Super User
Mən böyüyərkən günəş yağmur ələyirdi - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Ən son saat səkkiz idi, indi baxıram on iki olub . Yəqin bir az sonra baxsam, gün artıq bitmiş olacaq. Günlər əqrəblərin əsiri olduqdan sonra həyatdan başqa bir şey gözləmək axmaqlıq olardı.
Keçən zaman sənin əzabını içində böyütməkdən başqa bir işə yaramır. Ən ağırı isə geriyə baxanda səni keçmişinə bağlayan o körpünün çoxdan viran qalmasıdır. Sən o anlara sadəcə xəyallarında qayıda bilərsən və xəyallar sənə ağrı-acıdan başqa bir şey verməz. İrəli addımladıqca əvvəlki addımını həyata bağlayan körpünün parçaları yox olmağa başlayar. Yerində dursan da, yenə irəli gedərsən, çünki zaman bağışlamaz. Deyəsən, düşünmək bir ömür yolumuzda çarə deyil. Elə olsa idi, hər qapıda bir çarə yatardı.
Həyat bizdən qorxularımıza doğru addımlamağı, yıxılmağı, yenidən qalxmağı bacarmağı və günün sonunda sağlam durmağı tələb edir. Bizim həyatda seçdiyimiz mövqe aldığımız yaraların əsəridir. Bir zamanlar qəlbi təmiz olan insan sonda qəlbindən vicdanı silsə, artıq qınamaram, qınamazlar. Çünki insan insandan canavar yaradır və o canavar ən birinci öz vicdanını yeməyi öyrənir. Həyatın bu riyakarlığının səbəbi məni çox düşündürür.
Bu dünyanı məhz həyatın qollarını açıb qarşıladığı insanların pis əməlləri məhv edir. Mənə elə gəlir ki, ölmüşük və bu nəfəs bizə cəhənnəmdə verilən əzabdır. Bəlkə, alimlər doğru yolda deyil? Bəlkə, birləşərək ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyimiz bu məsələ elə büsbütün yanlışdır?
Axı öldükdən sonra geriyə qayıtmırıq. Axı insan sadəcə gözəllikləri atıb gedə bilməz. Yoxsa bu sonsuz əzaba niyə dözsün ?
Bəlkə, oradakı əzablar buradan daha sadədir?
Bəlkə, orada qar yağarkən donmuruq, ya da günəş çıxarkən yanmırıq?
Bəlkə, məhz o sonsuzluqda dostumuzu və düşmanımızı yaxşı seçirik? Bəs bu sonsuz xoşbəxtlik sıxıcı olmazmı?
Deyirlər ki, insanoğlu hər şeydən tez sıxılır. Yeni oyuncağından, paltarından, əlində olanların hər birindən. Məsələn, bunları deyərkən öz-özümə gülürəm, sonra gülməkdən də sıxılıram. Bir az sonra gözlərim sadəcə bir nöqtəyə zillənir. O gözlərdə nifrətinmi yoxsa sevgininmi göründüyü özümə aydın olmur. Bəlkə, mən də hər ikisi tükənib? Gözlərimin keçmişimə, yoxsa gələcəyimə boylandığını da artıq bilmirəm. Deyəsən, bu dünya bizdən ruhumuzu oğurlayır ki, o dünyada xoşbəxt yaşayaq. Son nəfəsimiz də elə ruhumuzun ölümü ilə başa çatır. Məncə, insan iki dəfə doğulur:"Bir ana bətnindən dünyaya gəldikdə, bir də son nəfəsini verəndə". Birinci dəfə uduza bilərik, lakin mən inanıram ki, ikinci dəfə mütləq qazanırıq. Ona görədir ki, artıq bir bəhanəmiz qalmır. Bizə əzab verən ruhumuz da bədənimizdən ayrılaraq öz buludlarına qovuşur. Görəsən, özümü niyə bu yalanlara inandırıram?
Amma olsun, xəyallar bizə həyatın vermədiyi bütün gözəllikləri verir. Kaş hər şey və hər kəs xəyallarımızdakı qədər gözəl və özəl qalsa idi. Əslinə baxsaq, xəyallar bizim duyğularımızla oynadığı üçün ən böyük günahkardır. Əgər bütün bunları yaşamasaydıq , şüalarına aldandığımız günəş şiddətli ildırım çaxaraq üzərimizə yağmuru ələməzdi. Həyatımıza doğru insan çox gec gəldi və artıq çox dəyişmişdik, çünki yanlış insanlara verdiyimiz dəyər, onların bizə vurduğu zərbələr bütün güvənimizi sarsıtdı. Bütün bunların nəticəsidir ki, sonda çətirimiz bizi günəşdən qorumağa xidmət edirdi, aləm isə büsbütün yağmura qərq olmuşdu....
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Sabah Azərbaycan Milli Xalça Muzeyində “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq
Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
“Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunacaq. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir.
Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.
Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə baş tutacaq.
“Naxışlarda motivlərin gözəlliyi” sərgisi oktyabrın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb
Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
AzərTAC xəbər verir ki, Bəyannamə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müvafiq qurumları arasında imzalanıb.
Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və Sammitin Yekun Bəyannaməsinə daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
POETİK QİRAƏTdə Aysel Fikrətdən “Kitab rəfi”
“Ədəbiyyat və incəsənət” portalının çox izlənilən Poetik qiraət rubrikasında bu gün sizlərə Aysel Fikrətdən “Kitab rəfi” şeirini təqdim edirik.
Ta uşaq çağından, möcüzəm idi,
dədəmin sehirli kitab rəfləri.
Şəklinə baxırdım gizlincə hər gün,
Hələ bilməyəndə mən hərfləri.
Səhərlər açarla qapi bağlansa,
Gedib pəncərədən seyr eləyərdim.
Sanki kitabların əlləri vardı,
Mənimlə birlikdə rəqs eləyirdi.
Rəngbərəng kitablar onda yaşardı,
Xoşbəxt çağlarını, xoş çağlarını.
Bizə bilik verdi, bizi böyütdü.
Gördü dərd çağımı, kədər çağımı.
Əsgər də göndərdi qardaşlarımı,
Qonaqlı qaralı toy da eşitdi
Gəlin də köçürdü, nəvə də gördü.
Pis günə, xoş günə bizlə eşitdi.
Özün fəda edib oğula, qıza,
Sonra da şam kimi əridi dədəm.
Onda da kitablar çatdı dadına,
Başının ucunda gözlədi hərdəm.
Dədəm bu dünyadan köçüb gedəndə,
Kitablar bir küncdə soldu, saraldı,
Mənimlə bərabər boynunu büküb,
Kitab rəfləri də kimsəsiz qaldı.
İndi bir balaca komaya köçüb,
Dədəmin vüqarlı kitab rəfləri.
İndi nadan olub onun ətrafı,
Axmağın başqadir küt hədəfləri.
Kitabdan anlamaz əllər toxunur,
Solur barmaqları yad əllərində.
Kitab dolabının həzin dərdindən,
Bu hay-kuy, taqqilti insanlara nə?
Alıb kitabları yorğun çiynimə,
Səmum səhrasında yola düşmüşəm,
Bir ev yoxa çıxıb doğmalar dolu,
Kitab bəhanədir, dərddən bişmişəm.
Dədəmin sevgili kitab rəfləri,
Əziz əlləriylə düzdüyü rəflər.
İndi onun kimi öpür alnımdan,
Bir zaman əlimi uzdüyum rəflər.
Yuxuda qapının zili çalındı,
Oyandım hovlnak qapıya baxdım,
Qapını taybatay açdım gunəsə,
Dədəli günlərə nə çox darıxdım.
Dədəmin sehirli kitab rəfləri…
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Şahbaz Xuduoğlundan və Nigar Köçərlidən daha bir ilk
Kitabın təbliği işində ortaya gərgin əmək qoyan Şahbaz Xuduoğlu həm rəhbərlik etdiyi “Qanun” nəşriyyatı vasitəsi ilə biri-birindən gözəl kitablar ərsəyə gətirir, həm də “Ali və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə kitab yarmarkaları, ədəbiyyat festivalları təşkil edir.
Bu günlərdə cütlük ölkədə kitab təbliğatında daha bir ilkə imza atıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Şahbaz Xuduoğlunun öz dili ilə sizlərə məlumat çatdırır:
-Nigarla çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır.
Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən sosial layihə kimi "Təkərli kitab dükanı" yaratdıq. Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq.
Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq.
Bizim həyatımız kitabla bağlıdır.
Yalnız Bakıda kitab yaymaq, elə bil, işimizin və həyatımızın mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşaq!
Biz də Şahbaz bəyin bu fikirlərinə bir cümlə əlavə edək: Yolunuz açıq olsun!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Şərq ədəbiyyatını, fəlsəfəsini bizlərə yaxınlaşdıran şəxs - Aida İmanquliyeva
Gənclər Kitabxanası şərqşünas alim Aida İmanquliyevanın ad günü münasibətilə həyatı və elmi fəaliyyətinə həsr olunmuş silsilə materiallar hazırlayıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84 illiyi ilə əlaqədar olaraq alimin həyat və elmi fəaliyyətindən bəhs edən virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını oxuculara virtual rejimdə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalının kitabxana əməkdaşlarından aldığı məlumata görə, elektron bazada şərqşünas alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri, onun haqqına dövrü mətbuatda çıxan məqalələr və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri dəyərli fikirlər yer alıb.
Ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alim Aida İmanquliyeva haqqında hazırlanmış elektron məlumat bazasında Aida xanımın təbiət, gözəllik, məhəbbət, gündəlik insan qayğıları haqqında fikirləri, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto və videoxatirələr də öz əksini tapıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan, özündə çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisində Aida xanımın elmi fəaliyyəti, neçə-neçə kitabların, tərcümələrin müəllifi, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etməsi kimi faktlar yer alıb. Virtual kitab sərgisində ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Dünya deyilən sənmişsən”, “Cübran Xəlil Cübran” “Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri”, “Şərq-Qərb-ortaq mənəvi dəyərlər” kimi kitabların biblioqrafik təsviri və annotasiyası yer alıb.
Hazırlanmış material kitabxananın ryl.az rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.
Məlumatlanmağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
30-dan artıq tanınmış nəşriyyatın iştirakı ilə keçiriləcək 3-cü Sumqayıt Kitab Sərgisi nə vəd edir?
Xəbər verdiyimiz kimi, oktyabrın 13-dən 15-dək Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı sərgi təşkilatçılarından sərgi ilə bağlı aşağıdakı məlumatları alıb: sərgidə ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə təşkil olunacaq və satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq ediləcək.
Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar baş tutacaq. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucularla görüşəcəklər.
Sərginin ilk günü "Kitabqurdu" I Yay Oxu Marafonunun qalibləri mükafatlandırılacaq. Mərasimdə marafondakı kitabların müəllifləri də iştirak edəcəklər.
Oktyabrın 13-ü ANAİB-nin sədri Şəmil Sadiq "STEAM əsaslı təhsil"dən danışacaq.
Oktyabrın 14-ü isə dilçi alim Rafiq İsmayılov və professor Qulu Məhərrəmli “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” paneli ilə çıxış edəcəklər.
Qeyd edək ki, sərgi hər gün saat 10:00-dan 19:00-dək davam edəcək.
Sumqayıtlıları bu kitab bayramında iştiraka dəvət edirik.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Dərviş Təbrizlidən “Gəlməz” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim edəcək.
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.
Bu gün şairin “Gəlməz” şeirini təqdim edirik.
GƏLMƏZ
Getmək zamanı gəldi, gedək durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Bu gün Bakıda “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
MƏDƏNİYYƏT NAZİRLİYİ TƏDBİRDƏ NAZİR MÜAVİNİ SƏADƏT YUSİFOVA İLƏ TƏMSİL OLUNUR
Bu gün - oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Günümüz üçün olduqca aktual olan konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələri yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən ölkəyə rəhbərlik etməsindən sonra dövlət qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə Bakı şəhərində İçərişəhərin tarixi hissələri tarix-memarlıq qoruğu elan edilib. Eyni zamanda, Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, qoruq ərazisində tarix və mədəniyyət abidələrinin qorunması üçün daim müvafiq tədbirlər həyata keçirilir.
Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov təşkilatın böyük mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılır.
Konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı”, Tahir Salahovun ev-muzeyində isə “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər təşkil olunub.
“Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin ərazilərdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb”
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında söyləyib.
"Abidələrin monitorinqini yekunlaşdırmaq çətindir. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün həmin yerlər minalardan təmizlənməlidir, bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır", - deyə o bildirib.
(Çıxış sitatları AzərTAC-dan götürülüb)
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)
Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalının Zirvə toplantısı keçirilir
Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalı çərçivəsində Zirvə toplantısı keçirilir.
AzərTAC xəbər verir ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Qeyd edək ki, 2021-ci ildən təşkil olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib. Bu il isə ölkəmiz III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.
“Ədəbiyyat və incəsənət”
(10.10.2023)