Super User
“Barmaq izindən tanıyar əllərim yar əllərini” - Elvin İntiqamoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan gənc şair Elvin İntiqamoğlunun yeni şeirlərini təqdim edir.
HALALLIQ
Keçmişimlə hesablaşmaq vaxtıdı -
bu günəcən
heç kimi gözləmədiyim
yad məkanda
gözləmədiyim anda
bir zamanlar
halıma ağlayanları,
gülənləri gözləyirəm...
Açıq qapının ağzında
gedənlərlə halallaşıb
tək-tək yola salıram,
gələnləri gözləyirəm...
Mən burdayam -
cəhənnəmlə cənnətin
kəsişdiyi nöqtədə
sağ-salamat qalanları,
ölənləri gözləyirəm...
HAÇANSA...
Sağlam ol deyə-deyə
yaşatdın mənə həsrətin
tək səbirli illərini
Haçansa...
Uzaq qohumlar qədər
yaxın etmişdim sənə mən
qonşu bağın güllərini
Haçansa...
Bir toxunuş da bəsdi -
barmaq izindən tanıyar
əllərim yar əllərini
Haçansa...
Sən də xoşbəxt olarsan -
göyün mübarək əlləri
sığallayar tellərini
Haçansa...
QİYAMƏTDƏN ƏLAMƏT
Daş yağacaq başımıza:
Dünyanın yığdığı daşlar
ətəyindən düşəcək -
Gözündən düşməyənlər
ürəyindən düşəcək...
Od yağacaq başımıza:
Günahlar dönəcək külə,
yer yanacaq həmin gün -
Şeytan qır qazanından
bir qab alov çəkəcək
acından ölənlər üçün...
Qan yağacaq başımıza:
Şəhidlərlə mələklər
gözləri yaşlı-yaşlı
yaxamızdan tutacaq -
Şəhidlər qərənfilləri
əməl dəftərimizin
başdaşına atacaq...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Çarpayı”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Çarpayı” şeirinin növbəsidir.
Siz heç çarpayının edam kötüyü olduğunun fərqinə varmışdınızmı?
Bu ipək örtük altda
zolaqlı döşəyin
qırçın ləpələri var,
Neçə qadın kürəyinin
neçə qız ürəyinin
ləpirləri var...
Bu çarpayı hop-hop kimi
oxuya bilir,
Bu çarpayı
taksi sayğacıtək
saya bilir,
Qadınların ağırlığından
onların firavanlığını
duya bilir.
Bu çarpayı
qoşa ovuca bənzər,
dilənçi ovcuna,
Qadınlar pul kimi
atılırlar bura;
Çırpınırlar balıq kimi
polad torlarını qıra-qıra...
Balışın içindən
qarət olmuş toyuqların
libası hönkürür.
Çarpayıdan döşəməyə
ipək libas tökülür.
Divardan Cakonda gülümsünür
Çılpaq Afroditaların
yalançı hay-küyünə,
Bu çarpayı ağrı çəkir
deyinə-deyinə...
Cakonda qadına baxır,
Elə bil qəhqəhəylə güləcək;
Bu qadın hər şeydən xəbərsizdir,
İndi...
hər şeyi biləcək...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Novruz Aslan: “Bütün ömür, әslindә, özünüdәrk yoludur”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib bəstəkar Novruz Aslandır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.
“MAHNILARIMI İLHAM ANLARINDA BƏSTƏLƏYİRƏM”
Novruz Aslanov 1963-cü ildə Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. “Azərağackağız” Səhmdar Cəmiyyətinin prezidentidir. Biznes və sahibkarlıq məsələlərinə həsr olunmuş “Varlı olmaq istəyirsənsə”, cəmiyyət və mənəviyyat problemlərinə aid “Xeyir və şər” kitablarının müəllifidir. O, atası, mərhum şair və yazıçı Davud Aslanın yaradıcılığının naşiri və davamçısıdır. Novruz müəllimin çoxcəhətli fəaliyyətinin mühüm bir qolunu da bəstəkarlıq təşkil edir.
-Novruz müәllim, bәstәkarlıq fәaliyyәtinizә nә vaxtdan başlamısınız?
-Musiqini uşaqlıqdan çox sevirәm. Musiqi mәktәbinin qarmon şöbәsini bitirmişәm. İlk maһnımı bәstәlәyәndә 12, ilk maһnımı üzә çıxaranda isə 35 yaşım var idi. Yәqin sizә dә mәlumdur ki, әn gozәl maһnıların müәllifi olan Әlәkbər Tağıyev dә bir bәstəkar kimi 33 yaşdan sonra məşhurlaşmışdı.
-Deyilәnlәrә görә, Әlәkbәr Tağıyevi o vaxt Azәrbaycan Bәstәkarlar İttifaqının sәdri olan Qara Qarayev İttifaqa üzv qəbul etmirmiş ki, sәnin professional musiqi tәһsilin yoxdur.
-Belә bir mәşһur söz var ki, әn yaxşı һakim zamandır. Fakt budur ki, onun ölümündәn keçәn bu 20 ildә maһnıları daһa geniş yayılıb. Qara Qarayevin onun yaradıçılığını “qara tәbәqәnin” zövqünü oxşayan musiqi parçaları һesab etmәsinә gəlincә isә, görünür, sәһv etmәyәn yalnız Allaһdır, һәtta daһilәr dә sәһv edә bilәrlәr.
-Ümumiyyәtlә, bәstәkarların һәvәskar vә professional kateqoriyalar üzrə bölünmәsinә münasibәtiniz necәdir?
-Bu bölgüyә mәnim һeç bir etirazım yoxdur. Mәnim fikrimcә, bәstәkarlar üç qrupa bölünürlәr: һәvәskar bәstәkarlar, bәstәkarlar vә professional bәstәkarlar. Hәvәskar bәstәkarı professionaldan fәrqlәndirәn odur ki, һәvәskarın çörәyi musiqi bәstәlәmәkdәn çıxmır. Mәsәlәn, mәn özümü һәvәskar bәstәkar һesab edirәm, yəni ruһ yüksәkliyi duyanda, ilһam gәlәndә musiqi bәstәlәmәklә mәşğul oluram. Mәn öz maһnılarımı professional bәstәkarlardan fərqli olaraq müğənnilərə satmıram. Musiqi mәnim hobbimdir.
-Professional bәstәkar, sizcә, һansı xüsusiyyәtlәri ilә seçilir?
-Professional bәstәkar professional musiqi tәһsili alır, musiqinin һәm nәzәriyyəsi, һәm dә praktikası ilә mәşğul olur, gənc musiqiçilәr nәslini yetişdirir. Әn çox tәәssüf doğuran odur ki, bәzәn Xanım İsmayılqızı, Әntiqә Әlәkbәrova, Cabbar Musayev kimi bәstәkarları da sәһvәn “һәvәskar" adlandırırlar. Nazpәri Dostәliyevanın böyük mәһarәtlә ifa etdiyi “Nә olar, Allaһım, ayırma bizi" maһnısını Cabbar Musayev bәstəlәyib. Bәyәm belә bir maһnının müәllifini bәstәkar һesab etmәmәk olarmı? Bәzәn Rauf Mәmmәdovu һәvәskar bәstәkar adlandırırlar. Halbuki, onun maһnılarını Zeynәb xanım Türkiyәdә, Әrәbistanda oxuyub. Bizim xalq maһnılarımızı, tәsniflәrimizi, muğamlarımızı yaradanlar sözün müasir mәnasında һeç bir professional musiqi tәһsili almamışdılar. İndi onları “һәvəskar" adlandırmalıyıqmı? Hәr bir yeni yaranan musiqi әsəri bizim milli sәrvәtimizdir. Odur ki, hər yeni maһnının yaranmasına ancaq sevinmək olar.
-Maһnı necә yaranır?
-Mәn ancaq ilһam anlarında musiqi bәstәlәyirәm. Çox sevdiyim on yaşlı qardaşım oğlu dünyasını dәyişib, mәn onun xatirәsinә göz yaşları içindә maһnı һәsr etmişәm. Qızıma olan sevgim “Leyli“ maһnısında ifadә olunub. Heç vaxt sifarişlә musiqi bәstәlәmәmişәm. Mәn bununla, әlbәttә, yubileylәr, rәsmi tәntәnәlәr üçün sifarişlә yazılan musiqinin әһәmiyyәtini inkar etmirәm. Sadәcә olaraq, bu, mәnim yaradıcılıq tәbiәtimә uyğun deјil.
-Son vaxtlar televiziyada һәvәskar bәstәkar vә müğәnnilәrә qarşı 70-80-ci illәrdәki mәһdudiyyәtlәr lәğv olunub.
-Bunun әsas sәbәbkarı Nizami Xudiyevdir. O, ümumiyyәtlә, sәnәti başa düşәn alicәnab bir insandır. O, telestudiyanı sözün һәqiqi mәnasında bir cənnət bağçasına döndәrib, özü dә lap axırda öz kabinetini düzәltmәk şәrtilә. Amma tәәssüf ki, Nizami müәllimin bu xidmәti qarşılığında bәzilәri onu ironiјa ilә “bağban" adlandırırlar. Bәyәm, telestudiyanın tәmirinә sәrf olunan pul kiminsә cibinә dolsaydı, yaxşı olardı? Görürsәn deyәnlәr tapılır ki, niyә Heydәr Әliyevin adına çoxlu parklar salınıb? Parkı saldıran kimdirsә, onun da adını daşımalıdır. Burada qәribә nә var ki? Bir dә sevinmәkdәn ki, şәһәrdә yaşıllıq artır, başlayırlar dedi-qodu ilә mәşğul olmağa. Mәsәlәnin maһiyyәti qalır bir tәrәfdә, onun adını söz-söһbәt movzusuna çevirirlәr. Bizim Prezidentimiz әlindә Qarabağın xәritәsi bütün dünyanı gəzir. Bunları qiymətləndirməmək naşılıqdır.
-Hansı müğәnninin ifası sizi daһa çox qane edir?
-Sәnәtdә öz sözünü demiş müğәnnilәrdәn Zeynәb Xanlarova, Flora Kәrimova vә Elmira Rәһimovanın ifası daһa çox xoşuma gәlir. Amma arzu edәrdim ki, bütün gözәl müğәnnilәrimiz mәnim maһnılarımı alıb oxuyaydılar.
-Deyilәnlәrә görә, müğәnnilәrin çoxu sizi şәxsәn tanımırlar.
-Mәn özüm incәsәnәt alәmi ilә tәmasdan çәkinirәm. Çünki bu һәdsiz sayda söz-söhbətlərin, dedi-qoduların yaranmasına səbəb olur.
-Bəs, müğənnilərlə necə əlaqə saxlayırsınız?
-Çox vaxt telefonla. Ya da çox vaxt Reyһan Müslümova vә Xanım İsmayılqızı maһnılarımı müğәnnilәrә tәklif edirlәr.
-Nə kimi yaradıcılıq planlarınız var?
-Nisә Qasımova sentyabrda Moskvadan qayıdaçaq. O, mәnim maһnılarımdan ibarәt "Salam, ey әziz Vәtәn” adlı disk buraxacaq. Sonra müğәnnilәrdәn Nurlan Әzizbәyli vә Faiq Ağayevlә dә birgә iş planlarımız var.
-Gәnc müğәnnilәrdәn kimә üstünlük verirsiniz?
-Nurlan Әzizbәyliyә. Mәncә, o, gәlәcәkdә Azәrbaycan musiqi sәnәtinә böyük şöһrәt gәtirәcәk. Onun üzә çıxmasında Nailә Mirmәmmәdlinin böyük әməyi olub. Mәn istәyirәm ki, bu işdə mәnim dә rolum olsun, odur ki, onunla yaradıcılıq ünsiyyәtindә olmaq istәyirәm.
-Bir neçә il әvvәl bәstәkar kimi mәşһurlaşacağınızı tәsәvvür edirdinizmi?
-Mәn “Xeyir vә şәr” kitabında da yazmışam ki, һәr insan dünyaya bir mәqsәd üçün gəlir. Amma insan bunu yaşadıqca tәdricәn dәrk edir. Bütün ömür әslindә özünüdәrk yoludur. Mən әvvәlllәr öz һәyatımı indiki kimi tәsәvvür etmirdim. İllәr keçdikcә özümdə һansı cәһəti görürәmsә, onu reallaşdırmaq istәyirәm. Kim bilir, bәlkә bir ildәn sonra һeç musiqi bәstәləmәdim, tamam ayrı işlә mәşğul oldum.
-Hәyatdakı missiyanızı nәdә görürsünüz?
-Xeyirxahlıqda.
-Təsəvvür edin ki, sehrli xalçaya minib başqa planetə gedirsiniz. Bir daha geri qayıtmayacaqsınız. Sizə özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
-Bir çinar ağacı götürərdim?
-Nə üçün?
-Kölgəsində oturub, mahnılarımı bəstələmək üçün.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Yerdə gəzən göy adamı...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
https://youtu.be/8mI2Ti58p54?si=G4bvpr-zqGzArPu-
Bu gün yaratdığı obrazlardan başqa, şeir qiraətləriylə, şeirlərə bəstələdiyi və ifa etdiyi mahnılarla, səhnədə sazla olan ifalarıyla bir başqa sevilən, illər keçsə də zərifliyindən, gözəlliyindən heçnə itirməyən, Azərbaycanın teatr və kino aktirsası, Respublikanın xalq artisti, Prezident mükafatçısı Mehriban Zəkinin növbəti doğum gününü qeyd etdik.
Mehriban Mürvət qızı Zəki 1966-cı il 18 dekabrda Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakultəsini bitirib.
Müxtəlif illərdə "Yuğ" Dövlət Teatrında, "İBRUS" Teatrında və "Milli Akademik Dram" Teatrında fəaliyyət göstərib.
O, "Azərbaycanfilm" kinostudiyasının və digər kino şirkətlərinin istehsalı olan bir çox bədii filmlərə çəkilib. Jurnalist qız filmində Ümid, Otel otağı filmində Lətifə, Ailə filmində Elmira, Məkanın melodiyası filmində Gülya, Küçələrə su səpmişəm filmində Teybə, Əlvida, cənub şəhəri filmində Maya, Düyün filmində Nara, Yalançılar filmində Nərmin, Axınla aşağı filmimdə Leyla, İçəri-Şəhər filmində Səbinə, Əli və Nino filmimdə Sultan xanım obrazlarını yaradıb.
Çox gözəl səs tembrinə malik olan aktrisa bəzi filmlərdə mətn oxuyan və vokalçı kimi də çıxış etmişdir.
1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskovada və Bakıda keçirilən UNESCO-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.
Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına və müxtəlif vaxtlarda Prezident Mükafatına layiq görülüb.
O, həmçinin Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və incəsənət universitetində Aktyor sənəti və səhnə danışığı üzrə pedaqoji fəaliyyət göstərib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
14-cü hissə
Yenidən də sevmək olarmış
Sevgi nədir? Odur ki, səni sənin özündən alır, uzaqlara aparır. Heç özündə olmursan, əvvəlki səndən əsər-əlamət qalmır. Tam dəyişirsən, başqa birisi olursan. Yaşamağı daha çox sevir, həyata daha çox bağlanırsan, bütünrənglər əl-əlvan olur, bütün qoxular xoş rayihəli olur. Günəş əvvəlkindən də gur işıq saçır sanki. Sevgi ən maraqlı kitab, ən gözəl tablo, ən mənalı musiqidir.
Ülkər sevmişdi, sevginin dadını görmüşdü. Rüfətli günləri ömrünün ən xoşbəxt günləri olmuşdu. Amma qorxa-qorxa, hürkə-hürkə Rüfətlə ayaqüstü söhbətləri, bir ömür onun həsrəti ilə yaşamaq, kama çata bilməmək öz işini demişdi. Əlləri əllərinə dəyməmiş, dodaqları dodaqlarına toxunmamış, əsla maddi yaxınlıqsız bir yeniyetmə sevgisi olmuşdu bu sevgi. İndisə Rasimlə heç bir maneəsiz görüşürdülər, kinoya, teatra gedir, kafedə, restoranda əyləşir, bulvarı gəzirdilər.
Bulvar gəzintisi onları xüsusən xoşbəxt edirdi. Əl-ələ tutub uzun məsafə qət edirdilər. Avqustun bürküsündən sonra sentyabrın sərini, oktyabrın yağışlı-küləkli havası dəyişmişdi, onlarsa bu sevimli məşğuliyyətlərindən qopmaq fikrində deyildilər, bir hiss vardı ki, qışda da, sərt şaxtalarda da bura gələcək, əl-ələ verərək gəzəcək, ətrafı seyr edəcək, qağayılara simit yedirdəcəklər.
Ülkər əsla mahiyyətinə varmırdı ki, Rasim ondan beş yaş kiçikdir. Əsla mahiyyətinə varmırdı ki, Rasim subaydır. Rasimin özündən beş yaş böyük, yanı uşaqlı bir qadınla sevişdiyini ailəsi bilərkən nələrin baş verəcəyini əsla düşüncələrinə yaxın buraxmırdı. İçində yığılıb qalan sevgi hissləri korşalmışdı, onların yenidən itilənməsinə, parlamasına ehtiyacı var idi. Nəvazişə və əzizlənməyə, üstəlik tumara ehtiyacı vardı, bədən əzaları tam olaraq Rasimə təslim olmuşdu, onun adıcə toxunuşu ilə məst olurdu, həzdən dünyaya sığmırdı.
Bir dəfə bulvarı gəzəndə Nazəndə xanımla da rastlaşmışdılar, aqil insan özünü görməzliyə vurub yan keçmiş, Ülkər növbəti dəfə Aylini onunla görüşdürməyə gətirəndə bircə kəlmə “Ciddi məqsədləmi yaxınlıq edirsən o oğlanla, ailəmi quracaqsan?” deyə soruşmuşdu. Ülkər də bir-birini dəli kimi sevdiklərindən, evlənəcəklərindən, bəslədiyi hisslərdən, keçirdiyi həyəcandan, sevgi adlı qonağın tam hökmranlığındanuzun-uzadı bir hekayət söyləmişdi.
Nazəndə xanımla evlərində gəlin olarkən həmişə fikir mübadiləsi aparırdı. Tələbələrə filologiyadan dərs deyən bu qadın yüzlərcə bədii ədəbiyyat nümunəsi, fəlsəfi traktatlar oxumuşdu, əsl xəzinə idi. Onlar bəzən saatlarca qarşılarına iri fincanlarda çay qoyub söhbətləşərdilər, həyatın qayda-qanunlarını, insanlıq prinsiplərini, yaxşı ilə pisin, xeyirlə şərin amansız mübarizəsinin xırdalıqlarından bəhs edər, mütləq də sözü Madarın üzərinə gətirərdilər. Bəzən Nazəndə xanım etiraf edərdi ki, həyatında cəmi bir səhv buraxıb, o da Madarı düzgün tərbiyə etməməsidir. Nazəndə xanım həyat yoldaşı Ərəstunun sayəsində Madarın bu cür harın, düşüncəsiz, eqoist, qəlbsiz və vicdansız biri olmasını dilə gətirər, deyərdi ki, Ərəstun pulları uşağın başına səpib onu yolundan azdırmışdı, ana nə qədər müdaxilə etmək istəsə belə, ata “Tək balamın heç zaman xiffət çəkməsini qoymaram” deyə ananı geriyə itələmişdi.
Hətta atsı uşaqkən Madara deyərmiş ki, anana söy, sənə pul verim, o da söyər, pulunu alarmış. Guya bu, bir zarafat imiş, həqiqətən, Ərəstun bunu bir zarafat kimi edirdi, əslində isə uşaq xarakterini tərbiyəsizliyə və asan qazanc qazanmağa kökləmiş bir hal idi bu.
Nazəndə xanım söhbətlərində deyərdi ki, gələcək ailənin fundamenti kişi deyil, qadındır. Ailə düzgün qurulmursa, bir nəsil bədbəxt olur. Deyirdi, valideynlər heç vaxtqızlarını zorla ərə verməməlidirlər. İkrah hissiylə “Biznesmen Ərəstunla Qələndərov dedi, qurtardı” kəlmələri ilə Ülkəri də, hətta bəlkə Madarı da bədbəxt edən bu iki şəxsi o dünyada olsalar belə yamanlayırdı. Onlar bir dəfə nərd atanda, sonra yeyib-içəndə bu söhbəti salmış, dostluq tellərini möhkəmlətmək üçün iki gənci bədbəxt etmişdilər.
Nazəndə xanım deyirdi: “Bəlkə Madarın da öz istədiyi olubmuş, bəlkə sizi zorla evləndirəndə onun da könül yurdunu viran qoymuşuq? Sizlərə imkan verilsəydi, sərbəst seçim şansınız olsaydı, bəlkə hər ikiniz indi xoşbəxt idiniz...”
Ülkərsə Madarın əxlaqının bu hala çatmasını yalnız pulda görürdü, deyirdi ki, pul çox olanda adam məzə axtarır. Başından pul yağdıqca Madar kamilləşmək əvəzinə içkiyə, siqaretə, hətta narkotiklərə meyil salmış, əxlaqsız qadınlarla yataq bölüşmüşdü. Nəticəsi də bu cür olmuşdu.
Nazəndə xanım ürək ağrısı ilə Ülkərə söyləyirdi ki, qızların sənin kimi erkən ərə verilməsi, özü də rəyi soruşulmadan ərə verilməsi faciədir, deyirdi, mental qanunların buxovundan azad olmaq, qıza seçim azadlığı vermək lazımdır, ailədə qızın hüquqsuzluğuna son qoyulmalıdır mütləq. Deyirdi, Azərbaycanda savadlı, elmli, o cümlədən tam azad bir yeni nəsil formalaşmalıdır.
Rasimə Ülkərin meylinin ötəri olmadığını da duyurdu qadın. Deyirdi, qurban sənə, bir dəfə oxun daşa dəyib, ikinci dəfə bu, təkrarlansa, altını çəkmək sənə lap ağır olacaq, əminsənmi ki, o oğlan sonadək səni tərk etməyəcək? Soruşurdu, oğlanın ata-anası bu izdivaca razılıq verməsə, bəs nə edəcəksən, əvvəlcədən zəmanət almadan niyə onunla bu qədər yaxınlaşırsan?
Sevgi gözlərini kor, qulaqlarını kar, dilini lal etmişdi Ülkərin. “Rasim sonadək mənimlə olacaq” deyə təkrarlayır, ona özünə güvəndiyi kimi güvənirdi. Hətta Nazəndə xanım ondan icazə istəyəndə ki, qoy mən gedib o Rasimlə danışım, onun məqsədini öyrənim, buna qəzəblənmişdi də, qadını bu münasibətlərə qarışmamağa çağırmışdı.Hətta yersiz halda ona səsini də ucaltmışdı, onun bu insanlığını “Bəlkə oğluna görə bu canfəşanlığı eləyirsən, oğlunu xoşbəxt eləmədim deyə başqasını xoşbəxt eləməyimi qəbul edə bilmirsən” kimi yozub qadını göz yaşlarına qərq olmağa məcbur da etmişdi.
Ülkərin hədsiz şənliyini, özünə hey bəzək-düzək vurmasını, bəzən evə çox gec gəlməsini görən anası da məsələyə qarışmış, qızının görüşdüyünü eşidəndə qayğılanmış, “kimdir, nəçidir” suallarından sonra aldığı cavabdan mütəəssir olaraq hıçqırmışdı. Çünki özündən beş yaş kiçik olan subay oğlanın yanı uşaqlı bir qadınla evlənməsinə ailəsinin narazı olacağı qadının düşüncələrinə hakim kəsilmişdi.
“Başına dönüm, ağıllı qızım, bizi el içində xar eləmə, camaat bilsə ki, sən nişansız, kəbinsiz bir ana uşağı ilə gəzirsən, nə deyər? Sabah qardaşın eşidər, aləm bir-birinə dəyər” deyə anası xəbərdarlıq etmişdi. Amma Ülkər də əvvəlki Ülkər deyildi, anasına “Məni bir dəfə bədbəxt elədin, indi çəkil kənarda dur” söyləmiş, qardaşı haqda isə “Qələt eləyər Xəyal ki, mənə nəsə deyər” hökmünü vermişdi.
Oktyabrın yağışlı bir günüydü, Rasim onu evlərinə dəvət elədi, evdə kimsə yox idi.
Rasimin, sən demə, musiqi istedadı da var imiş, ionikasında bir mahnı ifa elədi:
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.
Sonra bir-birinə sarmaşdılar, Rasim onu yataq otağına çəkib apardı, ilk dəfə beləcə yataq bölüşdülər. Bir-birindən doymadılar, dalbadal bir neçə gün ardıcıl görüşdülər, birində hotel otağında, birində hətta Rasimin iş yerində, pasiyent kreslosunda.
Noyabrın çiskinli bir günündə Ülkər Rasimdən növbəti dəfə münasibətlərini rəsmiləşdirməyi xahiş etdi və onu sevindirəcəyini zənn etdiyi bir xəbəri söylədi, dedi, səndən uşağa qalmışam. Amma bu xəbər Rasimi açmadı, dedi:
-- Mən indi buna hazır deyiləm, evdə ailəmizdə problemlər var, atam kredit götürüb, ödəyə bilmir, hər gün söz-söhbətdir. Onlara evlənmək istədiyimi desəm, razılaşmayacaqlar, uşaq məsələsini qəti qəbul etməyəcəklər. Azacıq səbir eləyək.
Ülkər hiss etdi ki, qanadları qırılıb yanına düşdü. Rasimin sevinəcəyini, onu öpüb bağrına basacağını düşünürdü, bu cür qorxaqlıq və acizlik göstərəcəyini əsla gözləmirdi. Amma sevirdi axı, sonradan sevgilisini yamanlamaq hissləri təəssübkeşliklə əvəzləndi, hətta kaş ki, maddi imkanım yaxşı olaydı, ona yardım göstərəydim kimi fikirlər də keçdi beynindən.
Qadın üçün ən ağır şey bətnindəki körpəsini tələf etməsidir. Bu, cinayətdir. Ani bir ehtirasdan, sonu düşünülməmiş bir yaxınlıqdan sonra dünyaya gəlmək amacında olan bir canlının məhvinə qərar vermək cinayət deyilmi? Bəlkə də o, öz Elvinini tələf edirdi. Bu fikirdən dəhşətə gəldi, amma nə edə bilərdi ki, Rasim uşağa yaxın durmurdusa, kəbin kəsdirməyi uzadırdısa, bic övlad kimi dünyaya övladmı gətirmək olardı? Bura Avropa, Amerika deyildi, bura Azərbaycan idi, el tənəsinə, el nifrətinə tuş gəlib necə duruş gətirə bilərdi axı?
Aborta getdiyi gün göz yaşlarına əsla hakim ola bilmədi.
Rasim onun qayğısına qalır, qan itirdiyinə görə şokolad yedirdirdi. Amma Ülkər heç cür özünə gələ bilmirdi.
Abortdan sonra bir müddət hər gecə ağladı, yuxusuna qan içində çabalayan oğlan uşağı girdi.
Sanki zəncirvari bir silsilə idi, səhv səhv gətirirdi. Bəlkə də insan büdrəyəndə ehtiyatlanmalıdır ki, sonradan yıxılmasın. Bəlkə də yıxılanda durmağa ehtiyatlanmalıdır ki, birdən yenidən yıxılaram. Amma yıxılıb-durmağa heç bir halda alışmaq olmaz. Bu, insanı səhvlərə öyrəncəli edir.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Romantizmin son cəngavəri Herman Hesse – İlham Abbasov
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Ədəbi Tənqid zamanıdır, sizlərə Nobel mükafatçısı Herman Hesse barədə İlham Abbasovun yazdığı “Romantizmin son cəngavəri” yazısını təqdim edirik.
Avropa ədəbi mühitində onu XX əsr ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri sayır, hətta “dahi sənətkar” adlandırmaqdan belə çəkinmirlər. Söhbət yeni alman ədəbiyyatının ən nüfuzlu xadimlərindən olan dünya şöhrətli nasir, görkəmli şair, məşhur publisist, 1946-cı ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, eyni zamanda tanınmış rəssam olan Herman Hessedən gedir.
Nobel mükafatının maliyyə məbləği və statusu rəsmi cəhətdən bütün laureatlar üçün eyni olsa da, onların hamısı şan-şöhrət baxımından bərabər sayılsa da, ədəbiyyatın daxili mətbəxində, kulis arxasında kimin kim olduğunu, həqiqətdə hansı dəyəri daşıdığını hamı yaxşı bilir. Bu mənada Herman Hesse ədəbiyyat üzrə Nobel ödülünün ən ünlü, ən nüfuzlu, adı klassiklər sırasında çəkilən laureatlarından biridir. Onun sülh və humanizm ideyalarını təbliğ edən romantik ruhlu kitabları XX əsr boyu dünyada ən çox oxunan əsərlər sırasındadır. Nobel Mükafatları Komitəsinin qərarına əsasən, H.Hesse ən nüfuzlu ədəbiyyat mükafatına “humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına və həmçinin gözəl üslubuna görə” layiq görülmüşdü. Qeyd edək ki, həmin il Nobel ödülündən əvvəl yazıçı “alman ədəbiyyatının ən mühüm nailiyyətlərinə görə” Höte adına milli mükafata da layiq görülmüşdü.
İsveçrədə yaşayıb-yaradan alman yazıçısı Herman Karl Hesse 2 iyun 1877-ci ildə Almaniyanın cənubundakı Kalv şəhərində ruhani ailəsində anadan olmuşdu. Əslən Baltik almanlarından olan atası Yohannes Hesse Estoniyanın Payde şəhərindən idi. Bütün Almaniyada xristianlığın protestant təriqətinin nüfuzlu xadimi və tədqiqatçısı kimi tanınmışdı. H.Hessenin ana babası Qustav Qundert ölkənin ən tanınmış ilahiyyat alimlərindən sayılırdı. Anası Mariya Qundert də bütün həyatını əri ilə birgə missionerlik fəaliyyətinə həsr etmişdi. Ailənin ikinci uşağı olan Hermanın iki bacısı və bir qardaşı vardı. O, qeyri-adi bir insan və yazıçı taleyi yaşamışdır.
Avropanın mərkəzində dünyaya gəlsə də, Hermanın uşaqlığı uzaq Hindistanda keçmişdi. Gələcək yazıçının valideynləri bu ölkədə xristian dinini yaymaqla məşğul olan missioner qrupunun tərkibində fəaliyyət göstərirdilər. Onlar oğullarının da bu işlə məşğul olmasını istəyir və Hermanı gələcəyin peşəkar xristian təbliğatçısı kimi tərbiyə edirdilər. Bu niyyətlə də onu təhsil almaq üçün dini (protestant) təmayüllü seminariyaya qoymuşdular. 1886-cı ildən Almaniyaya qayıdan ailə Kalv şəhərində məskunlaşır. İsveçrəyə köçəndən sonra da Herman təhsilini dini məktəbdə davam etdirdi, lakin yeniyetməlik yaşlarından meylini ədəbi yaradıcılığa salaraq, valideynlərinin onu din xadimi görmək arzusunun həyata keçməsinə yol vermir. Dini davranış qaydalarını pozduğuna görə məktəbdən qovulandan sonra bir müddət atasının dini kitablar çap edən nəşriyyatında çapçı işləyən gənc daha sonra kitab satışı ilə məşğul olur. Kitabla gündəlik təmas və daimi mütaliə onun ədəbi yaradıcılığa olan uşaqlıq həvəsini daha da gücləndirir və ciddi məşğuliyyətə çevirir.
Valideynlərinin onun üçün nəzərdə tutduqları dini ideyaları yaymaq missionerliyindən qaçır, ancaq taleyin onun adına yazdığı böyük missiyadan – mənəvi dəyərləri yaymaq qismətindən qaça bilmir. Xaraktercə höcət və inadkar, fəqət sakit və qapalı bir şəxs olan Herman peşəkar ruhani karyerasından imtina etsə də, qanını daşıdığı babalarının mənəvi ənənəsinə uyğun olaraq, ömrü boyu inanclı bir insan kimi yaşadı. Bütün kilsə və konfessiya ehkamları, dini ibadət və mərasim qaydaları H.Hesse üçün mənasız olsa da, onun anlamında din imansızlığın, biganəliyin, ümidsizliyin qarşılığı kimi həmişə dəyərli olan bir anlayış idi. Din onun üçün ən antiinsani bir şəraitdə belə mənəviyyatı, insaniliyi, mərhəməti qoruyub saxlamağa stimul verən bir amil idi.
1895-ci ildən ailəsi ilə birlikdə İsveçrənin Bazel şəhərində yaşayan gələcək yazıçı 1899-cu ildə ilk ədəbi yaradıcılıq dərnəyinə üzv yazılmış və bir il sonra “Romantik nəğmələr” adlı ilk şeir toplusu və “Gecəyarıdan bir saat keçmiş” adlı ilk hekayə kitabını nəşr etdirmişdi. Gənc yazıçının ilk kitabları ona yaradıcılıq uğuru gətirmir. Lakin 1901-ci ildə H.Hessenin nəsr yaradıcılığının ilk peşəkar nümunəsi sayılan “Herman Lauşerin ölümündən sonra qalan və Herman Hesse tərəfindən nəşr edilən yazıları” romanı çap olunur. Adından da göründüyü kimi, fabulasına və süjet xəttinə görə bu roman qəribə bir əsərdir – onu nə avtobioqrafik adlandırmaq olur, nə də müəllifin həyat yolu ilə bağlılığını inkar etmək. Qəhrəmanın hətta adı da gənc müəlliflə eyni idi, ancaq onun ömrünün əsas hadisələri yazıçının həyatı ilə müəyyən qədər uyğun olsa da, ciddi mənada eyniyyət təşkil etmirdi. Bu mərhum qəhrəmanın şəxsində və onun həyatı nümunəsində H.Hesse, sanki öz həyatına kinayəli parodiya yaratmışdı. İlk əsərləri gənc yazıçıya uğur gətirməsə də, onun lap əvvəldən qazanmış olduğu dəyərlər vardı – ilk növbədə üslub kamilliyi: mətnin qüsursuz ritmika və melodikası, nəsrin görünməmiş lirizmi, öz ədəbi və mənəvi prinsiplərinə sədaqət...
H.Hessenin yaradıcılığının xüsusən ilkin mərhələsi üçün klassik alman romantizminin məzmun və ideya təsiri çox önəmli idi. Digər tərəfdən, onun peşəkar ədəbiyyata gəldiyi dövrdə Avropa ədəbiyyatında neoromantizm cərəyanı aparıcı rol oynayırdı. Əlli illiyi münasibətilə buraxılmış kitabda onu “alman romantizminin son cəngavəri” adlandırmışdılar. Bu ədəbi cərəyana aid xüsusiyyətlər onun əsərlərində bütün yaradıcılığı boyu müşahidə olunur. Qaranlıq ictimai mühitlə barışmayaraq ona qarşı mübarizə aparan, özünü tamam fərqli həyat şəraitində tapmağa çalışan işıqlı ədəbi qəhrəman bu ədəbiyyatın əsas, aparıcı faktorudur. Maraqlıdır, H.Hessenin bu tip personajları daha çox bədii təxəyyül məhsulu kimi görünsələr də, həqiqətdə real həyatla çox bağlı olan insanlar idi və onların əksəriyyəti zahirən nə qədər fərqli olsalar da, xaraktercə müəllifin özünə çox oxşayırdı.
Elə bu amil də onun yaradıcılığının avtobioqrafik detallarla zənginliyini təmin edirdi. Müəllifin həyatının bütün əsas mərəhələ və hadisələri onun əsərlərində bədiiləşdirilmiş şəkildə öz əksini tapmışdı. Bu əsərlərdə insanın psixoloji portretinin yaradılması, onun mənəvi yaşantılarının təqdimatı da məhz bu fonda öz ifadəsini tapırdı. Psixoloji məqamlar burada, sadəcə olaraq, surətlərin psixikasının əks etdirilməsi ilə bitmir, yazıçı məsələyə daha dərindən, psixologizm prinsipləri ilə yanaşaraq qəhrəmanların psixoloji ovqatını hadisələrin gedişatını, süjet xəttinin inkişafını təmin edən əsas amil kimi götürür. Yaradıcılığının daha yetkin çağlarında isə o, psixologiyanın ifadəsini elmi əsaslar üzərində quraraq bədii inikas predmetinə dövründə böyük maraq doğuran psixoanaliz prinsipləri mövqeyindən yanaşır. Qeyd etmək lazımdır ki, insan psixikasının dərin qatlarına nüfuz etmək ədibin yalnız epik nəsr əsərləri üçün deyil, həm də poetik nəzm yaradıcılığı üçün səciyyəvidir.
Tədricən H.Hessenin adı Almaniyanın populyar ədibləri sırasında çəkilməyə başlayır. O, tanınmış həmkarlarından R.Rilke, T.Mann, S.Sveyq kimi yazıçılarla şəxsi və yaradıcılıq əlaqələri qurur. 1903-cü ildə Berlinin Samuel Fişerə məxsus ən məşhur nəşriyyatından əməkdaşlıq təklifi alan gənc yazıçı “Peter Kamensid” romanını bu nəşriyyatın sifarişi ilə yazır və əsər alman gəncləri arasında geniş şöhrət qazanaraq müəllifə maliyyə durumunu biryolluq nizama salmaq imkanı verir.
Əsər həyat həqiqətinə sadiqliyi, sadəliyi, insaniliyi, ilhamlı təbiət təsvirləri, dilinin gözəlliyi ilə oxucuları, xüsusən hər şeydə yenilik görmək istəyən gəncləri məftun etmişdi.
Tam avtobioqrafik səpkidə yazılmış bu romanı ilə yazıçı ilk yaradıcılıq uğuruna imza atmaqla bərabər, həm də sonralar yaradıcılığının əsas mövzusuna çevriləcək şəxsiyyətin formalaşması problemini ilk dəfə olaraq əsas motiv kimi götürür. Artıq o illərdə cəmiyyətlə sənətkarın qarşılıqlı münasibətləri, insanların həyatında incəsənətin yeri məsələsi yazıçını dərindən narahat edirdi. Əsərin qəhrəmanı olan gənc yazıçı həyatda öz yerini tapmaq üçün uzun axtarışlardan və məyusluqlardan sonra öz doğma kəndinə qayıdır. Artıq başa düşmüşdü ki, doğma, sadə insanlar arasında yaşamaq lazımdır, çünki yalnız tanıdığın və səni anlayan insanlar arasında əsl sənət yarana bilər.
1906-cı ildə çap olunmuş “Təkərlər altında” romanı müəllifin seminariya illərində topladığı həyat təəssüratlarını əks etdirir. Pansionat təhsili zamanı “İncil”i dərindən öyrənməklə yanaşı, yunan dilini, antik yunan və klassik alman ədəbiyyatını öyrənməyə başlayır və dediyimiz kimi, bütün bu detallar “Təkərlər altında” əsərinin məzmununu təşkil edir. Roman Avstriyanın əsas ədəbiyyat mükafatına layiq görülür. Bu, H.Hessenin qazandığı ilk ədəbi mükafat idi.
1904-сü ildə H.Hesse Bazeldə Mariya Bernulli adlı xanımla ailə qurur. Bu nikahdan onların üç oğlu dünyaya gəlir. 1912-ci ildə ailəsi ilə birgə Bazeldən İsveçrənin paytaxtı Bern şəhərinə köçür.
Birinci Dünya müharibəsi ərəfəsindəki illərdə mətbuatla sıx əməkdaşlıq edən yazıçı çoxlu sayda hekayə və esselər çap etdirir. Bu dövrdə ciddi nəsr yaradıcılığına da ara verməyən müəllifin “Gertruda” (1910) və “Roşalde” (1914) romanları nəşr olunur. Bu əsərlər də tənhalıq və cəmiyyətdə sənətkarın yeri məsələsinə həsr olunmuşdu. 1911-ci ildə Hindistana (həmçinin qonşu ölkələr Şri-Lanka, İndoneziya və Sinqapura) səyahət edən yazıçı 1913-cü ildə bu ölkə ilə bağlı uşaqlıq xatirələrini və səfər təəssüratlarını əks etdirən publisistik “Hindistan” kitabını nəşr etdirir.
Yazıçının 1915-ci ildə nəşr olunmuş “Knulp” kitabı onun yaradıcılığında önəmli yer tutur. Kitaba 1907-1913-cü illərdə yazılmış, bir-birinə vahid süjet xətti ilə bağlanan “Yaz qabağı”, “Knulp haqqında xatirələr”, “Sonluq” povestləri daxildir.
Hələ uşaqlıq illərindən ailəsi ilə birlikdə İsveçrədə yaşayan H.Hesse 1923-cü ildə bu ölkənin vətəndaşlığını qəbul edir. Amma təbii ki, milli mənsubiyyətinə görə özünü alman sayır və hesab edirdi ki, İsveçrədə yaşayan alman yazıçısıdır. Almaniyada baş qaldırmaqda olan, sonralar faşizm ideologiyasına çevriləcək şovinist millətçilik əhval-ruhiyyəsinə kəskin tənqidi münasibət bəsləyən H.Hesse vətənində çap və təbliğ edilmək imkanlarını itirmiş olur. Əhalisi etnik cəhətdən iki bölümdən – alman və fransız icmalarından ibarət olan İsveçrə müharibə illərində bir-biri ilə yola getməyən iki düşərgəyə bölünmüş oldu. Yazıçının qənaətinə görə, bəşəriyyəti dünya müharibəsinə gətirib çıxaran əsas səbəb Avropa sivilizasiyasının ümumi böhranı idi.
1916-cı ildə müharibənin yaratdığı məhrumiyyətlər, oğlunun xəstəliyi, psixikası pozulmuş arvadının səhhəti ilə bağlı problemlər, atasının ölümü H.Hessenin əsəb sarsıntısı keçirməsinə səbəb olur. Hətta bir dəfə intihara cəhd edir. Yazıçı bu xəstəlikdən xilas olmaq üçün Lütsern şəhərinə, məşhur psixoterapevt Yozef Lanqın yanına gedərək onun klinikasında altmış seans psixoanaliz müalicəsi alır. Bu ünsiyyət nəticəsində onlar yaxın dosta çevrilirlər.
Həyatının bu çətin dövrünün olaylarını və müharibə əleyhinə düşüncələrini yazıçı bir mövzu kimi 1919-cu ildə qələmə aldığı və Emil Sinkler imzası ilə çap etdirdiyi “Demian” romanında əks etdirmişdir. Nəşriyyata romanı ağır xəstə olan gənc yazıçının əsəri kimi təqdim edən H.Hesse sonrakı nəşrlərdə romanın alt başlığını bu “redaktədə” verir: “Emil Sinklerin Herman Hesse tərəfindən qələmə alınmış gənclik əhvalatı”. Bu əsər Birinci Dünya müharibəsindən sonra Almaniyada ən çox oxunan kitab kimi qeydə alınmışdı. Kitab oxucular arasında H.Hessenin müasiri, sənət dostu (bəlkə də, rəqibi) Tomas Mannın həmin dövrdə nəşr olunmuş əsərləri qədər populyar idi. Bu məqamda H.Hesse ilə digər böyük alman yazıçısı, 1929-cu ilin Nobel mükafatçısı T.Mannın şəxsiyyət və yaradıcılığı arasında müqayisə aparmaq yerinə düşər. Aralarında cəmi iki il yaş fərqi olan bu yazıçıların yaradıcılığında məzmun və ideya baxımından uyarlıq, paralellik az deyil. İnsan, onun taleyi və mənəvi dünyası hər iki ədibin ümumən humanist səciyyəli yaradıcılığının əsas predmetidir. Amma T.Mann sənət karyerasına görə daha erkən yetkinləşmiş və şan-şöhrət qazanmışdı. 21 yaşında yazmağa başlayıb 26 yaşında tamamladığı “Buddenbroklar” romanına görə Nobel mükafatı almış T.Manndan fərqli olaraq, H.Hesse o yaşında ciddi əsərlərini hələ təzə-təzə yazmağa başlamışdı. Ən maraqlı cəhət odur ki, Nobel mükafatına namizəd kimi H.Hessenin adını Nobel Komitəsinə məhz T.Mann təqdim etmişdi. 30-cu illərdə faşist rejiminin təqiblərindən gizlənmək üçün o bir müddət İsveçrədə – H.Hessenin malikanəsində yaşamışdı. Bu yazıçıların uzun müddət davam etmiş məktublaşmalarının ümumi miqdarı bir kitab həcmindən çoxdur.
XX yüzilin bu iki böyük alman yazıçısını ədəbi-estetik meyarlar mövqeyindən müqayisə edəndə istər-istəməz XIX əsrin iki dahi rus yazıçısı – Tolstoy və Dostoyevski cütlüyü ilə paralel aparmaq zərurəti ortaya çıxır. Bu mənada insanı başlıca olaraq ictimai varlıq, cəmiyyət üzvü, sosial münasibətlərin məhsulu kimi görən və göstərən, onun mənəvi dünyasını və psixoloji aləmini isə yalnız bu zəmində təhlilə cəlb edən Tomas Mannı daha çox Lev Tolstoyun davamçısı; mühitin hər bir üzvünü oxucuya ilk növbədə mənəvi həyəcanlar və psixoloji yaşantılar subyekti olan bir fərd kimi təqdim edən, onun ictimai varlığını və sosial dəyərini isə yalnız bu fonda açıb göstərən Herman Hesseni isə ilk növbədə Fyodor Dostoyevskinin ardıcılı kimi dəyərləndirmək olar. Maraqlıdır ki, H.Hessenin ədəbiyyatşünaslıq məqalələrində ən çox adı çəkilən, ən çox təhlil olunan müəllif məhz F.Dostoyevskidir.
1919-cu ildə xanımından ayrılan yazıçı Bern şəhərini tərk edərək Luqano şəhəri yaxınlığındakı Montanella qəsəbəsində yaşamağa başlayır. Bu yerlərin füsunkar təbiəti sənətkarı yeni yaradıcılıq işlərinə həvəsləndirir. Lakin bu dəfə o, sənət enerjisini yalnız ədəbiyyata deyil, həm də rəssamlığa həsr edir və müxtəlif janrlarda coxlu sayda rəsm əsərləri yaradır. 1920-ci ildə Berlində rəsm sərgisi təşkil edilir. Bununla yanaşı, həmin il ədibin üç klassik hekayəsindən – “Uşağın qəlbi”, “Keyn və Vaqner”, “Klinqzorun son yayı” novellalarından ibarət olan hekayələr toplusu nəşr olunur.
Uşaqlıq illərinin Hindistanda keçməsi Hermanda bu ölkəyə, ümumən Şərq mədəniyyətinə dərin maraq oyatmışdı. Təxminən on il əvvəl bu ölkə haqqında publisistik kitab nəşr etdirmiş yazıçının 1921-1922-ci illərdə yazdığı “Siddhartha” romanı da bu marağın məhsulu kimi meydana çıxır. Bu əsərdə müəllif buddizm ideyasının insanpərvərliyini vəsf etmişdi.
H.Hessenin yaradıcılığında dünyanın və cəmiyyətin bədii ümumiləşdirmə səviyyəsi qlobal xarakter aldığından onun əsərlərində Şərq və Qərb anlayışları sosial və mənəvi baxımdan xüsusi dəyərləndirmə səciyyəsi daşıyır. Bu yanaşmanın kökləri də yazıçının tərcümeyi-halına bağlıdır. Dünyaya dərin xristian ənənələrinin hökm sürdüyü bir ailədə göz açaraq tərbiyə almış H.Hessenin xarakteri hələ uşaq yaşlarından özündə Şərq dünyagörüşünün ən mühafizəkar elementlərini yaşadan hind mədəniyyətinin güclü təsiri altında formalaşmışdı. H.Hessenin kitab rəfində Şərq və Qərb dünya baxışlarının ən ümumi prinsiplərini dərindən təhlil etmiş böyük filosoflar çinli Lao-Tsızı ilə alman Fridrix Nitsşenin kitabları yanaşı qoyulmuşdu. Buna görə də H.Hesseni Şərq və Qərb fəlsəfələrinin müdrikliklərini eyni dərəcədə əxz etmiş bir mütəfəkkir kimi qiymətləndirmək olar.
1924-cü ildə özündən xeyli kiçik gənc bir qadınla evlənir, ancaq bir il keçməmiş boşanır.
Bundan sonra bir ara publisistikaya daha çox maraq göstərən yazıçının bir-birinin ardınca “Kurortçu” (1925) və “Nürnberqə səyahət” (1927) adlı publisistik kitabları nəşr olunur.
20-ci illərin sonlarında H.Hesse yenidən alman reallığını əks etdirən bədii mövzulara qayıdır və həyatda öz yolunu tapa bilməyən insan haqqında “Çöllük canavarı” (1926-1928) romanını yazır. (Bu əsərin adı Azərbaycan dilinə “Yalquzaq” kimi tərcümə olunub). Bu roman baş qəhrəman, özünü Çöllük canavarı (Yalquzaq) adlandıran yazıçı Harri Hallerin əsəri kimi təqdim olunur.
O, zəngin bir qadının evində rahat bir otağı kirayələyərək yaşayır. Həmin qadının bacısı oğlu yazıçının əlyazmalarını götürərək çap etdirir. Bu bacıoğlunun təsvirinə görə, Yalquzaq əlli yaşlarında, ünsiyyətdən qaçan, tənha (yalqız) ömür sürən bir adamdır. Orta boylu, ancaq şux qamətli, dəblə geyinən, amma səliqəsiz bir şəxsdir. Sağlam olmadığına görə çətinliklə hərəkət edir. Rəftarında nəzakətli olsa da, hamı ilə kinayəli davranır.
Yaşadığı otağa təzə köçəndə əvvəlcə xoş təsir bağışlamırdı, özgə aləmdən gəlmiş, yabançı adam kimi görünürdü. Lakin tədricən əhvalatı danışan bacıoğlu bu qapalı adama simpatiya ilə yanaşmağa başlayır. Otağı kirayələyəndən sonra H.Haller oraya klassik və müasir şairlərin, nasirlərin kitabları ilə dolu iki çamadan və iri bir sandıq gətirir. Vaxtının çox hissəsini bu kitabları oxumaqla keçirir. Heç yerdə işləməyən Haller çox vaxt yuxudan günorta durur. O, ətrafında özünün balaca bir dünyasını yaradıb və orada tənha gün keçirir.
Haller hiss edir ki, daxilində bir-birinə zidd olan iki varlıq – insan və canavar yaşayır. Yazır ki, bir ruhda bir-birinə düşmən olan iki varlıq yaşayırsa, həyat dözülməz olur. Çöllük canavarı heç kimlə ümumi dil tapa bilmir. Tanış professorun qonağı olarkən başa düşür ki, burada rəzillik ovqatı hökm sürür. Ev sahibinin kayzer haqqında müti mühakimələri Harrini özündən çıxarır. Bundan sonra bütün gecəni şəhərin küçələrini gəzib-dolaşmaqla keçirən Harri başa düşür ki, daxilində canavar insana qalib gəlmişdir. Lakin Haller bu aləmdən uzaqlaşa da bilmir, ölüm qorxusu qarşısını kəsir.
Həmin gecə Harri Haller restoranda Hermina adlı bir qadınla tanış olur, aralarında eşq macərası başlayır. Sonrakı günlərdə Hermina Harrini dostları ilə tanış edir. O yenidən meşşan həyat tərzinə qarşı etiraza qalxır. Lakin bütün bunlar onun fabrik və zavodlardan aldığı faizlər hesabına banklarda topladığı sərvətlə zəngin yaşaması ilə paralel baş verir. Bütövlükdə bu kifayət qədər qəliz əsərin və konkret olaraq onun qəhrəmanının düzgün anlaşılması müəllifi ciddi şəkildə düşündürür, narahat edirdi: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmərəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”. Beləliklə, qəhrəmanı əhatə edən ətraf aləm, onun vəziyyəti yazıçını sanki qətiyyən düşündürmür, onu narahat edən yalnız qəhrəmanının ruhi aləmidir. Bu da təbii və məntiqli bir yanaşmadır. Bir halda ki onun qəhrəmanı Harri Haller sürü (icma) həyatını qəbul etməyən, onun qanunlarını tanımayan yalquzaqdır, bu halda onun ruhi ovqatını dəyərləndirmək üçün müəllif niyə də cəmiyyət faktorunu nəzərə almalıdır?!
Bu ərəfədə Montanyolada ətraf aləmdən təcrid olunmuş halda, siyasi və ədəbi qruplaşmalardan uzaq şəraitdə yaşayan yazıçı yaradıcılığının əsas nailiyyətlərindən sayılan “Muncuq oyunu” fəlsəfi romanını yazmağa başlayır. Otuzuncu illəri yazıçı, demək olar ki, bütövlüklə bu əsər üzərində işə sərf edir. Üzərində 11 il işlədiyi, ilk dəfə İkinci Dünya müharibəsinin ən gərgin dövründə – 1943-cü ildə Sürixdə nəşr edilən bu roman üç il sonra müəllifin Nobel mükafatına layiq görülməsində, şübhəsiz ki, həlledici rol oynamışdı. Halbuki əsər ilk dəfə çap olunanda Avropa ədəbi tənqidi müharibə dövründə gələcək haqqında romantik xəyallara dalmağı mənasız bir iş sayaraq onu “səngərlər arasında inci axtarmaq cəhdi” kimi qiymətləndirmişdi. Amma cəmi üç ildən sonra məlum oldu ki, səngərlər arasına səpilmiş incilər də kiməsə lazım ola bilərmiş, kimsə onları toplayıb, toz-torpaqdan təmizləyib parlaqlığını aşkara çıxarmağa, əsl dəyərini verməyə qadirmiş...
1931-ci ildə H.Hesse Nikon Dollin adlı xanımla üçüncü dəfə ailə qurur. Əslən avstriyalı olan bu qadın ixtisasca incəsənət tarixçisi idi və maraq dairəsinə, düyagörüşünə görə onlar bir-birini uğurla tamamlayırdılar.
“Muncuq oyunu” romanı utopiya ilə antiutopiya janrlarının sintezi formasında yazılmış bir əsərdir. Mövzusu dünyanın fantastik gələcəyindən, təxminən 2200-cü ilin hadisələrindən alınmış bu roman üç hissədən ibarətdir. Birinci hissədə Kastaliya adlanan qeri-real ideal ölkənin tarixi verilir. İkinci hissədə əsərin əsas qəhrəmanı Knext Yozefin həyatı təsvir olunur. Üçüncü hissə Knextin şeirləri və digər əsərlərindən ibarətdir. Lap başlanğıcda müəllif müasir mədəniyyətin yalnız əyləncə xarakteri daşıdığına görə onu inkarçılıq dərəcəsində kəskin tənqid edir. Bəşər sivilizasiyası süqut ərəfəsindədir. İnsanlar sabahkı günə ümid bəsləmirlər, kütləvi silahlardan və kütləvi xəstəliklərdən qorxurlar. Dünyanı informasiya və informasiya vasitələri idarə edir. Yeri gəlmişkən, deyək ki, H.Hessenin təsvir etdiyi bu dünya necə də bizim günlərin reallığını xatırladır... Yüksək ziyalı təbəqəsi qalan insan kütləsindən ayrılaraq təcrid olunmuş şəkildə öz dünyasında yaşayır. Zənnimizcə, bu məqamda bir qədər diqqətli olub “Hesse müəmması”nin sirrini açmaq mümkündür və qeyri-real, müasir ifadə tərzi ilə desək, VİRTUAL DÜNYA zəmanəmizdə bəşər sivilizasiyasının zəka fəaliyyətinin başlıca forması olan İNTERNET şəbəkəsinin ədəbi obrazı və ya simvolik modeli kimi qiymətləndirilə bilər. Tarixin ən uzaqgörən utopistləri, ən cəsarətli fantastları belə bu öncəgörməni “görə bilməmişdilər”.
Təsvir etdiyi mənzərədən çıxış edərək H.Hesse müasir sivilizasiyanın ölmək üzrə olduğu qənaətinə gəlir. Belə bir şəraitdə yüksək zəkalı, yetkin intellektli insanlar özlərinin mənəvi dünyalarını xilas etmək üçün H.Hessenin “Felyetonlar ölkəsi” adlandırdığı naqis real dünyanı tərk edərək Kastaliya dünyası adlandırdıqları qeri-real ideal bir aləm yaradırlar. Burada onların əsas həyat məşğuliyyəti OYUN idi. Əslində, bu OYUN həyatın fəlsəfi mənasını ifadə edir. OYUNdan baş çıxarmaq üçün insandan yüsək intellektual səviyyə tələb olunur.
Ancaq insanların xeyli qismi “Felyetonlar ölkəsi”nin ənənəvi həyat və düşüncə tərzindən ayrıla bilməyərək mənəvi tənəzzül yolunda qalırlar. Həyat davam edir... İnsanların xeyli hissəsi, ümumiyyətlə, antitəkamül mövqeyində duraraq düşünmək əziyyətindən qaçır. Kastaliyadakılar isə fəlsəfə, incəsənət və din haqqında mühakimələr yürüdür, müzakirələr aparırlar. Burada heç kim heç yerə tələsmir, gündəlik həyat qayğıları barədə düşünmür, çünki ətraf aləmin qayğılarından, problemlərindən asılı deyillər. Kastaliyanın adamları yalnız OYUN haqqında düşünür, yalnız OYUNun problemlərini həll etməyə çalışırlar. Və müəllif ürəkdən gələn qürur və kinayə ilə bu fenomeni uşaq məşğuliyyətinə bənzədərək “muncuq oyunu” adlandırır.Bizcə, çağdaş dövrdə bu VİRTUAL – İNTERNET – OYUN düzümünü müasir intellekt “muncuqları” adlandıra bilərik.
Tarixin ən qanlı savaşından dərhal sonra yüksək dəyərli ədəbi mükafatın alman yazıçısına verilməsi dünyanın humanitar görüşlü ziyalılarının nəzərində faşizmlə alman sivilizasiyasının eyniləşdirilmədiyini əyani şəkildə təsdiqlədi. Bu, Nobel Komitəsi tərəfindən həyata keçirilmiş bir humanizm və mərhəmət aktı idi. Dünyaya göstərirdilər ki, alman millətinin mənəvi siması Hitler deyil, Hessedir. Bu, həm də bütün bəşəriyyət üçün bəla kimi meydana çıxmış faşizmlə barışmayan, ona müqavimət göstərən, onunla mübarizə aparan antifaşist alman humanizminə verilən mükafat idi.
Hələ Birinci Dünya müharibəsi başlayanda H.Hesse ümumilikdə barış mövqeyi tutaraq müharibənin, xüsusən də Almaniyanın millətçi ideya üzərində dayanan savaş ideologiyasının əleyhinə çıxmışdı. Bu baxımdan yazıçı yaxın dostu və məsləkdaşı, görkəmli fransız ədibi, 1915-ci ilin Nobel mükafatçısı Romen Rollanla eyni mövqedə dayanaraq millətçiliyin dövlət siyasətinin ideoloji əsası olması prinsipini, ümumiyyətlə, inkar edirdi. Bu barədə yazırdı: “Mən özüm də patriotam, ancaq vətənpərvərliklə insanpərvərlik arasında seçim etmək lazım gəlsə, mən həmişə humanizmin tərəfindəyəm”.
Hələ faşistlər hakimiyyətə gəlməzdən iki il qabaq H.Hesse bacısına göndərdiyi məktubda yazırdı: “Hitler hakimiyyətə gəlsə, biz, əlbəttə, hər şeyi itirəcəyik – yalnız xalqın təhlükəsizliyini və maddi sərvətini deyil, həm də mənəvi sərvətlərimizi”. Müharibə dövründə H.Hesse belə bir qənaətə gəlir ki, millətçilik insan üçün ictimai, xüsusən də mənəvi ideal ola bilməz və vətənpərvərliyi millətçiliklə eyniləşdirmək insanın mənəvi varlığını alçaltmaq deməkdir. Faşizm dövründə vəhşiliyə, antiinsaniliyə qarşı mübarizə çağırışı ilə H.Hesse siyasətçilərə – ideoloqlara; hərbçilərə – generallara üz tutmur, sözünü bu vəhşiliyin əsas qurbanı olan adi insanlara – kütləyə də demir, peşəkar mənəviyyat xadimlərinə – elm, incəsənət, din adamlarına – ziyalılara müraciət edərək onları xalqın müqavimət gücünü səfərbər etməyə çağırır.
Almaniyanın nasist rəhbərliyinin siyasətini hər cəhətdən kəskin tənqid edən yazıçının əsərləri vətənində qadağan olunur və faşizmin süqutuna qədər onun heç bir əsəri Almaniyada nəşr edilmir. Nəhayət, 1946-cı ildə alman ədəbiyyatı H.Hessenin şəxsində altıncı Nobel mükafatına layiq görülür. Müzakirələrin gedişinidə İsveç Akademiyasının üzvü A.Esterlinq yeni laureat haqqında demişdi: “Bu mükafat H.Hesseyə faciəli bir dövrdə Xeyirin tərəfində durub humanizmi müdafiə etdiyinə görə verilir”.
Səhhəti ilə əlaqədar mükafatın təqdimat mərasimində iştirak edə bilməyən H.Hessenin minnətdarlıq məktubunu İsveç kralına və Nobel Komitəsinə İsveçrənin mədəniyyət naziri Q.Valloton təqdim etmişdi. O, çıxışında İsveç Akademiyasının prezidenti Z.Klurmanın sözlərini sitat gətirərək demişdi: “H.Hesse daim bizi irəliyə və ucalığa səsləyir. O, bizi əsl insan olmağa – Xeyirlə Şərin mübarizəsində tərəddüd etmədən Xeyirin tərəfini tutmağa çağırır”.
1951-ci ildə “Muncuq oyunu” pomanı Almaniyada ilk dəfə nəşr olunur. Bu romandan sonra yazıçı bir daha iri həcmli əsərlər yazmır, yaradıcılıq fəaliyyətinin son onilliyini yalnız şeir və hekayələr yazmaqla məhdudlaşdırır. Yeri gəlmişkən, H.Hesse şeir yaradıcılığında o qədər yüksək poetikliyə nail ola bilməsə də, nəsrində sözün böyük mənasında ŞAİR idi və bu üslub mükəmməlliyi Nobel Komitəsinin qərarında da xüsusi olaraq vurğulanmışdı: “...həmçinin gözəl üslubuna görə”. H.Hessedən başqa, heç bir nasir haqqında Nobel Komitəsi belə “lirizmə” yol verməmişdi.
1947-ci ildə Bern Universitetinin fəxri doktoru seçilmiş yazıçının sağlığında 11 romanı, 9 şeir toplusu, 9 hekayə kitabı çap olunub. Əsərləri əsasında 7 bədii film çəkilib.
1961-ci il avqustun 9-da 84 yaşında qan xərçəngi xəstəliyindən vəfat edən Nobel mükafatçısı İsveçrənin Montanola şəhərində dəfn olunub. Almaniya və İsveçrənin müxtəlif şəhərlərində onun şərəfinə abidələr qoyulub, muzeylər açılıb, adına ədəbi mükafat təsis edilib.
Sovet dövründə ədəbiyyat üzrə bir çox Nobel mükafatçıları kimi H.Hessenin də əsərləri Azərbaycan dilinə tərcümə edilməmişdi. Ölkəmiz müstəqillik qazandıqdan, tərcümə və nəşr işi milli dövlətçilik siyasətinin tələblərinə uyğun qurulduqdan sonra bir çox Nobel laureatları kimi, H.Hessenin də əsərləri ana dilimizə tərcümə edilərək ölkəmizdə nəşr olunmağa başladı. “Qanun” və “Əli və Nino” nəşriyyatlarının Nobel mükafatçıları seriyasından buraxdıqları kitablar sırasında H.Hessenin “Yalquzaq”, “Muncuq oyunu” və “Siddhartha” əsərləri də var.
Nəhayət, 2010-cu ildə “Şərq-Qərb” nəşriyyatı ana dilimizdə H.Hessenin iri həcmli “Seçilmiş əsərlər” kitabını nəşr edir. Kitaba yazıçının “Yalquzaq” və “Knulp” romanları, bir çox hekayə və məqalələri Azərbaycan oxucusuna təqdim olunur. Kitabın tərtibçisi A.Hacılıdır, əsərləri ana dilimizə V.Hacıyev, Ç.Qurbanlı, P.Əlioğlu, R.Haşımov tərcümə ediblər. Kitabın redaktoru M.Qarayev, ön sözün müəllifləri prof. Q.Quliyev və V. Hacıyevdir. Onlar Nobel mükafatçısının yaradıcılıq manerasını ümumi şəkildə dəyərləndirərək yazırlar: “Herman Hesse əsərlərində bir sualın cavabını axtarır: insanın insandan, cəmiyyətdən, təbiətdən, hətta öz xislətindən ayrı düşməsinə, özgələşməsinə səbəb nədir? Keşməkeşli həyat yaşayan yazıçı bütün yaradıcılığını mənəvi inkişaf yolunun tapılmasına gecikmiş cəhd hesab edirdi”.
Herman Hesse üçün incəsənətin son məqsədi insanın mənəvi tərbiyəsi, etik yaşam normalarının qorunması, mənəvi həyat prinsiplərinə uyğun yaşayışın təmin olunmasıdır. Əbəs yerə deyil ki, onun ən məşhur əsəri olan “Muncuq oyunu” romanını bəşəriyyətin gələcəyi haqqında humanizm fəlsəfəsi adlandırırlar.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Rauf Məlikov Elşad Baratın “Şəhidlər” silsiləsində
“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Şəhid Məlikov Rauf Mahir oğlu
Şəhid Məlikov Rauf Mahir oğlu, 1988-ci ildə Ağsuda anadan olub.
Döyüşlər başlayandan bir gün sonra – sentyabrın 28-də Talış yüksəkliyində qəhrəmancasına həlak olub.
Vətənə əmanət 5 yaşında Zəhra adında bir qızı vardı. 2-ci qızı Gülcan o, şəhid olduqdan 27 gün sonra dünyaya göz açıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunması" medalı ilə təltif edilib.
Bir canını itirdin,
Qazandın min can, oğul.
Səni salamlayıram,
İgid, qəhrəman oğul.
Nə mən Dədə Qorqudam,
Nə sən Oğuz igidi.
Amma səndən yazıram,
Birdi Vətən şəhidi.
Sənin iki qızın var,
Mənim də iki qızım.
Dilim-ağzım quruyub,
Bilmirəm heç, nə yazım.
Şəhid qızı görəndə,
Doğma balam sanıram.
Öz qızımın üzünə
Baxanda utanıram.
Utanıram özümdən
İslandıqca varaqlar.
Nə olar ki, atasız
Böyüməsin uşaqlar.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
Rəsm qalereyası: Mikayıl Abdullayev, Üzeyir bəyin portreti
Böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Bu gün onun anadan olmasının 102-ci ildönümüdür.
1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gerasimov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib. 1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Rəssam dahi Nizamidən başlamış müasir şair və nasirlərimizə qədər bir çox sənətkarların portretlərini yaradıb, “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddin lətifələri”, “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Şəbi hicran” əsərlərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikası sənətinə böyük töhfələr verib. XX əsrin böyük cinayəti hesab etdiyi 20 Yanvar faciəsindən təsirlənən rəssam 1992-ci ildə “Nakamların dəfni” əsərini yaradıb.
Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltiflərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.
2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)
“Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
İkinci xatirə
«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.
Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».
Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)