Super User
Rəsm qalereyası: Elşən Əzim, “Mənzərə”
Mədəniyyət qurban tələb edir.
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
+ Demək, sabah xarici qonaqlarımız var, konsertdi. Zal böyükdür. Ora adam yığmaq lazımdır. Demək, belə edirsən. Zəng vurursan bir iki universitetin rektoruna, tələbələri gətirsinlər, gəlməyəni də ənənəvi üsullarla idarə etsinlər. Daha sonra bizim bu işçilərə də deyirsən, birbaşa Vaqif müəllimin tapşırığıdır, sabah konsertə getməlidirlər. İşdi gördün ağız-burun əyirlər, deyərsən maaşınızdan tutulacaq, töhmət yazılacaq.
- Vaqif müəllim, bəs işi olanlar nə etsinlər ? Məs; Aynur xanımın övladı körpədi, ona baxmaq üçün getməlidir. Nəcibə xanımın evində yoldaşı xəstədir, ona baxır. Murad bəyin də sabah qızının ad günüdür. Hələ digərlərini demirəm. Belə işlər könüllü olacaq işlər deyilmi sizcə ?
+ Sən nə danışırsan ?! Xaricdən gələnləri 5-10 nəfər izləsin deyirsən ? Bəs bizə nə deyərlər ? Deməzlər hanı sizin mədəniyyətiniz, yüksək bədiiliyiniz, estetikanız? Yox, gəlməlidirlər. Mədəniyyət qurban tələb edir.
- Vaqif müəllim, qurban niyə bizlər olmalıyıq axı? Xaricdən gələnlər qoy görsünlər ki, həqiqətən marağı olanlar gəlib, onların izləyici bizdə bu qədərdir. Onlar bu az sayı gördükdən sonra hansısa addımlar ataraq bu sayı yüksəltmək üçün düşünməlidirlər. Çünki zövqlər, düşüncələr müxtəlifdir. Kimisə zorla nəyəsə məcbur etmək doğru deyildir. Konsert üçündə zalı məcburiyyətdən doldurub, süni görüntü yaratmaq lüzumsuzdur. Necə ki, küçə musiqiçilərini kimin üçün maraqlıdırsa, kimin zövqünü oxşayırsa onlar izlədikləri kimi. Eyni zamanda kəmiyyətdən öncə yüksək keyfiyyət də önəmlidir.
P.S. Sizcə, haqlı olan işçi haqsız olan Vaqif müəllimi razı sala bildimi? Yoxsa danlaq yiyəsi oldu?
Cavabı özünüz müəyyənləşdirin.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
Beynəlxalq “Öz həyatınızı qiymətləndirin” Günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
19 oktyabra təsadüf edən əlamətdar hadisələri qeyd edirik:
19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü
Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.
Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:
Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;
-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?
Deyir, Sidorovam.
-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?
-Məgər bu yaşamaqdır?
19 oktyabr. Napoleonun qara günü
Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.
1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.
19 oktyabr. Veronika Kastro günü
Veronika Kastro kimdir? Meksika aktrisası, müğınniisi, teleaparıcısı. Dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki, kmişilərinin sevimlisi. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.
1952-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Amma sonradan daha sivil parıldama yolunu seçdi. Marianna rolunu oynadığı “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrildi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. On minlərlə pərəstişkarı başına toplaşmışdı.
Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
42-Cİ DƏRC
Baş Hakim növbəti replikasını atdı:
-Hətta belə!
Baş ekspert oxuduğu tarixi mənbələrə o qədər alüdə olmuşdu ki, sanki prosesin içində idi, gözü ilə görüb hər bir epizodu nəql edirdi:
-Hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski öz hərbi dəstəsini də götürərək, Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə Bakının girəcəyində idi, Bakıda və Şamaxıda baş vermiş mart hadisələrindən dərhal sonra onlar gəlib Bakını və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.
Bolşevik adı altında daşnakların Bakı və Şamaxıda törətdiklərindən sonra kifayət qədər qorxu içində olan Quba sakinləri Gelovaninin ultimatumu qəbul etdilər və 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Qubada - şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olundu, Gelovani özünü Qubanın qəza komissarı elan etdi. Lakin yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə etdi. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin silahlı hücumu başlandı. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəldi. Üç gün davam edən şiddətli döyüşlərdən sonra cəsur ləzgi dəstələri bolşevikləri Qubadan qovub çıxardı. Bolşeviklərn məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qaldı, ləzgilərdən 200 nəfər öldürüldü, həmçinin dinc sakinlərdən 70 nəfər həlak oldu. Qubanı tərk edərkən ermənilər məntiqə sığmayan addım atdılar, Ağacanyanın əmri ilə onun əsgərləri xristian əhalisini, əsasən erməniləri şəhərdən çıxarmaq məqsədilə ev-ev gəzərək bir yerə topladılar, lakin atışma zamanı yarı yolda ataraq qaçdılar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla çıxarılan dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri həlak oldu. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırdı, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirdi. Bolşeviklər geri çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına od vurdular.
Bu yerdə yaşlı hakim müdaxilə etdi, Baş ekspertə xahiş ünvanladı:
-Ağacanyanın dəstəsinin məğlubiyyətindən sonra Qubaya daha güclü və daha təcrübəli erməni dəstəsi – gördüyünüz bu cani Hamazaspın dəstəsi göndərilib. Az qüvvə ilə qalibiyyət planı baş tutmayanda daşnak-bolşevik müttəfiqlər Qubaya qisas batalyonu yollayıblar. Bu məqamda çoxlu bufer hadisələri var, çoxlu şəxs adları var. Mən Baş Hakimin icazəsiylə Baş ekspertdən xahiş edərdim ki, bu bəhs etdiyim epizodlardan vaz keçib bilavasitə Hamazaspa keçsinlər, çünki burda velosiped ixtira etməyə lüzum belə yoxdur, təfərrüatsız da hər şey aydındır, Hamazaspın cinayətləri ovcumuzun içi kimi aydın görunur.
Baş Hakim Baş ekspertdən mövqe bildirməyi xahiş etdi, o da yaşlı hakimlə razı olduğunu söylədi, az keçmiş o, artıq məlumatı oxumaqda idi:
-Şaumyan dərhal Bakıda qisas planı hazırladı. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdu. Dəhşətli çaxnaşma və təlaş başlandı. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürüldü. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildılər.
Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla qətlə yetirməkləri ilə diqqət çəkdilər. Onlar küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra evlərə soxularaq südəmər körpələrə belə rəhm etmədən, bütün ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların pulunu, qiymətli əşyalarını qarət edirdilər. Onlar evləri və mağazaları qəddarcasına yandırırdılar.
Qətlə yetirilənlərin meyitləri küçələrdə, evlərdə qalıb çürüməkdəydi. Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Hamazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız qətliamın dördüncü günündə erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra çıxdı, lakin heç biri geri qayıtmadı – onların hamısı güllələndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı.
Hamazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü o, qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara aşağıdakı məzmunda nitqlə müraciət etdi: “Mən əslən Osmanlıdanam, Ərzurumdan. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah Şahdağa qalxdıqda başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir.”
Baş Hakim Hamazaspdan nitqini təhrif edib etmədiklərini soruşdu, o da laqeydliklə düzgünlüyünü təsdiqlədi.
Sonra diktorlar mətnin davamını oxudular:
-Amazaspın belə bir açıqlaması ilə şəhər başçısı Ə.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında Bakıya şikayət etməsinə cavab vermiş oldu, onun bu açıqlamasını həm də Hamazaspın ona uzatdığı əlini rədd edən Quba şiə müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin “Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?» – sualına cavab da hesab etmək olardı.
Sadəlövh müsəlmanlar doğrudan da, yaxşı padşah nağılına inanan olurlar. Ermənilər Qubadan getdikdən sonra Əlibəyov Hamazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi Sovetlər tərəfindən göndərdiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara “dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün” Bakıya gedib. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.Əlibəyov sonradan xatirələrində yazacaqdı: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze isə mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya heç də cəza dəstəsi göndərməyiblər”.
Yeri gəlmişkən, Gelovani də Qubaya cəza dəstəsinin göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərmişdi: “Hamazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnak idilər, Hamazaspın özü də qatı daşnakdır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi”.
Prosedə növbəti məqam qətliamın necə dayandırılması barədəki məlumatların oxunmasından ibarət oldu:
-Quba qətliamının 9-cu günün tamamında dayandırılması isə bu səbəbdən baş verdi. İş ondadır ki, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman qubalı Mir Cəfər Bağırov da Gelovani və iki yəhudi ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Bu həmin Bağırovdur ki, sonradan uzun müddət Azərbaycan Sovet Respublikasına rəhbərlik edəcəkdi. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görübmüş. Amma Bağırov hadisələrin gedişinə təsir edəmmir, həmyerlilərinin vəhşicəsinə qətlə yetirilməsinə əngəl ola bilmirdi. Özü sonradan bunu belə etiraf edəcəkdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
Beləliklə, Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olub, o dəhşətli mənzərənin qarşısını ala bilməyib, amma hər halda, onun “dayandırılması” üçün cəhd göstərib. Bu faktı Gelovaninin sonrakı izahatı da təsdiqləyir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Hamazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi”.
Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə Qubaya gələn Gelovaninin qəti tələbi əsasında Hamazaspın dəstəsi Quba qırğınlarının 9-cu günü, hələ yalnız şəhərin özündə talan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk etdi.
Hamazaspın 3 minlik cəza dəstəsinin Quba qəzasına yürüşü olduqca ağır fəsadlarla tarixə yazıldı. 1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində Hamazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə – yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən – talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Hamazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı da nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Ə.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Hamazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər getmişdi. Sayca bir neçə dəfə üstün olan ermənilər, sonda qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürümüşdülər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanlarına qəltan edilmişdi. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adını almışdı.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Qocalığın son nəğməsi” şeiri
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin şeirlərinin dərcinə davam edirik. Bu gün “Qocalığın son nəğməsi” şeiri təqdim edilir.
QOCALIĞIN SON NƏĞMƏSİ
Güzgüdə gördüyüm qocadan soruşdum: bu dünyanın axırı necə olacaq?
Cavab verdi ki, axıra qalanlar bilər.
Paltar da ağırlıq edir,
Alığımı alın, gedim.
Əyni yuxa, başı açıq,
Ayaqları yalın gedim.
Qayalardan atın məni,
dəryalara qatın məni.
Nə on əlli tutun məni,
nə ardımca gəlin,
gedim.
Dəhmərləyir zaman atı,
Gümanımız iman adı...
Olun Allah amanatı,
Di salamat qalın,
gedim.
Zəhmətimi itirməyin,
minnətimi götürməyin.
Məni yola gətirməyin,
məni yola salın,
gedim.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
İKİSİ BİRİNDƏdə Rüstəm Kamal Azər Turan barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamalın ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan barədə qeydlərini təqdim edəcəyik.
AZƏR TURAN: MƏFKURƏNİN VƏ SÖZÜN İŞIĞI
...Bundan əvvəl də Azər Turan haqqında iki-üç xırda yazı yazmışam. Burda yazdıqlarımı təkrarlamaq niyyətim yoxdu. Arada bir geriyə baxıb, uzaqdan və yaxından tanıdığın insan haqqında qənaətləri ümumiləşdirmək lazımdır. Düşüncələrimi tezis-fraqment şəklində bölüşmək istəyirəm. Nə gizlədim, mən öz üslubu olan, öz üslubunu tapan “stilist” müəllifləri sevirəm. Azər Turan “düşünən stilistlərdən” (B.Paskalın “düşünən şəkərqamışı” metaforasına istinad etmişəm) biridir. Onun yazı və düşüncə stili tempramentinə, poetik ovqatına və hətta səs tembrinə tam uyğun gəlir. Azər poeziya bilicisidir. Bunu deməklə, güman edirəm ki, heç də mübaliğəyə yol vermirəm. Yazılarında və söhbətlərində poeziya tariximizin elə detallarını və faktlarını elə söyləyir ki, poetik yaddaşının və zövqünün məntiqinə heyrətlənməli olursan. Bəlkə, ona görə də onun yazılarında nəsr və poeziya, təhkiyə ilə lirizm iç-içədir.Lirizm su kimi onun bədii esselərinə də, publisistik məqalələrinə də dərindən hopub. O, analitik təhlillərini belə lirizmlə “doyuzdurur”, filoloji yazılarının strukturuna subyektiv avtobioqrafik başlanğıcın daxil olması da bu üzdəndir.Onun esselərində şeir və nəsr bir ritmik məxrəcdə (qovşaqda), bir ümumi sintaksisdə üzvi surətdə birləşir. Rus alimi B.V.Tomaşevski deyirdi ki, “ritm sintaksisin spektridir”. Mətnlərdə prozaik cümlələr misralar havasında olur. Onun prozaik misraları daim poetik ritm və deyim tərzi üçün darıxır, “şeir üfüqünə” tələsir. Azərin esselərində poetik ricətlərin və ovqat düşüncələrin, duyğusal obrazların, metaforaların zənginliyi, inanın ki, fərasətli bir şairin şeiri üçün “tikinti materialı” da ola bilərdi. Həmişə bu fikirdə olmuşam ki, o, yazılarını şair kimi yazır, şair kimi düşünür və yaşayır. Bu düşüncə ilə “Ölüm süvarisi” essesinin sonunu sərbəst şeir prinsipi ilə sıralamaq da istədim. Qardaşım Azər məni bağışlasın, icazə almadan mətninə müdaxilə edirəm.
Göylər yenə də buludlu. Mart həmin mart, aprel həmin apreldir. Şifonerdəki sahibsiz paltarlar da papaq və qırx iki ölçülü ayaqqabı da onunkudur... ...Vaxt buz kimi soyuyur. Soyuduqca soyuyur.
Azərin yaddaşı keçmişə çox bağlıdır. Keçmiş isə artıq ötüb keçmiş, geridə qalmış bir zamanın adı deyil, fərdi və ya toplum yaddaşına inteqrasiya ola biləcək bir konstruksiyadır – alman yazıçısı Bernhard Şlinki təxminən belə deyirdi. Azərin arxivində nə varsa, yaddaşın bərpası və diriliyi üçündür, zamanlararası əlaqəni yaratmaq, keçmişi bu günə və sabaha daşımaq üçündür. Fotoqrafiya Azər Turan yaradıcılığında vacib vizual element olmaqla yanaşı, həm də mistik simvolikadır, “başqa” dünya ilə əlaqə yaratma üsuludur.
Azər Turan mənim tanıdığım nadir yazarlardan biridir ki, müdrik, el ağsaqqalı, böyük ziyalı İmamverdi Əbilovun – atasının, yaddaşını (keçmişini) özünü yaddaşına adekvat şəkildə birləşdirə bilir. Bu da ona atasının müasirlərindən, dostlarından öz müasirləri və dostları kimi rahatca danışmağı və yazmağa imkan verir. Atasına və özünə ünvanlanmış məktublar, maqnitofon lentinə “qısılıb qalmış” (A.Turan) səslər, şəkillər ruhların (R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, X.Məmmədov və b.) maddiləşmiş obrazlarıdır.
Əslində, Azər bu üsulla onlarla, əminəm ki, mistik-spiritual prosedur keçirir, yəni ruhlarla söhbət edir. Bu cür yazıları ancaq kədərli adam yaza bilər. İnsanların taleyini şəkillər, xatirələr, səslər vasitəsilə oxuya bilən adamın ruhu mütləq göydən “nəm çəkməlidir”.
“Ölüm süvarisi” essesi sevimli, əziz dostu nakam taleyinə, Faiq İsmayılovun unudulmaz xatirəsinə həsr olunub. Faiqlə xəyali söhbətlər, Faiqin şeirləri xatirə qırıntıları, gündəlikdən qeydlər həkimlərin söylədikləri, lirik ricətlər – hamısı “historia morbi” latınca: (“ölüm tarixi”) üçündür. Tarixçəsi Faiqin şeirləri ilə “süslənir”. Məndən olsa, bu yazıya Moris Blanşonun “Kafka və yaradıcılıq tələbatı” essesindən bu sözləri epiqraf qoyardım: “və o öz ölümü hesabına yaşamağa məcbur idi...”. “Ölüm süvarisi” essesi Azərin yalnız dərdini danışıb, “içini boşaltmaq” aktı deyildi, həm də Uca Yaradanla dialoqu idi, dua aktı idi (Emil Çoran deyirdi: “İnsan duasız yaşaya bilər, amma dua etməməsi heç vaxt – mümkünsüzdür”).
Turançılıq və türkçülük Azər Turan üçün məfkurə – əqidə hadisəsidir. Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Yusuf Akçura, Fuat Köprülü, Nital Atsız onun üçün türkçülük məfkurə babaları deyil, həm də bir millətin inanc – iman kultlarıdır. Azər Turan üçün Turan mifoloji məkan adı deyil, sivilizasiya tipidir. O, dəyərli araşdırmaları ilə həmin sivilizasiya tipinin coğrafi-mədəni, məfkurəvi-estetik hüdudlarını müəyyənləşdirir və qəti inanır ki, bu gün ölkəmizdə çağdaş türkçülük fəlsəfəsinin təntənəsində Hüseyn Cavid, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə kimi fikir dühalarının irsinin öyrənilməsinin və təbliğinin böyük əhəmiyyəti var. Millət sevdalısı kimi artıq özü bu uzun mücadilənin içindədir. Beləcə, otuz ilə yaxındır ki, Azər Turan türk məfkurəsinin böyüklərindən yazıb, oxucularını da böyüdür.
Azərin 2002-ci ilin dekabrında yazdığı və böyük musiqiçi Vaqif Mustafazadəyə həsr etdiyi “Ayın 18-i” adlı bir essesi var. Bu yığcam (səhifəyarımlıq) poetik mətn maraqlı struktura malikdir. Bu yazıda Azər poeziyanın arxaik priyomunun birindən – təkrirdən istifadə edərək, yəni bir mətnin əvvəlində və sonunda iki fotoşəkil ilə bağlı xatırlamalar verir. Həmin xatırlamalar essenin leytmotivi – nəqaratı kimi səslənir: “Qarşımda bir fotoşəkil var. XX yüzil Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcılarından biri Vaqif Mustafazadənin anası Zivər xanımla yanaşı dayanan 21 yaşlı oğlan – mənəm.
Üstündən 18 il keçib”. Yazının sonunda fotoşəkil məsələsi yenidən təkrarlanır: “Qarşımda 1984-cü ilin 27 aprelində çəkilmiş bir fotoşəkil var.Üstündən 18 il keçib. Vaqif Mustafazadənin isə “Ayın 18-i” adlı bir əsəri vardı. 1969-cu ildə, 29 yaşındaykən, iyul ayının 18-də keçirdiyi infarktla əlaqədar özünə ithaf etdiyi “Ayın 18-i” ni Zivər xanımla qoşa dayanıb çəkdirdiyimiz şəklə baxarkən bir daha xatırladım”. Beləcə, bu fotoxatırlatmalar da “18” simvolik mistik məna qazanır.
2005-ci il idi. Azər təzəcə çapdan çıxmış “İrfan çobanı” kitabını gözəl xəttilə avtoqraf yazıb mənə bağışladı: “Əzizim Rüstəm Kamal. Nə yaxşı ki, bu dünyada varsan. Sənsiz bu fikir dünyamız necə də kasıb olardı. Tanrı səni bizə çox görməsin. Böyük sevgilərlə. Azər Turan”.
Qəribədir, aradan 18 il keçib. Səmimi deyirəm: bu avtoqrafa heç fikir verməmişdim. Amma bu günlərdə – qardaşım Azər Turanın yubileyi ərəfəsində onun kitablarını vərəqləyib, gözdən keçirirdim və mənə elə gəldi ki, bu avtoqraf-dua onun özünə ünvanlanıb. XXI yüzilin bədii – estetik, kulturoloji, ictimai fikir dünyamızı Azər Turansız təsəvvür etmək qətiyyən olmaz.
Yenə 18 ildən sonra böyük Azər Turanı təbrik etmək arzusu ilə: Rüstəm Kamal!
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
“Qar Mələyi” - Signor Bayramlı Məhəmmədin hekayəsi
Bu gün Sabunçu Gənclər Evində fəaliyyət göstərən “Azərbaycan oxucuları” Kitab Klubunun daha bir yaradıcı üzvünü təqdim edirəm: Signor Bayramlı Məhəmməd.
O, 24.03.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. “Bakirə”, “Samuray” romanlarının və “Xəyalların kölgəsində” adlı hekayə məcmuəsinin müəllifidir. Tərcüməçidir. Mustafa Lütfi Əl-Mənfəlutinin “Sabah”, Mustafa Mahmudun “Subay həyatı” hekayələrini dilimizə tərcümə etmişdir.
Aytən Hüseynli, “Ədəbiyyat və incəsənət” üçün
Qar Mələyi
Signor Bayramlı Məhəmməd
“ALFA” Komandası
Bakı qara həsrət qalmadan əvvəlki günlərin biri idi. Buluddan qopan qar dənəcikləri nazlı gəlin kimi astaca enib, Bakının hündür binalarını, neft qoxan Xəzərin mavi, dalğalı sularını, kələ-kötür yolları öpərək soyuq nəfəsini şəhərə hədiyyə edir və özündən geriyə sadəcə xatirələr qoyub, qeyb olurdu. Hərdən ağacların budaqlarında qar topası qalırdı. Uşaqlar əllərini tərlədən qalın əlcəyi geyinib, həvəslə həyətə qaçır, amma qar görməyib məyus olurdular. Gözlərini süzüb evə qayıtmaq istərkən isə Tanrının hədiyyəsinə – bəyaz qarın çiyinlərinə qonmasına şahid olurdular. Qarın yağmasına sevinəndən çox, kədərlənənlər vardı. Soyuq qar boruları dondurduğu üçün qışa lənət oxuyaraq su axtarmağa gedən atalar, altı deşilmiş çəkmələri su keçirən uşaqlar və bu mənzərəyə daxil ola biləcək digərləri. Amma hər şeyə rəğmən qış şəhərə toxunurdu. Kiminə görə bu ehtiraslı öpüş, kiminə görə isə sərt bir şillə idi...
Şəmsiyyə qara uzun saçını sol çiynindən aşağı sallayıb, kresloda oturmuşdu. Pəncərəyə baxan qəhvəyi gözlərindən düşüncəli olduğu hiss olunurdu. Barmaqları dizinin üstündəki skripkaya toxunduqda, ahəngli musiqi yerinə nizamsız cingiltilər səslənirdi boş evdə. Qarşısındakı kiçik qara masanın üzərində içində iki solğun lalə olan güldan, yeni doğulan körpənin qəlbi qədər təmiz bir not dəftəri və işlənmədiyi üçün az qala mürəkkəbi quruyacaq bir qələm vardı. Çoxdandır heç nə bəstələyə bilmirdi Şəmsiyyə. Bütün ömrü musiqinin qucağında keçən, suyun şırıltısından tutmuş, küçədə bir itin hürməsinə kimi hər səsdən bir şahəsər ortaya çıxaran Şəmsiyyə artıq yaradıcılıq böhranı yaşayırdı. Ən sevdiyi fəsildən belə həzz ala bilməyəcək hala gəlmişdi. “Musiqi bizi hər an izləyir. Sadəcə biz onun varlığını hiss etmək üçün hərdən susmalıyıq” deyən Şəmsiyyə, ruhunu saran musiqinin səsini eşitmirdi. Bəlkə də o da Bethoven kimi kar olmuşdu. Bəs o da kar ola- ola şahəsər yarada bilərdimi? Çətin ki, bunu bacarardı. Tarix ikinci Bethoveni daşıyacaq qədər güclü deyil çünki. Nə qədər musiqini eşitməsə də, onun var olduğuna əmin idi. Bəlkə də toza dönüb, kitab rəfinə qonmuşdu musiqi. Hansısa kitabı vərəqləyəndə, arasından notlar töküləcəkdi bəlkə də. Ya da ki, skripkanın simlərində gizlənmişdi. Onun ən sadiq dostu olan skripka, dar günlər üçün bir-iki not saxlamışdı yəqin ki. Bəlkə də, sadəcə özünü aldadırdı. Şəmsiyyə ehtimallar dənizində lövbərsiz gəmi kimi üzürdü. Hansısa ehtimal sahilinə yan almaq istəsə də, onu orada saxlayacaq bir lövbəri yox idi.
O, düşüncələrinin dərinliyinə o qədər dalmışdı ki, qapının zəngini eşitmirdi. Şəmsiyyəni düşüncələrindən çiyninə toxunan zərif əl ayırdı. Başını qaldıranda ona dikilmiş mavi gözləri gördükdə, özünə gəldi. Üzünə yalançı bir təbəssüm ilişdirib, dedi:
- Gəldiyini hiss eləmədim.
- Sənin verdiyin açarla açası oldum qapını. Demişdin axı hərdən yaradıcılığını yarımçıq qoyub, qapını açmağa gələ bilmirsən- deyib, skripkanı Şəmsiyyənin dizindən götürdü.
- Malıma bələdəm də. Düzü indi nəsə yaradan halda deyiləm. Bəlkə sən nəsə deyəsən, şairəm.
- Mənim bir hekayəm var, amma sən bəyənərsənmi, bilmirəm – Şəmsiyyənin yanındakı kresloda oturub, dedi.
- Sən de. Onsuz da bekaram. Dinləyərəm.
- Yaxşı. Hekayə “Qar Mələyi” adlanır. Əzrailin dilindən nəql olunur...
Hər şey 1950-ci ildə başladı... Qar bütün yarımadaya yayılmışdı. Yerdəki təkər izləri təhlükənin hələ də davam etdiyindən xəbər verirdi. Qanla qarışmış qar ayaq altında qalıb xışıldayırdı. Uzaqdan hələ də silah səsləri eşidilirdi. Qarın varlığının hiss olunmadığı tək yer, alovlar içində yanan balaca ev idi. Əsgərlər evdəki qadını və kişini güllələyib, evə od vurmuşdular. Anasının gizlətdiyi balaca kolun içindən bütün bunları seyr edən balaca qızcığaz isə, səssiz hıçqırıqlarla ağlayır və əsgərlər onu tapmasın deyə buza dönmüş əlləriylə üzünü tuturdu. Elə bilirdi ki, üzünü gizlətsə, heç kim onu tapa bilməz. Əsgərlər getdikdən sonra yanıb, külə dönmüş evlərinə girən qızcığaz ata-anasını tapa bilməyib, sakitcə oradan uzaqlaşdı. Anasının qulağına pıçıldadığı sözlər hələ də yadında idi: “Seonam, qızım. Əsgərlər səni görməsin. Əgər bizi tapmasan, Solnan xalanın yanına qaç. O səni saxlayar.” Seona ayaqyalın soyuq qarın üzərində gəzərkən, Solnan xalasının hansı tərəfdə olduğunu xatırlamağa çalışırdı. Əsgərlərə görünməmək üçün meşəylə getməyə çalışdı. Vaxtilə atasıyla birlikdə gəzdikləri meşədə, indi tək gəzməli idi. Ölümün rəqs etdiyi bu meşədə balaca qızcığaz, yalnız addımlayırdı.
Siyahım uzun idi bu gün. Təki o siyahıda Seona olmayaydı. Seona ağacların arasında asta-asta yeriyərkən, gecənin meşəyə necə çökdüyünü hiss eləmədi. Amma qaralan hava və mədəsindəki boşluq, onun dincəlməyə ehtiyacının olduğundan xəbər verirdi. Seona hündür bir ağacın dibinə çöküb, əllərini ovuşdurmağa başladı. Hava çox soyuq idi. Bədənində qanı donurdu. Amma buna dözməli idi. Səhər açılanda, Seona gözlərini güclə açdı. Gecə yağan qar onun üzərini bir yorğan kimi örtmüşdü. Güclə ayağa qalxıb, yoluna davam elədi.
Mən onun getdiyi kənddən çıxmağa hazırlaşırdım ki, donmuş əlini ilıq nəfəsiylə isitməyə çalışaraq gəldiyini gördüm. O an gözlərini bağlayıb bu faciəni görməməsini istərdim. Di gəl, bacarmırdım. Gözləriylə bu qırğını gördü. Amma yanan evlər onda qorxudan çox sevinc hissi oyatdı. Seona sadəcə donmuş bədənini isidəcək bir soba kimi baxırdı evlərə. Mən onun üzündəki sevinci hələ də xatırlayıram. Bir anlıq bu mənzərəni izləmək istədim. Amma getməliydim.
Düz iki gün sonra onunla görüşdüm. Kəndin ayağındakı dar yolda qar adamıyla oynayırdı. Gedəcək yeri yox idi. Nə də onunla oynayacaq bir dostu. Qardan adamla oynayır, təngənəfəs halda qarın üzərində otururdu.
Həmin gün də belə olmuşdu. Mən onu almağa gələndə, sakitcə qarın üzərində oturmuşdu. Bir müddət sonra yuxuya getdi. Üzündə məsum bir ifadə vardı. Saçına sığal çəkib, qucağıma aldım. Elə yüngül idi ki... Mən ona toxunanda qəribə bir hiss yarandı. Ilk dəfə idi ki, birinin ruhunu alanda belə məyus olurdum. Onu əbədiyyən izləyə bilərdim. Əslində bunun imkansız olduğunu bilirdim. Mən cəhənnəm atəşi qədər isti, o isə ovuc istisində əriyən qar mələyi.
Şəmsiyyə hekayə bitdikdən sonra göz yaşına qarışan sevinc dolu baxışlarını qıza yönəldib, ayağa qalxdı. Ona möhkəm sarıldı. Daha sonra çoxdandır əlinə almadığı mürəkkəbi qurumağa başlamış qələmi götürdü və yazmağa başladı. Notlar sətirlərə toxunarkən, yazılan hər səs Şəmsiyyənin qulağında səslənirdi. Qarşıda onu musiqinin qucağında keçəcək bir gecə gözləyirdi. Notların üstündə isə tək bir ad diqqəti özünə cəlb edirdi: Qar Mələyi.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
“Sən gəl səma ol, mən dəniz olum” - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Olarsanmı?
Gündüzlər pəncərəmə süzülən şəfəqim olarsanmı?
Günəştək sabahlar səmadan gülümsünər, məni isidərsən. Ancaq bax haa, qəlbimi isidim deyib ürəyimi külə çevirmə.
Gecələr həmdəmim olarsanmı? Ay kimi nurunu qaranlığıma çıraq edərsənmi?
Bəlkə də, zöhrəm olarsan. Sənin parıltın yollarıma yön verər. Hətta, elə doğmalaşarıq ki, uzaqlardan mənə göz vuranda səni milyonların içindən tanıyaram.
Gözlərim dolar və darıxaram mən. Bax onda bulud olub gözlərimin yerinə dolarsan.
Bəlkə yağış olasan? Çirklənmiş vicdanları öz saflığınla yuyub aparar, ardından göy üzünü yeddi rəngə boyayarsan.
Külək olsan saçlarıma sığal çəkərsən, yoxsa qoxumu ciyərlərinə dustaq edən yaz mehi kimi əsərsən?
Qar dənəm, payız yarpağım, xəzan küləyim, yaz yağışım, gecə günəşim, gündüz ulduzum olarsanmı?
Sən gəl səma ol, mən dəniz olum. Nə qovuşa bilək, nə ayrı qalaq. Gəl səninlə sonsuz maviliklərdə əl-ələ tutuşmağın xəyallarını yaşadaq ruhumuzda.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
Bu gün Gənc Tamaşaçılar Teatrı Mingəçevirdə çıxış edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün - oktyabrın 19-da Mingəçevir Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak edirlər.
Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “Öz kefimin paşasıyam” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir.
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.
2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)