Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, sizlərə Məmməd Məmmədlinin “Mən atamı axtarıram” hekayəsi təqdim edilir.

 

 

Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi...

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb-yanır. Sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb-yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

Günəşə bənzər naməlum obyekti görəndə sinirləri tab gətirmədi. Vahimə onu basdı, dizləri boşaldı və əlində bərk-bərk tutduğu araq şüşəsini yerə atıb qaçmağa başladı. Bəlkə, mən yuxu görürəm? Ola bilməz... bu, mənim gözümə göründü! Bəs bu işıq topası hardandı?

Uzağa qaça bilmədi, arxadan elə bil onu maqnit kimi tutub saxladılar, taqətdən saldılar və o, çarəsiz-çarəsiz yerə çökdü.

– Getmə, dayan! Biz sənə zərər vermərik, – kimsə onun beyin hüceyrələrini tərpətdi.

Hipnoz olunmuş kimi yerindən qalxıb dənizə üz tutdu. Suya girəndə dərinliyi hiss etmədi. Ona elə gəldi yelkənli qayıq təki suyun üstü ilə şütüyür. Günəşə yaxınlaşdıqca cazibə qüvvəsi daha da artdı və o, huşunu itirib qırmızı kürənin içinə sovruldu.

– Siz kimsiniz, hardan gəlmisiniz? – dərin yuxudan ayılırmış kimi soruşdu.

Qarşısında qaraltı kimi dolaşan əcaib məxluqlardan biri insan kimi danışdı:

– Biz sənə hardan gəldiyimizi söyləsək, bir şey anlayacaqsanmı?

– Məndən nə istəyirsiniz? – dili ağzında dolaşdı.

– Biz sənin dərdini bilirik. Səni 30 il çəkdiyin iztirabdan qurtarmaq istəyirik. Bizə etibar edə bilərsən. Qorxma! – küt səslə dedi.

Bu zaman kosmik fəzada asılı qalmış astronavt kimi ayaqları yerdən üzüldü, başına torba keçirib harasa apardılar.

– Buraxın məni, Günəş balaları, köpək uşaqları... – qışqırdı.

Aradan nə qədər vaxt ötdüyünü, başına nə oyun açdıqlarını hiss etmədi. Təslim oldu...

Beləcə dəniz özünə lazım olmayanı sahilə atdığı kimi onu da qumun üstünə tulladılar. Bütün gecəni ölü kimi düşüb qaldı. Özünə gələndə hava artıq işıqlaşırdı. Ayağa qalxıb ətrafa göz gəzdirdi. Yaddaş qırıqlığına uğramışdı. Axı onun sahildə nə ölümü vardı? Anlamırdı. Üst-başını çırpıb evə qayıtdı...

Qapını açıb içəri keçəndə gördüyü mənzərədən çaşıb qaldı. O, anasının gözünün ağı-qarası, yeganə balası idi. Axşamdan oğlunun 35 yaşını qeyd etmək üçün hazırlıq görən ana balasının yolunu gözləyə-gözləyə başını masaya söykəyib yuxuya getmişdi. Əlini ehmalca anasının saçına çəkdi. Süfrədə aş, aşqara, cürbəcür salatlar, kəsilməmiş tort – hamısı onu gözləyirdi. Kefi duruldu. İştahla aş-qaradan götürüb boşqabı qabağına çəkdi.

Anası başını qaldırıb ağzını marçıldadan oğluna zəndlə baxdı.

– Hardaydın?

– Dənizdə.

– Yenə sərxoşluq edirdin, hə? Atanı fikirləşirdin? Bədbin olma, oğlum, gələcəyə bax.

Aslan heç nə olmamış kimi anasının üzünə gülümsədi:

– Hansı atanı?

Ana oğlundan bu cavabı gözləmirdi. Səsindəki soyuqluq beynində qarışıq fikirlər oyatdı.

Aslan bu vaxtadək elə bil quyunun dibində ömür sürürdü. Oradan çıxmağı düşünmürdü. Oğluna kömək əlini uzatsa da, aralarındakı məsafə onu həyata qaytarmağa bəs eləmirdi. İki dünya arasında ilişib qalmışdı Aslan. Nə ölə bilirdi, nə də quyudan çıxmağa çalışırdı. Oğlunun bədbin fikirlərə qapılması, göz görə-görə “intihar” etməsi ananı üzürdü. İndi atası haqqında solaxay sualı ananı üşütdü:

– Necə yəni hansı atanı?! Şəkillərdə gördüyün, sevə-sevə xatırladığın atanı, – ana ağlamsındı.

Atasının yoxluğu, uzun illər qəlbində daşıdığı atasızlıq kimi ağır yük elə bil sovrulub yox olmuşdu. Dənizdə başına gələn hadisə onu büsbütün dəyişmiş, sanki quyunun dibindən dartıb həyata qaytarmışdı. İndi o, lili çökmüş suya bənzəyirdi. Bununla belə gözlərində bir qədər laqeydlik də sezilirdi.

– Mən atamı xatırlamıram.

Bu dəfə ana əməlli-başlı heyrətləndi. Gözlərini iri açıb narahat-narahat soruşdu.

– Sənə nəsə olub, oğlum?

Sakit baxışlarla düz anasının gözünün içinə baxdı:

– Heç nə olmayıb, ana, ciddi deyirəm, mən atamı xatırlamıram.

Anasının sualları ona bir az qəribə gəlirdi, elə bil “ata” sözünü həyatında heç vaxt dilinə gətirməmişdi.

– Bəlkə, başına hava gəlib? Yalvarıram, o zəhrimarı daha içmə!

– Narahat olma, – ağzındakı loxmanı çeynəyib sözünə davam etdi. – Sadəcə atasız böyüdüyüm üçün yadıma düşmür. Yəqin, sən deyən kimi içkinin təsirindəndi.

Bu sözlərdən sonra anası sakitləşdi. Üzündəki təbəssümü görüncə özündən ixtiyarsız 30 il əvvəl baş vermiş hadisədə balaca Aslanın gözlərində donmuş, anlaşılmaz ifadəni xatırladı...

 

                                               ***

 

Soyuq yanvar ayı idi. Şahnaz mətbəxdə yeməyə baxır, balaca Aslan da pedallı avtomobilini minib o baş-bu başa sürür, qabağına çıxanı vurub dağıdırdı. Sözəbaxan uşaq deyildi. Valideynləri onun heç bir arzusunu ürəyində qoymazdı, nadincliyinə görə bir söz deməzdilər. Atası ona hər ay yeni animasiya qəhrəmanı hədiyyə etsə də, oyuncağa olan sevgisi cəmi bir gün çəkirdi, səhərisi ya başı qopmalıydı, ya da ayağı. Evdə o qədər oyuncaq avtomatı, təyyarələri vardı ki, yığıb-yığışdırmaq olmurdu.

Atasına olan sevgisi də özünəməxsus tərzdəydi. Hamıdan tez durur, duran kimi çarpayıya dırmaşıb atasının qulaqlarını dartışdırırdı. O, məhz oğlunun hesabına işə gecikmirdi. Canlı saat düz onun evində yaşayırdı. Aslan oyandısa, evdəkilər yatmamalıydı. Əks halda nəsə düşüb sınacaq, yaxud da evi su basacaqdı.

– Aslan, get o biri evdə oyna, imkan ver, işimi görüm. İndi ata gələcək, sənə gözəl bir hədiyyə gətirəcək. – Şahnaz toyuq budlarını çevirə-çevirə oğluna səsləndi.

Aslan pedala basıb maşını var gücü ilə yataq otağına tərəf sürdü. Qapını vurub təkərini şkafa dirədi. Bir-iki dəfə dala-qabağa verib dayandı, yoruldu.

Yataq otağı Aslanın gözündə bir avtodayanacaq idi. O hər dəfə maşını park etmək istəyəndə bu otağa salırdı. Bununla belə, nəyisə kəşf etmək hissi heç zaman onu tərk etmirdi. Odur ki, növbəti axtarışını elə həmin paltar şkafından başladı.

Paltarları töküşdürüb şkafın gözlərini gəzirdi. Hündür, əli çatmayan yerlər Aslan üçün bir tapmacaydı. O, alpinist kimi elə hey yuxarı dırmaşmalıydı.

Budur, artıq şkafın başındadır. Heç vaxt görmədiyi əşyanı tapdığından maraq onu götürüb. Görəsən, nə var bunun içində? Yaman ağırdı! Nə üçündü, görəsən?

Oğlunu görməyə tələsən ata hələ də tıxacdaydı. Vaxtı öldürmək üçün mühərriki söndürüb radionu qoşmuşdu. 105FM dalğasında “Bakuba” qrupunu dinləyirdi. Cazı sevdiyindən vaxtın necə ötdüyünü hiss etmədi. Başını qaldıranda yol açılmışdı, hətta arxadakı sürücülər siqnal verirdi ki, sür də, nə durmusan. Mühərriki işə salıb yoluna davam etdi.

Yaşadığı binanın həyətində maşını saxlayıb Aslanın hədiyyəsini götürərək tələsik evə qalxdı. Səbirsizlənir, həm də sevinirdi. Görəsən, “transformer” oğlunun xoşuna gələcək? Yoxsa bu da birgünlükdü?

Liftdən çıxıb qapını döydü. Açan olmadı, bir də döydü. Harda qaldı bu Şahnaz? Nəhayət, yoldaşı qapını açdı.

Evə girən kimi ucadan oğlunu səslədi.

– Aslanım mənim! Gör ata sənə nə alıb! – deyib yataq otağına keçdi.

– Hardadı mənim vəhşi pişiyim?

Başını qaldıranda Aslanı gördü. Bir göz qırpımında evi sanki ildırım vurdu. Ata iki addım geriyə çəkilib çarpayının üstünə yıxıldı.

 

***

 

Məgər Aslan həmin gecəni xatırlamırdı? Bu vaxtadək özünü günahkar sayan həyatı boyu çəkdiyi iztirabları necə unuda bilərdi?! Nə baş verdi ki, uzun illər qəlbində daşıdığı acısını dənizdə qoyub gəldi? Şahnaz ürəyində sevinsə də, bu sualın cavabını axtarırdı.

– Sən dənizdə neynirdin, oğlum? Nə gördün orda? Çalış, yadına sal.

– Desəm, inanmayacaqsan, – yeməyinə ara verib sözünə davam etdi. – Başqa ulduzdan gəlmələr məni tutub saxlamışdılar. Hiss edirəm onlar mənə nəsə edib. Amma tam xatırlamıram, dünənki gecə yaddaşımdan ən qorxunc xatirəni silib elə bil.

Şahnaz indi hər şeyi başa düşdü. Oğlu yarasını qaşımasın deyə, bir daha atasıyla bağlı mövzuya qayıtmadı. Anladı ki, unutqanlıq insanı ən ağır dərddən belə azad edə bilər. İndi 30 il bundan əvvəl baş verən hadisənin sirrini yalnız Şahnaz bilirdi. Və o bunu heç kəsə söyləməyəcəkdi.

Həmin gecə Şahnaz özünü otağa atanda ağlına gətirdiyi gerçək oldu. Aslan əlindəki ov tüfəngini bərk-bərk sıxıb donmuş baxışlarını düz anasına zilləmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib müğənni Könül Kərimovadır. Ondan müsahibə1998-ci ilin mayında götürülüb.

 

“MÜĞƏNNİ ÜRƏKLƏ OXUMALIDIR”

 

O özünü əslən ağcabədili hesab etsə də, Bakıda doğulub. 1987-ci ildə Bülbül adına musiqi məktəbinin, 1992-ci ildə isə Musiqi Akademiyasının muğam şöbəsini bitirib. Sənət müəllimi görkəmli sənətkar Arif Babayev olub. Dəfələrlə muğam və mahnı festivallarında iştirak edib və qalib gəlib. Hazırda tanınmış sənətkar Məhəbbət Kazımovun rəhbərlik etdiyi “Laçın” ansamblının solistidir. Ailəlidir, bir oğlu, bir qızı var. Müsahibimiz populyar müğənni Könül Kərimovadır.

 

-Könül xanım, niyə həmişə həzin, kövrək, qəmli mahnılara üstünlük verirsiniz?

 

-Mənə bu sözü çox deyiblər. Uşaqlıqdan həzin mahnıları sevirəm. Nəğmələrim də özüm kimidir, qəmli.

 

-Ötən il sizin “Yar, başına dönüm” mahnınız hit oldu. Mahnıda öz taleyinizi oxuyursunuz?

 

-Bu sualı da çox verirlər. Mahnının sözlərini yaxın bir rəfiqəm verdi mənə, mən də verdim bir bəstəkara. Bir dəfə toydan gəlmişdim, gecə saat iki idi. Mahnının sözlərini pianinonun üstünə qoyub başladım oxumağa, düz axıracan. Beləcə, “Yar, başına dönüm” mahnısı yarandı.

 

-Bu mahnıya qədər heç bəstəçiliklə məşğul olmuşdunuz?

 

-Özümü bəstəkar hesab etmirəm. Mənimlə birlikdə oxuyanlar, məsələn, Könül Xasıyeva və başqaları bilirlər ki, mən həmişə ürəyimdə öz bəstələrimi oxumuşam, amma üzə çıxarmağa ürək eləməmişəm. Bu mahnını da ilk dəfə musiqiçilərə demədən toyda oxudum. Xoşları gəldi, xahiş etdilər, bir də oxudum. Əgər bəyənməsəydilər, səsə salmaq fikrim yox idi.

 

-Bəs, həyatda necə, başına döndüyünüz bir adam varmı?

 

-Mən ailəliyəm, iki övladım var. Həyat yoldaşım polis işçisidir, öz xalam oğludur. Oğlum Rəşadın yeddi, qızım Ləmanın isə 6 yaşı var

.

-Sevib ailə qurmusunuz?

 

-Biz uşaqlıqdan onunla deyikli olmuşuq. Xalam oğluyla ailə qurmaqda məqsədim bu idi ki, o mənə sənətlə məşğul olmağa mane olmayacağına soz vermişdi.

 

-Doğulduğunuz ailədə sənət mühiti olubmu?

 

-Qarabağlılar hamısı anadangəlmə sənətçi olurlar. Bacım Sevinc də Musiqi Akademiyasını bitirib, gözəl fortopianoçudur, hazırda Mədəni Maarif Texnikumunda müəllimə işləyir. Gösəl səsi var. İndiyədək ailə vəziyyəti imkan verməyib ki, müğənnilik etsin. Fikrimiz var ki, müğənni kimi də özünü sınasın.

 

-Bəs, ailəsi buna razı olacaqmı?

 

-Onlar mənim nümunəmdə gördülər ki, müğənni və təmiz ailə sahibi olmağı bir araya gətirmək olar.

 

-Sizin ailədə necə, söz-söhbət olmur ki?

 

-Olur. Amma problem səviyyəsinə gəlib çıxmır. İstək olan yerdə qısqanclıq da olmalıdır. Sənətimi başa düşməyən adam olsaydı, ailə xatirinə ailə qurmaz və bunu özüm üçün faciəyə çevirməzdim. Mənə necə elçi gəlib, nişan qoyulub xəbərim olmayıb. Toy günümü təyin edəndə dedim ki, qoy, baxım görüm, həmin gün məşğul deyiləm ki... Yəni başım həmişə sənətimə qarışıb.

 

-Məhəbbət Kazımovla gözəl duet oxuyursunuz. Bu sənət əlaqəsi necə yarandı?

 

-Mən onunla el şənliyində tanış olmuşam. Hər ikimizi toya dəvət etmişdilər. O məni özünün rəhbərlik etdiyi “Azəri Muğam Ocağı”na dəvət etdi və duet oxumağı təklif elədi. Mən Məhəbbətin sənətini yüksək qiymətləndirirəm və ona ustad kimi baxıram. Çünki heç kimdən görmədiyim böyüklüyü, ağsaqqallığı, alicənablığı ondan görmüşəm. Başqa sənətçilərdə çox tez-tez rastlaşdığım paxıllıq Məhəbbətdə yoxdur. Onu mənim gözümdə yüksəldən, yəqin ki, elə budur. Mən gəncəm, məni ruhlandırmaq lazımdır. Məhəbbətdə bu cəhət güclüdür. O mənimlə elə rəftar edir ki, elə bil,  Zeynəb Xanlarovayam. Halbuki, ömrü boyu məni ruhdan salıblar.

 

-Zeynəb Xanlarova sizin üçün ideal müğənnidir?

 

 

-Mənə elə gəlir ki, Zeynəb xanım dünyaya tək gəlib. İkinci elə bir müğənnimiz heç vaxt olmayacaq. İndi hər yerindən duran özünə ulduz deyir. Bizim yeganə ulduzumuz Zeynəb Xanlarovadır.

 

-Ulduzlar çox olur, Günəş isə təkdir. Bəlkə, Zeynəb xanıma Günəş deyək?

 

-(gülür) Elə daha yaxşı olar.

 

-Nə əcəb, sizi Opera və ya Muğam Teatrına dəvət etməyiblər?

 

-Muğam Teatrı yarananda İslam Rzayevlə Arif Qazıyev dörd nəfəri – Könül Xasıyevanı, Elçin Cəlilovu, Aybəniz Haşımovanı və məni ora dəvət etdilər. Bu gün heç birimiz orada yoxuq.

 

-Elə niyə?

 

-Mən tənbəlliyimdən getmədim. O vaxt uşaqlar körpə idi, tələbəydim, çatdıra bilmirdim.

 

-İndiyədək neçə albomunuz çıxıb?

 

-“Atıb getdin” adlı ilk albomumu o qədər də uğurlu saymıram. “Yar, başına dönüm” adlı ikinci albomum mənə daha əzizdir. Hazırda həmin albomun “Səbuhi” səsyazma studiyasında video-kaseti hazırlanır.

 

-Azərbaycanda qadının müğənni olması çətin deyilmi?

 

-Azərbaycanda hər şey çətindir.

 

-Xarici ölkələrə dəvət almamısınız?

 

-İndi dəb düşüb, hamı yalandan-gerçəkdən on-on beş ölkədən dəvət aldığını deyir. Mən heç bir yerdən dəvət almamışam. Canəli Əkbərovun bir sözü var, deyir ki, ən uzaq getdiyim yer Biləcəridir. Amma xaricdən dəvət alsam, gedərəm.

 

-Bəs, Vətən?

 

-Mən elə-belə, gəzməyə gedərəm.

 

-Heç, xaricdə qastrolda olmusunuzmu?

 

-Dörd il əvvəl İstanbulda olmuşam. Onlarda sənətə olan qayğı, diqqət məni heyran qoyub. Bizdə istedadlı sənətkara yiyə duran yoxdur.

 

-Müğənniyə kim yiyə durmalıdır ki?

 

-(ani olaraq duruxur, bir az narazılıqla) Bilmirəm, onu bilirəm ki, yiyə duran yoxdur. Məgər Elmira Rəhimova kimi müğənnini, Səfurə İbrahimova kimi aktrisanı diqqətdən kənarda qoymaq olar? Mən düşünürəm ki, hələ cavanam, toylara gedirəm, ehtiyaclarımı birtəhər ödəyirəm. bəs, bu olmasa nə edərdim? Müğənninin problemi hamıdan çoxdur.

 

-Nə vaxtsa səhnəni tərk etmək fikriniz olmayıb ki?

 

-İstəsəm belə, səhnəni tərk edə bilmərəm.

 

-Sənət həyatınızda ən xoşbəxt gün nə vaxt olub?

 

-İlk dəfə professional səhnəyə çıxdığım gün. O gün mən “Qatar” muğamını oxudum və müsabiqədə birinci yeri tutdum. Yeri gəlmişkən, məni gözəl müğənnimiz Tükəzban İsmayılova və tarzən Həbib Bayramov hazırlamışdılar. İlk müəllimlərim kimi mən onları həmişçə minnətdarlıqla xatırlayıram.

 

-Müğənninin bir faciəsi var, yaşı artdıqca texnikası güclənir, amma səsi korlanır. Bu yaş həddi sizinçün çox uzaq olsa da, heç bu barədə düşünmüsünüzmü?

 

-Bu məni narahat etmir. Əsas səsin çoxluğu deyil, ürəkdir. Müğənni ürəklə oxuyur.

 

-Qibtə etdiyiniz müğənni varmı?

 

-Mən heç kəsə bənzəmək istəmirəm. çünki hər müğənninin öz dünyası var. Amma səhnə görünüşü və davranışına qibtə etdiyim bir müğənni var – Nazpəri Dostəliyeva.

 

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-Sizin bu suala Yasin Qarayev yaxşı cavab vermişdi. Onun cavabı çox xoşuma gəlmişdi. Mən də onun kimi dostlarımı götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərin təqdimatını yekunlaşdırır.

 

 

İbrahim Malik oğlu Vəlizadə

 

Şəhid İbrahim Malik oğlu Vəlizadə 1997-ci ildə aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2018-ci ildə Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlılar Bölüyündə xidmətə başlayıb. Müharibə başlayan gündən ön sıralarada döyüşən qəhrəmanımız Murovdağ, Suqovuşan istiqamətində bir çox yerlərdə döyüşüb. Murovdağa ilk bayraq sancanlardan olub.

Oktyabr ayının 6-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını çıxararkən, snayper gülləsinə tuş gəlib. Qarın nahiyəsindən, sonra isə başından vurulub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, İbrahim Malik oğlu Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub. Ailəlidir, bir övladı var. Övladına şəhid Fərid Əhmədovun adını verib.

Şəhid İbrahim Vəlizadə oğlu dünyaya gələndən sonra onu cəmi bir dəfə görüb. Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl həyat yoldaşına “Kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim”, – deyib. Vətənə olan sevgisi toyunda da özünü göstərib. Şadlıq sarayına "Vağzalı" ilə deyil, Azərbaycanın Dövlət Himni ilə daxil olub, başları üzərindən Azərbaycan bayrağını asdırıb.

Oktyabrın 6-da şəhid olan qəhrəmanımızın nəşi noyabrın 30-da yoldaşının ad günündə ailəsinə təhvil verilib.

 

Salam, igid, qəhrəman,

Salam, cənab leytenant.

Sən şəhid Vəlizadə,

Mən şair Elşad Barat.

 

Şad oldum tanışlığa,

Necədir fəsillərin?

Yazın, qışın necədi?

Göz yaşıyla yuyulmuş

Məzar daşın necədi?

 

İndi and içiləndə

Şəhidlərin ruhuna,

Vətənə and içilir.

Şəhidlərin məzarı

Lap uzaqdan seçilir.

 

Seçilir şəhidlərin

Vətənə məhəbbəti.

Seçilir vətən eşqi,

Qəlbinin həraraəti.

 

Vətən sənin balana

Balası kimi baxır.

Bircə dəfə gördüyün

Oğluna sahib çıxır.

 

Bu torpaqda hamıdan

Çox sizin haqqınız var.

İndi sizin ailəniz

Vətənədir yadigar.

 

Bilirəm ki, bilirsən,

Görürsən olanları.

Zəfər çaldı ordumuz,

Daha yerdə qalmadı

Şəhidlərin qanları.

 

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də bu gün onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmayacaq. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə. 

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 71 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Ümummilli lider Heydər Əliyevin Uğur mövzusuna uyğun olan aforizmlərini də nümunə gətirmək istəyirəm:

 - Kim ki, biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur;

 - Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma məhz öz yerini, özünəməxsus olan yerini tapmalıdır;

 - Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil.

 - Bir hadisənin qarşısını almaq – o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Heydər Əliyevin bir fikri isə, məncə sabaha ümidi olmayan şəxslərə əsl töhfədir: «İnsan həmişə ümidlə yaşamalıdır. Hətta ən ağır anında belə sabahkı xoş günə olan ümidi onu tərk etməməlidir».

 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalış­ıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işlə­yib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azər­baycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə möv­zusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub.  Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsər­lərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Cümə axşamı, 21 Dekabr 2023 10:00

İlin ən qısa günü, Krossvord və Türkmənbaşı

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günün – 21 dekabrın əsas hadisələrini diqqətinizə çatdırıram.

İlin ən qısa günü

Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.

 

Krossvordun yaranışı günü

1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?

 

Fənər günü

Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.

 

Və digər əlamətdar hadisələr

Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.

2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.

 

Talesiz rəssamın və bəxtsiz şairin elegiyası

Bu gün mərhum şair və rəssam Adil Mirseyidin doğum günüdür. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Onun barəsində bir azdan ayrıca yazı təqdim edəcəyəm.

 

Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyevin də bu gün doğum günüdür. Onun barəsində də ayrıca yazı təqdim edəcəyəm.

 

Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Onun barəsində isə əməkdaşımız Könülün ayrıca yazısı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas prioritet məsələlərindən biri də film nümayişlərini təşkil etməkdir. Bu sahədə əsas məqsəd yerli kinorejissorların filmlərini nümayiş etdirməklə onlara dəstək olmaq, yeni xarici filmləri tamaşaçılar üçün əlçatan etmək və tamaşaçılarda film müzakirəsi ənənəsini formalaşdırmaqdır.

 

AKİ-dən AzərTAC-a bildirilib ki, bu il ərzində “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində 6 tammetrajlı bədii film, İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində isə 4 tammetrajlı bədii film nümayiş olunub.

Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə keçirilən film nümayişləri də maraqla qarşılanıb.

2023-cü ilin ilk nümayişində “Səadət sorağında üç qəhrəman” başlığı adı altında üç qısametrajlı sənədli film – Elvin Aşirovun “Eviniz haradadır”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovun “Unudulmuş arzular” yer alıb.

Fevral ayında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi, Arif Babayevin 95 illik yubileyi münasibətilə “Gün keçdi” bədii filmi, “Ən yeni tariximiz kinoda” başlığı altında Qulu Əsgərovun “Hasar”, Əli-səttar Quliyevin “Mən qardaşımı axtarıram”, Rüstəm Babazadənin “Son payız” qısametrajlı bədii filmləri və Nikita Mixalkovun “Şahidsiz” tammetrajlı bədii filmi Azərbaycan dilində dublyajla nümayiş olunub. Həmçinin Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” bədii filmləri martda nümayiş edilib. Aprel ayında İlqar Nəcəfin “Suğra və oğulları” və İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filmlərinə yer ayrılıb.

Cari ilin mayında tanınmış rejissor, Xalq artisti Oktay Mirqasımın 80 illik yubileyi münasibətilə “Günaydın mələyim” tammetrajlı bədii filmi tamaşaçılara təqdim olunub.

Rejissor İlqar Safatın “Sahə”, Andrey Tarkovskinin “Güzgü” tammetrajlı bədii filmləri isə yay aylarında göstərilib.

İlin yeni mövsümündə “Üç evin hekayəsi” başlığı altında Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşfiqin “Motivator”, Leyla Qənbərlinin “Qırmızı ev” qısametrajlı sənədli filmləri (sentyabr), Şirin Əhmədovun “Qütb ulduzu”, Elnur Paşanın “Yalnız məzar” qısametrajlı bədii filmləri nümayiş olunub.

Bu ilin son aylarında AKİ tərəfindən Tofiq Ağazadənin “Yeddi oğul istərəm” tammetrajlı bədii filmi, “Sənədli film gecəsi” başlığı altında Elvin Aşirovun “Gülyetərin qayıdışı”, Pərviz Həsənovun “Fəsillər”, Orxan Adıgözəlovun “Nigaran” qısametrajlı sənədli filmləri və Rəşad Babayevin “Biletsizlər” tammetrajlı bədii filmi nümayiş edilib.

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

Mənzil-qərargahı ABŞ-ın Minneapolis şəhərində yerləşən East View kompaniyası son illərdə Rusiya nəşriyyatlarında kitabları işıq üzü görmüş 19 yazıçının kitablarını, o cümlədən Azərbaycan yazıçısı Varisin kitablarını (“AMİN” və “Yanvarın 13 günü”) planet üzrə yaymaq üçün yayım hüququ əldə etmişdir.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, East View İnformation Servises – ingilis dilində və əcnəbi dillərdə (Çin, yapon, rus, ukrain və ərəb) informasiya məhsullarını realizə edən ən nüfuzlu kompaniya olaraq dövri çap nəşrlərini, kitabları və DVD-diskləri yaymaqla məşğuldur və 30 ildir ki, dünya üzrə yüzlərlə kitabxanalara xidmət edir, akademik cəmiyyətlərlərin, elmi, korporativ və dövlət strukturlarının təhqiqat tələbatlarını ödəməklə unikal kontent və texnologiyalar təqdim edir.

Varisin yazıçı dostu Əlibala Məhərrəmzadə ilə birgə yazdığı “AMİN” romanı (2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2023-cü ildə təkrar nəşr edilib) 30 illik dövr ərzində Qarabağ müharibəsi barədə  Rusiyada nəşriyyat hesabına çıxan hələ ki, azərbaycanlı yazıçıya aid yeganə romandır.

Varisin “Yanvarın 13 günü” romanı isə (2016-cı ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2020-ci ildə təkrar nəşr edilib) bir-biri ilə əlaqəsi olan 13 hekayətdən ibarətdir ki, 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatını qazanmış bu romanın bir hekayətində Şuşanın ermənilər tərəfindən işğal olunması, bu işğal nəticəsində yüzlərlə tarixi abidənin, məktəb və kitabxananın dağıdılması, hətta dünyada yalnız Şuşada bitən xarı-bülbül çiçəyinin işğaldan sonra daha açmaması təsirli boyalarla əks etdirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.