Super User

Super User

Bazar ertəsi, 18 Dekabr 2023 11:00

Sahib Camal poeziyasının ən dərin qatı

Oktay Hacımusalı, yazıçı – jurnalist

“Ədəbiyyat və incəsənət” üçün

 

“Sahib Camal poeziyasının ən dərin qatı" deyibən bir başlıq qoydum yazıya, amma inanın, bu başlıq belə bu yazını kəsmədi. Niyə deyə soruşsanız, Sahib müəllimin şeirlərini bircə dəfə oxusanız, çox deyil, cəmi bircə dəfə, amma başdan sona, mənim dediklərimə sonuna kimi haqq vermiş olacaqsınız, çünkü o şeirlər əslində bir bütündür. Sahib Camal poeziyasını ayrı ayrılıqda oxuyanda insan müəyyən detalları əxz edir, tapır, bir bütöv harmoniya kimi qəbul edə bilmir beynimiz, ancaq gərək bütün şeirləri tam dəqiqliyi, yaddaşına hopa-hopa oxuyasan ki, yazdıqlarının nə mənaya gəldiyini anlamaq mümkün olsun. Dünyaya, insana, Allaha, onun yaratdıqlarına, sevgiyə, dəyərlərə, bəşəri münasibətlərə yanaşanda Sahib müəllim mümkün mərtəbə özünə bəlli olan, özünün vaqif olduğu, digər insanların əksəriyyətinin unutduğu, əsrlərdir nəsildən nəsilə ötürülən dəyərləri poeziyası vasitəsi ilə bizə elə çatdırır ki, insan qətiyyən qəribsəmir, tam tərsi, bu dəyərlərə iliyi, qanı, canı ilə bağlı olduğunu xatırlayır və o dəyərlərin bəzilərini itirdiyi üçün özündən utanır. Çünkü o dəyərlər bizə aid olub, bizə aid olub yox, sonuna kimi bizim dəyərlərimizdir, biz o dəyərləri unuda bilmərik, unutmağa haqqımız yoxdur, unutsaq elə bil, min illik, milyon illik Türk tarixinin şanlı səhifələrini gərək unudaq. Sahib müəllim isə bir müəllim səbri ilə, bizim anlayacağımız və özünün dilinin döndüyü qədər bizə elə gerçəklərdən bəhs edir ki, düşündükcə deyirsən: bəli, məhz bu gerçəkləri məhz bu şəkildə, qoşma kimi, gəraylı kimi insanlara təqdim etmək lazım idi ki, insanlar genetik yaddaşlarında ilişib qalan kodları təkrar-təkrar hiss eləsinlər. Hiss eləsinlər ki, öz keçmişlərindən uzaqlaşmamalıdırlar, dərk etsinlər ki, uzaqlaşdıqca özləri ola bilməzlər. Uzaqlaşdıqca ancaq itirə-itirə gedəcəklər. Dərk etsinlər ki, uzaqlaşdıqca qazandıqları  heç nə olmayacaq, əksinə itirdiklərinin həddi-hesabı olmayacaq.

Sahib Camal poeziyasının ən dərin qatlarına endikcə görürsən ki, ordan sənə bir kimlik boylanır. Sənə aid olan o kimliyi klassik aşıq ədəbiyyatının bütün janrlarının şəhdindən – şəkərindən yoğurub oxucusuna çatdırır, keçmişlə gələcək arasında bir əlaqə, bir bağ yaradır. O bağ, o əlaqə sənə o qədər, o qədər yaxındır ki, o doğmalığın, o şirinliyin içində yox olmaya bilmirsən. Hər misrasında, hər bəndində ayrı bir sirr yatan bu şairin şeirlərini bir kənara qatlayıb qoyub təzədən üstündən bir neçə gün keçəndən sonra təkrar oxumağa başlayanda daha əvvəl hiss etmədiyin əhvali-ruhiyyəyə bürünürsən. Nə əcəb deyirsən öz-özünə, nə əcəb mən bu həqiqətləri gözdən qaçırmışam?! Və təkrar oxumağa başlayanda dərd sözü belə sənin gözünə bir ayrı görünür: 

 

Baxsın yerinə, göyünə,

Görsün, lazımam nəyinə.

Gərək qapqara geyinə,

Bükəndə ağa dərd məni.

 

“Dərd”in dərinliyinə varanda görürsən ki, o dərd şairi “Solda ürəyindən gizli, sağa çəkib”.  Ahından bir bulud düzəldib, yağış kimi yağdırıb onu. Şairi yuxarıda da qeyd etdiyim kimi kəşf etdikcə həm də içindəki təlatümlərdən xəbərdar olursan. Xəbərdar olursan ki, “Ölüm arxasınca düşüb, onu qarabaqara izləyir”, bir yurd yeri var ki, “o yurd yerini gözündən axan yaşın işğal eləyib”. Hər misrasında “GEDƏNLƏRİNİN ALLAHA QOŞULUB GÖYDƏ QALANLARIN” eşqinə sızım-sızım sızıldayan şairin Əhməd Cavadla bağlı yazdığı şeirdə qurd kimi ulamağı istəməyi, insanların sona doğru gəlib unutduqları adam olmağından dərdlənməsi, şikayət etməsi, sözün baş olduğu yerdə özünün yer olmağına görə qürur duyması - bütün bunlar hamısı Sahib Camal yaradıcılığından qızıl xəttlər kimi keçir və anlayırsan ki, Sahib müəllimin narahatlıqları əbəs deyil, amma həm də Bozqurdlar doğulduqca və qoyunluq boğulduqca şair dünyanın düzələcəyinə inam bəsləyir, hətta dar ağacının belə qeydinə qalir və əsl şair kimi bir cavabsız suallara cavab tapmaq istəyi davamlı olaraq onu narahat edir. Amma həmən də adam olan adamın, ya da adamların göy üzündə neçə göy olduğunu seçə biləcəyindən əminliyini ifadə edir:

 

O göy üstdən yerə kürək,

Bu yer altdan ona dirək,

Adam olan adam gərək

Seçə göy var göy üzündə!

 

İnsana olam inamı, güvəni bəzən Sahib müəllimin şeirlərini elə ağuşuna alır ki,  o, insanın kar da, kor da, lal da qalmasına (təbii ki, məcazi mənada) üsyan edir, onun öz orbitindən çıxıb yeni "mənlər" yaratmasını istəyir, amma bunu edərkən də dünyanı xilas edəcək sözdən, şeirdən, poeziyadan, ümumən insanlıqdan, bəşəri duyğulardan uzaqlaşmamağı, ona bərk-bərk sarılmağı istəyir insanoğlundan və:

 

Çatdır dilimdən Tanrıya,

Yol var ölümdən Tanrıya,

Tutub əlimdən Tanrıya,

Aparar bir cığır məni! 

 

-deyən Sahib Camal yaradıcılığında “vaxt”, “zaman” qavramları da bir ayrıdır. “Özünün gerisində dayanmağı bacaran” şairin ömrü kirələməsi, 

dünyadan getməyə hazırlaşırdım,

Qoymadılar gedəm, yerimdə durdum 

-deyə olayları öz şeir misqalı ilə ölçüb biçməsi əslində bizi ilk başda təəccübləndirir. Ancaq sonra xatırlayırıq ki, “Sahib Camal poeziyasının ən dərin qatı” – deyəndə “ən”in “ən”i olduğunu başda oxuculara demişdik. Xırda bir səyahət edib Sahib Camal yaradıcılığına gerisinə oxucuların qərar verməsini istərdik. Görək, onlar nə deyirlər: Sahib Camal yaradıcılığının daha dərin qatı hardadır?! 

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Universal sənətçi olmaq çox gözəldir. Adətən, belə sənətçilər diqqəti tez cəlb edir, sevilirlər. Mehriban Zəki də həmçinin.

1990-ci ildən 2005-ci ilədək “YUĞ” Dövlət Teatrında, 2006-2007- ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər “İBRUS” Teatrında calışan, teatr səhnəsində “Heydərbabaya salam”, “Şirəbənzər”, “Buninin sonuncu döyüşü”, “Müsyo İbrahim və Quran çiçəkləri” kimi tamaşalarda,  “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi”, “Qaranlıqlar çiçəyi”, “Əli və Nino” kimi bir çox bədii və sənədli filmlərdə, seriallarda çəkilən, özəl səs tembrinə və ifa tərzinə malik olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqud” eposu, Füzuli, Yunus Emrə və bir çox müasir şairlərin şeirlərinə bəstə qoşaraq ifa da edir. O, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən YUNESKO-nun “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirində iştirak edib, 2013-cü ildə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konsert proqramında Məhsətinin obrazını canlandıraraq şeirlərini sazla, sözlə ifa eləyib.

Mehriban Zəki 1993-cü ildə Aşqabadda keçirilən “Novruz 93” Teatr Festivalında “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında “Ən yaxşı dastançı”, 2005-ci ildə “Şərq-Qərb” Kinofestivalında “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı qadın obrazı” nominasiyası üzrə mükafatları alıb. İstedadlı aktrisa 1998-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2003-cü ildə Prezident mükafatı alıb.

Səmimi qəlbdən təbrik edirik Mehriban xanımı!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

 

Bazar ertəsi, 18 Dekabr 2023 10:30

Mühacir günü, Spilberq, Stradivari

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

18 dekabr.

Beynəlxalq mühacir günü

İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.

Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.

 

Beynəlxalq ərəb dili günü

BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Yazıçı Varis bir əhvalat danışıb. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə gedibmiş, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözü mollanın “şparqalkasına” sataşıb, görüb ki, orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca mollanın qoluna toxunub qulağına pıçıldayıb ki, əlindəki vərəqdə şeir yazılıb. Molla da yalvar-yaxar eləyib ki, bəs qadan alım, çörəyimə bais olma.

 

Qətərin milli günü

Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.

Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.

 

Spilberqdən Stalinə qədər

Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.

Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.

18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.

 

“Ədəbiyyat vəincəsənət”

(18.12.2023)

 

Bazar ertəsi, 18 Dekabr 2023 10:15

Ağsuda kitab təqdimatı

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Dekabrın 15-də Ağsu rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirildi. Biz də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıdan tədbir barədə aşağıdakı bilgiləri aldıq. 

 

-Təqdimat mərasimində Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin üzvləri olaraq bizlər, rayonun mədəniyyət, incəsənət, media və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Tədbirdə çıxış edənlər bildirdilər ki, “Vətən oğulsuz olmasın” kitabında Ümummilli Lider Heydər Əliyevin xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı onların çıxışları, Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirləri toplanıb. Həmçinin qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılğında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və bu sahəyə daim sevgi ilə yanaşıb. Eyni dövrdə yaşayıb, yaratmış xalq şairi Mirvarid Dilbazinin yaradacılığında Ümummilli Lider Heydər Əliyev dühası xüsusi yer tutur.

Çıxışçılar Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində misilsiz fəaliyyətlərindən, eləcə də elm və mədəniyyətimizin inkişafına göstərdikləri diqqət və qayğıdan da bəhs etdilər. 

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın gözəlliklərini klassik poeziyamızdan, folklorumuzdan bəhrələnərək ən gözəl tərzdə tərənnüm edən, ortaya qoyan şairlərimizdən biridir Osman Sarıvəlli. Biz hər ilin soyuq 17 dekabr günündə qəlbi alovlu şairimizi yad edirik. 

 

Bəli, ötən gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 118 il ötdü. 

Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. Və Moskva həyatı onun gələcəyini müəyyənləşdirib. Belə ki, Moskvada təhsil aldığı müddətdə Osman Sarıvəlli bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olub. 

Sonralar şairin özü yazırdı: “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.

O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Nəzərə alın ki, söhbət qanlı-qadalı 1937-ci ildən gedir. O dövrdə sağ-salamat qalmağın özü bir möcüzə idi. Xüsusən yazıb yaradanlar üçün. Xəlqiliyi qoruyub saxlayanlar üçün. 

Onun şair taleyi heç də asan olmayıb, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.

Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələri - Osman Sarıvəllinin əmək kitabçasına yazılan iş yerləridir. 

Şairin 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurub. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.

Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.

Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olub, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. 

 

Osman Sarıvəlli barədə Xalq şairi Mirvarid Dilbazi bilirsinizmi nə deyib? Deyib ki, o, çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır.

Məncə, elə bu bir kəlmə ilə böyük şairin bütün həyat və yaradıcılığını səciyyələndirə bilərik. 

Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub. Müstəqilliyi görə bilməmək olub onun qisməti. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Turizm bir ölkəyə səfər edib ora ilə tanışlıqdır. Amma bəzən səfirliklər yerləşdikləri ölkələrə öz mədəniyyətlərini gətirərək nümayiş etdirirlər, bu da bir turizmdir əslində. 

 

Dekabrın 17-də Bakı İdman Sarayında “Yaponiya Mədəniyyət və Budo Festivalı” adlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

Tədbirin təşkilatçıları Yaponiyanın ölkəmizdəki səfirliyi, Budo Festival Təşkilat Komitəsi, Cüdo Federasiyası və “Game Summit”, JTI Azərbaycan, ISR AUTO, AQUAVITA, BOUQUET şirkətləri olub.

Beş saatadək davam edən festivalda Yaponiyanı təmsil edən müxtəlif qurumlar, idman federasiyaları, təhsil ocaqları, şirkətlər iştirak edərək, yapon mədəniyyətini və budo döyüş sənətinin nümunələrini təqdim ediblər.

Tədbirdə ənənəvi yapon mədəniyyətinin nümunələri olan çay mərasimi, kalliqrafiya, kimono, ikebana, oriqami ilə yanaşı, müasir mədəniyyət nümunəsi olan kospley nümayişləri də yer alıb. Karate, cüdo, aikido, kendo kimi hər kəsin sevimli yapon döyüş sənətləri üzrə nümayişlər, yapon rəqsləri və mahnıları, kalliqrafiya performansı kimi maraqlı səhnə çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Bu gündən etibarən dekabrın 20-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı 

Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.

Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO yanında Daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala-konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında keçirilmiş konsertdə UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri, diplomatik korpusun üzvləri, yerli ictimaiyyət və türkdilli ölkələrinin diaspor nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un yaradılması tarixindən danışıb və yarandığı gündən etibarən ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini bildiribdir. Səfir TÜRKSOY üzv olan ölkələr tərəfindən Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əlamətdar mədəniyyət tədbirlərinə ev sahibliyi edildiyini vurğulayıb.

 

Tədbirdə UNESCO Baş direktorunun Afrika Prioriteti və Xarici Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah çıxış edərək, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqində UNESCO-TÜRKSOY əlaqələrinin və əməkdaşlığının əhəmiyyətini qeyd edib. O, həmçinin TÜRKSOY-un Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması və təbliği sahəsində gördüyü işlərin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini deyib.

 

TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf təşkilatın Baş katibi Sultan Rayevin adından tədbir iştirakçılarını salamlayaraq, videomesajı təqdim edib.

 

Qala-konsertində qonaqlara Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin milli musiqi və rəqsləri nümayiş etdirilib və zəngin mədəni proqramda Azərbaycan Milli Rəqs Ansamblının müşayiəti ilə həmvətənlərimiz Gülzar Fərəcova, Rəşad İbrahimov və Təbriz Yüsubovun ifasında “Sarı Gəlin” mahnısı, Ruslan Zərbəliyev (tar), Aysu Sadıqova (qanun) və Pərviz Fərhadov (kamança) isə “Çahargah rapsodiyası”nı ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

 

Bu gün saat 12-də ideya müəllifi və bədii rəhbəri respublikanın Əməkdar artisti Ramil Qasımov olan, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı başlayıb. Azərbaycan müğənnilərinin vokal potensialını üzə çıxarmağa imkan verəcək tədbir M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyilə təşkil olunub. 

Dekabrın 20-dək davam edəcək festivalın proqramı bir çox mədəni müəssisələri əhatə edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Ramil Qasımov  Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazova bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.

Ramil Qasımov festivalın təntənəli açılışı ərəfəsində qeyd edib ki, bu il vokal əsərləri arasında xeyli yeniliklər olacaq. Belə ki, ilk dəfə olaraq, Azərbaycan bəstəkarlarının klassik vokal tərzdə yazılmış yeni əsərləri təqdim olunacaq. Bununla bilavasitə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məşğul olur.

“Eyni zamanda, dekabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bülbül vokal məktəbi”nin konserti keçiriləcək. Tədbir Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün xatirəsinə həsr olunacaq. Həmin gecədə Azərbaycan klassik operalarından incilər səsləndiriləcək. Konsert proqramına dünyaşöhrətli tenor Yusif Eyvazov yekun vuracaq. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan, musiqisi Xalq artisti Faiq Sücəddinova, sözləri İlqar Fəhmiyə məxsus əsəri ilk dəfə ifa edəcək”, - deyə Ramil Qasımov qeyd edib.

III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının “musiqi coğrafiyası” olduqca genişdir. Təşkilatçılar vokal sənətinə dəyər verənlərə və bu sənətin həvəskarlarına “Barokko axşamı” da təqdim edəcəklər. Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında keçiriləcək. 170 illik yubileyini qeyd edən “Traviata” (Cuzeppe Verdi) operası Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində təqdim olunacaq. Festival çərçivəsində “Gənclik Mаll”da fləş-mob keçiriləcək. Gəncə və Sumqayıtda da konsertlər təşkil olunacaq. Tanınmış azərbaycanlı bəstəkarların və ifaçıların xatirəsinə həsr olunan gecələr təqdim ediləcək.

Festivalın bədii rəhbəri qeyd edib ki, III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi dekabrın 22-də Heydər Əliyev Mərkəzində olacaq. Həmin gecədə xüsusi dəvət olunmuş qonaqların iştirakı ilə “Viva Puchchini” proqramında Cakomo Puççininin operalarından əsərlər səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Açıqladığımız təqvimdə bu gün dünyaya gələn tanınmışların sırasında bir isim də gördünüz: Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın ismini. Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anadan olmasının 111-ci ildönümü tamam olur.

Xatırlayırıq və anırıq.

 

Uşaq vaxtı hansı qız “Kuklam” mahnısını oxumayıb? Yaxud, hansı musiqisevər “Evimizə gəlin gəlir” mahnısından feyziyab olmayıb? 

Ağabacı Rzayeva 1912-ci ildə dekabrın 15-də Bakıda ziyalı ailəsində anadan olub. Ağabacı Pedaqoji texnikumu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edib. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alıb.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin kompozisiya sinfində təhsil alıb, onun ən sevimli tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyli, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyiblər. Bir il sonra o, Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olub, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini alan ilk qadın-bəstəkardır.

Ağabacı Rzayevanın bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olub. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilib. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət edib. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırıb.

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən “Neftçi Qurban”, ata-anaların gözlərini sevincdən yaşardan “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban Qara”, balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı ona xalqın rəğbətini qazanıb.

Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz-Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələnib (“Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim”). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət edib, məsələn, “Ey pəri” və “Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.

Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.

1975-ci il iyulun 5-də 63 yaşında Bakıda vəfat edən bəstəkar İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.