Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Dərviş Təbrizlidən “Yağış altda” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim etməkdədir.
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.
Bu gün şairin “Yağış altda” şeirini təqdim edirik.
YAĞIŞ ALTDA
Mən könlümü bir gün sənə satdım yağış altda,
Sandım ki, yatan baxtı oyatdım yağış altda.
Ağzımda susan dil səni görcək işə düşdü,
Ağzım dolu bir dəfə söz atdım yağış altda.
Güldün mənə, bir kəlmə danışcaq geri döndün,
Saldım üzümə azca yubaltdım yağış altda.
Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,
Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.
Addımlarılan təbrizi başdan-başa ölçdük,
Öpdüm səni atdıqca hər addım yağış altda.
Addım başı könlüm qəzəl istərdi gözündən,
Bilməm ki, nələr onda yaratdım yağış altda?
Düşdü araya ayrılıq, əl-əldən üzüldü,
Səndən ürək axirdə qopartdım yağış altda.
Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,
Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.
Dərviş, o yalan sevgini bir buxçaya yığdım,
Getdim görüşən yerdə boşaltdım yağış altda.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
Artıq zaman yetişib...- ESSE
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bir vaxt sənin üçün tamamən yad, özgə olan küçələr indi doğmalıqdan həsrət sarmaşıqları bağlayıb sanki, eynən yad, özgə insanların zaman ötəndən sonra doğmalaşıb vida üçün hazır olan əlvida saran qucaq qolları kimi...
Hər küçənin, döngənin bir xatirəsi və yanından ötərkən sənə səslənməsi içindəki məsumluğu və boş divarın künclərinə, qapısına, pəncərələrinə döyəcləyən həssas bir meh qədər amansız və sarı simləri tərpədəcək qədər ürkəkdir...
Öz dünyamda boğulanda və düşüncələrimin 4 divara sığmazlığını anlayanda külək, yarpağın ağaca vida deməsi anındakı uçuşundakı səssizlik, narın yağış, zərif zəif işıqlar və ümidverici sözlər köməyimə çatırdı sanki...
Sətirlərdə belə sözlər səhnəyə kim çıxsın deyə təlaşda idilər hər zaman, tamaşaçılar onları maraqla gözlədikləri üçün rol oynamaq naminə və ya yola vermək adına bər bəzəkli sözləri təki inciməsinlər, narazı qalmasınlar deyə gözə soxurdular...
Nələrisə nələrdəsə bəzən zirvədə buraxmaq lazımdı, sənə ümid işığı kimi görünən bir şeyin əslində projektor işığı ilə canlandırıldığını görmək hündürmərtəbəli binadan sənin indicə intihar etməni səbirsizliklə gözləyən insanların dillərindən çıxan yalançı təsəllilərini eşitmək qədər acizanədir...
Cismimlə, hisslərimlə rəqs etməyə kimsəni tapmayanda, ya da tapılanın əslində o olmadığını anlayıb uzaqlaşanda, bax o zaman sətirlər məni rəqsə dəvət edirdi...
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabın təqdimatı olub
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində ərsəyə gətirilmiş “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabın təqdimatı keçirilib.
İB-nin yaydığı məlumata görə, təqdimat mərasimində universitetin filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunmuş bu kitabı sazbəndliyin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən çox mühüm və vacib bir layihə kimi dəyərləndirib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, indiyədək sazbəndliklə bağlı nəinki ayrıca kitab, heç bir məqalə də yazılmayıb: “Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.
Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.
Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya elmləri namizədi, dosent Qüdrət Umudov və digər çıxış edənlərdə kitabın aşıq sənətinin araşdırıcıları, bütövlükdə folklorşünaslar üçün qiymətli mənbəyə çevriləcəyinə inamlarını ifadə ediblər.
Sonda layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.
Tədbirdə, eyni zamanda, ADPU-nun filologiya fakültəsinin tələbələri sənətlə bağlı şeirlər səsələndiriblər, aşıq İmran Göyçəli isə balabançı Ələkbər Ələkbərovun müşayiəti ilə bir neçə aşıq havası ifa edib.
Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu bu kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.
Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar istifadə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
“Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasında Aysel Xanlarqızı
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
“Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı gülərüzlü xanım- AYB-nin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasında " Qadınlarla iş üzrə” şöbəsinin müdiri, Müstəqil.az saytının redaktoru, 4 kitabı Azərbaycanda, 1 kitabı Türkiyədə, 1 kitabı Güney Azərbaycanda, bir kitabı da Almaniyada işıq üzü görən yaradıcı Aysel Xanlarqızıdır.
1) Aysel xanım, "Qadın kimdir?"- sualına tərif verilsəydi, sizin cümləniz necə olardı?
-QADIN...
Otaqda yığılan köynəklər kimi,
Ütüləyib geyər ümidlərini.
İtirər yataqda bəzən yerini,
Gecə kürəyindən ağrıyar, Qadın.
Qurban verər dərdli doğrularını,
Dəyişməz yarasın sarğılarını.
Alar sevdiyinin ağrılarını,
Gizlicə gözündən oğrayar, Qadın.
Yuxusun analıq hissiylə bölər,
İllər saçlarının qarasın silər.
Ən son əl uzadar süfrəyə belə,
Övladı doyarsa, bir doyar Qadın.
Tapdansa, hüququ əyər içini,
Olmaz istəyinin azad seçimi.
Körpə arzuları bir alma kimi,
Bölüb dilimləyər, hey soyar Qadın.
Qovurub içini yeyər dərdləri,
Solar yaddaşında keçmişin yeri.
Üzündən, gözündən yağan kədəri,
Mətbəxdə soğan tək doğrayar Qadın.
Ruhdakı təkliyin toplanmaz cəmi,
Olmaz həsrətinin, içilməz dəmi.
Qaynayıb dağılan duyğular kimi,
Çaydanın gözündən ağlayar Qadın...
-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram .
2) Bir qatar göndərirəm bir biletin ardınca,
Boğuluram içimdə, olanları dadınca...
Sonuncu sərnişintək çıxıram qollarından,
Yığıb çamadanlara nəyim varsa, qadınca,
Səni bağışlayıram...Səni bağışlayıram.. ( Aysel Xanlarqızı)
Aysel xanım nəyi istəsə də bağışlaya bilməz?
-Əslində bağışlamaq mənəvi rahatlıqdır. Amma bu o demək deyildir ki, bağışladıqdan sonra hər şey əvvəlki kimi olur... Xeyr. Bağışlanmağı çətin olanları həyatımın, qəlbimin uzaq bir nöqtəsinə göndərirəm...
Ona görə də şeirimdə dediyim kimi -
Sonuncu sərnişintək çıxaram qollarından...
Səni bağışlayaram...
3) Əqrəbə bal ilə yedirtsən, şəkər,
Yenə də məhsulu olacaq zəhər (Nizami Gəncəvi)
Aysel xanım zəhər uzadan əli "kəsibmi", yoxsa, zəhəri alıb əvəzinə bal verib?
-Pislik etməyi heç bacarmıram... Bal yedirib zəhər qarşılığı görüncə də yenə özümü qınayıram... “Bir az insanları tanı” deyirəm.
4) Aysel xanım,
"Darıxan şeirlər" yenə darıxırmı, yoxsa, sözləri sinəsinə sıxıb dərdi ovudur?
- Aysel də, şeirləri də hər zaman darıxır ... Həssas duyğuları kövrək hisslərlə ilmələdikcə kədər də sözlərin sinəsində ovunaraq misralara sığınır.
5) Çingiz Aytmatov söyləyib ki: "İki insan bir-biri ilə tam bir uyğunluq içində yaşarsa, danışmadan da, qısa sözlərlə də anlaya bilərlər bir-birilərin."
Bəs, nəinki, qısa cümlələrlə, hətta "qışqırtıya bürünmüş uzunboylu" cümlələrlə qonşularının da diqqətini çəkən ailələrə Aysel xanım hansı tövsiyəni verərdi?
- Sırf ailə qurmaq xətrinə, evlənmək xətrinə ailə qurmağa kimsə çalışmasın. Çünki ailə bir dövlətdir, bu dövlətin siyasi, iqtisadi, maddi, mənəvi problemlərini də ancaq uğurlu, ağıllı dövlət başçıları həll edə bilər.
Qoruyub saxlaya bilməyəcəyiniz heç bir şey üçün tələsməyin, deyərdim. Əgər bu səhvi etmisinizsə, ikiniz də bir-birinizə güzəşt edə bilmirsinizsə, yol yaxınkən bir çarə tapın. Ya səbirlə davam, ya da tamam anlamında...
6) İslanıb ayağı yenə şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni narahat keçirib Allah,
Səmada bir qara bulud boğulub...( Aysel Xanlarqızı)
Aysel xanım, göylərin səhəngi tez-tez dağılarkən ürək də boşalırmı?
-"Ürək yorulanda gözdən tər axar" -deyirlər ...
Göz yaşı bəzən rahatladır ...
Göylərin səhəngi də yerə dağılanda buludlar sakitləşdikcə təbiət susuzluğunu yatırır.
7) F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?
-Tale çox vaxt insanın öz əlində olur, ömür ağ vərəqdir, qələmi alıb bəzi yerləri silib yenidən yazmaq üçün heç vaxt gec deyil...
Önəmli olan yazmaq bacarığının olmasıdır...
Mübarizədən və sınaqlardan əsla yorulmasınlar.
8) Tutub ilham pərisini,
Diz üstə çökdürürəm.
Sətirlərin qarşısına,
Heca-heca eşq səpirəm.
Duyğuları günəş-günəş
doldururam qələmə... ( Aysel Xanlarqızı)
Dəyərli Yaradıcımız, ilham pərisi Sizi gecə saatlarında oyatsa, necə qarşılanır? "Sən Allah, qoy yatım, yorğunam", yoxsa, "hanı telefonum( qələmim) "- eşidərək sevinir?
- İlham pərisi gecə saatlarında məni oyadanda əlindən tutub yanımda oturdur, onunla dərdləşir və sakitləşdirməyə çalışıram ... Tərki- dünya olaraq söz-söz dolub boşalan ruhu şeir-şeir rahatlaşdırmağa çalışıram .
9) "Qadınsız cəmiyyət çürük bir ağac kimidir " -demiş Cəfər Cabbarlı.
Aysel xanım, həm ana, həm yaradıcı, həm də digər fəaliyyətləri zamanı yorularkən, gücünü necə bərpa edir?
-Təbiidir ki, qadının cəmiyyətdə rolu ikiqat artıq olur. İş yerinin məsuliyyəti ilə bərabər, övlad tərbiyə edir, ailə qayğılarının bir çox ağırlığını da öz üstünə götürür. Yaradıcı qadınlarda isə bu üç qatlı olur...
Yorularkən, yorğunluğumu qələmim, yaradıcılığım, sevdiklərim və həyatdakı ən uğurlu yaradıcılığım olan iki övladım, onların uğurları çıxarır. Onlar xoşbəxt olanda və uğur qazananda isə özümü daha çox xoşbəxt hiss edirəm.
10) Deyim var ki: "Bir qadına vurulduğunuz zaman həyəcanlanmayın, bir yerdə oturun, dərin nəfəs alın və qatilinizlə tanış olmağın kefinə baxın."
Aysel xanım, belə çıxır ki, biz qadınlar qatilik? Bu deyimə fikriniz necədir?
-Məncə, insan özü özünün həm qatilidir, həm də xilaskarı...
Hələ ki, dünyanın ən zərif varlığı olan qadından bir kişi istərsə qatil, şeytan, istərsə də qurtarıcı, mələk yarada bilər... Bir kişi öz qadınına həm ata, həm dost, həm sevgili, həm oğul, həm də ömür-gün yoldaşı olmağı bacarmalıdır.
-Aysel xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq. Dəyərli zamanınızdan sevə-sevə pay aldıq, halal edin. Sonda ən çox hansı sualımızı bəyəndiyinizi bilmək istərdik.
-Diqqətiniz üçün, dəyəriniz üçün sizə minnətdaram, əziz Ülviyyə xanım. Ürəyiniz, ruhunuz bütün əməlləriniz də gözəldir. Təşəkkür edirəm!
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
Döyüşçü şairlərlə görüş olacaq
Oktyabrın 15-də “Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Zəfərin 44 günü” adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində döyüşçü şairlərlə "Mən Vətənəm" adlı görüş təşkil olunacaqdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutacaq görüşdə Vətən müharibəsində iştirak etmiş istedadlı gənc şairlərimiz Həsən Kür, Nicat Fərman və Emin Pirinin yaradıcılığı ilə yaxından tanış olmaq, müharibə xatirələrini və şeirlərini dinləmək, fikir mübadiləsi aparmaq, həmçinin düşündürücü suallara cavab tapmaq mümkün olacaq.
Tədbirdə fəal iştirak edən gənclərə imzalı kitablar təqdim ediləcəkdir.
Tədbir “Misra Book Cafe”də keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
DÜNYA ƏDƏBİYYATINDAN: Andy Weir - "Yumurta" hekayəsi
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Əziz oxucular. Dünya ədəbiyyatı bələdçiliyində bu gün sizlərə postmodern hekayə janrının bir şedevrini təqdim edəcəm. Söhbət Andy Weir-in “Yumurta" hekayəsindən gedir.
Əminəm ki, onu çox bəyənəcəksiniz.
Sən öləndə maşınınla evinə gedirdin.
Maşın qəzası idi: fərqli qəza deyildi, amma nəticə ölümcül oldu. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız ölüm idi. Təcili Yardımdakılar səni xilas etmək üçün əllərindən gələni etdilər, ama yararı olmadı. Vücudun çox zərər görmüşdü və yaxşı ki, ölmüsən deyə bilərəm.
Bax orda qarşılaşdıq.
“Mənə nə oldu?" deyə soruşdun. "Hardayam?"
"Öldün" deyə ciddi cavab verdim. Sözü uzatmağın mənası yox idi.
"Bir.. bir yük maşını vardı və yoldan çıxmışdı.."
"Hə".
"Yəni... yəni öldüm?"
"Hə. Amma kədərlənmə, hər kəs ölür necəsə."
Ətrafına baxdın. Tam bir heçlik. Sadəcə sən və mən. "Bura haradı?" deyə soruşdun. "Bura ölümdən sonrasıdır?"
"Elə də demək olar."
"Həyat yoldaşım... Uşaqlarım..."
"Niyə dedin bunu?"
"Yaxşı olacaqlar?"
"Bax bu, eşitməyi xoşladığım bir şeydi. Ölürsən, amma tək maraqlandığın ailəndi. Bu, yaxşı baxış bucağıdır."
Heyranlıqla mənə baxdın. Sənin gözündə Tanrıya bənzəmirdim, hər hansı biri kimi qəbul edirdin məni. Ya da qadın. Tanrıdan daha çox dil müəllimi.
"Narahat olma", dedim. "Yaxşı olacaqlar. Uşaqların səni həmişə xoş təəssüratlarla xatırlayacaq. Sənə mənfi hislər duymağa zamanları olmadı. Həyat yoldaşın isə.. Xaricdən matəmdə olacaq, amma gizlidən gizliyə rahatlayacaq. Düzünü desəm, evliliyin məhv olmağa başlamışdı. Səni məmnun edəcəksə, rahatladığı üçün peşmanlıq duyacaq."
"Ha.." dedin. "Yaxşı, bəs indi nə olacaq? Cənnətə ya da cəhənnəmə gedirəm?"
"Heç biri." dedim. "Yenidən doğulacaqsan."
"Ha, demək hindlilər haqlı çıxdı."
"Bütün dinlər, özlərincə haqlıdılar." dedim. "Gəl mənimlə gəzişək."
Boşluqda yeriməyə başlayanda yanımca məni təqib etməyə başladın.
"Hara gedirik?"
"Xüsusi bir yerə getmirik.", dedim. "Gəzişəndə söhbət etmək daha maraqlı olur."
"Onda nə anlamı var?" deyə soruşdun. " Təkrar doğulacamsa, ağappaq bir səhifə kimi olacaq, hə? Körpə kimi. Yəni bütün təcrübələrim və bu həyatımda etdiklərimin heç biri anlam daşımır daha."
"Heç elə deyil!" deyə iradımı gördün. "Bütün geçmiş həyatlarının və təcrübələrinin məlumatlarını daşıyırsan. Bunları xatırlamırsan sadəcə."
Gəzişərkən dayanıb səni çiyinlərindən tutdum. "Ruhun inana biləcəyindən çox daha möhtəşəm, gözəl və böyükdü. İnsan zehni, əslində malik olduğunun çox kiçik bir qismini daşıya bilir. Bu, isti ya da soyuq olduğunu bilmək üçün barmağını bir stəkan suya salmaq kimidi. Özündən kiçik bir qisimlə suyu təcrübədən keçirib barmağını geri çəkəndə o təcrübənin bütününə sahib olursan.
Son 48 ilini bir insanın bədənində keçirdin. Özünü inkişaf etdirib o sonsuz şüurunu hələki qavraya bilməmisən. Orada yetərincə qala biləndə hər şeyi xatırlamağa başlayardın. Amma həyatlar arasında keçid edəndə bunu etməyin bir anlamı yoxdu.
"Yaxşı neçə dəfə təkrar-təkrar həyata gəlmişəm?"
"Çox.. inan mənə yetərincə çox. Və hər biri o birindən çox fərqli olan həyatlar. Bu dəfə Çində, miladdan sonra 540-cı ildə doğulan kəndli bir qız olacaqsan."
"Bir saniyə, nə?!" deyə çox təəccübləndin. "Məni zamanda geri göndərirsən?!"
"Deyəsən, elə çıxır, hə. Zaman, bildiyin kimi, sadəcə sənin kainatında var. Mənim gəldiyim yerdə işlər fərqlidi."
"Sənin gəldiyin yer?" soruşdun.
"Əlbəttə", dedim. "Mən də bir yerdən gəlirəm. Başqa bir yerdən. Və mənim kimi başqaları da var. Oranın necə olduğunu bilmək istəyəcəksən, bilirəm, amma açığı danışsam da anlamazsan."
"Ha," dedin, bir az da xəyal qırıqlığına düşərək. "Bir saniyə. Əgər zaman içində başqa başqa yerlərdə reankarnasiya oluramsa, bir nöqtədə özüm-özümlə rastlaşa bilərəm."
"Əlbəttə. tez-tez olur bu. Amma iki həyat da sadəcə öz ömürlərindən xəbərdar olduqları üçün fərqinə varmırsan."
"Onda bütün bunlara nə gərək var?"
"Ciddən?" deyə soruşdum."Ciddən? Məndən həyatın mənasını soruşursan? Bu bir az bəysayağı sual olmadı ki?"
"Məncə ağla yatan sualdı."
Gözlərinin içinə baxdım. "Həyatın anlamı, bu kainatı yaratmağımın tək səbəbi, sənin yetkinləşməndı."
"İnsanlığı nəzərdə tutursan? Yetkinləşməyimizi istəyirsən?"
"Yox, ancaq sən. Bütün kainatı sənin üçün yaratdım. Hər həyatla bərabər böyüyür, yetkinləşir və daha böyük bir zəka olursan."
"Ancaq mən? Bəs digərləri?"
"Başqa heç kim yoxdu. ", dedim. "Bu kainatda sadəcə sən və mən varıq."
Mənə boş baxışlarla baxdın. "Amma dünyadakı milyardlarla insan..."
"Hamsı sənsən. Başqa bədənlərdəki sən."
"Dayan. Hər kəs mənəm?"
Kürəyinə bir təbrik vuruşu ilə, "Bax indi daşlar yerinə oturur", dedim.
"Bütün zamanlarda yaşamış insanların hamsı mənəm?"
"Və yaşayacaq olanlar, hə."
"Abraham Lincoln mənəm?"
"Onu öldürən John Wilkes Booth da sənsən", deyə əlavə etdim.
Dəhşət içində, "Hitlerəm?" dedin.
"Və öldürdüyü milyonlarsan."
"İsayam?"
"Və onu təqib edən hər kəs."
Səssizliyə büründün.
"Nə vaxt birisinə haqsızlıq etsən", dedim, "özünə etmiş olursan. Etdiyin bütün yaxşılıqları da özünə edirsən. Yaşanmış və yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin tərəfindən yaşanacaq."
Düşüncələrə daldın.
"Niyə?" deyə soruşdun. "Bunları niyə edəsən ki?"
"Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Sən mənimkimilərdənsən. Sən mənim körpəmsən."
İnanmayaraq, "Nə?!" dedin. "mənim bir Tanrı olduğumu deyirsən?"
"Yox. Hələki yox. Sən çağasan. Hələ böyüyürsən. Bütün zamanlardakı insanların hamsının həyatını yaşayandan sonra Tanrı olaraq doğulacaq qədər böyümüş olacaqsan."
"Yəni.. Bütün kainat," dedin. "sadəcə..."
"Yumurta," deyə tamamladım. "Yeni həyatına başlamanın vaxtı gəldi."
Və səni yoluna göndərdim.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
Gözəllik 10-dursa, bunun necəsi dondur?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hələ də geyiminə görə insanları mühakimə edənlər var: “Filankəslərin qızı dar geyindi, filankəslərin oğlu şortik geyindi. Aaaa ona bax, cırıq şalvar geyinib. Qız uşağısan, saçların niyə belə qısadı. Əəə kişi olar adam, qulağına o nə dəmirdi taxmısan"…
Təəssüff ki, cəmiyyətin böyük kütləsi bu düşüncədədir. Qatı tənqidlər, təhqirvari ifadələr, nələr-nələr. Anlaya bilmirəm, həqiqətən, sivilizasiyalar bu qədər inkişaf edərkən düşüncələr necə belə qıt qalır. Razıyam, insanlar haqqında ilk düşüncələr geyim üslublarına əsasən formalaşır, amma nəyə lazımdır bu qatı tənqid? Hələ bir də, dəyişilməmiş ifadələr var. “Papaq kişinin qeyrətidir".
Həqiqətən başımızı soyuqdan, küləkdən, yağışdan, günəşdən qorumaq üçün olan papaq qeyrətdir? Ona qalsa, papaq taxıb nəvəsi yaşındakı qıza mundar baxan əclaflar da adlarını kişi qoyurlar. Elə deyil, o cümlə, belədir: “Kişinin qeyrəti onun ailəsi və daxilində olan nəfsidir". Nəfsi çirkli olan niqaba bürünmüş qadına belə kəm gözlə baxa bilər.
Geyim mövzusuna toxunmuşamsa bu mözvunun başqa hissələrinə də toxunmaq istərdim, məsələn, geyimi qınaq obyektinə çevirənlərdən əlavə, həqiqətən geyimini bilməyən insanlar var. Onlar ictimai obyektlərdə, cəmiyyətin sıx olduğu 7dən 70ə hər kəsin görə biləcəyi sosial mediada, yerli və xarici televiziya verilişlərində, varla yox arası geyinənlər, özlərini sözün əsl mənasında "reklam" edənlərdir.
Amma qəbullanmaq lazımdır, bir insanı geyimnən qarşılayıb düşüncəsi, əməlləri, davranışlarına görə yola salırlar.
Zövqləri yox, çirklənmiş psixologiyaları dəyişdirin.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
“Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik”– Güneyli şair Zaman Paşazadənin şeirləri
M“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Güneydən gələn səslər” rubrikasında ən diqqət çəkən şairlərdən biri Zaman Paşazadə olub. Diqqət etsək, bu şeirlərin dərin məzmunu, bir qədər metafizika, bir qədər abstraksiya gözə çarpar.
Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.
SSENARİ ŞEİR
İNTİHAR
Kağızların üzərində uyumuşkən yazıçı,
Romandan baş qaldırıb çıxdı karakter
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Dik atıldı yazıçı
Qələmi götürüb beləcə bitirdi:
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Diskindi qəzetlər
Beləcə titr vurdular:
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Diskindi oxucu
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
SSENARİ ŞEİR
DOĞUM
İçəri – gecə - doğum evi
Işıq izinsiz cumur gözlərimizə
Yenicə göz açmış kameradan zillənirik divardakı saata
Saat iyirmi dördü tələsir…
İçəri – gündüz – doğum evi
Çeşidli açıdan üzümüzə zillənir kameralar
Yaxınlaşdıqca dodaqları yekəlir
Öpülürük
Öyülürük
Öööö
Burnumuzdan gəlir ana südümüz
Zaman ağzımızın ağuz zamanı.
Mavi boyalı istamp güpsənir ayağımızın altına
Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində
Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…
Yoxlanılır təməl hüceyrələrimiz
Yoxlanılır sağlamlığımız
Yoxlanılır sağmallığımız
Yoxlanılır varlıq.
Içəri – gecə - ev
Zillənirik divardakı saata
Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını
Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu
Saat iyirmi dörd…
Geri, geri, geriyə dönür film
Kameralar itir dumanda.
Zamansız – içəri – iç
Cənində bir budda heykəliyik
Boynumuz da göbək bağından bir boyunbağı
Ayağımızın altında doğum çarpayısı
KLAUSTROFOBİYA
Qapıdan içəri keçən əşyaları alkollayıramsa
Pəncərədən sızan hər bir şeyi
Quşların səsini
Çiçəklərin qoxusunu
Havanı
Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa
Fikir vasvasılığı deyil
Ardı kəsilməyən faciələrin normal qorxularıdır.
Hələ ayaqla görüşmək nədir ki,
Plastic geyimlə izolə sevişmək ehtimalı da var.
Bütün gücsüzləşdirən ölümcül viruslardan
Öldürməyib də gücləndirən kabuslara qədər
Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.
Biz möcüzələrə inandığımız yerdə
Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır
Acizliyimiz möcüzələrdən daha böyük
İnanmaq kələməsi daha kiçikdir.
Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik
Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,
hər gecə ateist giririk yatağımıza
Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.
İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de
İndi gəl qərəntinə trendinə qoşul
İndi gəl klaustrofobiyanı açıqla polislərə
Çörək klaustrofobiyası
Ev kirası klaustrofobiyası
Leylanın gözlərinin klaustrofobiyası
İndi gəl evdə qal və bütün fobiyalara yolux.
Gəlin, tanınmaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar
Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə
Çünki ölüm maskalılara toxunmur.
Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb
Maskasını götürəcək üzündən
Biz o zaman tanıyacağıq tanrını
Və oyun bitəcək.
SADƏCƏ SƏN BİLİRSƏN…
Indi yerin boş olsa da
Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam
Və əllərimi gözlərində qızdırıram.
Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur
Yoxsa çoxları qəhvəni şəkərsiz içir.
Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını
qəhvə ilə qarışdırır
mənasını bilmədən
Sadəcə sən bilirsən bütün mənaları
Və bir an öncə tərk etdin kafeni.
Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,
hadisə yerindən uzaqlaşmaq üçündür.
Sadəcə sən bilirsən caddələr gəlmək deyil,
tərk etmək üçündür.
Sadəcə mən bilirəm
Daha Sezen get mahnısını mələməyəcək
Get
Deyəcək
Get…
Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb
Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq
Və görüşə uzanacaq əlin.
İndi yerin boş olsa da
Gözlərinin rəngi üstümə dağılmış
Və kapşenimin cibini axtarır polislər.
Sadəcə sən bilirsən mən özümü öldürməmişəm
Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.
EVƏ QAYIDIRDIM…
Günəş saçmalamağa başladı
Durub özümü oyaqlığa vurdum
Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım
Nəbzini yoxladım
Hələ də yanıb-sönürdü trafik ışıqları
Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus
Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus
Öz yarasını yalayan pişik kimi idi şəhər
Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:
“Dinozavrların öldüyü çağda
Peyğəmbər yoldaykən
Mən sənin şairin idim.”
Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca
şeirə dolmuşdu
Bəraheni
Neft dəkəllərinin dalından
dinozavrların ölüm mədlulunu çıxarmışdı.
Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur
Özgürlüyə çıxır kələmələr.
Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər
Ağrılarını öpüşlə yazırlar.
Amma Təbriz öz quyruğunu çalan ilan kimidir
Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım
Mən “Düşmənsiz bir savaşçı
Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”
Özümü uzaltdım bulvara
Nəbzimi yoxladı narkoman bir kişi;
Quş dedi quşsan rahatlayacaqsan
Barmağımı saldım boğazıma
Bir quş çıxartdım
Uç dedim, uçsan rahatlayacaqsan
Baxıb gülürdü şəhər
Durub özümü ağıllılığa vurdum
Pambıq dəliliyim əynimdəykən
Evə qayıdırdım…
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
ÖTƏN İL BU GÜN: Rəssam Demyen Hirst 4000-dən çox əsərini yandırdı
Ötən ilin bugünkü 13 oktyabr tarixində “Ədəbiyyat və incəsənət” portal Britaniyalı rəssam Demyen Hirst barədə məlumat paylaşmışdı. O, Bulqakovun “əlyazmalar yanmır” formulasının əksini sübut edərək 4000-dən çox işini yandıraraq özünün “Valyuta” adlandırdığı performansını nümayiş etdirmişdir.
Rəssam bu işləri rəqəmsal NFT identifikator şəklində satdıqdan sonra yandırmışdır. O demişdir: “Mən bilirəm ki, əsərləri yandırmaq olmaz. Amma bu, mənim başladığım işin tərkib hissəsi olduğundan buna məcburam”
Haqqında söhbət gedən "ləkəli rəsmlər" alıcıların seçim etməsi şərti ilə satılırdı: kağız versiyanı saxlamaq və ya NFT-ni qorumaqla kağız versiyaları yandırmağa imkan vermək.
"Valyuta" layihəsi çərçivəsində işlərin dəyəri 2000 avrodan başlayırdı, baxmayaraq ki, adətən Hirstin əsərləri daha bahalıdır, bəzilərinin qiyməti hətta milyonlarla məbləğlə hesablanır.
Alıcıların yarıdan çoxunun qərarı özlərinə fiziki – yəni real şəkilləri götürmək oldu.
Əsərlər Londonda, Nyuport Street qalereyasında nümayiş etdirilirdi və onlardan 4,851-i oktyabr 12-də Frieze Londondakı retrospektivləri zamanı yandırıldı.
Sənətşünas Kerolayn Qoldşteynin qeyd etdiyi kimi,"Valyuta" rəqəmsal incəsənətin yeni dünyası ilə köhnə, ənənəvi Hirst təcrübəsi arasında sərhəd yaradıb və art-bazara nəyin daha qiymətli olduğunu həll etməyi təklif edib.
Müasir incəsənət bazarında incəsənət aktiv kimi satılır və maliyyə aləti kimi nəzərdən keçirilir. NFT - ticarət mövzusu ola biləcək yeni bir aktiv növüdür. Onların yaradılması prosesinə xas olan enerji onları ətraf mühitə zərərli təsirlərinə görə bədnam etmişdir.
İnstagramda Hirst postuna işlərin yandırılması ilə bağlı bir çox şərhlər tənqid kimi səslənir: "Nəticədə, bütün məsələ puldadır", - istifadəçilərdən biri yazır. "Kolleksiyadan qalan karbon qazı izini maksimum dərəcədə artırmaq üçün maraqlı bir strategiyadır", - başqa bir istifadəçi yazır.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
38-Cİ DƏRC
-“Bu cinayəti həyata keçirmək məqsədi ilə tarixdə "Evelina münaqişəsi” adını almış münaqişə törədildi. Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, “vəhşi diviziya” adlanan müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Lənkərandan Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi. Amma bu, müsəlman əhalisi üçün əsl qüruratoxunma aktı idi, onlar məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi”.
Prosesin bu yerində Baş Hakim xahiş etdi ki, hadisələrin şahidi olan ingilis tarixçisinin xatirələrini oxumaq yerinə düşərdi, mümkünsə oxusunlar.
Baş Hakim “ingilis tarixçisi” deyərkən Britaniya tədqiqatçı Piter Xopkirki nəzərdə tuturdu.
Ekspertlərin həmin xatirələri tapıb oxumaları an çəkdi:
-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk yazırdı: “Martın 30-da Bakı limanına müsəlman Vəhşi diviziyasının hərbçiləri gəldilər, onlar bolşeviklər tərəfindən tərksilah edildilər. Bu, müsəlman əhali arasında kəskin narazılıq yaratdı, silahlı müsəlmanlar məsələyə qarışdılar, onlar bolşeviklərin “silahı təhvil vermək” barədə ultimatumuna rədd cavabı verdilər, martın 30-da Bakı limanında toqquşma başladı.
Həmin gün bolşevik Nərimanovun mənzilində Bakı Sovetinin sədri, erməni Şaumyanla Azərbaycanın Müsavat partiyasının lideri Rəsulzadə arasında danışıqlar oldu, danışıqlar nəticəsində tərksilah edilən müsəlman dənizçilərinin silahlarının qaytarılması razılığı əldə olundu, amma bu arada Qızıl Ordunun süvari dəstəsinin Şamaxı küçəsində təxribat nəticəsində gülləbaran edilməsi barədə xəbər gəldi. Bolşeviklərin lideri dərhal insidentə görə azərbaycanlıları günahlandırdı, halbuki insidentin səbəbkarları əsla müəyyənləşdirilməmişdi, beləcə danışıqlar kəsildi, hərbi əməliyyat başladı. Sonradan Şaumyan etiraf edəcəkdi ki, “Bu göydəndüşmə insident xəbəri Müsavat başda olmaqla müxalifəti məhv etməyə əsl bəhanə oldu. Bütün cəbhə boyu hücuma keçdik. Tiflisdən – Sarıqamışdan “Qafqaz Ordusu” hərbi-inqilabi komitə köməyimizə yetdi, silahlılarımızın sayı 6 min nəfərə çatdı. Daşnaksütunda da bizim tərəfimizdə olan 3-4 min milli silahlı var idi. Düzdür, ikincilərin müdaxiləsi konfliktə vətəndaş müharibəsi xarakteri gətirdi, milli zəmində qətliama səbəb oldu, amma bunsuz keçinmək mümkün deyildi. Kasıb müsəlmanlar çox ciddi zərbə aldılar, amma indi artıq onlar bolşeviklərin ətrafında birləşməyə başlayıblar.”
Ekspert davam etdi:
-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk daha sonra yazırdı: “Bakı Soveti ilə daşnak silahlıları birgə müsəlman məhəllələrinə hücuma keçdilər. Bu məhəllələrin bombalanması üçün aeroplanlardan istifadə olunurdu, Xəzər donanmasının iki gəmisi isə sahildən bu məhəllələri atəşə tuturdu. Ələ keçirilən müsəlman məhəllələrində talan və zorakılıq baş alıb gedirdi, dinc müsəlman sakinlər, o cümlədən qadınlar və uşaqlar öldürülürdü. Bu işləri ermənilər edirdi. Zəif silahlanmış müsəlman dəstələri onlara heç bir müqavimət göstərə bilmirdi, barışıq xahiş edirdi. Hadisələrlə bağlı sonradan İranın poçt markası çıxmışdı, orada Bakıdakı İran konsulunun gəlib öldürülmüş müsəlmanların cəsədinə necə baxması təsvir olunmuşdu.
Bakı Sovetinin yaratdığı İnqilabi Müdafiə Komitəsi Müsavata ultimatim yolladı, ultimatum bu bəndlərdən ibarət idi:
1.Bakı Sovetinin hakimiyyətini qeydsiz-şərtsiz qəbul etmək, onun bütün əmrlərini icra etmək;
2.Bakı ərazisindən azərbaycanlıların “vəhşi diviziyası”nın dərhal çıxarılması.
3. Bakı-Tiflis, Bakı-Petrovsk dəmir yolunun açılması.
Martın 31-də Müsavat rəhbərliyi bütün şərtlərlə razılaşdığını bildirdi, ertəsi gün, aprelin 1-də bütün müsəlman evlərindən ağ bayraqlar asıldı.
Amma buna baxmayaraq, daşnaklar talan və qətliamı davam etdirdilər.”
Vaçyants yerindən dilləndi:”Mən öz ermənilərimizə yalvarırdım ki, müsəlman qardaşlarımızı öldürməyin. Qarşılarında diz çökürdüm. Amma onlar mənə məhəl qoymurdular.”
Hamazasp onu qanlı-qanlı süzdü.
Ekspert mətnin davamını gətirdi:
-Piter Xopkir daha sonra yazırdı: “Ermənilər, görəndə ki, qədimi düşmənləri qaçırlar, qisas eşqi ilə onları təqib edirdilər. Bu, bütün müsəlman əhalinin qırılması, qalanların da şəhərdən qaçmasına kimi davam etdi. Şəhər od içində idi, küçələr müsəlman yaralıları və cəsədləri ilə dolmuşdu.”
Rəsmi mənbələrə görə azərbaycanlıların qətliamı 5 aprelə, köhnə təqvimlə 24 marta kimi davam etmişdir. Bakıdakı Britaniya vitse-konsulu mayor Makdonnelin yazdığına görə “şəhərdə dilənçi və səfilləri çıxmaq şərti ilə bircə normal müsəlman qalmamışdı”.
Bu yerdə hadisələrin xronologi ardıcıllıqla davamı oxunmalıydı, amma Vaçyants yenə müdaxilə etdi, özünün suçsuz olmasını sübut etməyə çalışdı, elə öz yanında oturan həmyerlisi Hamazasp tərəfindən də yerində oturduldu. Hamazasp onu qorxaqlıqda və satqınlıqda ittiham etdi, o da sözlərinin davamını gətirməyib bir müddətlik susdu. Amma az sonra çox asta səslə Hamazaspa iradını bildirdi, bu iradı yalnız lap yaxında oturanlar eşidə bilərdilər:
-Siz bütün erməni intelligensiyasını, burjuaziyasını ölümlə təhdid edirdiniz ki, partiyanıza pul köçürək, sizə silah alaq.
Onların mübahisəsi kəskinləşəndə Divanın mühafizəsi işə qarışdı.
Təyin olunan fasilədən sonra hadisələrin xronoloji ardıcıllığı geniş təfərrüatda tam oxundu.
-“1918-ci ilin həmin o məşum 30 mart günündə - saat 16.40 radələrində Bakıdakı erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində - Çirklidərə deyilən yerdə qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu”.
İzləyicilər dəhçət içində dinləyirdilər söylənilənləri.
-“...Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə Təhqiqat Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq erməni ziyalılarının nümayəndələri, o cümlədən Asvatur Vaşyants rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışdır...
Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər”.
Baş Hakim xahiş etdi ki, tarixə “mart qırğını” adı ilə düşmüş qanlı hadisənin yekun nəticələri barədə də məlumat verilsin.
Məlumatı macar ekspert oxudu:
-Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmışdılar, yeri gəlmişkən, hazırda Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi həmin bina əsl memarlıq şedevri sayılır, onu yandıqmağa necə qıymaq olardı, mən anlaya bilmirəm. Ermənilər "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirmişdilər.
Stepan Şaumyan mart hadisələrini Zaqafqaziyadakı sovet hakimiyyətinin triumfu hesab etmişdi:“Döyüş nəticələri bizimçün möhtəşəm oldu. Düşmən tam məhv edildi. Müsəlman millətçi partiyalarına görə Bakıda sovet hakimiyyəti həmişə havadan asılı qalmışdı. Bu bəy-xan partiyaları və ziyalılar qorxaq menşeviklərin sayəsində Yelizavetpolda və Tiflisdə möhkəmləndikləri halda Bakıda da aqressivləşmişdilər, bizim üzərimizə də hücuma keçirdilər. Zaqafqaziyanın taleyi həll olunurdu. Onlar Bakını da tutub Azərbaycanın paytaxtı elan etmək istəyirdilər. Məqsədləri bütün qeyri-müsəlmanları məhv etmək idi.”
Şaumyanın nitqini oxuduqdan sonra prosesdə ekspertliyə 6 ay idi ki, hazırlaşan, yüzlərlə mənbə oxuyan macar ekspert mövzu ilə bağlı öz fikrini də bildirdi:
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)