmizlədiyimiz torpaqlardan mina çıxmayacaq? Bu yerlərdə mina torpağın ömürlük qorxusudur.
Təhmasib müəllimin Ağdam haqqında məlumatlarından öyərnirəm ki, Ağdam rayonu və kəndlərində 117 məktəb olub. Onun 9-u Ağdam şəhərində imiş... Lakin o məktəblərin heç daşı-divarı da qalmayıb... İrana daşıyıblar.
...Geri qayıtmaq vaxtıdır. Şüşə kimi yollarlla geri qayıdırıq... Bakıya... Bakıdan Xankəndinə çəkilən dəmir yolu arxamızca baxa-baxa qalır... Yol boyu düşünürəm ki, var olanımız yox oldu. Özümüz və ruhumuz isə heç vaxt yox olmadıq. Bu torpaqların altındakı o qədər açılacaq sirrlərimiz var ki...
Bu mərdlər, gözəllər yurdunda, inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar? (NizamiGəncəvi)
Bu torpağın altı qədim türk abidələri ilə doludur. Bəlkə o vaxt da bu yerlərdə qələbə qazanan hansısa xaqan haqqında sirrlər gizlənir bu yurdlarda? Axı bu yollar tarixi İpək yolunun davamıdır. Mən də “İpək yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri olaraq, çalışacam ki, o torpağın altında gizlənən tariximizə işıq tutum. Dünyanın hər yerindən türk irsini araşdıran üləmalar, alimlər, elm adamları ilə bu missiyamızı həyata keçirəcəyik.
Son olaraq, onu bir də xatırladım ki, biz ötən illər ərzində sınmadıq. Vətənimizə, torpağımıza olan sevgimiz bizi yatmağa qoymadı. Çünki özümüzündür. Vətən, torpaq insanın özününkü olanda onu qoruyur, belləyir, şumlayır, toxum əkir, ev tikir, yol çəkir...
İndi biz Qarabağa ƏDALƏT toxumu səpirik! 15 oktyabr 2023-cü ildən etibarən Azərbaycanın işğaldan azad olan torpaqlarının hamısında o üçrəngli, ay-uduzlu bayrağımız dalğalanır. Ali Baş Komandan İlham Əliyevin dünyanı mat qoyan sərrast döyüş taktikası nəticəsində torpaqlarımız azad olunandan sonra, onu qurub-yaratmaq missiyasını götürüb qüdrətli çiyinlərinə! Nizami Gəncəvinin Bərdənin tərifi şerində belə deyir axı:
Indisə yerində bu gözəl yurdun,
Var sel yumuş dərə, qurumuş odun.
Yenə də bol olan o göyərtilər,
Ədalət toxmundan göyərsə əgər,
Yenidən gözəlcə bəslənsə diyar,
Get-gedə yaşıllıq, gözəllik artar.
Padşahın əlinə keçərsə fürsət,
O taxta yenidən verərdi zinət. (Nizami Gəncəvi)
Tanrı torpaqlarımızı bizə qaytaran şəhidlərimizin məkanını şad etsin, bu torpaqların alınmasında canlarından keçən qazi və hərbçilərimizə isə minnətdarıq!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Aşıq Pənahın ad günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aşıq musiqisini sevəniniz varmı? Deyəcəksiniz, Qazax-Gədəbəy-Tovuz, Borçalı, Göyçə camaatı sevsin, biz niyə sevirik. Amma aşıqlar tək o yerlərdən deyil ki. Elə Şamaxıda, Salyanda da güclü aşıq məktəbi var.
Sovetlər dönəmində bütün dövlət konsertlərində başında iri papaq olan bəstəboy bir aşıq çıxış edər, saz çalar, rəqs edər, pariyadan, Lenindən mahnılar oxuyardı, Əlipənаh Ələsgər оğlu Pənаhоv (Аşıq Pənаh) idi o. 1926-cı ilin bugünkü günündə Salyan rаyonunda аnаdаn оlan Aşıq Pənah Şirvan aşıqlarının yetişdirilməsində müstəsna rol oynamışdı. İşin ideoloji tərəflərini çıxsaq, insafən, yaxşı aşıq idi, sadəcə, qırmızı kommunist kabusuna xidmətdən sui-istifadə etmişdi.
Aşıq Pənahın yaradıcılığında dörd və beşbəndlik gəraylılar və qoşmalar əsas yer tutur, məşhur gəraylılarından “Dilbər”, “İnciyər”, “Vurulmuşam”, “Ana Kürüm”, qoşmalarından isə “Desin”, “Uşaqlar”, “Bu yanda dur”, “Gördüm” və s. adlarını çəkmək olar. Aşıq Pənah iki dastanın (“Sülh”, “Pambıqçılar”), 18 aşıq havasının (“Dilbər”, “El gözəli”, “Ala gözlüm”, “Yeddi qardaş”, “Səhər nəğməsi”, “Azərbaycanım” və s.), 128-ə qədər qoşmanın müəllifi olub, onun “Saz və söz”, “Sözlərimi saxla yadda”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb. Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan kimi xarici ölkələrdə Azərbaycan mədəniyyətini, aşıq sənətini təbliğ edib, mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1978-ci il аvqust ayının 26-da vəfаt еdən aşığın adını Salyanda bir küçə, 1 lisey və Salyan rayon Yenikənd Folklor Evi daşıyır. 2007-ci ildə haqqında film də çəkilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
3 böyük yazarın vəfatı günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas əlamətdar hadisələrlə diqqətinizə çatdırırıq:
12 dekabr.
Xeyriyyəçilik günü
Azərbaycanın tarixdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçisi olub, məktəblər açaraq savadsızlıqla mübarizə aparan, xaricdə tələbələr oxudub ölkənin ziyalı potensialını yaradan, iş yerlərini ardıcıl sıralayaraq həm Azərbaycanın iqtisadiyyatını gücləndirən, həm insanlara çörək verən, yaraşıqlı binalar tikdirib Bakının hüsnünü gözəlləşdirən, incəsənətə pul qoyaraq xalqının milli mədəniyyətinin inkişafına böyük töhfələr verən, hətta Pakistanın epidemiyadan qırılan əhalisinə yardım etməklə iki xalqın əbədi dostluğunu təmin edən bu böyük şəxsiyyətə haqlı olaraq “Millət atası” deyiblər. Və bu Xeyriyyəçilik günündə məhz onun adını çəkmək bizim borcumuzdur. Çox təəssüf ki, hazırda ölkədə milli burjuaziya olmadığına görə xeyriyyəçilik hərəkatı da kiçik amplualı, az imkanlı bir-iki nəcib və vətənpərvər insanın ianə toplamaqla həyata keçirdiyi xırda aksiyalar şəklini alıb. Dünyada isə xeyriyyəçilik missiyasını çox iri kompaniyalar, milyardçı filantroplar həyata keçirirlər, dövlətlər də onları dəstəkləyir. ABŞ və digər dövlətlərdə xeyriyyəçilik barədə ayrıca dövlət siyasəti də aparılır, müvafiq qanunvericilik qüvvədədir. Dünya bu gün xeyriyyəçi qurum və şəxsiyyətlərə minnətdarlıq ifadə edir. Xeyirxahlar olmasa dünya məhvərindən çıxar, biləsiniz.
Neytrallar, Emin Ağalarov, Aytmatovun yubileyi
Beynəlxalq neytrallıq günüdür həm də 12 dekabr. Müharibələrə qoşulmayan Avropanın cırtdan dövlətlərini, habelə İsveçrəni yada salaq. Neytral qala bilmək böyük xoşbəxtlikdir, belədə məğlubiyyət təhlükəsindən tam sığortalanmış olursan. Ümumdünya tam tibbi təminat günüdür. Allah bizləri bacarıqsız həkimlərlə və dava-dərmansız xəstəxanalarla sınağa çəkməsin əsla. Zınqırovda zəng çalma günüdür. Bəzi ölkələrdə bol-bol zınqırov çalınacaq. Amerikada milli ambrosi günüdür. Elə bildim nədisə hərblə bağlı bir gündür, deməzsənmiş, söhbət meyvə salatından gedir.
1979-cu ildə milyonçu Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov dünyaya gəlib. Ata pullarını eyş-işrətə deyil, sənətə xərcləyən bu istedadlı gənc çoxlarına nümunə ola bilər. 1980-ci ildə neft maqnatı Armand Hammer 5,3 nilyon dollara London auksionunda 1508-ci ilə aid Leonardo da Vinçinin 36 səhifəlik qeydlər dəftərini alıb. 1979-cu ildə SSRİ “politbürosu” Əfqanıstana qoşun yeridilməsi barədə qərar qəbul edib. 1935-ci ildə Henrix Gimmler “Həyat mənbəyi” adlı nasist əhali artımı proqramını ortaya çıxardıb. 1928-ci ildə dünyaşöhrətli qırğız yazıçısı, “Kötük”, “Gün var əsrə bərabər” kimi romanlarla adını ədəbiyyat tarixinə yazmış Çingiz Aytmatov dünyaya gəlib. Bu gün onun 95 illiyidir. 1925-ci ildə ABŞ-da “Motel” adlı yolkənarı otel açılıb, bütün motellər adlarını burdan götürüblər. 1917-ci ildə Fransada hərbi eşelon qəzaya uğrayıb, cəbhədən sağ-salamat qayıdan 700 fransız əsgəri həlak olub. 1821-ci ildə “Madam Bovari” adlı romanı əl-əl gəzən fransalı yazıçı Qustav Flober doğulub. 1792-ci ildə Vyanada 19 sent ödəməklə 22 yaşlı Lüdviq van Bethoven Frans Yozef Qaydndan ilk musiqi kompozisiyası dərsi alıb. Həmin il rus komediyalarının atası Denis Fonvizin rəhmətə gedib. 1766-cı ildə isə rus yazıçısı və tarixçisi Nikolay Karamzin doğulub.
Təbii ki, bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür, 2003-cü ilin 12 dekabrında o vəfat edib. Bu barədə ayrıca yazımız olub.
Qaradərililərin möcüzəsi
Həyatda elə təsadüflər olur ki, onların zərurətdən doğulması əsla inandırıcı görünmür, amma təsadüfün miqyası da insanda şübhələr yaradır. Elə bax indi deyəcəyim də. Bilirsiniz ki, Afrikanın Keniya adlı ölkəsində dünyanın ən bərk qaçan insanları doğulurlar. Hüseyn Boltun vətəni idmanın qaçış növü üzrə bütün medalları daşımaqda pərgardır. Demək, 1969-cu ilin 12 dekabrında Keniyada gələcəkdə qaçış üzrə ən müxtəlif çempionluqlar qazanacaq Uilfred Kiroşi dünyaya gəlib. 1971-ci ilin yenə də 12 dekabrında Keniyada çempionluqlar sıralayacaq qaçışçı Semmi Korir, 1972-ci ilin 12 dekabrında isə çempionluqlar sıralayacaq digər qaçış ustası Uilson Kipketer doğulublar. 1974-cü ilin yenidən 12 dekabrında bu ölkədə növbəti qaçış üzrə çempionlar çempionu Bernard Laqat doğulub. Yox, hamısı deyil. 1990-cı ilin yenə də 12 dekabrında bu ölkədə daha bir qaçış çempionu – Nikson Çepseba doğulub. Demək, 12 dekabrda balaca ölkədə birdən-birə 5 dünya çempionu atlet ad gününü qeyd edəcək. Möcüzə deyilmi?
Üçlərin vəfatı
Və ən nəhayət, 12 dekabrda üç tanınmış Azərbaycan ədibi dünyasını dəyişib. Xalq şairi Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, habelə istedadlı istiqlalçı şair Ağamalı Sadiq. İndi Cabir Novruzdan “Gecikmiş məhəbbət” şeirini əzbər deyərəm, amma bilirəm ki, onu çoxunuz bilirsiniz. Odur ki, vaxtsız aramızdan gedən böyük şair Ağamalı Sadıq Əfəndidən bir-iki bənd demək istədim həftəyə yekun olaraq:
Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçdikcə daşa dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.
Sən əylənmə, aylı dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
“Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” elektron məlumat bazası yaradılıb
Könül, “Ədəbiyyat və incəsənət”
Hər gün bir yeniliyə imza atan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində elektron məlumat bazası yaradılıb. Kitabxananın “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində Ulu Öndərə həsr edilən elektron məlumat bazası hazırlanıb. 30-a yaxın bölmədən ibarət olan məlumat bazasında aşağıdakı bölmələr yer alıb:
-rəsmi sənədlər,
-Heydər Əliyevin şah əsəri,
-Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə,
-xatirəsinin əbədiləşdirilməsi,
-izomateriallar,
-filmoqrafiya,
-virtual sərgi,
-fotoqalereya
- videoqalereya
Məlumat bazasında dahi şəxsiyyət, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, xatirələr də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndərin Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, dissertasiya və avtoreferatlarda əks olunur. Elektron məlumat bazasında kitabxana əməkdaşları tərəfindən Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində hazırlanan multimediya məhsullarından nümunələr də təqdim edilir.
“Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib:
https://ryl.az/melumat-bazalari/Ulu_Onder_Heyder_Eliyev_el_melumat_bazasi/index.html.
Hamını elektron məlumat bazasını ziyarət etməyə çağırıram. Ümummilli liderin növbəti anım günündə, düşünürəm ki, bu çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Bu gün Heydər Əliyevin anım günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 20 il keçir. Nə az, nə çox, düz 20 il.
2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb.
1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabrvə 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi.
Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Beləcə, Azərbaycan dirçəliş əldə etmək üçün vaxt əldə etdi, ordu qurdu, iqtisadiyyatını yüksəltdi. Heydər Əliyev Qarabağın xilasını görməsə də bunu həyata keçirməyi öz davamçısına – Azərbaycanın prezidenti İlham Əliyevə estafet kimi ötürdü.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
MM-də görkəmli rumın şairəsi ilə görüş keçirilib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa görkəmli rumın şairi və ictimai xadimi Ana Blandiana ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisdən məlumat verilib.
Mədəniyyət Komitəsində baş tutan görüşdə Rumıniyanın Azərbaycandakı
Fövqəladə və səlahiyyətli səfiri Vasile Soaren, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB üzvü, tərcüməçi Jalə İsmayıl iştirak edib.
Azərbaycan-Rumıniya mədəni əlaqələri və mental yaxınlıqlarımızın, ümumən qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə, ədəbiyyat, sənət mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.
Belə görüşlərin ədəbiyyatımızın, ümumən mədəniyyətimizin təbliği üçün faydalı olacağını vurğulanıb.
Ana Blandiana "İndi mən sənə ibadət edirəm" şeir kitabını Komitə sədri üçün imzalayıb.
Fazil Mustafa rumın qonağa xarıbülbül işləməli hədiyyə bağışlayıb və öz kitabını imzalayıb.
*
Məlumat üçün Ana Blandianianın özkeçmişini oxucularla bölüşürük:
Ana Blandiana
(rum. Otilia Valeria Rusan, doğ. Coman) – dünyaşöhrətli rumın şairəsi, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisidir.
O, 1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Din xadimi olsn atası George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra evdə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra”, (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982), “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.
Rumın dilində onun 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarının daimi iştirakçısıdır. Onun əsərləri qardaş ölkələr Türkiyə və Macarıstanda, habelə ABŞ, Birləşmiş Krallıq, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Bolqarıstan, Çex Respublikası, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və b. ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.
Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya” (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Quzey Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.
“Yüksək ədəbi uğurlarına və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni (2000), Fransanın “Fəxri Legion Ordeni” (2009) ilə təltif olunub.
Ana xanım Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.
1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradan Ana Blandiana, hazırda bu qurumun fəxri başqanıdır.
O, Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.
1993-cü ildə Ana Blandiana həyat yoldaşı, yazıçı Romulus Rusanla birlikdə Sigetu Marmatsia şəhərində yerləşən, öncələr siyasi həbsxana kimi tanınan yerdə “Kommunizm Qurbanları və Müqavimət Memorialı”nı yaradıb. Onlar, həmçinin, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış Vətəndaş Alyansının da qurucularıdır. (Romulus Rusan 2016-cı ildə Buxarestdə vəfat edib).
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Justine Trieu-nun “Düşmə anatomiyası” filmi Avropa qitəsinin bir nömrəli filmi oldu
Könül, “Ədəbiyyat və incəsənət”
Justine Trieu-nun “Düşmə anatomiyası” filmi Berlində Avropa Film Akademiyası Mükafatlandırma mərasimində 4 mükafat aldı. Bu barədə gecə saatlarında Euronews-un efirindən məlumatlanıb xəbəri sizlərə çatdırırıq.
Fransız xanım rejissor Justine Trieu-nun “Düşmə anatomiyası" filminin zəfəri, hər il Köhnə Dünyanın ən yaxşı filmlərinə verilən Berlində Avropa Film Mükafatının təqdimetmə mərasimi ilə başa çatdı.
"Düşmə anatomiyası" ən yaxşı ssenari, ən yaxşı rejissorluq və ən yaxşı film mükafatlarını, Sandra Hüller isə ən yaxşı aktrisa mükafatını qazandı.
Qeyd edim ki, film Kann Film Festivalının "Qızıl palma budağı" nı qazanıb.
Filmin baş qəhrəmanı əri pəncərədən yıxılaraq müəmmalı şəkildə ölən alman yazıçı xanımdır. Faciənin yeganə şahidi olan kor oğul anasının günahsız olduğuna şübhə etməyə başlayır və qadın qətldə şübhəli bilinir…
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Bu gün Semih Kaplanoğlu ssenariləri dinləyəcək
Berlin Film Festivalının qalibi, Türkiyənin tanınmış kinorejissoru və ssenaristi Semih Kaplanoğlu Mədəniyyət Nazirliyinin xətti ilə Bakıya gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikasının Kino Agentliyinə istinadən xəbər verir ki, bu gündən etibarən Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri olacaq.
Dinləmələr Semih Kaplanoğlu tərəfindən həyata keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)