Super User
Gözəl konsert və afişadan qəzəbli baxış
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq. Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.
“Lirik-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur.
Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Hamımız bu ifaçını sevir və dəyərləndiririk. Konsertin də möhtəşəm keçəcəyinə əminik. Amma…
Qapaq şəklində gördüyünüz konsertin rəsmi afişasıdır. Heydər Əliyev adına saraya perpendikulyar olan binanın divarında boyaboy bu afişa vurulub. Amma müğənninin elə şəklini seçiblər ki, simasından qəzəb yağır. Baxışlarından müdhiş kədər asılıb.
Konsert afişasına bu şəkli seçən insanın mən şəxsən peşəkarlığına şübhə etdim. Konsert afişasına pozitiv çalarlı şəkil seçilər, bu bir aksiomdur.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Özbəkistanda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət” portalı
Mərkəzə istinadən xəbər verir ki, nəşr 5 dildə - Azərbaycan, özbək, türk, ingilis və rus dillərində işıq üzü görüb.
Qeyd olunub ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanıb, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaqdır. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer alır.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar, məlumatlar və fotolar öz əksini tapıb.
Nəşrdə “Şuşa İli” və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən bəhs olunub.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Kəlağayı - milli-maddi dəyərimizdir, unutmayaq
Könül, “Ədəbiyyat və incəsənət”
Kəlağayı – Azərbaycan qadınlarına məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Xəbər vermişdik ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində ''Kəlağayı əlvan qıyqacı'' layihəsini həyata keçirir. Kəlağaylya bu sevgiyə görə quruma, onun başında duran Güllü Eldar Tomarlıya minnətdarlıq etməyəkmi, edək.
Mənsə öncə başıma bir kəlağayı bağlayıb güzgünün qarşısına keçdim, nə gözəl yaraşır insana bu baş örtüyü. Və özümə borc bildim ki, kəlağayı barədə məlumatları toparlayıb sizlərə çatdırım.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Qazax, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt Bakıdan 165 km. şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.
Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik ta qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
Şəki ipəyindən hazırlanan geyimlər, tikmələr, baş örtükləri də yüksək qiymətləndirilirdi. Elə bu səbəbdən kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi daha çox Şəkidə hazırlayıb, kəlağayını isə Basqalda yaradırdılar. Odur ki, hər iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz “ipək telləri” bağlayırdı.
Müxtəlif illərdə Azərbaycanda səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayı haqqında söz açmışlar. Məlumdur ki, 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür.
Əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi - toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir.
Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması iki gün çəkir və qəribə görünsə də, adətən bu qadın baş geyimi kişilər tərəfindən hazırlanır. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər.
Baş örtüyünün hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtouz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən, ağ, qara, soğanı və yaşıl rənglərdə 150x150 sm və 160x160 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.
Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Bildirək ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edir.
Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.
Kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri yerli əhalinin gündəlik məişətinə də sirayət etmişdir. Belə ki, şirniyyat və çörək məmulatlarında, türbə və qəbirüstü abidələrdə kəlağayıya məxsus elementləri görmək mümkündür. Bu baş örtüyünə gözəllik, təmizlik rəmzi kimi Azərbaycan folklorunda, poeziyasında, habelə təsviri və dekorativ sənətində də tez-tez rast gəlinir. Sözsüz ki, bütün bunlar kəlağayı ornamentlərinin bir çox dünya xalqlarının incəsənətində də yer almasına gətirib çıxarmışdır.
Kəlağayının əsas xüsusiyyətlərindən biri onun həm istilik, həm də sərinlik gətirməsidir. Belə ki, ipək parça son dərəcə nazik, yumşaq olub, onu geyinən insanın dərisinə qulluq edir, müxtəlif mikroblardan qoruyur.
Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur. Qadınlar kəlağayını müxtəlif yaş dönəmlərində rənginə və formasına görə örtürlər. Belə ki, yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə şəklində bağlayırlar, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirlər. Qadınlar yas yerlərində qara, toy mərasimlərində isə əlvan naxışlı kəlağayılar bağlayarlar. Ümumiyyətlə, yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayı örtürlər.
Azərbaycanda vaxtı ilə kəlağayı yalnız qadın gözəlliyini tərənnüm etmirdi. Bunu həm də qurulacaq ailənin təməl daşı hesab etmək olardı. Belə ki, kəlağayısını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Yaxud da elçilik mərasimində qız tərəfinin razılığı alınandan sonra oğlan tərəfindən bir qadın qırmızı kəlağayıya bükülmüş nişan üzüyünü təqdim edirdi. Bundan başqa toy öncəsi adətlərdən olan xınayaxdı mərasmində gəlin gedən qızın başına qırmızı kəlağayı atıb, əl-ayağına xına yaxarlar. Kəlağayının toy mərasimindəki rolundan söz düşmüşkən onu da əlavə edək ki, bəyin özünə, sağında və solunda dayanan dostlarının boynuna, gəlin maşınının güzgüsünə də kəlağayılar bağlanırdı. Hətta toya təşrif buyuran qadınların xonçasında ən qiymətli hədiyyə də elə kəlağayı olardı. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub yaşamaqdadır.
Bəzən Azərbaycan ailələrində insan dünyasını dəyişəndə onun üstünü qara kəlağayı ilə örtərlər. Bu hətta dəfn olunma prosesinə qədər də baş verə bilər. Bu da onu göstərir ki, kəlağayı azərbaycanlıları ömür boyu müşayiət edən elementlər sırasındadır. Bu baş örtüyü həm də sülhsevər missiyanı özündə yaşadır. Belə ki, müxtəlif səbəblərdən yaranmış münaqişə zamanı qadın başındakı kəlağayını yerə atarsa dava edən şəxslər dərhal savaşı dayandırarlar.
Göründüyü kimi kəlağayıya hörmət qadına olan ehtiram qədər daim zirvədədir və o bəzən istifadə olunmasa belə evin ən əziz yerində qorunub saxlanılır. Onu hətta ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların evlərində də görmək mümkündür. Çünki kəlağayı azərbaycanlıların ailə ənənələrini qoruyan qüvvələrdəndir.
Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəbin sürətlə dəyişildiyinə baxmayaraq örtüyün ölçüsü, naxışlarının forması olduğu kimi hələ də qalmaqdadır. Onu hətta dünyada ən uzunömürlü baş geyimlərindən biri kimi qəbul etmək olar.
İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə kəlağayıya olan böyük tələbat bu qədim sənət növünü indiyədək yaşadır. Bu gün də Şəki şəhərində, Basqal qəsəbəsində bu işi davam etdirən sülalələr böyük məmnuniyyətlə kəlağayı istehsal edirlər. Müxtəlif illərdə Basqal və Şəkidən çıxmış sənətkarlar yalnız Azərbaycanın digər bölgələrində deyil, eləcə də Gürcüstanda, Türkmənistanda, İranda, Rusiyada və Özbəkistanda da kəlağayı istehsalının təməlini qoymuşlar.
Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.
Kəlağayı yalnız Basqalda yerləşən muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Və əlbəttə ki, bir kəlağayı muzeyini də Güllü Eldar Tomarlı yaradıb.
Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.
Və qız-gəlinlərə də üz tutaraq deyirəm ki, bu eı yaddaşından süzülüb gələn kəlağayı sevgisini davam etdirsinlər!
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Tolga Çevikin Bakı performansına yarım ay qaldı
Onun yumoru Azərbaycanda çox sevilir.
“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Bu gün “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi yekunlaşır
Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil etdiyi sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunub.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşıb, onların bu yolda irəliləməsinə təkan verib. SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, qısaca sənətkarın daxili ahənginin var olması üçün öz mövcudluğunu daim davam etdirəcək.
Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilib.
Vernisajda təqdim edilən dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alıb.
Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi də planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
“Bu gecə, bu qoca, bu ocaq!” - Bu gün “Dantenin yubileyi”nin premyerası olacaq
Könül, “Ədəbiyyat və incəsənət”
-Bu gecə, bu qoca, bu ocaq.
- Yox, yox, bir də yox.
Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.
Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.
Məşq gedirdi.
Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol projektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.
Rejissor qıvraq bir sıçrayışla pilləkənləri qət edib səhnəyə qalxdı, ön tərəfdə dayanmış qarabuğdayı sinli kişiyə yanaşdı:
-Feyzulla, atam, qardaşım, - deyə sakit və təmkinlə danışmağa çalışdı, - özüvə yazığın gəlmir, bizə gəlsin. Səhər doqquzdan burdayam, ağzıma bir tikə çörək almamışam. Atam-anam sənə qurban, axı biz də yazığıq. Bütün əsərdə üç kəlmə sözün var; onu da fərri deyə bilmirsən. Axı bu zəhirmarın harası çətindir: Bu gecə. Bu qoca. Bu ocaq. Vəssalam.
Feyzulla çirkli, əzik dəsmalını çıxartdı, tələsik-tələsik üzünün, alnının tərini sildi.
-Bu saat, bu saat, - deyə Rejissoru sakitləşdirməyə çalışdı. - Bu saatca, bu saatca deyəcəm, darıxma.
Rejissor papirosunu «Kazbek» qutusuna döyəclədi, üfürüb damağına qoydu, yandırmadı.
-Hə, di de görüm.
- Baş üstə, bu saat, bu saat.
Rejissor kibrit çəkdi, arxaya çevrilmədən gerisində dayanmış aktyora:
-Əlikram, replika, - dedi.
Arxada dayanmış aktyor Feyzullaya müraciətlə:
- Bəs hanı? - deyə soruşdu.
Feyzulla:
- Bu kecə, bu qoca, bu ocaq, - dedi.
Rejissor:
- Tfu, sənin... - deyə sözünü yarımçıq kəsib becid bir yerişlə səhnədən düşdü, yerinə qayıtdı, papirosu külqabıya basıb söndürdü. Sonra döş cibindən balaca həb çıxarıb dilinin üstünə qoydu, stəkana su töküb içdi. Oturdu.
Feyzulla:
-Əsəbiləşmə başına dönüm, əsəbiləşmə, - deyə Rejissora yalvardı, - bir hovur səbr elə, bu saatca deyəcəyəm. Bilmirəm, mənə nə olub bu gün, karıxmışam…
Bu, mənim Anar yaradıcılığından ən çox sevdiyim “Dantenin yubileyi” əsərinin başlanğıcıdır. Bu zavallı aktyor Feyzulla Kəbirlinskinin başına nələr gəlir, ilahi. Biz qəhrəmanları qəzaya salır, xəstələndirib öldürür, döydürürürük. Anarsa sadəcə bir sözlə, bir zarafatla, mənəvi öldürür.
Bu gün gözəl gündür, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası bu gün və sabah gerçəkləşəcək.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.
-Bu gecə, bu qoca, bu ocaq.
Bu kəlmələri əzbərləyə bilmir, insan və cəmiyyət təzadını gözəl ümumiləşdirir. Və öncədən anons verim ki, Xalq artisti Sabir Məmmədov Feyzulla obrazını hədsiz gözəl canlandırıb.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Azərbaycanın 10 milyardlıq gəliri - Turizmlə bağlı faktlar
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Turizm hamının sevdiyi bir nəsnədir, kim xarici ölkələri gəzmək, görməli yerlərdən zövq duymaq istəməz ki?
Turizmlə bağlı topladığım növbəti faktları diqqətinizə çatdırıram:
-Son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayı artıb. 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32 faiz, 59 faiz, 20 faiz, 91 faiz, 78 faiz, 188 faiz artımlar müşahidə edilib.
-Və həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artım qeydə alınıb və prosesin qarşılıqlı olduğu da diqqətçəkəndir.
-Şamaxı şəhəri 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilmişdi, 2024-cü il üçün isə Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının Turizm Paytaxtı seçilib.
-Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyi, bu rəqəmin 2026-cı ildə 4 milyona çatacağı gözlənilir.
-2026-cı ildə Azərbaycana turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Hər kəs eyni deyil ki, əzizim!
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hər qadın eyni deyil, heç kişiləri də ümumiləşdirmək olmaz. Bir şey ki, qadınlar da, kişilər də ayrıdırlarsa, gör sevginin neçə tonu, neçə ahəngi var. Neçə gözəl sevilən və gözəl sevən insanlar var, bir fikir ver.
Gəl bir az qadınlardan danışım.
Hansı qadınlardan danışım sənə?
Cəfakeşindənmi? Əndamlılarındanmı?Savadlısından, məğrurundanmı? Yoxsa cahilindən, qorxağından, qürursuzundan? Ya da incinmiş olanından?
Gəl sənə hərəsindən bir az danışım. Kitab qoxan qadınlardan danışım, məsələn. Ən qiymətli əşyası kitabları olan qadınlar var, saç telləri hörük-hörük kitab qoxar o qadınların. Oxuyub, əziyyət çəkib ayaqları üstündə dim-dik duran, kimsəyə boyun əyməyən, qərarlarını özü qəbul edib özünü hər zaman müdafiə edən qadınlar var, məsələn. Əzilməyən, əzdirməyən dik baxışları ilə canlar alıb mərhəmət gülüşləri ilə yaralar sağaldan qadınlar da var bu həyatda.
Tam əksinə, təbiiliyi standartlaşmaya, saflığı estetikaya, təvazönü zinətə dəyişib özünü xoşbəxt zənn edən və daim asılı yaşayan qadınlar da var.
Qürurunu əzdirib "dözüb oturanlar" da var, susmayıb dili haqq danışanlar da. Məsələn, dini yalnış təbliğ edib 22 yaşlı qızın hicabını düz örtmədiyi üçün döyülərək öldürülməsinə haqq qazandıran da var, qorxub səs çıxartmayan da var, vicdanı susmayıb haqqı bağıranlar da var, haqqı soyunmaqda görüb bütün şüurları məhv edənlər də var.
Demişdim axı, hər kəs eyni deyil.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Dəmirdən yumruğun mübarək, dağlar! - Zaur Ustacın şeirləri
Günümüzün poetikası - “Ədəbiyyat və incəsənət” portalı bugün sizə Zaur Ustacın şeirlərini təqdim edir. Günümüzün poetikası təbii ki, Qarabağ qalibiyyətindən doğan şən əhval-ruhiyyədən, qürurdan ibarətdir.
ŞANLI ƏSGƏR
Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam!
* * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam!
* * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam!
* * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam!
* * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam!
* * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam!
* * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
PİRDİ HƏR ƏSGƏR!
Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşatək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
BU PAYIZ
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
* * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
* * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
* * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
* * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
* * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
* * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “Özümü tapa bilmirəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir.
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.
2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
ÖZÜMÜ TAPA BİLMİRƏM
Külqabı, istəkan... Boşalır tez-tez
Bir payız gecəsi, beş-altı şair.
Göz-gözü görməyir tüstüdən daha
Və dərdlər tökülür ortaya bir-bir.
Keçmişə sürüyür, sabaha çəkir,
Yenə də gülürəm bu çağımda mən.
Ucqarda görünür ayaq izlərim,
Donmuşam hələ də qucağında mən.
Bir neçə saatdır sənin dalınca -
Getmişəm, özümü tapa bilmirəm.
Çağırır dostlarım hardasan Paşa?!
- İtmişəm, özümü tapa bilmirəm...
Sağlıqlar düzüldü masanın üstə,
yenidən özümdə yaratdım səni.
Acı keçmişimi çəkdim başıma,
Bir qurtum şərabda unutdum səni.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)