Super User

Super User

Çərşənbə, 20 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

15-ci hissə

 

Yuxusuz gecə

 

Süleyman yerindən durdu, yalnız indi romanın içindən çıxarkən Ülkərin bətnindəki körpəsinin qatilinə çevrilərkən yaşadığı dəhşətli hisslərdən qopa bildi, əlləri əsə-əsə Elginə mesaj yazdı, yazdı ki, “Sən çox acımasız, zalım birisən. Həta yazdıqların həqiqət olsa belə, sən oxucuda ümid cücərtiləri yaratmaq əvəzinə, -- halbuki bu, ədəbiyyatın birbaşa borcudur, -- sən bu ümidləri qırırsan. Sonunadək qırırsan”.

Həyat yoldaşı kabinetə girib əsnəyə-əsnəyə ona yatmaq zamanının keçdiyini bildirəndə üzrxahlıq elədi ki, sən get yat, əlimdəki işi bitirməmiş yata bilmərəm, çox vacib sənəd-sünəd işidir.

Həyat yoldaşı ona “gecən xeyrə qalsın” söyləyibkabinetdən çıxdı. O isə acgözlüklə romanın üzərinə çökdü. Əmin idi ki, bu gecə yatmayacaq. Səhərə qədər oxuyacaq.

 

 

16-cı hissə

 

Yenə də güzgü ilə baş-başa

 

Gecə saat bir tamam idi. Fasiləsiz saatlarca oturmaq bütün bədənini keyitmişdi.

Durdu, azacıq hərəkətlər elədi ki, bədəninin keyini açsın.

Mətbəxə keçdi, qrafindən su töküb içdi. Bura ilk dəfə gəldiyi gün Onunla çay süfrəsi açanda ağlına da gətirə bilməzdi ki, bu evdə növbəti günlər də qalası olacaq, hələ lap bu evin qadını olmaq təklifini də alacaq.

Onun mənzili çox gözəl idi, zövqlə bəzədilmişdi. Üç otaqdı, iri mətbəx, iri hamam otağı, küçəyə və həyətə baxan iki eyvan var idi. Həyətə baxan eyvan şüşəbəndliydi. Küçəyə baxan eyvanda həsir masa və iki oturacaq çox romantik görünürdü, otur, saatlarca izdihamlı küçəyə tamaşa elə. Qonaq otağı sanki muzey idi, divarda göz oxşayan rəsmlər, adamın ağlını alan çilçıraq, vazlar, dekorativ qablar sıralanmışdı. O, gözəllik aşiqi idi, xoşlayırdı bu sayaq əntiq şeyləri. Servantın üstünə stolüstüsaat kolleksiyası düzülmüşdü, ən müxtəlif ölçüdə, rəngdə, siferblatda saatlar düzülmüşdü. Bir saata baxanda adamı vaxtın ötməsi elə də təntitmir, amma birdən-birə onlarca saatın əqrəbləri çaqqıltı altında irəliləyəndə adam ömrün necə sürətlə keçməsindən sanki dəhşətə gəlir.

Ülkər kimi, Onun da tale hekayəti uğursuz olmuşdu. Universitetdə oxuyanda anasının tövsiyəsi ilə bir uzaq qohumuna baxıb bəyənmiş, evlənmişdilər, heç altı ay çəkməmişdi ki, gəlinin ağciyər xərçəngi xəstəsi olması aşkarlanmışdı, tezliklə də gəlin dünyadan getmişdi. Sonra bir daha ailə qurmaq fikri onu məşğul etməmişdi. Ta ki Ülkərlə rastlaşanadək.

Tək yaşayan kişinin ev səliqəsi ürəyəyatımlı idi. Heç nə pozulmamışdı, hər şey yerindəydi. Bu cür kişilər ailə həyatında da nizamlı, dürüst olurlar, Ülkər dərhal bu qənaətə gəldi.

Madarı xatırladı. İşdən gələndə paltarlarını hara gəldi vızılladırdı, heç nəyinin yeri bilinmirdi. Yazıq anası, o boyda kişini uşaq kimi izləyirdi, danlaya-danlaya qalmışdı. Rasim də görüşəndə nizam-intizamsızlıq edər, yemək yeyəndə yanında qadın olduğunu unudub acgözlük edər, suyu hortuldadardı.

O isə bir başqadır, çox mədəni, çox alicənabdır.

Sudan doymamışdı, yanğısı çox idi. Qrafindəki su ilıqdı, soyuducunu açdı, qazlı “Borjomi” suyu var idi, sərin suyu stəkana süzüb başına çəkdi, dalbadal iki stəkan içdi, yanğısı xeyli azaldı.

Güzgünün qarşısına qayıtdı.

Saat 2-yə qalmışdı. Gözləri acışırdı. Bəlkə yatsın? Amma hara yatır? Onun gəlişinə 9 saat 18 dəqiqə qalmışdı. Onun gəlişinə qədər Ülkər qərar qəbul etməliydi.

“Hə”, yoxsa “yox”. “Yox”, yoxsa “hə”?

Yolayrıcı. Hansını gedəsən, bilmirsən. Biri aşkar işıqlıdır, ətrafı gül-çiçəklidir, yol özü hamar, təmizdir. Digəri gahdan qaranlıq, gahdan dumanlı-çiskinli. Daş-kəsəkli, palçıqlı. Kim birincini qoyub ikincini seçər? Heç kim. Kim azacıq tərəddüd edər? Yenə heç kim. Amma Ülkər tərəddüdlər burulğanındaydı. Ülkər xoşbəxtlik yolunu seçməyə qorxurdu. Buna mənəvi haqqının çatmaması səbəbindən qorxurdu.

İndiyə qədər yaşadığı sərt ailə, ucqar rayon qayda-qanunları, üstəlik də mental qayda-qanunlar buxovundan yetərincə əziyyət çəkmişdi, zorla ərə verilməsi bir yana, ərindən zülm görəndə ondan ayrılmasına belə imkan verilməmişdi, yaşadığı cəmiyyətdə “qonşu nə deyəcək, qohum-əqrəba nə deyəcək” adında tabular vardı, başqasına görə həyat qurmaq məcburiyyəti vardı, halbuki heç kəsin keç kəsin həyatına qarışmasına ixtiyarı yoxdur, hər kəs öz həyatının şahı olmalıdır.

Elə ailə həyatından sonrakı dönəmlərdə də bu buxovlar onu sıxıb, bu buxovlara əsaslanan başqaları ona xoşbəxt olmağa imkan verməyiblər, onu öz ambisiyalarına qurban ediblər. Biri övladının gələcəyini, biri ərinin taleyini, biri ehtirasının hüdudsuzluğunu, biri məntiqi düşüncəsinin isbatını əsas tutaraq onun üzərinə həmlələr edib, onu sınaq poliqonuna çeviriblər. O, nə qədər vuruşmaq istəsə də, bütün döyüşlərdən məğlub çıxıb, toplu-tüfəngli, silah arsenallı rəqiblərinə bata bilməyib.

Güzgüyə baxa-baxa taleyini qaldığı yerdən xatırlamağa davam etdi.

Həqiqətən də, bir film kimi tale yaşamışdı. Ədəbiyyatdan və kinematoqrafiyadan başı çıxanlar bu filmin janrını heç cür müəyyənləşdirə bilməzdilər. Drammı idi, melodrammı idi? Bəlkə tam gözlənilməzliklərlə dolu triller idi?

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Dünyada bir çox mədəniyyəti yaradan türklər, həm də dünyaya mətbəx

mədəniyyətini gətiriblər. Dünyanın harasında yaşadıqlarından asılı olmayaraq,

məskən saldıqları yerlərdə əcdadlarından qalan uruf-adətləri unutmayıblar.

Mədəniyyətləri eyni, musiqiləri oxşar, mətbəxləri də eyni.

 

Sizi bu gün Saxa yakutlarının- şimal türklərinin ləzzətli mətbəxlərinin bir çox türk xalqlarının menyusunda olan, lakin fərqli adla təqdim olunan məzəli bir yeməyini təqdim edirəm. Əvvəlcədən qeyd edim ki, təqdim etdiyim Salamat desertini şimalda yaşayan türkdilli xalqların əksəriyyəti hazırlayır. Bu yeməyin 40-dan artıq növü məlumdur.

Yakutların bayram süfrələrinin, qonaqlar üçün açdıqları süfrələrinin ən gözəl

təamlarından biri də Salamatdır. Salamat elə bizim analarımızın bişirdiyi quymağa bənzəyir.

 

Bu ləzzətli təamı hazırlamaq üçün:

600 qram kərə yağı ,

100 və ya 120 qram un,

400 millilitr qaynar su

duz zövqə görə götürülür.

Kərə yağını çuğun tavada əridirik və əriyən yağı qarışdıra-qarışdıra, içərisinə

ələnmiş unu yavaş-yavaş tökməyə başlayırıq. Dayanmadan yağ və unu nisbətən

güclü odun üstündə qarışdırırıq. Unun yağda qovrulmuş ətri gəldikdən sonra,

qaynamış suyu asta-asta tavanın içərisinə əlavə edirik. Bundan sonra ocağın istisini azaldırıq.

Kütləni dayanmadan tez-tez qarışdırmaq lazımdır ki, içərisində düyünlər əmələ gəlməsin.

Yenə də tavadakı və ya dərin qazandakı qarışığı qarışdırmaqda davam edirik. Bu proses yeməyin üzünə ərinmiş yağ çıxana qədər davam edir. Yağ yeməyin üstünə çıxdımı, Saxa yakutlarının şah deserti sayılan Salamat hazırdır.

Onun içərisinə zövqə görə şam ağacının qozasının tumlarını, qızardılmış qoyun və ya mal dilinin dilimlərini, eləcə də şüyüd qata bilərsiniz. Bu inqridentlərin hamısını birdən bir Salamatın içərisinə qatmaq olmaz. Onlar ayrı-ayrı

salamatların içərisinə zövqə görə əlavə edilə bilər.

Sonra isə çömçə ilə kasalara və ya piyalələrə əlavə edib, qonaqlarınızı yeməyə dəvət edin. Bu desert süfrəyə isti- isti verilir.

Elə isə, xoşunuza gəldisə, bizim quymağa oxşayan, lakin ondan daha da incə və

ləziz dada malik Salamat desertini hazırlayıb, dadına baxın.

Nuş olsun!

 

P:S. Kərə yağını yağlılığı yüksək olan, südün üzərindən yığılan qaymaq və ya xamayla da əvəz etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 12:30

“Qəlpə” - TURAL CƏFƏRLİNİN HEKAYƏSİ

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazıçı Tural Çəfərlinin yeni yazdığı “Qəlpə” hekayəsini təqdim edir.

 

 

 

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı.

 

Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər. Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünü silən qocalar, əllərində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər. Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi... Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

 

- Cek London, Drayzer, Tven...- Əsgər Ağayevin xırıltılı səsi palatada sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev tavanda hörümçək toruna gözünü zilləyib sayıqlamağa başladı.

 

- Su, su, su verin... Ağayevin səhra çölünə dönən dili ağzında qurumuşdu.

 

Tibb bacısı dəmir stəkanda suyu Ağayevə uzatdı. Bir qurtum su içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...

 

Ağayev filologiya fakültəsini keçən il bitirmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmişdi. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə... Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı.

 

Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi...

 

Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə axınlaşıb soruşdu:

 

-Əsgər, kitab oxuyursan?

 

-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.

 

-Kimləri oxuyursan?

 

-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu...

 

Ağayev başını daha da dikəltdi. Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə, bunu şəxsən polkovnik Paşayev əmr

 

etmişdi...

 

 

 

***

 

 

 

27 sentyabr... Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

 

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma! Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.

 

-İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi...

 

-“Birinci”, mən “Şahinəm” necə başa düşdün qəbul....

 

-...........

 

- Birinci, birinci!!!

 

-Birinci qəbulda!

 

-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün qəbul!

 

-........

 

 

 

***

 

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişinin görüntüsü ətrafa vecsiz bir görüntü saçırdı. Pencəyinin yaxası qədimi orden və medallarla dolu idi. Elə bil üstündə dəmirdən çiçəklər açmışdı... Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçir, bu vecsizliyin fərqinə varmırdılar.

 

Əsgər Ağayevin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə

 

çıxmağa çalışırdı...

 

 

 

***

 

-Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi.

 

Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.

 

-Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.

 

 

 

Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi buza dönmüş dağ kimi böyüməyə başladı…

 

Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O, nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü. İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı...

 

Palata on səkkiz... Tibb bacısının üzünə qonan kədərin bir adı var: “Ölüm”... Bu adı heç kim eşitmək istəmir, xəbəri özündən uzaqlaşdırmaq üçün var-gəl edir, addımlarının sayını çoxaldırdı .

 

Cərahiyyə otağından qara bulud kimi dolan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən

 

üzünü hamıdan gizlətməyə çalışırdı...

 

 

 

***

 

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…

 

Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin Vətən eşqi ilə döyünən ürəyinin döyüntüsü kilidə düşdü. Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…

 

 

 

“Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son

 

anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…

 

 

 

Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…

 

Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek

 

London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(20.12.2023)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində Şeir vaxtıdır, İsmayıl İmanzadənin şeirləri ilə tanışlıqdır.        

 

 

 

AZƏRBAYCAN TORPAĞIYAM

 

Bir dünyayam, təbiətin

nəfəsindən yaranmışam.

Gözlərindən alov yağan

al günəşin həvəsində

yaranmışam.

Qarlı dağlar bəyaz rəngli

“nur çələngim”.

Zaman-zaman igidləri

haraylayıb

“Yallı”m, “Cəngi”m!

Koroğlunun, Cavanşirin

Ruhları dilə gəlir yaddaşımdan.

İllər boyu

Kirpiyimlə od daşıdım

ilk yaşımdan...

Nəsimilər dönməzliyim,

Dədəm Qorqud

ağlım mənim.

Dastanlara sığışmayıb

Babək adlı oğlum mənim.

Yer üzünü dolaşdıqca

Nizaminin, Füzulinin izi ilə,

nələr gördüm batmanqılınc

Şah babamız Xətainin,

Cavad xanın gözü ilə...

Mənə Zəfər bəxş elədi

İmzasını Qarabağda

Qanlarıyala sinəm üstə

Nəqş eləyən Şəhidlərim,

Qazilərim!

Zaman-zaman,

Qobustanda varlığımdan

Söhbət açıb qayaüstü

yazılarım.

Araz mənim sözlü dilim,

“Dəli-dolu” Kür eşqimdir.

Coşqun Xəzər

dünya boyda gur eşqimdir.

Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə-diləklərdə

yaşıl çinar yarpağıyam.

Bayrağımla-növrağımla

Qitə-qitə, ölkə-ölkə

Şan-şöhrəti dildə gəzən

Azərbaycan torpağıyam!

 

 

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ  

(Allah cəmi şəhidlərimizə rəhmət eləsin!)

 

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,

Yadlara göz dağıdır qazandığın Zəfərin.

Hamı sənə ürəkdən deyir, əhsən, afərin!

Vətən-yurd sevgisidir halal qazancın-varın –

Əbədi yolçususan nur saçan sabahların!

 

Şəhidim, sən – “Qarabağ-Azərbaycandır!”– dedin,

Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!

Şəhid, ya Qazi olmaq, şərəfdir-şandır-dedin!

Nəqş elədin imzanı torpağa al qanınla –

Tanındın hər tərəfdə isminlə, ünvanınla!

 

Uğrunda can verdiyin bu ana torpaq sənin,

Döyüş günü səsini əks etdirən dağ sənin.

Bayraqdarı olduğun üçrəngli bayraq sənin,

Şəhid ucalığında vətən daşına döndün  

Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

 

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,

Andında, peymanında, ilqarında düz oldun.

Qarı düşmən önündə hər an yenilməz oldun,

Məzarın and yeridir, adın hər qəlbdə naxış –   

Şəhidim, əhsən sənə, hünərinə min alqış!

 

 

ŞUŞA

(“Şuşa etüdləri” lirik poemasından)

 

Yolun-cığırın təzə,

Aylı-ulduzlu gecən...

Nur saçan səhərin var.

Ta dilim gəlmir deyəm,

Nalə çəkən sızıltın,

Nisgilin, qəhərin var.

Hərdən başının üstən

Ruhuma sığal çəkən

Əlçim-əlçim çən keçir…

Şəhid ucalığından

Tanrının dərgahına

Gedən yol səndən keçir!

 

***

 

Beşiyisən Qarabağın,

Dil açır pöhrən-budağın.

Göz dağıdır daşın, dağın –

Yağıya-namərdə, Şuşa!

 

Yurdun taleyi-baxtısan.

Əbədi xanlıq taxtısan.

Nəğmə-sənət paytaxtısan –

Bir cənnətsən yerdə, Şuşa!

 

Nə xoşdur avazın, səsin,

Aləmə sığmır həvəsin!

Var olsun Topxanan, Kirsin –

Məlhəmsən min dərdə, Şuşa!..

                       

Xarıbülbülün bir dadım,

Gözəl hüsnündən doymadım…

Yadında qaldımı adım –

Gələsiyəm bir də, Şuşa!

 

 

BAŞINI DİK TUT, VƏTƏN!   

 

Dikəlt ucа qəddini,

Bаşını dik tut, Vətən!

Bu ələmi, bu dərdi

Demirəm, unut, Vətən!

Bilirəm, zаmаn-zаmаn

Ürəyində sızlаyаn

Yаrаlаrın dərindi.

Аzаdlıq аmаlınа

Sığındıqcа dil аçаn,

Şəhidlər Хiyаbаnı

Qibləndi-аnd yеrindi!

Sil gözünün yаşını,

Dikəlt qəddini yenə!

Аl çiçəklər bəzəsin

Hər аn rəddini yenə!

Bаşını dik tutmаğа

Hаqqın vаr sənin, Vətən!

Bu qeyrət savaşında,

Bu millət savaşında,

Şəhid ucаlığınа

Qоy dönsün qəmin,

Vətən!

Al günəşli sabahlar

Olsun həmdəmin,

Vətən!!!

              

 

ŞƏHİDİM   

 

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!

Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə –
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!

Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!

Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən –
Azərbaycan sənindir!

 

 

SALAM, ŞƏHİD ÇİNARIM  

(Tarixi düşmənlərimiz zaman-zaman Cəbrayıl şəhərinin simvolu kimi adı dillər əzbəri olmuş 800 yaşlı Dədə Çinarın varlığına son qoymuşlar).

 

Əzəl gündən düşmənə

Sağalmaz göz dağıydın.

Əl çatıb, ün yetməyən

Şəhid ucalığıydın.

Çiynində dərd yüküydü

Ağır elsiz-obasız

Ötüb keçən hər çağın.

Düşmən bilməsin deyə,

Gizlicə sızlayırdı

Kökün, gövdən, budağın.

Yuxunu ərşə çəkən

Dirinin, Ağoğlanın,

Teyin, Gordubabanın...

İllərlə bağlı qalan

Cığırıydı, yoluydu.

Ağır ocağım-pirim

Hacı Qaraman kimi

Gözlərin yol çəkirdi,

Təkcə həyat eşqindən

Varlığına sığınan

Büllur Kəhriz halıydı...

Düşmənin caynağında

Buğum-buğum doğranıb

Qalansan da odlara,

Sən son “nəfəsində” də

Xudafərin əzminlə

Üz vermədin yadlara...

Bizim Cəbrayıldakı

Ulu Çinar Babamız,

Dar ayaqda köksünü

Sipər edib torpağa

Yenilməz igid oldun.

Şərəfli ölümünlə

Doğma ana Vətənin

Uğrunda candan keçən

Ərən oğullar kimi

Ölmədin, şəhid oldun!..

  

 

BÖYÜK MƏRCANLIDAN BİR QATAR KEÇİR   

 

(Uzun illərdən bəri uzaq qürbət eldə ata yurdumuz Cəbrayılın-Böyük Mərcanlının həsrətiylə yaşayan eloğlum Anar Natiq oğluna)

 

Böyük Mərcanlıdan bir qatar keçir,

Fit çalıb səsləyir doğma yolları.

Böyük Mərcanlıdan bir qatar keçir,

İsinir relslərin polad qolları.

 

Mahmudlu, Soltanlı, Qumlaq anbaan

Göz dikir qatarın yoluna yenə.

Açıb qollarını Hacı Qaraman,

Şükr edir Tanrının böyüklüyünə.

 

Yenə Cəbrayılda günəş nur saçır,

Topcağa, Gəyənə tanış səs düşür.

Diridə al-əlvan çiçəklər açır,

Qatarı görməkçün bəhsəbəhs düşür...

 

Elə bil tələsir Muğana Araz,

Sular soraq verir Xudafərindən.

Çatır Ağoğlana, Teyə xoş avaz,

Ulu Tumasata qalxır yerindən.

 

Həkəri, Mincivan, Ağbənd... bir anda

Çıxır pişvazına gələn qatarın.

Toy-büsat iz salır ürəkdə, canda,

Avazı durulur kamanın, tarın.

 

Böyük Mərcanlıdan bir qatar keçir,

Yönü Naxçıvana, üzü Şərura.

Zəngəzur özünə təzə yol seçir,

Boyanır yurd-oba işığa, nura...

 

Hər eldə Zəfərdən bir nişanə var,

Haqqa tapınanın qatlanmaz dizi.

Böyük Mərcanlıya yön alan qatar

Doğma torpaqlara səsləyir bizi.

 

 

SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM...           

 (Bir vaxtlar çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)

 

Salam, mənim viran qalmış evim-eşiyim,

Köksündəki “əl izləri” söylə yadınmı?

Yağmalanan künc-bucağın, yuvam-beşiyim,

Ta yanına qayıtmışam, tanımadınmı?

 

Kim sökübdür tavanını, çarhovuzunu?

Susuzluqdan çat-çat olub dilin-dodağın.

Gizli-gizli sızlamısan illər uzunu,

Güllələrə tuş gəlibdir pöhrən, budağın.

 

Heç çatdımı qulağına səsim-harayım,

Səksəkəli gözlərindən yuxun qaçdımı?

Söylə hanı xartut, innab, ağ şanı... payım,

Məndən sonra çiçəklərin bir də açdımı?

 

Görən, hanı aynabəndin, qapın, pəncərən,

  divarın yerindədir, nə də çardağın.

Heç oldumu əncirini, narını dərən,

Kol-kos basmış bağım-bağçam sənin göz dağın...

 

Yağıyamı qismət oldu dəmir darvazan,

Bu qapıdan adlamışdı neçə dost-tanış.

Oyaqdırsa, qoy eşitsin bəxtini yazan,

Ta susmağın yeri deyil, bir az din, danış.

 

De, budursa ozamankı yazı otağım,

Yandırılmış kitabların külü hanı bəs?

Nə qələmim yerindədir, nə də  varağım,

Əlyazmamı soraqlayıb gəzməyim əbəs!

 

Hər daşında qəlpə izi, barıt qoxusu,

Yağış kimi yağa biləm keşkə bir anlıq.

Qərib eldə hədər getdi ömrün çoxusu,

Bir də geri qayıdarmı, görən, cavanlıq?..

 

Yolun-izin ürəyimin şah damarıydı,

Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?

Bir zamanlar burda keçən ömrüm yarıydı,

Ta bilmirəm yaşamağa varmı möhlətim...

 

Keçən keçdi, olan oldu... nə deyim daha,

Nəfəsimlə isindinsə, təzədən sevin.

Gəl birlikdə yönümüzü tutaq sabaha,

Düşmən bilsin öz sahibi varmış bu evin...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

 

Qeybiyev Arif İsmayıl oğlu

 

Qeybiyev Arif İsmayıl oğlu 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E.Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa, atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayiəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.

O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.

Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib qəbul olmasa da, 4-cü dəfə istəyinə nail olub.

2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmətə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib.

Arifin həyat yoldaşı İranəyə son mesajı sentyabrın 27-də, səhər 5:42-də yazılıb. Mesajında bunları bildirib: “Canım, nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm”.

         Sonra yenə mesaj yazıb: “Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm”.

Arif eyni mesajı iki dəfə göndərib – səhər 5:47 və 6:02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...

İranə deyir ki, Arif öz toyunda gəlin maşınını da bayraqlarla bəzəyibmiş...

Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılan Şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Gülnur adında bir qız övladı yadigar qalıb.

“Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi”, – deyir Arifin anası Rəna xanım.

Ariflə hərbi xidmətdə olan əsgəri danışır: “Bu itkini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər olub. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o, şəhid olub. Elə şən idi. Üzündə nur vardı-ürəyinin nuru... Mən əsgər yoldaşlarımın da adından danışıram. Bu günlərdə onun tankını gördük... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək... Ancaq bu baş vermədi”.

2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.

Çıxış edənlər şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhid Arif Qeybiyevin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.

 

Geyindin öz əyninə

Şəhidlikdən don, şəhid.

Döyüşdə və yarışda

İgid, çempion şəhid.

 

Müqəddəslik adına

Sən əbədi sahibsən.

Hər yarışda birinci,

Hər döyüşdə qalibsən.

 

Bilmirəm, necə olur

Döyüşlərdə qan etmək.

Vətən, dostun yolunda

Canını qurban etmək.

 

Fəxrlə oxuyuram

Tərcümeyi-halını.

Sənin kimi igidlər

Çəkib zəfər yolunu.

 

Sonuncu məktubun da

Çıxdı mənim qarşıma.

Əlimdə kağız, qələm

İslandı göz yaşımla.

 

Mən şairəm, duyuram

İnsanı bir sözündən.

Qəlbinin böyüklüyü

Görünür üz-gözündən.

 

Səninlə fəxr eləyir

On milyon insanım da.

Qızın Gülnur balamız,

Anan Rəna xanım da.

 

Rahat uyu, şəhidim,

Sən çempion, qoçaqsan.

Bu millətin qəlbində

Əbədi qalacaqsan.

 

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə  bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.

 

                                      Üçüncü xatirə

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»

Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı məşhur alman yazarı, filosofu Herman Hessenin aforizmlərindən seçmələri təqdim edir. Aforizmləri dilimizə İlham Abbasov cevirib.

 

       – Kiməsə nifrət ediriksə, özümüzdə olan mənfi cəhətlərin onda daha çox olduğuna görə edirik.

       – Biz bir-birimizin qəlbindən keçənləri anlaya bilərik, amma qəlbimizdən həqiqətdə nə keçdiyini yanlız özümüz anlada bilərik.

       – İçimdən gələn istəklərə uyğun yaşamaq istəyirdim. ...Bu, necə də çətin imiş.

       – O sevdi və özünü tapdı, amma sevənlərin çoxu özünü itirir.

       – Tənhalıq sərbəstlik olsa da, həm də soyuqluq deməkdir. Tənha ulduzların sərbəst dolaşdığı kainat kimi soyuq...

       – Həyatda insanı özünə aparan yol qədər çətin yol yoxdur.

       – İnsan bir şeyi axtaranda gözünün qabağında olan başqa şeyləri görə bilmir.

       – İnsanların çoxu üzməyi öyrənənə qədər heç vaxt üzmək həvəsinə düşmür.

       – Həyatda öz yolu ilə gedən hər kəs qəhrəmandır. Bunu bacaran hər kəs hətta səhvlər etsə belə, hamının getdiyi yolla gedənlərdən üstündür.

       – İnsan həyatının mənası axtarmaq və tapmaqdadır.

       – Düz xətlər yalnız həndəsədə var, həyatda və təbiətdə isə yoxdur.

       – Pis şeir yazmağın sevinci yaxşı şeir oxumağın sevincindən çoxdur; özgənin yazdığı pis şeiri oxumaqdansa, özünüz pis şeir yazsanız, daha çox sevinc hissi yaşayarsınız.

       – Həyatda nəyəsə sevinmək üçün kimdənsə icazə almalısansa, deməli, sən, doğrudan da, bədbəxtsən.

       – İnsan özündən keçməklə, nəyinsə yolunda ölməklə ölümsüzlük qazana bildiyi kimi, özünü qorumaqla, həyatdan əl üzməməklə də ölümsüzlük qazana bilər.

       – İnsanın azadlığı əsasən asılılığı könüllü seçməkdə özünü göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

     

 

 

 

 

 

Çərşənbə, 20 Dekabr 2023 10:30

Qurna, Şən mahnı günü, Məhmət Akif Ərsoy

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

20 dekabrın təqvimi

 

Hər vaxtınız xeyir! Budur, daha bir ilimiz sona çatmaq üzrədir. İlin sonuncu tam həftəsinə daxil olmuşuq. Əlamətdar hadisələrlə, yubileylərlə bol olan bir həftə yaşayacağıq. İlk olaraq isə Beynəlxalq İnsan Həmrəyliyi Günündən başlayırıq

 

Beynəlxalq İnsan Həmrəyliyi Günü

BMT Baş Assambleyasının təqvimə saldığı bu gün 2006-cı ildən qeyd edilir, yoxsulluğun ləğvi uğrunda hərəkatın 10-cu ildönümünə həsr edilib. Qəbul edilən qətnamədə deyilir: “Həmrəylik - 21-ci əsrdə insanlığın fundamental dəyərlərindən biri olacaq!”. Təki həqiqətən də belə olsun. Bir dövlətdə zümrələr, hakimiyyətdə olanlar və olmayanlar, varlı və kasıblar, böyük və xırda xalqlar, dünya üzrə isə hegemon və asılı dövlətlər, inkişaf edən və inkişafdan kənar dövlətlər həmrəy olsunlar.

 

Şən mahnı günü

Mahnılar əsasən “şən” və “qəmli” bölgülərinə uyğun gəlirlər, bu gün dünyada şən mahnı günüdür. Mahnısevən, rəqssevən insanlarımız üçün təbii ki, şən mahnılar daha məqbuldur, bu sayaq mahnılara “diringi mahnılar” deyilir el arasında. O ki toyda girirsən meydana, yalnız tappatarap eşidilir, nəfəsin kəsilincəyə qədər çıxmırsan, bax həmin mahnıların günüdür bu gün. Amma dünyanı dərk edən, dərk etdikcə bütün təzadları, ədalətsizlikləri, haqsızlıqları görən insanlar əsla şən mahnıları sevməzlər. Tarix boyu müharibələr, işğallar görən xalqımızın xalq mahnıları da kədərə köklənib, yəqin diqqət etmisiniz. Elə sevgi mahnıları da bu ovqata köklənib, ayrılıqdan, nisgil və kədərdən bəhs edib. Birində “Apardı sellər Saranı” deyiblər, birində “Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala” deyiblər, birində də “Bu sevda nə sevdadır, səni mənə verməzlər” deyiblər.

Dünyada ən ağır dərd anlamaq dərdidir, kaş ki insan anlaya bilməyəydi, yalnızca həmin o diringi mahnılara oynayaydı...

 

Milli qəhrəmanımızın anım günü

Milli qəhrəmanımız Riad Fikrət oğlu Əhmədovdan danışmaq istəyirəm, o şəxsdən ki, sağ olsaydı bu gün 68 yaşını qeyd edəcəkdi.  DTK-nın Minskdəki Ali məktəbində təhsil almış Riad Əhmədov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yarandığı gündən ilk könüllülər sırasında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, Çaykənd uğrunda döyüşdə yaralansa da, növbəti əməliyyatlarda iştirak etmişdir. Polkovnik-leytenant Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşməndən azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Şəxsi şücaəti və igidliyi ilə seçilən Riyad Əhmədov 1992-ci il yanvarın 25-də “Daşaltı əməliyyatı”nda itkin düşmüşdür. İndiyədək onun haqqında heç bir məlumat yoxdur. O, Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında itkin düşmüş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Riad Əhmədovun keçdiyi şərəfli döyüş yolunu əks etdirən “Qayıt Riad” və “İgidnamə” adlı sənədli filmlər çəkilmişdir. Hazırda Bakı şəhərindəki 203 saylı orta məktəb onun adını daşıyır.

 

Əziz Nesin və Məhmət Akif Ərsoy

Bu gün əksər postsovet ölkələrində dövlət təhlükəsizliyi əməkdaşları günüdür, eləcə də üzdəniraq qonşularımızda.  Makao öz yaranışı, Panama matəm, Qviana qul olmaqdan xilası gününü qeyd edəcək. Myanmada maraqlı bir təcrübə var, hər ilin bu gününü Bo Aunq Çjo günü kimi qeyd edirlər, həmin tələbə 1938-ci ildə Myanmanın azadlığı uğrunda ilk şəhid olub. İlkləri unutmamaq gözəl ənənədir. O ki qaldı Amerikaya, mətbəxsevər amerikalılarda bu gün “Sanqriya” içkisi günüdür.

1880-ci ilin bu günündə Nyu-Yorkda, Brodveydə tarixdə ilk dəfə elektrik işıqları yandırılmışdır, odur ki, 20 dekabrı “nurlu gün”, “ağ işıq günü” kimi də adlandırırlar. 1948-ci ilin bu günüdə Zənzibarda Abdulrazak Qurna dünyaya gəlib, hansı ki, 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bu gün iki böyük türk yazarının da doğum günüdür. 1915-ci ildə İstanbulda tanınmış türk şairi və satiriki Əziz Nesin doğulub. 1873-cü ildə isə Fatehdə Məhmət Akif Ərsoy dünyaya gəlib, Türkiyənin İstiqlal marşının yazarı.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Yusif Nəğməkar görüşür. Şairin təqdim edilən şeiri elə bu gün yazılıb. 

 

 

SANDAL AĞACININ ELEGİYASI

 

Ürəklərin quru  səhrasına ağac-ağac

əkilmişdi ümidlər;

Qanq çayının dalğalı sükutuna dikilmişdi ümidlər...

Cənubi Afrikanın göylərdən enmiş müqəddəs suyu Qanqın 

acısımı toz udumu?!.

Yandırılmış cəsədlərin 

Küllərilə küllənən su

Günahları yudumu?!.

Eh, yudu-yumadı, 

Bu qanlı su özünü təmizləyə-təmizləyə aramsız axır, axır,

Axır ki, axır və ilaxır...

 

Əsəbimə əl vurub,

Səbrimin üst qatını

oda müntəzir yonqarla

Yonur Sandal ağacı;

Üstündə al-qırmızı meyvələri qızara-qızara

yanır Sandal ağacı...

Hər yananda Yerləri, Göyləri, ənginləri yandırır.

Seçilən insanları-

Zənginləri yandırır...

 

Baş bəlası,

Axın-axın seyrçinin  ah-nalası

bürünən çayın sahilində hər gün

Neçə-neçə insan yası;

Nəfəssiz cəsədlərin kremasiyası-yandırılması...

 

Bahalı Sandal ağaclarının

alovuna bürülü nəşlər-

Nə qadınlar, nə kişilər, nə eşlər!..

 

Ətirli Sandalın tonqalında

adlı-sanlı zənginlər,

Çıl-çırpıların testü boğan odunda

kasıblar yandırılır...

Bu fərqli alovların mənfur görüntüsündə

insanlara fani dünyanın ayrıseçkilik "qanun"u qandırılır...

 

Donub qaldım o qərib ölkədə bir kənarda,

Duydum ki, 

Heyrətin də qəlbi

Yanar da, donar da...

Məşum mənzərədən bərələn gözlərimə

göstərə bilmədim

o zavallı mərasimin yerini.

Düşündüm ki, ölkə var

 orda ölünü yandırırlar,

Ölkə var dirini...

 

O səbəbin

Yazmaq üçün şeirini

Görəsən, bir sübh çağı çağırsaq

Allah açarmı ölümlərin sirrini?!.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Çərşənbə axşamı, 19 Dekabr 2023 16:54

“Başqa bir adı yox ki, vətən üçün "ölməyin"

 

Elman Tovuz yazır

 

 

Bu gün dəyərli ziyalı, sevilən pedoqoq, gözəl şair Mikayıl Bozalın doğum günüdür. 65 illik yubileyidir. Bu münasibətlə şair Elman Tovuzun yazdığı təbrik mətnini diqqətinizə çatdırırıq. 

 

Adı, həm bir şəxsiyyət, həm hoca, həm dost olaraq hər zaman başda çəkilən əzizim Mikayıl müəllim, yeni yaşa qədəminiz mübarək! Doğrusu, sizi poeziyaya bənzədirəm; canınızda klassika da var, modernlik də. İstər yaşlı nəsllə, istərsə də gənclərlə ünsiyyətiniz bunu diqtə edir.  Həm keçmişin ağır, samballı kişisi, həm  müasir dövrlə ayaqlaşan gənc nəslin nümayəndəsi olaraq - Sizə ancaq qibtə etmək, haqqınızda söhbət düşəndə sevinmək belə azdır. Bir dəfə də bu haqda yazmışdım, "Mikayıl"təbiət mələyinin adıdır, - deyirlər. Mənsə deyirəm, abim Yer üzünə göndərilmiş mələkdir. 

Həm telefon zənginə, həm tədbirinizə də bir şey qalsın deyə sözümü sizə yazdığım bir şeirlə bitirməklə yanaşı, ən xoş arzularımı ismarlayıram.  Tanrı yazan ömür payının qalanını da sağlam canla, huzur içində, uğurlar və həyat sevinciylə - könlünüzcə yaşayasınız.

 

*

Sən göylərin sevimli mələyisən, deyilmi,

Görəsən, yer üzünə axı hardan gəlmisən...

Çapıb Şimşək köhləni,  ağatlı oğlan kimi,

Qoşulub yağışlara saf sularnan gəlmisən?

 

Ya ruhlar aləmindən enmisən torpaq üstə,

Onunçün, bu torpağı belə sevirsən, nədir?!

Təbiət mələyisən deyə, hər yarpaq üstə

Əsməyin özü belə, canlı bir əfsanədir.

 

Niyə göndərib səni yer üzünə Yaradan –

Gəlmisən, baş çəkəsən hər çiçəyə, hər gülə.

Bir duyğu ocağısan təpədən dırnağacan,

Haqdan verilib sənə əldə tutduğun qələm.

 

Bu yurdun qismətidir sıramıza gəlməyin,

Az-az gəlir dünyaya belə örnək adamlar.

Başqa bir adı yox ki, vətən üçün "ölməyin",

Düşməninə sərt olur dosta kövrək adamlar.

 

Gözümdə ucalığı boyundan çox-çox ucam,

Məni fikirlərimdə aldatmadı heç zəndim.

Yeri gələndə dostum, yeri gələndə hocam,

Hər yerdə adımızı qoşa çəkən əfəndim.

 

Necə deyib deyənlər: bir millət, iki dövlət!

Biz də belə bölmüşük bir ruhu iki cismə.

Birgə olmaqdan gözəl varmı yenə səadət,

Nə qədər yaşayarıq... 

                              yaşadarıq,...  

                                                 ya qismət!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.