Super User
Ətirlidir, dadlıdır, çay, çay, çay…
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
“Bir fincan çay içim, yorğunluğum keçsin". Biz Azərbaycanlıların ən çox işlətdiyi cümlələrdəndir və çoxumuzun da sevdiyi içki növü çaydır. Ən çox da yaşlı nəsillərin. Bəli, bəzən çayın funksiyasını qəhvə də əvəz edə bilir, ən çox da gənclər üçün. Amma bir çox gənclərimiz hələ də çayı qəhvədən üstün tuturlar. Bəs elmi əsaslarla da çayın yorğunluğa təsir etməsi düzgündürmü?
Elmi əsaslarla çayın xeyirlərindən məlumatlanaq. Çayın yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə faydasından çox zərəri olur. Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.
Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var.
Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.
Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.
Amma çox vacibi. Qiymətçə çox ucuz olan və boyaq maddələri ilə bol keyfiyyətsiz çaylar indi marketlərdə boldur. Çoxumuz da “çay çaydı da” deyib qənaət xətrinə bu ucuzlardan alırıq. Amma əsla çay çay deyil. Çay var ömür uzadar, çay var ömür qısaldar.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Ho amato persino la pietra - İTALYANCADIR
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Ho amato persino la pietra"nın tərcüməsi bilirsiniz nədir? “Məndə daşa da sevgi var".
Tanınmış şair və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin italiyanca bu adda şeirlər kitabı yaxın vaxtlarda İtaliyada, Boloniya şəhərindəki "Cuscino di Stelle" nəşriyyatında nəşr edilib. Şeirləri italyan dilinə görkəmli çağdaş italyan şairi Klaudia Piççinno tərcümə edib.
Azərbaycanlı şairin uzun illərdir yaxın dostu olan, müxtəlif beynəlxalq ədəbi layihələrdə birgə iştirak etdiyi Klaudia Piççinno kitabın tərcüməsindən başqa, texniki tərtibatı və nəşrinə də böyük əmək vermiş, onu öz şəxsi vəsaiti ilə çap etdirmişdir. Kitaba tanınmış italyan şairi və psixoloqu Sergio Kamellini ön söz yazıb. Klaudia Piççinno ilə dostluq və qarşılıqlı əməkdaşlığın çağdaş Azərbaycan-italyan ədəbi əlaqələrinə önəmli qatqısından bəhs edən Təranə Turan Rəhimli qeyd edir:
-Mən bir daha özümçün təsdiqlədim ki, təmənnasız, ülvi dostluğun, qəlbdən gələn xeyirxahlığın haqqı əsla ödənməz. Həm şeirlərimin tərcüməsini, həm kitabın nəşrini (bütün xərcləri daxil) öz üzərinə götürən, qiymətli vaxtını böyük ürəklə yaradıcılığıma həsr edən əziz bacım Klaudiaya, poeziyama yüksək dəyər verən ön sözünə görə Sergio Kamelliniyə nə qədər təşəkkür etsəm azdır.
Klaudianı 2016-cı ildə İtaliyada tanıdım. İtaliyadakı Pablo Neruda Mədəniyyət Assosiasiyasının və Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq ədəbiyyat festivalının qala gecəsində bir-birimizə kitablarımızı bağışladıq. Beləcə təməli ədəbiyyatla, şeirlə başlayan dostluğumuz bu günlərə gəldi. Bir-birini şeirindən, sözündən, sənət sevgisindən tanıdıq, bir-birinin əsərlərini tərcümə etdik, ölkələrimizdə tanıtdıq. Sənət əlaqələrinin yaradıcı şəxslərin həyatında nə qədər önəmli olduğuna dönə-dönə əmin olduq. Dünyanı bizim şair qəlblərimizin, söz dünyamızın xilas edəcəyinə inandıq... inanırıq... Allah gözəl dostluqları qorusun!
Azərbaycanlı şairin sayca 9-cu olan bu yeni kitabı onun italyan oxucuları ilə ilk görüşü deyil. "Ho amato persino la pietra" ("Məndə daşa da sevgi var") kitabına qədər Təranə Turan Rəhimlinin bir çox şeirləri görkəmli italyan şairi, Pablo Neruda Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Maria Miraqlia, görkəmli italyan şairi və rəssamı, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən və beynəlxalq səviyyədə tanınan sənətkar, "İmmegine Poesia" sənət mərkəzinin sədri Lidia Kiarelli, tanınmış şair və qiraət ustası Emanuela Rizzo tərəfindən italyan dilinə tərcümə olunaraq Avropa ölkələri mətbuatında dərc edilmişdir. Həmçinin bu şeirlər 2016-cı ildə İtaliyanın Bari Aldo Moro Universiteti tərəfindən Taranto şəhərində nəşr edilən "Antologia Poetica" beynəlxalq ədəbi toplusunda dərc edilmiş, ölkənin müxtəlif saytlarında yayımlanmış, bədii qiraət ustaları tərəfindən ifa edilmişdir. Şairin tanınmış bədii qiraət ustaları Rosanna Sofiya Papalia və Emmanuela Rizzonun ifa etdiyi şeirləri müxtəlif beynəlxalq tədbirlərdə, ədəbiyyat festivallarında səslənmiş, videokkiplər halnda internet kanallarında yayılmış, italyan sənətsevərlərinin rəğbətini qazanmışdır. İtalyan şairi və psixoloqu Sergio Kamellini Təranə Turan Rəhimlinin italyanca kitabına yazdığı ön sözdə şairə beynəlxalq aləmdə ədəbi nüfuz qazandıran amilləri açıqlayır, bunun ilk növbədə şairin poeziyasının universal semantik dilə malik olması, avtobioqrafik eyhamlarla fantastik sevgi dünyasında gəzişmə məharəti və dərin poetik fəlsəfəsi ilə bağll olduğunu izah edir:
"Tanınmış Azərbaycan şairi və ədəbiyyatşünası Təranə Turan Rəhimlinin kitabı İntrospektiv qavrayış və düşüncənin, daha doğrusu, son dərəcə həssas poetik ruhun hiss və duyğuları arasında səyahətinin, eyni zamanda möhkəm və qətiyyətli bir tarazlığın mövcud olduğu bir şeirlər toplusudur. Misralar əsrarəngiz hisslər, fərqli məkanlar və xatirələr arasında cərəyan edir, sevginin mülayim istiliyi ilə daşın sərtliyi arasında rəngarəng bir əlaqə yaradır. Nəticədə Təranə Turan Rəhimilinin nəfis poetik mənliyi onun hər misrasında görünür, şairin özünəməxsus dünyasının təbii gözəlliyini təsdiqləyir."
Təranə Turan Rəhimlinin italiyanca "Ho amato persino la pietra" ("Məndə daşa da sevgi var") adlı şeirlər kitabı təkcə nəşr edildiyi Baloniya şəhərində "Cuscini di Stelli" nəşriyyatının satış mərkəzlərində deyil, "Amazon" beynəlxalq kitab satışı, Avropanın "Mondadori store", "Libreria rizzoli", "Pic Click It", ABŞ-ın "Dookey Book" kitab satışı mərkəzlərində təbliğ edilmiş və satışa qoyulmuşdur.
Bəli, İtaliyada Azərbaycan şeiri oxunur. Necə də gözəldir.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
ANONS: Sabah Esra Gür Karagülle ilə müsahibəni qaçırmayın
…Salam mən yaxşıyam, təşəkkürlər. Siz Necəsiniz? İstanbulda anadan olmuşam. İbtidai məktəb illərində Dövlət Konservatoriyasının qiyabi tələbəsi kimi balet hazırlığına başlamışam. Klassik baletlə yanaşı, piano, teatr kimi kursları yan kurs kimi görürdüm. Peşəkar karyerama orta məktəbdə oxuyarkən İzmir Dövlət Teatrında tamaşaya qoyulan “Oğlan Dost” adlı musiqili teatrda iştirak etməklə başlamışam.
Biznes təhsilimi bitirdikdən sonra özəl bir şirkətdə işləməyə başladım və hələ də biznes həyatımı davam etdirirəm.
Qarışıq rəsm sərgilərim olub…
Çağdaş Türk ədəbiyyatında bol oxucusu olan, izdihamlı kitab təqfimatları keçirən Esra Gür Karagülle portalımıza müsahibə verib. Habil Yaşarın təqdimatında müsahibəni sabah oxuya biləcəksiniz.
Qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
“INNOLAND”də “Brain Game” intellektual oyun hakatonu keçirilib
“INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN media”ya istinadən xəbər verir ki, layihənin məqsədi ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır.
Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər.
Nəticələrə əsasən “85 Games Studio” komandası 1-ci yerə, “EcoDev” komandası 2-ci yerə, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA” komandaları isə həvəsləndirici mükafat alıb.
Hakatona müraciət edən 65 komanda arasından seçilən 54 komanda 16 noyabr tarixində ideya konseptlərini təqdim ediblər. Qiymətləndirmə nəticəsində yalnız 20 komanda müsabiqə mərhələsində iştirak hüququ qazanıb.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
“ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görülüb
Bakıda II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib.
TRİZ İnstitutunun, Türkiyənin Qazi Universitetinin və Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə reallaşdırılan tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, eyni zamanda 20-ci əsrin ən önəmli nəzəriyyələrindən biri olan və Bakıda yaradılmış TRİZ (ixtiraçılıq məsələlərin həlli) nəzəriyyəsinə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, konfrans çərçivəsində “ASAN xidmət” ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsinin banisi, görkəmli ixtiraçı-mühəndis Genrix Altşullerin adını daşıyan medal və mükafat ilə təltif olunub. Mükafat quruma beynəlxalq innovativ ictimai idarəçilik sahəsində əldə olunan uğurlara görə verilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
“Üç şagirdim şəhid, otuzdan artıq şagirdim qazidir…”
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Tural Nəbiyev çox maraqlı insandır. O, müharibə dövrünün səlnaməçisidir, pedaqoqdur, 40 illik ömründə azı 80 illik işlər ortaya qoyub. Turalı yaxından tanıyıram, tələbəlik yoldaşımdır. Düşündüm ki, onu sizə də tanıdım.
-Salam Tural bəy! Hörmətli oxucularımız üçün sizdən bir müsahibə almaq istədim. İlk olaraq zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz.
-Mən Tural Nəbi oğlu Nəbiyev. 1983-cü ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuşam. Orta məktəbin 5-ci sinifində oxuyanda ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yurdumuzdan didərgin düşmüşük. Məcburi köçkün kimi İmişli rayonunda müvəqqəti məskunlaşmışıq. Orta məktəbi bitirib ali məktəbə - ADPU-nun filologiya fakültəsinə qəbul olmuşam. 2004-cü ildə ali məktəbi bitirib Horadiz qəsəbəsinə qayıtmışam və doğma 1 saylı tam orta məktəbimizdə müəllim kimi əmək fəaliyyətimə başlamışam. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam. Xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətimə davam etmişəm. Rayonumuzda müxtəlif ictimai vəzifələrdə çalışmışam. Bu gün də həm müəllim kimi, həm də ictimai fəaliyyətlə məşğul oluram. İki kitab müəllifiyəm: “Söz Xəsinəsi”, "44 GÜNlük müharibə"
-Müharibə dövrü hər birimiz kimi sizin də həyatınızda silinməz izlər buraxmışdır. O qanlı günlərin, anların birbaşa şahidi və iştirakçısı olaraq bu haqda sizlər daha dərin təəssüratlara maliksiniz. Mümkünsə o günlər haqda təəssüratlarınızı bilmək oxucularımız üçün çox gözəl olardı. Qeyd edim ki, sizin “44 GÜNLÜK MÜHARİBƏ” kitabınız da təzəlikcə nəşr olunmuşdur.
-Yaşadığım ömrümün böyük hissəsi müharibə dövrünə düşüb. I Qarabağ müharibəsi, Aprel müharibəsi, 44 günlük müharibə. Bu 30 ilə yaxın bir dövrü əhatə edir. Yaşadığım Horadiz vaxtı ilə düşmənə qarşı qazandığımız ən böyük qələbə idi. Belə ki, 1994-cü ilin sonundan başlayan və qısa zaman içərisində 22 yaşayış məntəqəsinin azad olunması düşməni atəşkəsə imza atmağa məcbur etdi. İllərlə düşmənlə bir neçə yüz metr məsafədə yaşadıq. 2016-cı ildə 4 günlük Aprel döyüşləri zamanı düşmənə ağır zərbələr vuruldu. Nəhayət, bu qələbələr bizə 44 gün ərzində böyük qələbə qazanmağımıza zəmin yaratdı. 44 gün ərzində bir çox hadisələrin şahidi olduq. Yaşadığımız yer Qarabağa gedən əsas yolun üzərində, strateji bir yerdə yerləşir. Məhz bizlər ön xəttə gedən əsgərlərimizi son uğurlayan, ön xəttən gələn yaralılarımızı, şəhidlərimizi ilk qarşılayanlar olduq. Ən son məlumatı bizlər eşidirdik. Hər qəhrəmanlıq bir dastan idi. Məhz bu yaşadıqlarımızı qısa zaman içərisində qısa qeydlər götürərək kitab halına salmağı bacardıq. "44 GÜNlük müharibə" adı altında kitab çap etdirdik. Kitabın təqdimatını gənclərimizlə, məktəblilərimizlə etdik. İkinci təqdimatımızı adları kitabda qeyd olunan şəhid övladları ilə etdik. Qarşılarında borclu olduğumuz, bu gün sayələrində qürurla gəzə bildiyimiz şəhidlərimizin övladlarına təqdim etdik kitabları. Bu kitabda birliyimiz, bərabərliyimiz, bir yumruğa, dəmir yumruğa döndüyümüz anlar qeyd olunub.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Bu gün müəllim olaraq, oxumağı sevən biri olaraq fantastikadan başqa bütün janrlarda kitabları oxumağı xoşlayıram.
-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişini qazanmaq üçün gənclərimizin yükünü azaltmaq lazımdır. Onlara müəyyən qədər olunan dəstəyi artırmaq lazımdır. Maraqlı kitabların reklamını etmək lazımdır. Lazımsız verlişlərə lazımsız "yazarlar" deyil, lazımlı verlişlərə lazımlı yazarları dəvət edib oxucu ilə görüşdürmək lazımdır.
Bu gün təəssüflər olsun ki, gənclərimizin böyük əksəriyyəti mütailədən uzaqdırlar. Onları da qınamaq çətindir. 9-cu sinifdən başlayaraq ali məktəbə qəbul olmaq üçün çalışırlar, ali məktəbə qəbul olduqdan sonra bitirmək üçün çalışırlar. Ali məktəbi bitirib işə qəbul olmaq üçün çalışırlar. Sonra ailə, çətinliklər... Təbii ki, bu zaman çərçivəsində kitab oxumaq, mütailə etmək üçün vaxt o qədər də qalmır. Vaxt tapanlar, marağı çətinliyindən, problemlərindən daha böyük olanlar bu işi davam etdirir.
-Yazıçı və ya pedaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Bu gün Tik Tok kimi platformalarda baş verənlər gənclərimizin fikrini qarışdırır. Onlar da vaxtını kitabla, qələmlə keçirməkdənsə tik-tokerlər kimi asan yolla, qısa zamanda pul qazanmaq, vaxtını bu yöndə sərf etmək niyyətinə düşürlər. Qürur duyuram ki, müəlliməm. 3 şagirdim 44 günlük müharibədə şəhid oldu, 30-dan artıq şagirdim qazidir, onlarla şagirdim müharibə iştirakçısıdır, bəziləri hələ də vətənin keşiyindədir. Bu onu deməyə əsas verir ki, nə qədər bu gənclikdə çatışmazlıq olsa da, qüsurlar olsa da gənclərimizin vətənpərvərliyi yüksəkdir. Bu duyğu, bu hiss onlara gördükləri hər bir işi ləyaqətlə davam etdirməyə güc verəcəkdir. İstər yazıçı, istər həkim, istər polis, istər pedoqoq, istərsə də digər sahələrdəkilər - hər kəs özünü göstərməli və hər addımda vətənini, xalqını düşünməlidirlər...
“Ədəbiyyat və incəsənət”
(2.12.2013)
POETİK QİRAƏTdə “Bütün cütlər əslində təkdi...” deyən Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə Əlizadə Nuri görüşür.
Bir gün...
Bir gün yaxamızdan yapışıb,
Allahı istəyəcək uşaqlar,
Soruşacaqlar: ''Neynədiniz ONU?"
...Bir gün biləcəksən ki,
ipdən özünü asanlar
təkcə intihar etmirmiş,
həm də özünü günə verirmiş...
Bir gün duz səpsək də üstünə
dadı qaçacaq ümidlərin də.
Bir gün biləcəksən ki,
dünyadakı bütün cütlər
əslində təkdi.
Ən ağır ayrılıq Allahdan ayrı düşməkdi.
Bir gün görəcəksən ki,
bütün ömür əriyib
Yerində bir ovuc xatirə qalıb...
Bir də görəcəksən ki, qocalıb adın,
hamı unudub səni
Bu doğma vətəndə qürbət yerisən...
..Və bir gün ölüb gedəcəksən,
başdaşın keşik çəkəcək məzarına...
...Bir gün
bu " bir gün" də olmayacaq...
Hərdən dərdin özü elə əlacdı...
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
İnsanlığa, mənəviyyata xidmət
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yüksək mədəniyyət, xeyirxahlıq kübarlığından irəli gəlir. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə çox mehriban və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb.
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur.
İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən yazıçı-publisist, "Əməkdar jurnalist", pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin növbəti ad günü idi. Onu bir gün gecikməklə bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Zemfira xanım!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Bağçadan nazirliyəcən
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu həftə də fərqli bir gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa gülməcələr. Bəyənəcəyinizə əminəm.
Mərminin üstünə yıxılanın hansı hündürlükdən yıxılması bir məna kəsb etmir
Sən bağçaya gedəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlməsi ilə sən nazir işləyəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlmələri çox-çoooox fərqlidir, əfəndim.
Məktəblərdə də biznes və ekonom klasslar tətbiq ediləcək. Hamı öncə 1-ci klass-a gedəcək. Sonra varlılar biznes, kasıblar ekonom klass-a gedəcəklər.
Fəlsəfəni çox sevən oğru “Daşları yığmaq vaxtı yetişdi” deyib zərgərlik mağazasına girdi.
“Ədəbiyyat və incəsənət”
(12.12.3023)
Fikrət Əmirovun adına layiq
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi
Ulu Öndər Heydər Əliyevin yüz illiyi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Vokal Kafedrası “Fikrət Əmirovun yaradıcılığına səyahət ”adlı konsert proqramı hazırlamışdır.
Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu tələbələrin həyəcanında nəzərimi cəlb etdi.İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülərüzlə məni qarşıladı.
Bu respublikanın əməkdar artisti,
Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır. Uzun illər Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu müəllimənin istedadlı tələbələri olacaq düşünüb, onlara uğur diləyib, zala daxil oluram, yavaş- yavaş izləyicilər öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sözə başlayıb tədbiri açıq elan edir, sevimli müəllimə və tələbələrinə uğur diləyir…
*
Səhnə Fikrət Əmirovun görüntüləriylə, bir-birindən zəngin əsərləriylə davam etdi.
Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər olan tələbə qrupunun eyni səhnəni eyni peşəkarlıqla bölüşməsi oldu. Tələbələr səhnədə sərbəst, səslərinə və bütün səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. Fikrət Əmirovun “Sevil" operasından Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək kimi iz qoydu. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdi. “Sevil" operasında Bir çox Dilbərlər gördük. Tələbənin ifa etdiyi Dilbər heç də onlardan geri qalmırdı. Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı.
Səhnə - profesionallığı, sərbəstliyi ona hakim olmağı sevir. Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim. Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu Zenfira İsmayılovanın ucalığı və uğuru idi.
Konsert boyu Fikrət Əmirovun görüntülərini görüb səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi,
Bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azırbaycan Operasının əsasını təşkil edir. Bir bəstənin böyüklüyü onun insan ruhuna, obrazına yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır. Konsertdə iştirak edən bütün tələbələrın adlarını qeyd edirəm: Sevil-Səma Həmzəyeva, Gülüş-Günel Əsədova, Tafta-Vüsalə Teymurzadə, Laylay-Nigar Rüstəmova, Dilbər-Zeynəb Hüseynova, kor ərəbin mahnısı -Cavidan İsayev, Fikrət Əmirovun İşləməsində xalq mahnısı "Küçələrə su səpmişəm" - Mikayıl Nəsirov, Şəms Cəfərova, Sara Hüseynova, Fidan Mənsurova (trio Reyhan, Baharımsan-Ləman Əhmədova, Mədinə Mirzəyevə - Göy göl, Günel Əsədova - Fikrət Əmirovun işləməsində -Evləri var xana -xana, Konsertmeyster Vəfa Əzizova, Rəhimə xanım Qurbanova - hər kəsə daha böyük səhnələrdə çıxış edərək sənətin zirvəsinə qədər qalxmağı arzu edirəm.
Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımları daim yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)