Super User
BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Arzu Eminli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Arzu Eminli ilə görüşürük.
DİREKTOR
Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.
ŞAGİRD:
Mən Eminli Arzu Zahid qızı 28 fevral 2008-ci ildə dünyaya göz açmışam . Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Arzum ibtidai sinif müəllimi olmaqdır. Bədii kitab oxumağı çox sevirəm.
ESSE
“Unudulmaz tarix”
27 sentyabr 2020-ci il tarixində başlanan və Azərbaycanın qələbəsi ilə bitən «II Qarabağ müharibəsi» heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Azərbaycan xalqının igid əsgərləri tarix yazırdılar. Prezidentimizin müdrik siyasəti nəticəsində xalqımız "Dəmir yumruq" kimi birləşib düşmənə meydan oxudu. Üstündən illər , əsrlər keçsə belə, bu tarixi yazan qəhrəmanlarımız unudulmaz. Vətən uğrunda düşünmədən canını fəda edən igid əsgərlərimiz hər zaman Azərbaycan xalqı üçün var olacaq. Onlar ən müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksəlmişlər. Şəhidlik zirvəsinə qalxmaq hər
kəsə nəsib olmur. Bu zirvəyə təkcə cəsarətli, qeyrətli, şərəfli və müqəddəs insanlar yüksəlir. Şəhidlik zirvəsinə yüksələn insanlar ölməzdirlər və onlar ölümləri ilə tarix yazırlar. Şəhidlər bizim fəxrimizdir, qürurumuzdur.
Ümummilli Liderimiz Heydər Əliyevin unudulmaz ifadəsində söylədiyi kimi:
“Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlaycağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün çox gözəl örnək olub. Bundan sonra da örnək
olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünlük nəsli də, gələcək nəsilləri də, bu şəhidlərin
qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, Respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq
nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.”
Bizim igid, cəsarətli əsgərlərimiz Vətən Topaqlarını işğaldan azad edib döyüş meydanında tarixi ədaləti bərpa etdi. Azərbaycana qələbə yaraşır. Biz, azərbaycanlılar bütün dünyaya gücümüzü göstərdik!
Yaşasın, Azərbaycan, Qarabağ Azərbaycandır!
“Ədəbiyyat və incəsənət”
(13.13.2023)
Cavanşır Quliyev: “Bizim nəsil bəstəkarlar – Eldar Mansurov, Faiq Sücəddinov, mən Qara Qarayevin avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib bəstəkar Cavanşir Quliyevdir. Ondan müsahibə1998-ci ilin martında götürülüb.
“AZƏRBAYCAN ƏSGƏRİ” MARŞI BİR NEÇƏ DƏQİQƏYƏ YARANDI
Azərbaycan mədəniyyəti tarixində iki möcüzə var, birini yeddidən yetmişə hamı əzbərdən deyir, ikincisini isə yeddidən yetmişə hamı oxuyur. Birincisi Səməd Vurğunun “Azərbaycan” şeiri, ikincisi isə Cavanşir Quliyevin “Azərbaycan əsgəri” marşıdır. Müsahibimiz öz orjinal bəstələri ilə Azərbaycan musiqi mədəniyyətinə yeni üslub gətirmiş, onu mövzu və məzmunca zənginləşdirmiş, istedadlı bəstəkar Cavanşir Quliyevdir.
-Cavanşir müəllim, çoxları sizi qarabağlı bilir. Bu, sənətlə məşğul olmağınızdanmı irəli gəlir?
-Atam, doğrudan da, qarabağlıdır. O, Şəkidə işləyəndə anamla tanış olub və mən Şəkidə doğulmuşam.
-Amma, deyəsən, ana yox, ata tərəfə çəkmisiniz.
-Niyə elə düşünürsünüz?
- Yumora da o qədər də meylli deyilsiniz.
-Bəlkə də, bu mənim şəxsi həyatım yox, xalqımızın, vətənimizin indiki durumu ilə bağlıdır.
-İlk bəstəniz yadınızdadırmı?
-İlk dəfə musiqi məktəbində oxuyanda tar üçün pyes yazmışdım. Bir müddətdən sonra gördüm ki, əhəmiyyətsiz bir şeydi, cırıb atdım.
-Çoxmu əsərlərinizi cırıb atmısınız?
-Uşaqlıqda yazdıqlarımın bəzilərini.
-Peşman deyilsiniz ki?
-Yox.
-Hərdən mahnı da oxuyursunuz, bu, hansı istəkdən irəli gəlir?
-Mənim müğənnilik səsim yoxdur. Özümü müğənni hesab etmirəm. Hərdən elə-belə , özüm üçün oxuyuram.
-Şöhrət sizi niyə belə gec gəlib tapdı?
-Şöhrət geniş anlayışdır, siz onu nə mənada işlədirsiniz?
-O mənada ki, uşaqdan-böyüyə hamı mahnılarınızı zümzümə eləsin.
-Bu mənada sizinlə razıyam, şöhrət məni bir az gec tapıb. Amma mən hələ konservatoriyanın üçüncü kursunda oxuyanda əsərlərimdən biri SSRİ Mədəniyyət Nazirliyi tərəfindən alınmışdı. Moskvanın adi bir tələbəni tanıması o vaxt üçün balaca məsələ deyildi. 1980-ci ildə SSRİ Bəstəkarlar İttifaqı tərkibində keçmiş sosialist ölkələri və ABŞ-da oldum. O vaxtlar məni xaricdə daha yaxşı tanıyırdılar, nəinki Azərbaycanda. Bəstəkar yalnız populyar əsər yazandan sonra sizin dediyiniz mənada məşhurlaşır. Qara Qarayev kimi böyük bəstəkarın çoxları yalnız adını bilir, amma bir əsərinin belə musiqisini bilmirlər.
-Fərdi üslubunuzun əsas cəhətini nədə görürsünüz?
-Ənənə ilə müasirliyin vəhdətində. Ənənə deyəndə milli xalq musiqisi, aşıq havalarını, müasirlik deyəndə isə dünya musiqi standartlarını nəzərdə tuturam.
-Sənətdə idealınız olubmu?
-Mən heç kimə pərəstiş etməmişəm. Sadəcə, sevdiyim sənətkarlar olub. Bunlar istər Azərbaycan, istərsə də dünyanın bütün böyük, istedadlı bəstəkarlarıdır. Mən onlardan öyrənmişəm və öyrənirəm. Dinləyicilərin idealı ola bilər. Amma sənətkar üçün bu ola bilmz. Əgər mən desəm ki, Çaykovski idealımdır, onda deyərlər ki, bəs, Rimski, Korsakov, bəs, Bethoven, bəs Bax, bəs Motsart...
-Özünüzü hansı sənət cərəyanının üzvü hesab edirsiniz?
-Bizim nəsil bəstəkarlar – İsmayıl Hacıbəyov, Eldar Mansurov, Faiq Sücəddinov, Elnara Dadaşova və eləcə də mən əsası Qara Qarayev tərəfindən qoyulan avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik. Qarayev bu cərəyanın təkcə Azərbaycanda deyil, həm də bütün SSRİ-də banisi idi. Ona görə də Kommunist ideoloqları tərəfindən kəskin tənqid olunurdu. Onun vaxtsız ölümündə, yəqin ki, bu haqsız tənqidlərin də payı var.
-Bir müddət “Azkonsertbirlik”in bədii rəhbəri işlədiniz. Sonra niyə oradan uzaqlaşdınız?
-Üç il işlədim – 1990-93-cü illərdə. Sonra özümü o vəzifədə görə bilmədim və oradan çıxmalı oldum.
-Əbülfəz Elçibəyə həsr etdiyiniz mahnı niyə heç yerdə ifa olunmadı?
-Onu məndən niyə soruşursunuz? Oxuyanlardan soruşun.
-Bu əsəri kimin oxumasını istərdiniz?
-Bu, xor üçün yazılmış əsərdir. Arada bircə sətir qadın səsi üçün yazılmış solo musiqisi var.
-Qadın demişkən, zərif cinsə münasibətiniz necədir?
-Çox gözəl, bizi dünyaya qadın gətirir.
-Bu anaya münasibət oldu.
-Qadın bizə qız bəxş edib.
-Yəqin ki, siz əsil azərbaycanlı kimi onun adını çəkmək istəmirsiniz.
-Bu, avamlıq olardı, qızımın adı Aytəkindir.
-Deyilənə görə, müğənni qadınlar sizi çox sevirlər.
-Mən müğənni qadınlardan özümə qarşı xüsusi sevgi hiss etməmişəm. Əgər belədirsə, onlara ancaq çox sağ olun deyə bilərəm. Bunlar bir müğənninin bəstəkara simpatiyası kimi yozulımalıdır.
-Niyə mahnılarınızı ən çox Aygün Kazımovaya verirsiniz?
-Azərbaycanın qadın müğənniləri içərisində ilk dəfə olaraq əyləncəli ifa üslubunu səhnəyə gətirən Aygün olub. Buna görə onunla işləmək maraqlı idi. Ancaq Aygünün repertuarı zəif olduğuna görə il yarım ərzində onun üçün 10-15 mahnı bəstələdim. İstədim ki, öz repertuarı olsun. Bunu özümə borc bildim. Aygün həm səhnə davranışı, həm də ifa baxımından əsil estrada müğənnisidir.
-Estrada müğənnisi səhnədə quş kimi uçmalıdır. Maykl Cekson, Valeri Leontiev, Anjelika Varum, Tarkan, Zəfər Pekər, heç olmasa Faiq Ağayev və ya Brilyant Dadaşova kimi müğənnilər bu baxımdan estrada standartlarına daha çox uyğun gəlir. Aygünün getdikcə artan çəkisi onu səhnədə çox ləng göstərir.
-Elə görünür. Çünki operatorun necə çəkməsindən çox şey asılıdır. Bir də ki, Azərbaycan kişiləri köklüyü sevirlər. Dünya standartları ilə biz heç vaxt hesablaşmamışıq. Rəşid Behbudov və Zeynəb Xanlarovadan başqa heç kəs dünya səhnəsinə çıxa bilmədi. Amma iradınızla mən də müəyyən qədər razıyam. Hərdən deyirəm, ay qız, hara belə kökəlirsən?
-Siz siyasi mövqeyi olan sənətçisiniz. Bu maraq nədən doğur?
-Hamı kimi mən də Azərbaycan vətəndaşıyam. Yeddi milyon vətəndaşın hər hansı biri kimi mənim də buna haqqım çatır. Amma heç bir partiyaya üzv olmamışam və olmayacam. Məm Məhəmməd Əmin Rəsulzadənin ideologiyasını yeganə ideoligiya, Azərbaycan Demokratik Respublikasını isə ideal dövlət quruluşu hesab edirəm. Hakimiyyətdə kim olur-olsun, fəqri yoxdur.
-Siz Azərbaycan Demokrat Partiyasına marş yazmış və sonra onu geri almısınız. Bu nədən irəli gəldi?
-Mən bu marşı sifarişlə yazdım, niyə geri aldığımı deməyəcəm. Çünki bu olacaq Qurban Məmmədov və Sərdar Cəlaloğluya qarşı kampaniyaya qoşulmaq.
-Sifarişlə yazdığınız əsərlər müqabilində nə qədər haqq alırsınız?
-Bu kommersiya sirridir. Bəyəm, mən sizdən nə qədər qonorar aldığınızı soruşuram?
-Lazımdırsa, deyə bilərəm.
-Mən də sizə dövlət tərəfindən verilən maaşı deyə bilərəm: Milli teatrın musiqi hissəsinin müdiri, Konservatoriyada müəllim, İncəsənət Universitetində müəllim, “YUĞ” teatrında repetitor. Hamısı ilə bir yerdə 150 min manat maaş alıram.
-“Azərbaycan əsgəri” marşı necə yarandı?
-Şuşa və Laçında əsgərlərlə görüşdüm. Ona qədər mən əsgərlərə Bakı küçələrində rast gəlmişdim. Və həmişə fikirləşirdim ki, görəsən, bunlar vətəni necə qoruyacaqlar? Cəbhədəki əsgərləri görəndə məndə ordumuza inam oyandı, marş yazmaq qərarına gəldim. Əhliyyət Süleymanov adlı bir əsgər mənə bir mətn verdi və xahiş etdi ki, marşı bu mətnə yazım. Bakıya gələndə gördüm ki, marş yazmaq həvəsi məni içəridən dağıdır. Marş vur-tut bir neçə dəqiqəyə yarandı.
-Marşın mətni Mehmet Əmin Yurdakul adlı türk şairinə məxsusdur. Siz isə müəllif kimi Əhliyyət Süleymanovu göstərirsiniz.
-Mən bunu bilməmişdim, tələsik oldu, elə verdim. Sonra bunu mənə Akademiyadan bir oğlan dedi. Amma o dedi ki, guya bu şeir əsrin əvvəllərində yaşayan Əli Kami adlı Azərbaycan şairinə məxsusdur.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Anamı...
-Bəs, niyə ana haqqında mahnınız yoxdur?
-Musiqi ana haqqında hisslərimi ifadə etməkdə acizdir.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
BİRİ İKİSİNDƏdə Günel Balakişi Ağayevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenə şeir vaxtıdır, sizlərə Günel Balakişi Ağayevanın şeirlərini təqdim edirik.
ANAMDAN SONRA…
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
Alacaqları varmış,
Baxdım ki, siyahı yazmış…
1. Corab
2.Ayaqqabı…
”Gülüm”ə dəri
Õzümə adi….
Səndən sonra …
aldım, anam,
Corab da, dəri ayaqqabı da…
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
Həyatımı soruşsan,
Səndən sonra …
mənim həyatım
Sənin ayaqqabın kimidir,
Hər şey adi!..
***
Səni ağladanları ağlada bilmərəm,
Öldürə bilmərəm, döyə bilmərəm,
Mən heç qarışqaya qıya bilmirəm,
Baxma ürəyimin böyüklüyünə,
Əllərim balacadır,
Divə gücüm çatmaz.
Amma öpərəm...
Acı göz yaşından elə, öpərəm,
Çəkərəm qəmini, elə çəkərəm,
Gözlərinin qarasına qurban olaram,
Göz yaşın da gözəldir,
Gülüşünə çatmaz.
Ağardaram saçlarımı, ağardaram,
Ölərəm səninçün, elə ölərəm,
Səni yasa boğan, küsdürən mənəm?
Gedərəm ömründən, elə gedərəm..
Bir də əlin çatmaz.
***
Günah səslərindən qulaq batardı,
Yaxşı ki, kölgələr laldı.
Yaxşı ki, kölgələr danışa bilmir,
Kölgə ayaq altda qalıb uzandı
Yerin qulağı var, adamlar bilmir.
Kimin kölgəsisən, divardan baxan?
De, hansı günahdan bəslənib boyun?
Özünə ev tikib ümidlər yıxan,
Kimin ölüsünə çalınıb toyun?
Sən mənim deyilsən, sən mən deyilsən,
Allah, utanıram mən öz kölgəmdən.
Mən iblis deyildim, mən adam idim,
Bəs o ucalıqdan necə kiçildim?
Allah, bu nə zülmət, bu nə haraydı?
Yerdən də aşağı bir yermi vardı?
Burda dil-dil ötür dilsiz şahidim, kölgəm...
"Cəhənnəm"ə çağırır...gedim!
***
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülm idi, zülm.
İndisə sıradan, adi birisən.
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım.
Yəni sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
Gülüb yan keçəcəm, qarşıma çıxsan,
Ayaq səslərindən tanırdım hətta.
Xatırlayırsanmı? Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
***
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə şəhidlər uçur cənnətə,
Belə gəlir payız fəsli bu yerlərə.
Bahardan doymayan pöhrələr,
Atadan doymayan körpələr...
Xəzan anaların saçından başlayır burda,
Torpaq ataların ürəyindən başlayır çürüməyə.
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri UÇUQ-SÖKÜK damlardan asılmış
TƏZƏ bayraqlardan bəlli olur.
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
***
Bu qədər sevməzki adam adamı,
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də yaxşı var axı.
Saatı soruşur, bayaq bir qadın,
Deyirəm, səkkizdir, oevdən çıxır.
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah, ah...
İkinin yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah, Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim ömrüm-günüm, özüm,
Onunsa...
Yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm.
Adın batsın, unutmuşam adımı,
Sən gedəli yox olmuşam, itmişəm!
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
Uğur üçün 15 keyfiyyət - Bir neçə planla hərəkət edə bilmək
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
14) Bir neçə planla hərəkət edə bilmək.
Uğur qazanmaq yolunda çoxplanlılıq da ən vacib faktorlardandır. Həyatda uğur qazanmış əksər liderlərin tərcümeyi-halına baxanda mütləq onların fəaliyyət yollarında A, B və hətta C planlarının olması aydın sezilir. Bir planla irəliləmək ilk məğlubiyyətdəcə mübarizəni dayandırmaq deməkdir. Amma yardımçı planlar mübarizəni davam etdirmək, son nəticədə nəyin bahasına olursa olsun qalibiyyətə qovuşmaq üçün əlavə şanslar deməkdir.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
11) Məqsədyönlü olmaq.
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
13) Planlaşdırılmış həyat yaşamaq.
Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.
\Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.
Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
Xalqımızın sevimlisi və “düşməni”
BU GÜN ABBAS MİRZƏ ŞƏRİFZADƏNİN 130 İLLİYİDİR
Könül, “Ədəbiyyat və incəsənət”
Mən nə teatr-kino aktyoru, rejissoru, …şünasıyam, nə də tənqidçisi. Amma bir təklifim var. Sovetdən çıxsaq, rusdan qopma üzrə olsaq belə yenə də kimi dindirirsən, Stanislavski məktəbindən danışır. Gəlin leksikonumuza Şərifzadə məktəbi terminini daxil edək.
Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 130-cu ildönümü tamam olur. A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. Yeri gəlmişkən, “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana 1-cilik qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.
Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. Və onun faciəli taleyi hamımızın ürəyini ağrıdır.
1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub. Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında güllələnən Şərifzadəni Sovet rejimi, rus-erməni cəllad aparatı unutdurmağa, yaddaşlardan silməyə çalışıb, təbii ki, buna nail ola bilməyib.
İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.
Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.
A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.
Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.
A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.
Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.
Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.
Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə həqiqətən də aktyorluqda və rejissorluqda bir məktəb yaradıb.
Stanislavski məktəbi yox! Şərifzadə məktəbi!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
REDAKSİYANIN POÇTUNDAN - “Qadın haçan xoşbəxt olar?”
“Ədəbiyyat və incəsənət” portalının poçtundan bu gün yenə sizə bir şeir yönləndirmək istəyirik. Oxucuların yaradıcılığı ilə tanışlıq, düşünürük ki, sizlərçün də maraqlıdır. Şeirin müəllifi Xatirə Səfərovadır.
Qadın
Bilinmir, gülürsən, ya ağlayırsan,
Gülüşü üzünə sığmayan qadın.
Həyat bağçasında illər qət etdin,
Bir dəfə xoşbəxtlik yığmayan qadın..
Qəlbində gizlidir bütün dərdlərin,
Evinə xosbəxtlik saçan qadınsan.
Bircə damla sevgi, məhəbbət olsa,
O gün çiçək kimi açan qadınsan.
Gəzirəm gün boyu səndən ötəri
Mən əli dualı, dili dualı
Görəsən, kim bilir cavabın, Allah
"Haçan xosbəxt olar qadın?" sualın.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Bakıda “Avropa qəsrləri” adlı fotosərgi açılıb
“NUR Art House” qalereyasında "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində “Avropa qəsrləri” adlı fotosərginin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mədəniyyətin inam və qarşılıqlı anlaşma qurmağa və ölkələr arasında əlaqələri qorumağa, yaxşı münasibətləri təşviq etməyə yardım etdiyini bildirib.
Mədəniyyət və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan diplomat deyib: "Dördüncü dəfə təşkil olunan “FantazEU” Mədəni İrs Festivalının məqsədi Azərbaycanda Avropanın mədəni müxtəlifliyini təbliğ etmək və Aİ ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr qurmaqdır. Aİ və ona üzv dövlətlərin mədəni müxtəlifliyi dəstəkləmək və onu qorumaq öhdəliyinə sadiq qalmaları təsadüfi deyildir. “FantazEU” Festivalı Avropanın mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan vətəndaşlarına təqdim etmək fürsəti verəcək. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq kimi də vacibdir.
Sonda sərgi ilə tanışlıq olub.
Dekabrın 16-dək davam edəcək “Avropanın qəsrləri" adlı sərgidə Avropa İttifaqının on altı ölkəsində yerləşən Avropa qala və qəsrlərinin fotoşəkilləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Sən demə təzədən sevmək olarmış…”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Sən demə təzədən sevmək olarmış” şeirinin növbəsidir. Heç sevginiz daşa dəyəndən sonra yenidən sevmisinizmi? Bu hisslər sizə tanışdımı?
Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.
Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?
Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça...
Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış...
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Zaman Paşazadənin “Klaustrofobiya” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Zaman Paşazadənin şeirlərini təqdim edir.
Zaman Paşazadə 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmış, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanln Parsabad şəhərinə köçmüşdür.
O, Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir.
2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.
KLAUSTROFOBİYA
Qapıdan içəri keçən əşyaları alkollayıramsa
Pəncərədən sızan hər bir şeyi
Quşların səsini
Çiçəklərin qoxusunu
Havanı
Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa
Fikir vasvasılığı deyil
Ardı kəsilməyən faciələrin normal qorxularıdır.
Hələ ayaqla görüşmək nədir ki,
Plastic geyimlə izolə sevişmək ehtimalı da var.
Bütün gücsüzləşdirən ölümcül viruslardan
Öldürməyib də gücləndirən kabuslara qədər
Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.
Biz möcüzələrə inandığımız yerdə
Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır
Acizliyimiz möcüzələrdən daha böyük
İnanmaq kələməsi daha kiçikdir.
Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik
Biz hər səhər tanrının ümidi ilə yuxudan durub, hər gecə ateist giririk yatağımıza
Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.
İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de
İndi gəl qərəntinə trendinə qoşul
İndi gəl klaustrofobiyanı açıqla polislərə
Çörək klaustrofobiyası
Ev kirası klaustrofobiyası
Leylanın gözlərinin klaustrofobiyası
İndi gəl evdə qal və bütün fobiyalara yolux.
Gəlin tanınmaq üçün maskalarımızı taxaq əziz vətəndaşlar
Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə
Çünki ölüm maskalılara toxunmur.
Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb
Maskasını götürəcək üzündən
Biz o zaman tanıyacağıq tanrını
Və oyun bitəcək.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Ətirlidir, dadlıdır, çay, çay, çay…
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
“Bir fincan çay içim, yorğunluğum keçsin". Biz Azərbaycanlıların ən çox işlətdiyi cümlələrdəndir və çoxumuzun da sevdiyi içki növü çaydır. Ən çox da yaşlı nəsillərin. Bəli, bəzən çayın funksiyasını qəhvə də əvəz edə bilir, ən çox da gənclər üçün. Amma bir çox gənclərimiz hələ də çayı qəhvədən üstün tuturlar. Bəs elmi əsaslarla da çayın yorğunluğa təsir etməsi düzgündürmü?
Elmi əsaslarla çayın xeyirlərindən məlumatlanaq. Çayın yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə faydasından çox zərəri olur. Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.
Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var.
Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.
Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.
Amma çox vacibi. Qiymətçə çox ucuz olan və boyaq maddələri ilə bol keyfiyyətsiz çaylar indi marketlərdə boldur. Çoxumuz da “çay çaydı da” deyib qənaət xətrinə bu ucuzlardan alırıq. Amma əsla çay çay deyil. Çay var ömür uzadar, çay var ömür qısaldar.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)