BİRİ İKİSİNDƏ Günel Natiqin araşdırması ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının Biri ikisində rubrikasında bu dəfə sizlərə Araşdırma təqdim edilir. Günel Natiq yazır. Bu gün arıdan və baldan. Sabahsa qarışqadan və kəpənəkdən yazacaq.

 

 

Günel NATİQ                                                             

 

İKİ SİMVOL – BAL VƏ QARIŞQA

 

Rüzgarlar bal damlatsın!

 

Eldə bir söz var, deyir, arının neştərini gördüm, balından əlimi üzdüm. Amma biz bu sevdadan heç vəchlə əl çəkmək niyyətində deyilik. Necə ki arı gül-çiçəkdən şirə çəkir, biz də şirin sözlərdən, deyimlərdən bal tutacağıq...

Belə bir söz də var, deyir, arı balını yeməz, qarı yağını. Bəs bu eyniləşmələr hardan gəlir? Məsələ burasındadır ki, ağzında balı, quyruğunda zəhəri olan bu təzadlı varlıq insan oğluna tarix boyu yaxın olub. Arı həm insanın həyatını, həm də o biri dünyasını təmsil edib. Bəzi mədəniyyətlərdə bal dünyaya girişin açarıdır, bəzi xalqlar isə hətta ölüləri balla mumyalayırdılar. Babil, Şumer ənənələrində görkəmli insanları balla birgə torpağa tapşırardılar. Qədimlərdə hətta belə bir adət vardı: təzə evlənənlər bir-birlərinin ovcundan bal yeyərək acı söz deməyəcəklərinə and içirdilər.

 

Arılar göz yaşından əmələ gəlib?

 

İlk arının günəş tanrısı Ranın göz yaşlarından yarandığını rəvayət edirlər. Mifologiyada arılar müxtəlif forma və obrazlarda qarşımıza çıxır. Məsələn, yunan mifologiyasında arılar Tanrının elçisidir. Baş tanrı Zevsin bir adı da “Arılar kralı”dır və o, arılarla qidalanır. Roma mifologiyasındakı Mellona isə arılar tanrısıdır. Het mifologiyasında fırtına tanrısının oğlu qeyb olur və onu bir arı qaytarıb geri gətirir.

Əsatirlərdə tanrılara gənclik və həyat eşqi bəxş edən ambroziya bal və çiçək tozunun qarışığından hazırlanıb. Bu məhsul, eyni zamanda, qədim yunan olimpiya oyunçularının enerji qaynağıdır.

 

Bal yeyin, çox yaşayın.

 

Arıçılıqla bağlı ilk ciddi araşdırmalar e. ə. 600-cü illərdə aparılıb. Arıçılığa dair ilk kitabı e. ə 300-cü illərdə Aristotel yazıb. Hippokrat yüksək qızdırmada, iltihablarda bal yeməyi tövsiyə edib. “Bal yeyin, çox yaşayın” – deyilir qədim kitabələrdə.

Belə bir rəvayət var: filosof Demokrit 109 yaşına çatır və ölümün yaxınlaşdığını hiss edir. Bunun üçün də o daha az yeməyə qərar verir. Beləliklə, hər gün bir yemək növündən vaz keçir. Ən son yeməkdən vaz keçəcəyi gün tanrı Demetranın şərəfinə festival təşkil olunur. Müdrik belə bir müqəddəs gündə ölüb tədbirə hüzn qatmaq istəmir, ona görə festival boyunca içində bal olan qabı burnuna yaxınlaşdırıb iyləməklə kifayətlənir. Festival bitəndə qabını əlindən buraxan müdrik elə o andaca ölür.

Binaları əsrlər boyu yaşatmaq və şər qüvvələrdən qorumaq üçün təməl daşlarının üstünə bal tökürdülər. 682-ci ildə Babil yenidən qurularkən təməllərinə bal tökülmüşdü.

Heykəllərin üzərindəki arı motivləri də qədim inanclardan soraq verir. Artemisin heykəlini göz önünə gətirək; aşağı hissəsi arı motivi ilə süslənib.

İslam dinində arılar Tanrının əsgərləridir və onları yuxuda görmək, hətta, “Qurani- Kərim”i oxumağa bərabər tutulur. Xristian inancında isə o, saf və məsum Məryəmin simvoludur. “Tövrat”da balın adı 54 dəfə çəkilir.

Qərb mədəniyyətinin çox bəhrələndiyi qədim hindu dinində də bal müqəddəs sayılır. Tarixdə ən qədim dini mətnlərdən olan “Riqveda”dakı ilahilərdən birində bu alqışlar var:

 

Bütün rüzgarlar bal damlatsın!

Bütün çay və göllər balı yenidən yaratsın!

Bütün dərmanlarımız bala çevrilsin!

Sübh çağı və gecə bal ilə dolsun!

Qaranlığın parçaları bala bulansın!

Şəfa qaynağımız, bu yuxarıdakı göy üzü balla dolsun!

Ağaclarımız baldan olsun!

Günəş baldan olsun!

İnəklərimizdən bal sağılsın!

 

“Balı ye, arısını soruşma”

 

Arıların həyatı dərin fəlsəfədir. Onların öz dəmir qanunları var. Arı ailəsində gözətçi arılar, kəşfiyyatçı arılar, döyüşçü arılar, hava haqqında məlumat verən arılar, süd verən arılar, dişi və erkək arılar, arı şanını dəqiq yığan arılar və ana arı var. Ana arı gün ərzində öz çəkisindən dəfələrlə çox yumurta qoyur. Süd verən arılar yumurtanın üstünə süd tökür və onu mumyalayırlar. Maraqlıdır ki, hansı növ arının doğulacağı yumurtaların arı südü ilə neçə gün bağlı saxlanmasından asılıdır. Əgər yumurtanın üstünə 3 gün arı südü qoyub bağlayırlarsa, 21-ci gün ordan işçi arı çıxır. Yox, əgər 16 gün arı südü ilə bağlı saxlayırlarsa, 21-ci gün yumurtadan ana arı çıxır.

21-ci gün bala arı qapağı ayağı ilə kəsib yumurtadan bayıra çıxır. Bala arı 3 gün istirahət edir, sonra ömrü boyu işləyir. İşçi arıların ömrü 30-40 gündür. Ana arı isə arı südü yediyinə görə 7-8 il yaşayır. Əgər ana arı ölərsə, ailədə qanunsuzluqlar hökm sürər, arılar işləməyə getməz, yığdıqları balı yeyər və bir-birləri ilə müharibə aparar.

 

Balsız şanda arı durmaz

 

Ölüm arılar üçün adi haldı. Çünki gündə minlərlə arı tələf olur. Ölmüş arıları işçi arılar yuvadan bayıra atırlar. Ana arı öləndə isə arılar 3 gün matəm edir.

 

Bal dolması

 

Qədim xalqlarda belə bir yemək növü varmış. Mənbələrin verdiyi bilgilərə görə, bal dolması pendir, ət, sirkə və soğandan hazırlanıb. Balda bişirilmiş əncir yarpaqlarının dadı doyulmaz olub.

Şimali Amerika hinduları də bu əvəzsiz nemətdən ocaqda bişirdikləri xörəklərdə faydalanıblar. Məsələn, onlar balqabağın içini doldurarkən alma şirəsi, meyvə yağlarıyla bərabər, baldan da istifadə ediblər. 

 

Bal kimi şirin poeziya

 

Belə bir atalar sözü də var: Filankəs bal alacağı yeri bilir”. Yəni bilir, kimdən necə faydalanmaq lazımdır. Biz də bal alacağımız yeri bilirik: ozan sözü baldan şirindir.

İnsanlar arasında heç bir ayrı-seçkilik ola bilməz” fikrini şeirinə gətirən Aşıq Veysəl müqayisə üçün baldan faydalanır:

 

Kimi molla, kimi dərviş,

Allah bizə nələr vermiş!..

Kimi arı-çiçək dərmiş,

Sən balsan da, mən cecmiyəm?!

 

Veysəlin başqa bir şeirindən yenə balın ətri gəlir. Varlıqla yoxluğun gizlinlərini çözələyən ustad “Arımıyam, çiçəkmiyəm, balmıyam” deyə özü-özünü soraqlayır.

 

Leylamıyam, Məcnunmuyam, çölmüyəm,

Arımıyam, çiçəkmiyəm, balmıyam?!

Köləmiyəm, bir gözələ qulmuyam?!

Ha axtardım, tapammadım mən məni.

 

Ahıl yaşlarında sazına üz tutan Veysəl onunla dərdləşir: “Mən gedirəm, sən qal dünyada, amma qərib bülbül kimi ahu-zar etmə”. Böyük ozan sazla olan yoldaşlığından danışır: “Dərdimə də, sevincimə də ortaq oldun, ağlatsam ağladın, güldürsəm, güldün”. Və özünü arıya, sazı pətəyə, ərsəyə gələn musiqisini isə bala bənzədir:

 

Sən pətək misallı, Veysəl də arı,

İnləşib bərabər yapardıq balı.

Mən bir insan oğlu, sən tut budağı,

Mən atamı, sən ustanı unutma.

 

Aşıq Ələsgər şeirindən də bal süzülür:

 

Yazın bir ayıdı çox yaxşı çağın,

Kəsilməz çeşməndən gözəl yığnağın,

Axtarma motalın, yağın, qaymağın,

Zənbur çiçəyindən bal alı dağlar!

 

Arı güldən bal alar. Biz də sözdən bal aldıq. Sözünüzdən bal damsın. Balınız olmasa da, baldan şirin sözünüz olsun...

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.