Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün növbəti dəfə sizlərə bir pedaqoq təqdim edirəm. Xatirə Həsənovanı. Düşünürəm ki, bu maraqlı həmsöhbətlə söhbətim sizlərin də marağına səbəb olacaq.
-Salam Xatirə xanım! İlk öncə özünüz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
-Mən Həsənova Xatirə Qələmşah qızı. Siyəzən rayon sakini. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu. 19 ildir ki , pedaqoji fəaliyyətlə məşğulam. Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışmağımın 18 ili tamamdır. Bu illər ərzində Pedaqoji fəaliyyətimdə heç bir qüsura yol verməmiş, rayon təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşam. Fəaliyyətimdə öncüllük ilk növbədə cəmiyyət üçün mükəmməl şəxsiyyət, vətənpərvər vətəndaş və mükəmməl mütəxəssis yetişdirməkdir.
-Texnologiyanın, süni intellektin həyatımızda rolu haqqında fikirlərinizi bilmək istərdik.
-Texnologiya mənim həyatımın əsas hissəsini təşkil edir, süni intellekt isə dünyada baş verən digital transformasiyanın əsas parçalarından biridir. Dinamik inkişafda olan cəmiyyətdə rəqəmsal olmadan yaşamaq artıq mümkünsüzdür. Mütləq ki, hər bir sahədə müsbətlər olduğu kimi mənfilər də var. O, cümlədən İKT-nin də. Hər şey normada faydalıdır. Nizami Gəncəvi demişdir:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da"
-Bir pedaqoq olaraq müasir gənclik, onların hal-hazırdakı mütaliə səviyyəsi sizi qane edirmi?
-Müasir gənclik artıq Zet nəsli mərhələsini keçərək, Siqma nəslidir. Bu çox sevindirici haldır. Artıq yeni nəsil müasir dövrün tələbi olan müasir elmlərə yiyələnir. Dünya təhsil sisteminə inteqrasiya edirik. Amma özülü möhkəm olmayan bir bina nə qədər uca olsa belə ilk zərbədə təhlükəli ola bilir. Mükəmməl şəxsiyyət hərtərəfli, İntellektual, Məsuliyyətli, Uzaqgörən, Fikrini faktlarla mükəmməl çatdıran olmalıdır. Bunların hamısının yolu mütaliədə kəsişir. Əfsus olsun ki, gəncliyimizin mütaliəyə marağı məni qane etmir.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Mən hər zaman oxuyuram. Əsasən dram, fantastika, poetik, triller janrına daha çox üstünlük verirəm. Poetika ruhumu, dram dünyanı, fantastika xəyallarımı, triller isə artan həyəcan, təlaş, sürpriz, intizar hislərimi qidalandırır ki, hər əsərdən sonra baxış bucağımda fərqi hiss edirəm.
-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq gözəl fəaliyyətdir. Amma bunu vərdişə çevirmək üçün hədəf təyin etmək lazımdır. İnsan hər zaman hədəfə doğru addımlayır. Bu vərdişi qazanmaq üçün ilk növbədə hazırkı maraq dairəsinə uyğun, kiçik ölçülü və həcmli, rahat daşına biləcək kitablardan başlamalı, diqqətimizi çəkən hissələrin altından xətt çəkməli , gündəlik səhifə hədəfi seçib hər gün artırmalı və s. - mən belə düşünürəm.
-Bir pedaqoq olaraq gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Gənclər şüurlu seçim edərək addım atsınlar, daxili potensiallarını nəzərə alaraq peşə seçib, hansı sahədə olmalarından asılı olmayaraq peşəkar olsunlar. Ədalətli, dürüst, mərhəmətli olub, Allahı unutmadan şəxsi inkişaflarına yol açan cığırlardan keçib düz yolda addımlasınlar.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)