Super User

Super User

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Oktyabr ayının 13-də "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva və bəndəniz İkinci Fəxri Xiyabanda Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə Şəhid olan leytenant Teymur Abbasovun anım günü ilə əlaqədar olaraq məzarını ziyarət etdilər. 

 

Şəhid leytenant Teymur Abbasovun məzarı üstünə "Qazax" Xeyriyyə İctimai Birliyi adından əklil və gül dəstələri qoyuldu. İctimai Birliyin üzvləri Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslıya, ailə üzvlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından başsağlığı çatdırıb bütün Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədilər.

 

Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. Teymur Abbasov əslən Ağstafa rayonunun Yuxarı Göycəli kəndindəndir. 

Azərbaycan Ordusunun leytenantı Teymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Abbasov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində Şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Teymur Abbasov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

Əkbər Qoşalı yazır

 

 42 yaşında ölkəmizin ən ali vəzifəsinə seçilən cənab İlham Əliyev,  ötən 20 il içində xalqımıza qələbələr, zəfərlər, uğurlar yaşatdı. Bizi uğursuzluq zolağından çıxaran lider, əcdadın ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi, üfüq və qanad verdi... 

O, xalqını, xalqı da onu bağrına basdı. – Bunun parlaq ifadəsidir ki, 2020-ci ilin Qalib Azərbaycanına, 2023-cü ilin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanına inanan – bu günləri görən müdrik xalqımız, 2003-cü ildə olduğu kimi, 2008, 2013, 2018-ci illərdə də İlham Əliyevə etimad göstərdi, səs verdi. Xalqın müdrikliyi, Prezidentin xalqcanlılığı və öz sözünün, andının yiyəsi olduğu bu günkü parlaq tarixi faktlar işığında çox möhtəşəm görünür.  
 İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilənədək, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Milli Məclisin üzvü, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, YAP sədrinin birinci müavini,  (sonralar partiyanın sədri), Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Milli Məclisin nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü, Azərbaycan Respublikasının Baş naziri kimi çox fərqli və çox önəmli vəzifələr daşımışdı.
 Çağdaş dünya birliyinin ən təcrübəli liderlərindən olan İlham Əliyevin təltiflərinin yalnız bir qismini xatırlatmaqla, onun beynəlxalq səviyyədəki nüfuzunu aydın görmək mümkündür:  
“Rumıniya Ulduzu” ordeni (11.10.2004), Səudiyyə Ərəbistanının “Kral Əbdüləziz” ordeni (08.03.2005), Polşanın “Xidmətlərə görə” Böyük Xaç ordeni (26.02.2008), Ukraynanın I dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22.05.2008), Latviyanın “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10.08.2009), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24.04.2010), Bolqarıstanın “Stara Planina” ordeni (14.11.2011), Belarusun “Xalqlar dostluğu” ordeni (28.08.2012), “Serbiya Respublikasının lentli Ordeni” (22.02.2013), Türkiyənin “Dövlət nişanı” ordeni (12.11.2013), Ukraynanın “Azadlıq” ordeni (18.11.2013), Qazaxıstanın “Altın Kıran” (“Qızıl qartal; 24.08.2022) ali ordeni, Türk Dünyasının Ali Ordeni (12.11.2021) və b...
 Prezidentin Fəxri elmi adlarını yada salaq:
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (07.02.2004), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru (01.03.2004), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25.03.2004), Bilkənd Universitetinin fəxri doktoru (14.04.2004), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12.10.2004), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23.09.2005), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24.04.2007), İordaniya Universitetinin fəxri doktoru (29.07.2007), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18.02.2008), Moskva Dövlət Universitetinin fəxri professoru (21.02.2008), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22.05.2008), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28.11.2008), Belarus Dövlət Universitetinin fəxri professoru (12.11.2009), Çinin Renmin Universitetinin Tarix üzrə fəxri professoru (11.12.2015) və b...
 Əlbəttə, beynəlxalq nüfuz ölkə içində qazanılmış nüfuzun inkası, davamıdır.  
İlham Əliyevin prezidentliyi dönəmində çəkilən yollar, qazılan tunellər, salınan körpülər... Azərbaycandan keçən yaxud Azərbaycandan başlayan böyük nəqliyyat xətləri, bir sözlə, infrastruktur layihələri qeyri-adi dərəcədə həyati və fövqəladə dərəcədə önəmli olub, ölkəmizə üstünlüklər gətirdi (gətirir). Bəli, dövlət başçısının sarsılmaz siyasi iradəsi, qəbul edilmiş proqramlar, alternativlərin ən yaxşısı olan yol xəritələri nəhayətdə öz bəhrəsini verdi – bizi böyük Zəfərə götürdü... (44 günlük müharibəyədək 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində yeni işğallara meyllənən, işğal faktlarını əbədi edəcəyinə inanan düşmənə dərslər verilmişdi).
 Ötən illər ərzində Azərbaycan Prezidenti xarici münasibətlərdə dövlətimizi ləyaqətlə təmsil etdi. İlham Əliyev hər xarici səfərində, hər beynəlxalq platformada xalqımıza qürur yaşatdı, bu gün də qürur yaşadır, gələcəkdə də qürurumuz olacaq.
O, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, eləcə də, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ləyaqətlə əməl edilməsinin təminatçısı olduğunu əməldə parlaq şəkildə sübut etdi.
Prezident Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin qüdrət qazanması, istənilən tapşırığı qüsursuz yerinə yetirməsi üçün var gücü ilə çalışdı, çalışır və bu yolda yürüyənlərə örnəkdir.
 Ötən illərdə dövlət büdcəsində hərbi xərclərin çəkisi xüsusi şəkildə artırılaraq elə səviyyəyə çatdırıldı ki, işğalçı dövlətin ümumi büdcəsi ilə müqayisə olundu. Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edən Prezident, dövlətin həmçinin çox vacib sosial-iqtisadi proqramlarını təsdiq etdi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yeni çağırışlara uyğun dizayn etdi.
 Heç təsadüfi deyil ki, 44 günlük müharibədən sonra da Orduya ayrılan vəsaitlər azaldılmadı – daha da artırıldı və bu qərarın nə dərəcədə effektiv (həyati!) olduğu göz qabağındadır: ərazi bütövlüyümüz və Qarabağda dövlət suverenliyimiz tam bərpa olundu!
200 illik bəlli gedişatı 20 ilə durdura bilən dövlət başçısının adı könlümüzdə, qələmimizdə, kitabımızdadır!
 BAYRAĞIMIZ UCA OLSUN,
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

“Ədəbiyyat və incəsənət”
(13.10.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sabah - oktyabrın 14-də Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, “İstiqlal” ordenli Məmməd Arazın anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə müəyyən tədbirlər olacaq, böyük şair yad ediləcək. 

 

Ölkə ədəbiyyatının daim nəbzini tutan Cəfər Cabbarı adına Respublika Gənclər Kitabxanası da bu yubileyə əliboş gəlməyib,  “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası hazırlanıb.

Biz Məmməd Araz poeziyası deyəndə onun əzəmətini əks etdirmək üçün bircə şeiri nümunə gətirsək kifayət edər: Şairin 1970-ci ildə yazdığı bax bu şeiri:

 

VƏTƏN  MƏNƏ  OĞUL  DESƏ...

 

Buyruqlara sığışmayan inaddım,

Çox qanadlar yorub salan qanaddım.

Ulduzlara barmaq silkib, daş atdım;

Nizamlara baş əyməzdi nizamım.

 

Qayaları haçalardı qüdrətim,

Buludları parçalardı qüdrətim

Şimşəkləri qıçalardı qüdrətim,

Yorulanda nur mizrablı ozanım.

 

O selablar seləliyim yalanmış,

Ötən günlər çalağanmış, çalanmış.

Bircə kövrək xatirələr qalanmış,

Onu da ki, ha çevirim, ha sanım...

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim --

Xəzanımdır, xəzanımdır, xəzanım.

 

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdi yazanım...

 

Kitabxanadan aldığımız məlumata görə, elektron məlumat bazasında görkəmli şairin Vətənə, xalqa sevgi, azadlıq, mübarizə motivlərinə köklənən zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. 

Elektron məlumat bazasında milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq adını ədəbiyyat tariximizə yazan Məmməd Araz haqqında görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, xarici dillərdə çap edilən əsərləri, məqalələri, onun haqqında qələmə alınan dissertasiyalar və avtoreferatlar təqdim edilir. “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazasında görkəmli Xalq şairinə həsr edilmiş “Milli oyanışın və istiqlalın poetik manifesti” məqaləsinin tam mətni, “Rəsmi sənədlər”, “İzomateriallar”, “Vəsiyyət”, “Xatirəsinin əbədiləşməsi” kimi bölmələr yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası da təqdim edilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin 90 illik yubileyi münasibətilə “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/ yerləşdirilib.

Təbii ki, kitabxananın gördüyü iş böyük şairin adına layiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 16:30

Kitab müzakirəsi

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

+ Qalxın,  müəllim gəlir.
- Əyləşin, əyləşin. Deməli belə, sabah kitab müzakirəsi olacaq. Sizin qrup da orada iştirak etməlidir. Heç bir bəhanə də istəmirəm. Bax  gəlməyənə qayıb yazılacaq. İmtahandan kəsiləcək. Öncədən deyim ki, biləsiniz, xəbəriniz olsun. 
+ Müəllim, bilmirik axı hansı kitabın müzakirəsi gedəcək. Tam olaraq mövzu nədir, necədir. Həm uşaqların bir neçəsinin başqa bir işi var, həm də bu tip işlər öncədən deyilməli, hazırlıq işləri aparılmalı və könüllülük prinsipinə əsaslanaraq təbliğ edilməlidir. Daha belə yox ki...
- Mən dedim, vəssalam. Hörmətsizlik etməyin. Sabah sizin qrup saat 11-də 201-ci otaqda olmalıdır.
+ Qalxın.
- Əyləşin.
                          **
+ Bugünkü müzakirə kitabımız C.Məmmədquluzadənin  "Anamın kitabı" əsəridir. Bilirəm ki, hamımız bura səmimi qəlbdən, könülü şəndən yığılmışıq və çox maraqlı bir müzakirə alınacağına da heç bir şübhəm yoxdur. 
- Əlbəttə, əlbəttə. Bizim tələbələrimiz çox aktiv tələbələrdir. Mən onlara dünən müzakirə barəsində məlumat verəndə çox sevindilər, səbirsizlənirdilər, hətta içlərindən işlərini təxirə salanlar belə var idi. İndi siz özünüz bir təsəvvür edin, onlarda olan oxu, mütaliə həvəsini, eşqini...

Pıçıltı: Yalansa...

“Ədəbiyyat və incəsənət”
(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 13:15

Bu filmi qaçırmaq olmaz!

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Birinci Qarabağ müharibəsi zaman keçdikcə bir əfsanəyə dönür, səlnamələrdə, filmlərdə, romanlarda tarixə qovuşur. 

Müharibənin diqqətçəkən daha bir epizodu lentə köçürülüb, özü də əcnəbilər tərəfindən. Elə əsas çəkici olan da məhz budur. 

1992-ci ildə Qarabağ uğrunda gedən şiddətli döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülən

azərbaycanlı hərbçi Natiq Qasimov haqqında film çəkilib. “Oğul” adlanır film. 

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq

səhifəsindən bəhs edən bu sənədli filmin rejissoru ve ssenari müəllifi Karan Sinqh İngiltərədə yaşayan hindus mənşəli tanınmış  kino xadimidir. O, bu filmi italiyalı hərbi

fotoreportyor Enriko Sarsininin dərc olunmamiş fotoları əsasında ekranlaşdırıb.

Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan və üç il ərzində ərsəyə getirilən filmi nəhayət ki, azərbaycanlı kinosevərlər də görə biləcəklər. 

18 oktyabrda Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə , "LIBRAFF" kitab mağazalar şəbəkəsinin və "TEAS Press" Nəşriyyat  evinin təşkilati dəstəyi

ilə “Oğul" sənədli filminin nümayişi keçiriləcək.

Hər birinizə xoş tamaşalar.

Əsas odur ki, Natiq Qasımov kimi oğulların hamısının qisası alınıb və Qarabağ daha azaddır.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

 

AzərTAC xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

Oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda, xalqlarımızı dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

 

Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

 

Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti oktyabrın 13-14-də “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

 

Təbii ki, uşaqların, məktəblilərin maraq göstərdiyi əyləncəli, gəzməli yerlərdən biri də zooparkdır. Böyüklərdən fərqli olaraq, uşaqlar təbiət aləminin canlılarını yaxından görməyə, heyvanların həyat tərzi, davranış və hərəkətlərini müşahidə etməyə böyük həvəs göstərirlər. Amma bu o demək deyil ki, zoopark böyüklərin marağında deyil. 

 

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə mövzu olaraq Bakı zooparkını seçib. Axı bu sahə də özlüyündə mədəniyyətin bir qolunu ehtiva edir. 

Bu gün Bakı Zooloji Parkında vəziyyət necədir, burada ziyarətçilərin diqqətini çəkən, maraqlarına səbəb olan hansı yeniliklər var? Bəs perspektiv planlarda nə var? Gəlin Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayevanı dinləyək. 

 

Havaların soyuması ziyarətçilərin azalmasına təsir etmir ki?

 

-Beynəlxalq təcrübəyə əsasən yeni açılan bütün zooparklarda birinci il böyük axın müşahidə olunur. Elə Bakı Zooloji Parkının açılışından sonra ilk aylar ziyarətçilərin sayı çoxluq təşkil edib. Çünki Bakı Zooloji Parkı 2017-ci ildən 2021-ci ilə qədər təmir-quruculuq işləri ilə əlaqədar bağlı qalıb və açılandan sonra insanların böyük marağına səbəb olub. Hazırda zooparka marağı müəyyən dərəcədə azaldır və bu da ziyarətçilərin ümumi sayına təsir göstərir. Amma buna baxmayaraq, Bakı Zooloji Parkının hər gün ziyarətçiləri olur.

 

Zooparkda neçə növ heyvan var və buraya yeni növ heyvanların gətirilməsi gözlənilirmi?

 

-Heyvanat parkında 125 növ heyvan məskunlaşıb, onlardan 40 növü məməlilər, 33 növü qanadlılar, yerdə qalanı isə balıqlar, suda, quruda yaşayanlar və sürünənlərdir. 

Yenidən qurulmuş heyvanat parkının ən ümdə vəzifəsi “Qırmızı kitab”a daxil olmuş və nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin çoxaldılması və onların öz tarixi areallarına geri qaytarılmasıdır.

Zooparka yeni növ heyvanların gətirilməsi nəzərdə tutulmayıb. Ancaq heyvanların həyatını, vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq, istisna hallarda qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların zooparkın kolleksiyasına əlavə edilməsi mümkündür. 

 

Bakı Zooloji Parkında “Qırmızı kitab”a düşmüş neçə növ heyvan məskunlaşıb?

 

-Heyvanat parkında “Qırmızı kitab”a daxil olan 22 növ heyvan vardır. Onlardan bəbir, qonur ayı, ceyran, qamış pişiyi, nəcib maral, soltantoyuq, qutan, qızıl qaz, ağbaş kərkəs, keçəl qarabaş kərkəs, toğlugötürən, leşcilağqartal, tirəndaz və başqaların adlarını çəkmək olar.

 

Bəs, heyvanlarda nəsil artımı olarsa, onların aqibəti necə olur, təbiətə buraxılır, yoxsa...

 

-Əlbəttə, heyvanat parkının iş prinsipi yalnız ziyarətçiləri qəbul etmək deyil, eyni zamanda, ölkəmizdə nəsli kəsilməkdə olan heyvan növlərinin saxlanılması, çoxaldılması və öz tarixi areallarına geri qaytarılması üzərində qurulub. Reintroduksiya layihəsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar, Acınohur çölünə ceyranlar buraxılmışdır. Yaxın gələcəkdə isə tülkü, canavar və “Qırmızı kitab”a daxil edilmiş tirəndazların təbiətə buraxılacağı planlaşdırılır.

 

Heyvanlar aləmi haqqında biliklərin artırılması istiqamətində hansı işlər görülür? 

 

-Zooloji Parkın məqsədi insanların canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Buna görə də mütəmadi olaraq Bakı Zooloji Parkında uşaqlar və məktəblilər üçün seminar və treninqlər, master-klaslar təşkil olunur, instaqram səhifəmizdə mütəmadi olaraq sorğular keçirilir. Bütün bunlar təbiətə qayğı, sevgi hissinin yaranması və insanların həyatında təbiətin mühüm əhəmiyyət kəsb etdiyini anlatmış olur.

Bakı Zooloji Parkının fəaliyyətini gücləndirmək, bu istiqamətdə xarici mütəxəssislərin təcrübəsindən yararlanmaq, heyvanların həyatını daha da yaxşılaşdırmaq və nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması məqsədilə tədbirlər görülür.

Eyni zamanda, digər şəhərlərin zooparkları ilə əlaqələri genişləndirmək, Bakı Zooloji Parkının vəziyyətini qiymətləndirmək, beynəlxalq standartlara uyğunlaşdırmaqdan ötrü Zooloji Parka xarici ekspert və mütəxəssislər də dəvət olunur.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət Sarayı bu gündən ayın 15-dək növbəti kitab bayramına evsahibliyi edəcək. 

III Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Artıq iki ildir ki, keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanır. Üçüncü sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, tamaşa, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.

 Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, masterklaslar və əyləncəli fəaliyyətlərlə bu sərgi daha rəngarəng olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Bu gün Bakıdakı Rus evində rəssam Mahru Nortonun "Musiqinin rəngləri" adlı fərdi sərgisi açılacaq. Bu barədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti məlumat yayıb. 

 

Sözügedən sərgidə ziyarətçilərə qeyri-adi texnika üzrə hazırlanmış və bənzərsiz incəliklərlə dolu musiqi və mistika seriyasına aid əsərlər təqdim olunacaq.

Mahrunun əsərləri müxtəlif qalereyaların sərgi salonlarını bəzəyir və bütün dünyada şəxsi kolleksiyaların bir hissəsini təşkil edir. Rəssamın musiqiyə olan bənzərsiz sevgisi onun rəsm əsərlərində xüsusilə təcəssüm olunur. O, sözün əsl mənasında, tamaşaçını özünün əsrarəngiz obrazları və rəsmlərindəki həssas fiqurlarla zəngin dünyasına qərq edir.

Sərgi oktyabrın 31-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.