Super User

Super User

Çərşənbə axşamı, 19 Dekabr 2023 16:30

REDAKSİYANIN POÇTUNDAN - “Beyləqanın yovşan qoxusu”

 

Aygün Bayramlının yeni şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Beyləqan rayonunda piano müəllimi işləyən, şeirləri ilə dövri mətbuatda tez-tez çıxış edən istedadlı şair Aygün Bayramlının məktubu var. Aygün xanım Beyləqana aid şeir yazdığını və bu şeiri elmi yaradıcılığı, tədqiqat işləri ilə bağlı yazdığını bildirir, portalda yayımlanmasını arzulayır. Buyurun, istəkli oxucular, tanış olun. 

 

Yovşanlı torpaqların

Altı tarix, üstü tarix

Gözü yolda qalan diyar,

Ulu torpaq, ulu diyar.

Sən haradan gəlmiş idin

Haralarda tutdun qərar?

Əsrlərin süzgəcində

İlim ilim ilmələnən,

Zillətlərə, zülmətlərə

Sinə gərən

Ərən diyar...

 

3-4 əsr ölü qaldın,

Diriltmədi səni gəlib gedənlərin,

Elə baxıb köks ötürdü torpağına,

Torpaq altda qalanına

Əsrlərdir ölən qala,

Örənqala...

 

Səni tarix unudarmı?

Sən tarixin özüsən

Mücirəddin torpağısan

Məsud Namdarın elisən.

Baş qoydu sənin yolunda Müsafirin,

Havalandı Ozan Murad,

Havalandı sinəsindən el havası-

Qaraca!

Çaldı əllər, qolça qopuz,

"Qaraca oğlan" çaldı,

Özü qalmayan ərlərin

Qaldı, izləri qaldı...

 

Oğuz yurdu, Boyatdan bir ər qopan

Dədəm Qorqudun diyarı

Ozan Əsədin diyarı,

Sirli, sazlı, sözlü diyar...

 

Ucaldı Mil-Minarədən azan!

Dündə də, bu gün də ,sabah da ucalacaq

Bu torpaqda yatan neçə ulu babam

Yenə yatır, dünya durduqca yatacaq.

Burda Peyğəmbərlər yatır.

Ənzələ, Sarı, Qərib, Cərciz peyğəmbərim yatır.

Beyləqan peyğəmbər yurdu

Müqəddəslərin məkanı, son mənzili...

 

6 min il yol gəlirsən,

Dəvələrin karvanında,

At belində gəlirsən.

Minarənin məşəl ilə işıq salan yollarından,

Əbu Musa tamahındandan keçib gələn,

Qala dövlət!

Dözən, duran, qaya dövlət!

 

Babəkin doğma şəhəri,

Neçə yüzilliklər keçdi, burdan kimsələr keçmədi,

Viran qaldın, xarab oldun, öldün, öldün-dirildin...

 

Bu gün yenə ayaqdasan,

Allahın əli çatan, ünü yetən yerdəsən,

Sən Xan qızı ürəyində,

Nizaminin qəlbindəsən,

Mənim peyğəmbər yurdum,

Mənim "Tanrı Şəhərim"

 

Yaşa, dünya durduqca ərənlərin diyarı,

Mücirin avazıyla ucal, ucal deyirəm,

Mənim tarixi yurdum,

Tarix qoxan şəhərim,

Yaşa, dünya durduqca, yaşa mənim diyarım!

 

İç şəkildə: Mücirəddin Beyləqani.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Çərşənbə axşamı, 19 Dekabr 2023 10:15

“İçimdə ağlamaq ehtiyacı…” - NURƏNGİZ GÜNÜN GÜNÜ

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

 

Bu təsirli misralar mərhum şair Nurəngiz Günündür, təqribən 40 il öncə qələmə alınıb. “Ağuşumda Jaləm” deyirdi şair, indi şairin qızı, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda düzənlənən Nurəngiz Günün günündə iştirak edirdi…

 

Azərbaycan ədəbiyyatının fərqli ismi, lirik sentimentalizmin gözəl nümayəndəsi, sevgi və həsrət şairi Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlanırdı bəhs etdiyimiz bu tədbir.

Tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, AYB katibi Səlim Babullaoğlunun təşəbbüsü ilə Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edildi. 

Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan şair olduğunu diqqətə çatdırdı. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışdı, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük miqyasda tanınması və təbliğ edilməsi baxımından əhəmiyyətdən daşıdığını bildirdi. 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışdı, şairin təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs etdi, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu etiraf etdi.

Daha sonra “Günəşin elçisi" esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə, akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, yazıçı Narıngül Nadir, şair Aləmzar Sadıqqızı təqdim edilən nəşrlər və ədib barədə danışdılar, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar üçün bir qaynaq olduğunu vurğuladılar. 

Sonra çıxış edən Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.

Nurəngiz Gün həqiqətən emosional yazırdı, amma mən onun şeirlərini daha çox belə xarakterizə edərdim: Nurəngiz Gün daha çox dərdli yazırdı.

 

Bomboş bir səssizlik,
 bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət, 
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm 
bu boşluğu!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2013)

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan ikinci paneli "Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar" mövzusuna həsr olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Panelin moderatoru Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Sevil Kərimova mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli "Dekorativ-tətbiqi sənət nümunələri və müasir bədii ifadə formaları" mövzusunda çıxışında müasir dövrdə vizual dilin dekorativ-tətbiqi sənətlərdə, memarlıqda, dizayn sənətində oynadığı roldan danışıb.

"Azərxalça" ASC-nin kreativ direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva "Qeyri-maddi mədəni irs yaradıcılıq və innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt" mövzusunda çıxış edib. O, Bakının Pirşağı, Balaxanı və digər qəsəbələrində heç vaxt işləməmiş qadınlar üçün xalçaçılıq, keçəçilik kurslarının təşkil edilməsindən, qədim texnologiya ilə boyaqçılıq sənətinin, Şəkidə ipəkbasma sənətinin dirçəldilməsindən danışıb. Sənətşünas alim gənc xalçaçı rəssamların yenilikçi ideyaları üçün yeni imkanların yaradılması üçün də təkliflərini səsləndirib.

 

Əməkdar rəssam Məmmədhüseyn Hüseynov "İtirilməkdə olan sənət növləri və ənənələrin ötürülmə mexanizmləri" adlı məruzəsində tərtib etdiyi xalça sənətində unudulmaqda olan mədəni irs nümunələrinə dair cədvəli slayd kimi təqdim edib, təkliflərini dilə gətirib. 

 

Panelin sonuncu məruzəçisi – Mədəniyyət Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədovanın "Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri beynəlxalq siyahılarda" mövzusunda çıxışı dinlənilib. O, Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının şərtləri barədə məlumat verib.

 

Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi abarılıb, suallar cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Populyar estrada müğənnisi Zamiq Hüseynov 2024-cü il fevralın 2-də Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

 

Gənclər Gününə həsr olunacaq konsertdə populyar müğənni sevilən mahnılarını səsləndirəcək.

“Uçduq”, “Sən necə də gözəlsən”, “Retro”, “Bu şəhəri çox sevirəm”, “Karaoke” albomların müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla sevənlərinin qarşısında çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Barat Vüsal yazır

 

 

“Ədəbiyyat və incəsənət” portalı 

AYB Qazax bölməsinin sədri, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsalın əslən Qazaxdan olan mühacir şair Alazan Baycandan bəhs edən yazısını təqdim edir. Vətən həsrətli, yurd həsrətli doktor, şair Alazan Baycan Qərbi Almaniyanın Frayburq şəhərində mühacir həyatı yaşayıb, dünyaya gözlərini əbədilik yumarkən üç söz deyib: Azərbaycan... Qazax... Səməd...

 

Yaylaq vaxtıydı.

...Arabanın təkəri cırıldayan tərəfdə oturmuşdu. Arabaçı qohumuydu. "Oğul bala!"-dedi,deyəsən, o təkəri yaxşı yağlamamışammış, keç bu biri tərəfdə otur. Cağdan bərk yapış, birdən əlin qopar, yıxılıb eləyərsən!"...

O səs ömrü boyu yadından çıxmadı onun.

O təkər cırıltısı, o kişinin tapşırığı .

Amma həyat elə gətirdi ki...

Araba cağından bərk yapışdığı tərəfə gərək heç keçməyəydi. Təkər cırıltısı gələn tərəfdə oturub ömrü boyu kaş, üzü doğma dağlara, yaylaqlara tərəf yol gedəydi.

Ya da... kaş o kişi "cağdan bərk yapış" dediyi tərəfdən yıxılıb qalaydı o dağlarda. Düşməyəydi bu qürbət ellərə...

Söhbət yalnız 20-21 yaşlarından Bakıda Tibb İnistutunun tələbəsi ola-ola 30-cu illərdə Azəbaycandan, doğma Qazaxdan didərgin düşən bir gəncdən deyil, sonralar xaricdə məşhur doktor və şair olmuş bir insandan gedir.

Adı, soyadı bəllidir: Hacı Həsənzadə.

Ədəbi təxəllüsü belə olub: Alazan Baycan.

...Hər dəfə xəstələri müayinə edib, yardım göstərəndə qohumu olan kişinin dediyi "tərəfdə" əyləşdirirdi və tapşırırdı: "Cağdan bərk yapışın, birdən yıxılarsınız".

Amma şeirlərini araba təkərinin cırıltısı gələn tərəfdə "oturub" yazırdı:

 

Məndən soruşurlar sən haralısan,

Üzün buğda rəngli, gözlərin qara.

De görək sən hara, bu yerlər hara,

Kimlər səni saldı bu uzaqlara,

 

Didərgin baxışlı, sən haralısan?!

Mən Kürün, Arazın axdığı yerdən,

Xəzərin Qafqaza baxdığı yerdən,

Azərin odları yaxdığı yerdən,

 

Keçilməz yolları keçib gəlmişəm,

Talış dağlarını aşıb gəlmişəm.

O yerlər bir aləm, günəşi başqa,

Can alır, can verir o sonsuz eşqə.

 

O yerlər səfalı, gözəl məkandır,

Ta əskidən adı Azərbaycandır.

O uzanır Qafqazlardan Urmuya.

Könül vermiş həm günəşə, həm aya.

 

Onu bölən Araz deyil, Kür deyil,

O yaşayır, ancaq yazıq, hürr deyil.

Sevdim özgürlüyü, azadlığı mən,

Canımı qurtardı əzilən yerdən.

 

Bu şeirindən də göründüyü kimi o, adamların "Şura hökuməti" dediyi "əzilən bir yerdən" qaçıb getmişdi.

Bəri başdan deməliyəm ki, biz onu bu gün tanıdığımıza görə böyük ədəbiyyatşünas, qeyrətli vətəndaş alim, professor Abbas Zamanova borcluyuq. Kimliyi haqqında ilk ətraflı məlumatı oxuculara 4 may 1990-cı ildə "Ədəbiyyat qəzeti"ndə Abbas müəllim təqdim etmişdir:

 

"Qarşımda iki şeir kitabı var. Biri "Könül sazından" (1983.170 səh.), o biri “Dağ çiçəkləri" (1987.100 səh) adlanır. Bunların hər ikisi Ankarada "Azərbaycan Kültür Dərnəyi" nəşriyyatı tərəfindən buraxılmış və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Bu kitabların ürəyi Vətən həsrətilə döyünən müəllifinin qəribə həyat dünyası vardır. O, vətəndə ikən Hacı Həsənzadə, qürbətdə isə doktor Alazan Baycan ad-familiyası daşımışdır. Qoy A.Baycan həyat hekayəsi ilə özü bizi tanış etsin:

"Azərbaycanın Qazax şəhərində 1913-cü ildə may ayının 12-də dünyaya gəldim. İbtidai məktəbi bitirdikdən sonra Qazax müəllimlər seminariyasına daxil olub,

oranı 1929-cu ildə bitirdim. Bir il Balakəndə müəllimlik etdikdən sonra 1931-ci ildə Bakı Universitetinin Tibb fakultəsinə girdim.

1933-cü ildə Universiteti yarımçıq buraxıb Güney Azərbaycana, oradan da Türkiyəyə keçdim.

1934-cü ildə İstanbul Universitetinin Tibb fakultəsinə girdim və 1939-cu ildə oranı bitirdim. Bir neçə il hərbi xəstəxanada, tibb klinikasında çalışdım.

1942-ci ildə Almaniyaya getdim.

Bir il Berlin universtetində çalışdım.

1943-cü ildə Frayburq universitetində çalışmalarıma davam etdim.

1949-cu ildə daxili xəstəliklər mütəxəssisi oldum. Eyni ildən bəri Frayburqda özümün daxili xəstəliklər klinikasında çalışmaqdayam".

Doktor A.Baycanın yuxarıdakı "1933-cü ildə Güney Azərbaycana, oradan da Türkiyəyə keçdim" ifadəsinə vacib bir düzəliş vermək lazımdır. Hacı Həsənzadə vətəni sadəcə olaraq tərk etməmişdir. O, baş götürüb vətəndən qaçmışdır. Çünki adı "millətçilər" siyahısına düşən H.Həsənzadə əgər o zaman aradan çıxmasaydı "siyasi idarə"nin caynağına düşəcəkdi.

Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə də, vətənlə əlaqələrini kəsməmişdir.

Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzer, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır.

Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər.

Mən şəxsən iyirmi ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm. A.Baycanın şeirlərinin yeganə leytmotivi Vətən həsrətidir. O, mənə göndərdiyi məktubların birində yazırdı: “Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir. Heç bilmirəm, bu istək mənə qismət olacaqdırmı?"

Çox təəssüf ki, Vətənin vətənindən didərgin düşən qərib oğlunun arzusu həqiqətə çevrilmədi. O, bütün ömrü boyu Vətən həsrətiylə yaşadı, Vətən həsrətiylə öldü. Qərbi Almaniyanın Frayburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu.

Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı: Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi:

Azərbaycan...Qazax...Səməd.

O, bu sözləri deyəndən sonra keçindi".

Professor Abbas Zamanov.

 

...İndiki uşaqlar anadan olmurlar. (Bunu bütün uşaqlara aid etməsəm də, söhbətin nədən getdiyini yəqin ki, bilirsiniz. Söhbət keysəriyyə əməliyyatından gedir!)

Belə "doğulan" uşaqlar inanmıram ki, əsl ana, Vətən məhəbbətinin, Vətən həsrətinin nə olduğunu bilsinlər...

"Alazan Baycan öləndə niyə Azərbaycan demişdi?

Çünki Azərbaycandandı.

Niyə Qazax demişdi?

Çünki Qazaxda doğulmuşdu.

Bəs niyə Səməd demişdi?!

Görünür, Səmədi təkcə böyük şair kimi sevməyibmiş. Aralarında 7 yaş fərq olmasına baxmayaraq bəlkə də biri-birini yaxşı tanıyırmışlar, dost da ola bilərmişlər. Axı hər ikisi Qazax müəllimlər seminariyasını bitirmişdi, hər ikisi müəllim olmuşdu, hər ikisi şair idi və s.

O, Səməd Vurğunu yaxşı-yaxşı tanımasaydı (hamıdan çox sevməsəydi?!) sonralar Səmədə həsr etdiyi şeirdə onun portretini belə "çəkə" bilərdimi:

 

O doğuşdan inadkardı,

Dindardan çox o, dindardı.

 

İkinci misra Səməd Vurğunun ilk gənclik illərində "Dəli Səməd" çağırıldığı dövrə işarədir. O dövrdə Səməd vegeterianlığa meyilliydi. Ət yemirdi.(Tolstoy kimi.)

Özü bunu sonralar etiraf etmişdi. Deyirdi ki, "heyvanlara yazığım gəlirdi".

Birinci misra da çox yerində deyilib.

Səmədin uşaqlıq illərində hədsiz inadkar olduğu məlumdur. Dediyindən dönməzmiş. Hətta bir dəfə ilk eşqinin üstündə qardaşı Mehdixana acıq eyləyib Dilcandakı yaylaq evindən bayıra qaçmış, özünü ağacdan asmışdı ki, niyə məni bu yoldan döndərmək istəyirsiniz?

Alazan Baycanın Səmədə yazdığı şeiri dəfələrlə oxumuşam və düşünmüşəm ki, Səməd Vurğunun portretini heç kim Alazan Baycan kimi çəkməyib. “Səməd Vurğunun eşqi" adlanan bu şeirin son bəndi xüsusilə, çox təsirli və real fikirlərlə doludur.

 

...Boşa çıxdı arzuları,

Tez ağardı dərdli başı.

Yazıq uzun yaşamadı,

Öldü vicdan əzabından,

Siqaranın dumanından.

 

Əlbəttə, Alazan Baycanı Səməd Vurğunla bağlayan təkcə gənclik illəri olmayıb.

Yaradıcılıq nümunələri baxımından da oxşar cəhətləri var bu şairlərin.

Ömrü boyu Vətəni Azərbaycanın azadlığa çıxmasının həsrətini çəkmiş Alazan Baycan deyir:

"Sevdim azadlığı, özgürlüyü mən, canımı qurtardı əzilən yerdən". 

Doğrudan da, 30-cu illərdə xüsusən Azərbaycanda Şura höhumətinin qurulmasından 15 il sonra (1935) artıq yavaş-yavaş məlum olmuşdu ki, bu hökumət əslində özgürlüyün, kişiliyin kökünü kəsmək üçün qurulubmuş.

S.Vurğun da insan azadlığının boğulduğunu "Aslan qayası" poemasını bitirəndə "hiss" etmişdi: "İnsan azadlıqdır, azadlıq insan!"

Mənə maraqlı görünən faktlardan biri budur ki, nədən qazaxlı ola-ola Hacı Həsənzadə "Alazan Baycan" təxəllüsü götürübmüş? İlk olaraq ağlıma gələn bu oldu ki, o Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra Balakəndə müəllimlik etmişdi. Alazan çayı o tərəflərdə yerləşir axı. Daha dəqiq oxucuların təsəvvur əldə etməsi üçün ASE-nin "Balakən Rayonu" bölümünə baxdım. “Balakən rayonu- Azərbaycanda inzibati rayon. Baş Qafqaz silsiləsinin cənub yamaclarında və Alazan -Həftəran vadisindədir. Çay şəbəkəsi çoxdur. Rayonun ərazisindən Balakən, Mazım və s. çaylar, Katex çayı, Qanıx (Alazan) çayı axır".

"Alazan" təxəllüsünün hardan götürüldüyü beləcə aydınlaşdı. "Baycan"da məlum şeydir. Bu "Azərbaycan" sözünün "baycan" hissəsidir.

Ömür-gün yoldaşının alman qızı olduğu bəllidir. Adı İnqa olub. Bəs ilk sevdiyi Azərbaycan gözəlinin adı nə olub, görəsən? O gözəl ki, onu Alımça ağacının altında görmüşdü. Onda 13 yaşı vardı. Onda belə yazmışdı:

 

Alımçanın dibində,

Gözüm qaldı gözündə.

Səni sevdim ürəkdən,

Bilirmisən özün də?!

 

Bu onun ilk şeiri olub.13 yaşın şeiri! Mənə elə gəlir ki, bu bir bənd şeir onun şairlik pasportudur, vizit kartıdır.

Və bu şeir dünyanın ən gözəl məhəbbət şeirlərindən biridir. Böyük və ölməz məhəbbət dastanlarının proloqudur.

 

...Bu insan nə gözəl şeirlər yazırmış. Bu insan bizim yazmadığımız, yazammadığımız, yazmağı unutduğumuz şeirləri yazırmış. Götürək elə Mirvarid Dilbaziyə yazdığı şeiri:

 

"Çoban" qoşmasını oxudum, andım,

Xəyala bürünüb yurdu dolandım.

Özümü dağlarda bir çoban sandım,

Qoy ötsün tütəyim, susdurma məni.

 

Bizim dağlar yenə əski dağlarmı,

Sular axıb, çaylar daşıb çağlarmı?

Bənövşələr boyun büküb ağlarmı?

Doğrumu sözlərin, qandırma məni.

 

Sevdiyim dumanlı, yaşıl dağarın,

Silinməz izləri keçmiş çağların.

Düşsəm ayağına doğma Qazağın,

Qoy öpüm doyunca, qaldırma məni.

 

Əlvan çiçəklidir dağların yazı,

Ondan ayrı inlər könlümün sazı.

Həsrətəm dağlara, a dağlar qızı,

Qoy çıxım dağlara, qaytarma məni.

 

Dünyanın ən gözəl bir yerindəyim,

Bağlıdır yurduma yenə ürəyim.

Sorsalar doğrumu, bunu söyləyim:

Yanıram, gəl su tök, yandırma məni!

 

Son misranı oxuyanda yadıma Dilican yaylağı, Dilican dərəsi düşdü. Dilicanda Şir heykəlinin ağzından aşıb daşan "Şirli bulaq" düşdü. O bulaqdan mən də çox içmişəm. 1988-ci ildə anam xəstələndi. "Ürəyim yanır" dedi. O bulağın suyundan istədi. İçsəm, ölmərəm, söylədi. Allah insafımı kəssin. O sudan gətirmədim. Qorxdum ki, içən kimi anam ölər. Amma zənnim düz çıxdı. Ondan sonra o "Yanğıyla" anam xeyli yaşadı.

 

Adamı həsrət öldürür.

Yox, adamı həm də həsrət yaşadırmış?!

Alazan Baycanın şeirlərindəki yurd yerlərinin adını indi çoxlarımız unutmuşuq. O yaylaq yerlərini görənlərin, sevənlərin çoxu ya ölüb indi... ya da o şair kimi o yerlərdən didərgin düşüblər. Az qala, öz adları yadlarından çıxıb...

"Molla qayası", "Sənəm dərəsi", "Kərəm Körpüsü", "Dilican" "Haçasu" yer-yurd adları A.Baycanın şeirlərində yaşayır indi. Bu adlar "Şairlər vətəni" bizim tərəflərin, millətimizin kodlarından biriymiş. O kodu düşmən bildi, bizi bir yerə "yığdı", ondan sonra bizimlə çox asanlıqla istədiyi kimi "danışa" bildi.

Bu adamın yazdığı şeirlər adi şeirlər deyil. Tarix var bu şeirlərdə. Tarixi yurd yerlərimizin möhürlənmiş adları var. Biz heç o yerlərdən bu qədər yazmamışıq. Biz yaylaqlara yox, yaylaqlarımıza gedirdik. Biz bu yerlərdən danışanda o saat erməni köpəkoğlu haray salır ki, yalan deyirsiniz, buralar bizim olub: Onda o yerlərin adını öz adı, soyadı kimi (öz şeiri, laylası, bayatısı kimi!) yadında saxlayan Alazan Baycan nə olsun? Axı doğma olmayan şey tez yaddan çıxır. A.Baycan dediyi adlar damarlarından qan kimi axırmış. O yerlər ermənilərə məxsus idisə heç olmasa ermənicə bircə yer adısa bu şeirlərə düşəydi də?!

Qazaxda bizim yaylaqlara yol "Haçasu"nun yanından başlayardı. Bunu köhnə kişilər yaxşı bilirdi. Bunu Alazan Baycan da illərlə unutmamışdı:

 

Haçasudan keçdik dağlara sarı,

Göllərdə ördəklər üzdüyü zaman

İstərəm görəm mən o nazlı yarı,

Saçına çiçəklər düzdüyü zaman.

 

Arabamız irəllədi durmadan,

Keçdik əyri-ürü tozlu yollardan

Aşıqlar dəm vurdu vəfalı yardan,

Gözəllər gözünü süzdüyü zaman.

 

Qoyun, quzu dağdan enib gələrdi,

Anasın itirmiş quzu mələrdi.

Nə yaman olurmuş ayrılıq dərdi,

İnsan ümidini üzdüyü zaman.

 

Uzaqlaşdıq eldən, yollar qaraldı,

Qaraldı dumanlı dağların ardı.

Füzuli ürəklər yanar, ağlardı,

Gözəllər sözündən döndüyü zaman!

 

Qərbi Almaniyada yaşayasan, amma hər gün, hər an köç yollarında "Molla qayası"nda, "Haçasuda", “Kərəm Körpüsü"ndə, "Sənəm dərəsi"ndə, Dilicanda, Dəli dağda olasan. Vətən canlı şair olasan, aşıq olasan, aşiq olasan. Bu mümkündümü?! Mümkündür! Alazan Baycanın şeirləri elə bunu deyir:

 

...Mən aşığam, odsuz yandım,

Yanan odlar mənsiz olmaz.

Vətən, səni hər an andım,

Vallah, könlüm sənsiz olmaz!

 

...Kərəm körpüsündən keçsəm,

Qayalarda qartal seçsəm,

Dilicanda bir su içsəm,

Yanan könlüm cansız olmaz.

 

...Molla qayasından bir bax, yuxarı,

Hardadı Səmədin vəfasız yarı?

Ölmədən bir görsəm doğma diyarı,

Sarsılmaz imandır canım, eloğlu!

 

Ömür nə cür ötüb keçdi, bilmədi. Gözü dünyanın nə var- dövlətində, nə də qürbət "Şirnisi"ndə qaldı. Özü yazdığı kimi, gözü Qazaxda qaldı.

Bizimsə gözümüz hələ də köhnə yurd yerində, o dağlarda, köç yollarında qalıb.

...Hər dəfə Qazaxdan Dilicana tərəf baxanda nədənsə ən çox qulağıma gələn araba səsidir.

Bir də Didvandakı "Göyəzən" yeməkxanasının pəncərəsindən o yerlərə doğru zillənən türk şairi Yavuz Bülənd Bakilərin qəribanə yazıq-pozuq, ağlar baxışları. İşə bax, gör hardan baxıb tanış edirdik kişini köhnə yurd yerləriylə və deyirdik: O yerlər, o dağlar bizim olub!?"

Aman Allah! Biz Vətəndən Vətənə boylanırdıq.

O ( Alazan Baycan) isə qürbətdən Vətənə boylanası olmusdu. Ürəyi, gözü Qazaxda qalmışdı və müstəqilliyimizə 2 il qalmış (1989) müqəddəs bir ziyarətin bir addımlığında ölmüşdü, 76 yaşında. Öləndə belə demişdi:

"Azərbaycan… Qazax... Səməd...".

 

P.S. Bu mühacir şair haqqında düşünəndə yadıma Qazaxlı mühacir Yusif düşür. O mühacirətə gedəndə Cümhuriyyət bayrağını kəmərinin altından belinə dolayıb sərhəddi keçib, Türkiyəyə pənah aparıb. Öləndə vəsiyyət edib ki, məni Qazaxdan gətirdiyim o bayrağa büküb dəfn edərsiniz. Elə də ediblər.

...Alazan Baycanın da qəlbində belə bir bayraq dalğalanırmış. Və əminəm ki, onun dəfninə biz gedə bilməsək də, "Molla qayası" ,"Kərəm körpüsü", "Dilican dərəsi" ,"Haçasu" gedibmişlər.

Özü də yaylağa gedən o köhnə arabayla. Hamısı da yəqin ki, arabanın hələ də yağlanmamış cırıldayan təkəri tərəfdə oturubmuşlar...

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Təqvim ilinə heyvan adı qoyub insandan adam kimi yaşamağı tələb edirlər.

 

2.İstedadlı oxucu olmasa, heç bir yazarın istedadı bəlli olmaz. 

 

3.Nağılın şirinliyi içərisindəki yalanlardadır.

 

4.Ən yaramaz adam başqasını sənin qədər tərifləyəndir.

 

5.Yazıçının ən böyük imtiyazı odur ki, öz əsərində özünü arzuladığı kimi öldürə bilir.

 

6.Ağ kağızda qara işini görən insana yazar deyilir. 

 

7.Sevgini sözlə ifadə etmək yalnız qara karandaşla göy qurşağı çəkməyə bənzəyir. 

 

8.Ləyaqətini qorumaq üçün ləyaqətlilərlə dostluq et.

 

9.Ümidinə çox da ümid bağlama.

 

10.Hər sözün məğzində bir hekayə yatır.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Çərşənbə axşamı, 19 Dekabr 2023 09:30

Bu gün Gəncədə Şapito-sirki fəaliyyətə başlayır

Azərbaycanda sirk incəsənətinin inkişaf etdirilməsi məqsədilə və ölkənin Qərb regionunun istəklərini nəzərə alaraq, Gəncə şəhərindəki GƏNCLAND istirahət mərkəzində ölkədə beynəlxalq standartlara cavab verən ən böyük stasionar şapito-sirki quraşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” Bakı Dövlət Sirkinə istinadən məlumat verir. 

 

Gəncədəki şapito-sirki fəaliyyətinə bu gün - 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 7-dək şapito-sirkinin yeni səhnəsində keçiriləcək “Yeni il sərgüzəşti” beynəlxalq sirk proqramı ilə başlayır. Proqramda dünyaca məşhur sirk artistləri çıxış edəcək. Klounlar, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar və tutuquşuları hər gün bayram ab-havası və unudulmaz emosiyalar bəxş edəcəklər.

Təşkilatçıların qeyd etdiyinə görə, “Yeni il sərgüzəşti” sirk incəsənəti ustalarının sadəcə olaraq gözəllik və ən mürəkkəb tryukları nümayiş etdirəcəyi peşəkar şou deyil. Bu, Azərbaycan sirk incəsənətinin şanlı tarixinin davamına çevrilən yerli sirkin yeni səhifəsini açan regionda ilk tam sirk tamaşasıdır. Üstəlik, daimi əsasda şapito-sirkinin açılışı ideyasının ibarət olduğu vəzifələrdən biri Azərbaycanın qədim şəhərlərindən birinə diqqətin cəlb edilməsidir. Təşkilatçılar və şəhərin məsul şəxsləri ümid edirlər ki, o, Gəncənin təkcə sakinlərinin deyil, həm də şəhərin qonaqlarının marağını cəlb edən ünvanlarından daha biri olacaq.

“Yeni il sərgüzəşti” premyera bayram proqramı artıq formalaşmış ənənəyə uyğun olaraq dekabrın 19-da valideyn himayəsindən məhrum olmuş ailələrdən olan, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid övladları və müharibə veteranları üçün nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Çərşənbə axşamı, 19 Dekabr 2023 13:30

“Ədalət” - HEKAYƏ

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Universitetimizdə gənc yazarlar arasında yarış keçiriləcəkdi. Münsiflər heyətinin verdiyi mövzuya uyğun gənc yazarlar öz düşüncələrini esse janrında yazmalı idi.

Biz bilirdik ki, Ülkər hər zaman bu cür yarışmalarda yüksək yerlərdən birini tutur. Lakin Ülkər hər yarışqabağı o qədər həyəcan keçirirdi ki, zarafat üçün deyirdik: "Ay, Ülkər, elə bil, ölüm-qalım məsələsidir".

Ülkər çox məsuliyyətli və ağırxasiyyətli bir qız idi. Uzun qara, ipək saçları Günəş işığında Günəşi belə qısqandırırdı. Qara qaşları "yeni doğulmuş "Aya bənzərdi, qara gözləri isə üzündə lap buta naxışına bənzəyirdi. Lakin çox az adam bu butavari gözlərin içindəki dərinliyi görmə şərəfinə nail olardı. Ülkər qaş-qabaqlı və yol gedərkən belə başını qaldırmayan biri idi. Sadəcə, desək, Ülkər əlçatmaz və alınmaz bir qala idi. Bu qalanı isə  hər tərəfdən yeddibaşlı əjdahalar mühafizə edirdi. Ülkəri sevənlər çox idi, amma Ülkər üçün sevgi kitablar idi... Elə olurdu, Ülkər bir kitabı bir gecəyə oxuyub qurtarırdı. Hətta bəzən biz onu "Vunderkind Ülkər" çağırırdıq.

Yarışa qatılanların içərisində Filologiya fakültəsinin dekanının qızı Aytəkin də vardı. Aytəkin də savadlı bir qız idi. Amma biz Ülkərə daha çox inanırdıq. Bəziləri məlum səbəblərdən bu dəfə Ülkərin birinci yer tutmayacağı proqnozu ilə pıçıldaşırdı. Bir anlıq mənim də fikirlərim qarışdı. Düşündüm ki, münsiflər bəzi səbəblərdən Ülkəri yox, Aytəkini seçə bilərlər. Amma qəlbimin dərinliyində yenə də Ülkərin layiq olduğunu düşünürdüm. Dekanımız çox mərhəmətli və insani keyfiyyətlərlə zəngin bir xəzinə idi. Bu xəzinə sahibi yalnız ədalət prinsipin rəhbər tutardı...

Aytəkin isə eqolu qız idi. Qalib olacağına tam əmin idi. Hətta mətnaltı cümlələrlə, sanki qalibin o olacağını vurğulayırdı...

Ülkər isə buna heç fikir vermirdi. Ülkər üçün əsas yarışda iştirak etmək və mövzu barədə öz fikirlərini bölüşmək idi.

Artıq yarışın nəticələrinin elan edilməsinə bir gün qalmışdı. Hamımız həyəcanlı idik. Dalğalanan dənizə dönmüşdük. Həyəcan və maraq daxilimizdə öz cığırını açmışdı. Aytəkin isə heç həyəcan belə keçirmirdi. Sanki o, əmin idi ki, yüksək yerin sahibidir.

Aytəkinin özünü belə aparması isə Ülkərdə ruh düşkünlüyü yaratmırdı, əksinə Ülkərin gözlərində adının mənası kimi ulduz görünürdü və işıq saçırdı.

Ülkər dekanımızı - Gülnarə müəllimi çox sevirdi. Gülnarə müəllim də Ülkəri savadına və gözəl mənəviyyatına görə çox istəyirdi.

Bu yarış bizim üçün digər yarışlardan daha da maraqlı olmuşdu. Sanki ədalət mövzusunda olan bu yarışın xüsusi nə isə daha çox önəmi vardı.

Mən Ülkər ilə artıq iki ildir ki, tanış idim. Ülkərin həyatı heç də yaxşı keçməmişdi. O, çox uşaqlar kimi rahat həyat sürməmişdi. Anası öz halal zəhməti ilə Ülkərə həm ana, həm ata olmuşdu. Ülkərin atası avtomobil qəzası zamanı dünyasını dəyişmişdi. Bu hadisə Ülkərin yaddaşında dərin bir iz buraxmışdı. Ülkərin anası əsl fədakar bir Azərbaycan qadını idi. O, Ülkəri min-bir əziyyətlə böyütmüşdü. Ən əsası, Ülkər ailədə tək uşaq olsa da, ərköyün, nadinc bir qızcığaz olmamışdır. Davranışları, həyata baxışı onu öz yaşıdlarından fərqləndirirdi. Məhz, bu cəhətlərinə görə o çox sevilirdi.

Ülkərgilin maddi vəziyyəti ürəkaçan olmasa da, o həmişə gözütox, əliaçıq idi. Xanım xala qızına-Ülkərə zəngin mənəviyyatından pay vermişdi. Bu miras Ülkərin ruhunda qorunub saxlanmışdır. Ülkər həmişə söyləyirdi ki:- “Ən böyük zənginlik saf mənəviyyatın zənginliyidir. Bu elə bir zənginlikdir ki, ömür boyu xərcləsən belə tükənməz".

Ülkər üçün dilənçi üstü-başı çirkli, köhnə pal-paltarlı, maddi sıxıntı çəkənlər deyildi, mənəviyyatı kasıb olan varlılar əsl dilənçi sayılırdı. İnsani keyfiyyətlərdən uzaq düşmüş adamlar Ülkərin ən qəddar düşmənləri idi. İnsani hissləri dəfn edib, heyvani hisslərlə qidalananlar Ülkərin gözündə "cinayətkarlar" idi.

Mənəviyyatı saf, təmiz olanlar isə açıq mavi səmanı xatırladırdı Ülkərin təxəyyülündə... O səma ki, yalnız mərhəmətli insanların duaları ilə nur saçır. O səma ki, sevgidən və məhəbbətdən rəngini alır. O səma ki, cismin ruhuna, ruhun cisminə alqış deyir.

Ülkərin elə gözəl fəlsəfəsi, dünyagörüşü vardı ki, onu saatlarla dinləməkdən yorulmazdım. Onun çox xeyirxah qəlbi və mərd xasiyyəti vardı.  O qədər qətiyyətli xarakterə malik idi ki, tələbə dərnəyində  ilk türk qadın hökmdar -Tomris rolunu məharətlə oynamışdı. Kirə dediyi sözləri elə ustalıqla səsləndirmişdi ki, biz tələbə yoldaşımıza az qala bir il Kir adı ilə səslənmişdik. Doğuluşdan istedadlı idi Ülkər.

O bir dəfə yaşadığı hadisəni mənə danışdı. Bu hadisəni eşidəndə Ülkəri var-gücümlə sıxıb qucaqlamışdım. Söyləmisdim ki;-"Nə yaxşı səni tanıdım".

Ülkərgilin maddi vəziyyəti yaxşı olan bir qonşuları vardı. Çox təəssüf ki,

Ülkərgilin maddi vəziyyəti elə də yaxşı olmadığından o qonşu onlara yuxarıdan-aşağı baxırmış. Amma Ülkər onlara elə bir xəzinə vermişdi ki, özləri belə Ülkərdən etdiklərinə görə üzr istədilər.

Bir dəfə o varlı qonşunun üç yaşında oğlu həyətdə oynayarkən topu bir az uzağa düşür. Uşaq topun arxasınca qaçan zaman həyətə bir maşın daxil olur və əyilib topu götürən uşağı görmür. Ülkər bunu hiss edib irəli atılır. Uşağı maşının altından çəkərkən özü yüngül xəsarət alır. Səs-küyə yığışan qonşular Ülkərə alqış edirlər. 

Ülkər olmasaydı, Allah bilir, o uşağın taleyi necə tamamlanacaqdı. Bu hadisədən sonra həmin o qonşu Ülkərə minnətdarlıq bildirib. Hətta, səhərisi gün zərfdə Ülkərə:"Pis başa düşmə"- deyərək bir miqdar pul uzadıb. Ülkər isə “bu pulu uşaq evinə köçürün” deyib.

                         ............

 Hamının həyəcandan ürəyi sürətlə döyünürdü. Üç qalib adı çəkiləcəkdi. Ülkər isə nədənsə, sakit görünürdü. O, dekana-Gülnarə müəllimə etibar edib güvənirdi. Çünki dekanımız müdrik qadın idi. O, tələbələrə haqq-ədalətdən danışarkən necə ədalət prinsipin poza bilərdi ki. Müəllimlik peşəsi işıqlı yolları göstərən bir peşədir. Müəllimlər həyatımızda işıq saçan mayakdır. Hər bir peşənin öyrədicisi müəllimdir. Ulu Öndərimiz, Ümumilli Liderimiz Heydər Əliyev necə gözəl söyləmişdir: - "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır".

Gülnarə müəllimimiz qaliblərin adlarını çəkməzdən əvvəl  belə söylədi:

  Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

  Yer üzünün fatehi ədalətdir, ədalət.

                               Nizami Gəncəvi.

 Bundan sonra qaliblərin adı müəyyənləşdi.

 Hamımızın gözlədiyi oldu-Ülkər birinci yerə layiq görüldü. Gülnarə müəllimin qızı-Aytəkin isə öz ədalətli yerində-üçüncü idi.

Ülkər sevincli idi. Aytəkin Ülkərə yaxınlaşıb: "Sən, həqiqətən, layiqsən"-dedi.

 Yarışa qatılan iştirakçıların yarış mövzusu "Ədalət" olduğu kimi yarışın nəticəsi də ədalət prinsipi ilə tamamlandı.

         

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Çərşənbə axşamı, 19 Dekabr 2023 15:00

“Dilənçi qadın” - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ

Hər gün küçənin tinində rastlaşırdıq bu qarıyla. Beli donqar, üz-gözünü qırış basmış, yırtıq, sökük paltarından bədəninin bütün əzaları görünən çəlimsiz, qarayanız bir qadın idi. Səsindən siqaret çəkənə oxşayırdı. Bura onun qazanc yeriydi. Dilənmək üçün buranı seçmişdi. İnsafı olanlar qəpik-quruş tullayırdılar ovcuna. Hərdən manatlıq, hətta beşlik də verən olurdu. Baxırdı yoldan keçənin səxavətinə. Mən də ara -sıra bu qadının mənə uzanan əllərini boş qaytarmırdım. O da hamıya etdiyi dualardan mənə də edirdi. Hərdən elə bilirdim ki, bu qadının duaları da boğazdan yuxarıdı. Bəlkə də yanlış düşünürdüm. Bəlkə elə ürəkdən edirdi dualarını. Mən  səhv fikirləşirdim  bəlkə də. Şəhərin küləyi, yağışı da qorxutmurdu bu qarını. Xəstələnmirdi də deyəsən. Çünki hər gün eyni yerdəydi. Qınayanlar da olurdu. Söyüb söylənənlər də,  ölüm arzulayanlar da. Özü də qulağı eşidə- eşidə.  O isə heç kimə və heç nəyə məhəl qoymurdu. Hər gün eyni vaxtda, eyni yerdə dayanıb intizarla gəlib gedənlərdən nəsə qoparmağa çalışırdı. Hərdən fikirləşirdim ki, bu qadına bir sahib çıxan yoxdumu, bu yaşda özünü küçələrə vurub? Yəqin ki, oğuldan, uşaqdan kimisə var. Olmamış olmaz. Yer yarılıb yerdən çıxmayıb ki, bu qarı. Hərdən qınayırdım da bəziləri kimi. Düşünürdüm ki, bir qarın çörək tapmırsanmı ömrün, günün bu vədəsində düşmüsən çöllərə? Sonra da tezkən özümü qınayırdım. Belə düşündüyümçün. Heç kimin heç kimdən xəbəri yoxdu. Hamı ağrıları, dərdləriylə təkbətəkdi. Elə bu qadın kimi. Bu qadına bu vaxtı  isti yuva, bir qab da xörək lazımdı. Vəssalam. 

Bu qadına rəhmim gəlirdi. Əlimdən heç nə gəlməsə də narahat olurdum. Evə gətirə bilməzdim. Nə uşaqlar, nə yoldaşım heç cür razı olmazdı onun bizimlə yaşamağına. Deyərdilər ki, nə tanıyırıq bu qadını. Bəlkə elə oğrunun, psicopatın biridi. Bu qadına ancaq dövlət sahib çıxa bilərdi. Ağlıma rəfiqəm Nərgiz gəldi nədənsə. Qərara gəldim ki, bu barədə onunla danışım. Necə olmasa jurnalistdi. Əli də, dili də uzundu məndən. Elə hökmü də var. Zəng etdim. Görüş təyin etdik. Şəhərin sakit, səssiz kafelərinin birində görüşdük. Uzun zaman görüşmədiyimizdən hətta bir-birimizi qınadıq da. Axı zaman su kimi axıb gedir. Ömrümüz qovhaqovda, qaçaqaçda keçir. Bir də oyanıb görürük ki, ömür bitib və biz də yarımçığıq. Nə arzularımıza, nə də bir- birimizə yetmişik. Eləcə zamanı üfürmüşük havaya. Axı zamana hakim olmaq da olar. Bu boyda vaxtdan özümüzə niyə ayırmağa hünərimiz çatmır. Manaton, bir- birini təkrarlayan günlərdən niyə qaçıb qurtara bilmirik?  Nəticədə hər şeyə, hər yerə gecikirik. Sevgiyə, yaşamağa, sevincə-  özümüzə gecikirik. Nə qazanırıq, nə itiririk, bilmirik. 

Nərgizlə son görüşümüzdən 1 il keçirdi.

-Eyni  şəhərdə  vaxtlı-vaxtında görüşməyə də imkan etmirik. Halbuki bir-birimizi bir gün görməyəndə dəli olurduq.

-Qayğılar, problemlər başımızı elə qatıb ki, vaxtın keçməyindən xəbərimiz belə olmur. Səhərdən axşama qaçırıq. Heç nəyə də yetmirik. 

-Hə vallah. Düz deyirsən. Görməyəli bir xeyli kilo almısan. Amma yaraşır. Narahat olma. Məktəb vaxtı balaca, ətsiz-qansız qız idin. -Nə tez keçdi o illər, ay Nərgiz. De görüm işin, gücün necədi? 

-Həmişəki kimi. İş gücdü də. Uşaqlar oxuyur. Həyat öz axarıyla gedir. Səndə vəziyyət necədi?

-Şükür. Hər şey bildiyin kimi. Məktəbdən evə, evdən məktəbə. Bilirsən də müəllim  işləmək də necə çətinləşib. Bizim vaxtımıza xəyalın getməsin. Şagirdlərin psixologiyası çox dəyişib. Biz müəllimə ilahi varlıq kimi baxırdıq. İndiki uşaqlara söz demək olmur. Abırımızı gözləyə-gözləyə işləyirik. Aytən bitirdi universiteti. Orxan hələ oxuyur. Ramiz də ayın 15 gününü dənizdə olur. Yoldaşınla görüşüb edirsən? Yəni keçmiş?

-Yox, ay qız. İlan vursun onu. Onlardan yaxamı güclə qurtarmışam. Mənimki onunla qurdla qiyamətə qaldı.

-Heç o da maraqlanmır? Necə olmasa uşaqları var. Atadı axı.

-Yox. Eh boş ver e onu. De görüm mənimlə nə işin vardı. 

Mən dilənçi qadından danışdıqca hiss edirdim ki, o da kövrəlir. Gözləri  dolmuşdu. Qarşısındakı çay soyuyub buza dönmüşdü. 

-Sən danışdıqca anam yadıma düşür. Bilirsən də onu hələ orta məktəbdə oxuyarkən  itirdik. Adamınkı əvvəldən gətirə gərək. Anasız qalanda nə yaşım vardı. Sonra ailəm də belə çıxdı. Yarımadım bir sözlə. Taxtım olunca baxtım olaydı. 

-Allah anana rəhmət eləsin. Amma elə demə. Şükür, Allah sənə iki ağıllı övlad verib. İşin, gücün, karyeran.

-Eh.

Hiss edirdim ki, bir az da söhbət uzansa Nərgizi ağlamaq tutacaq. Özünü zorla tutub saxlamışdı. Bir də ki, xasiyyətinə bələd idim axı. Göz yaşı ovcunun içindəydi. Amma eyni zamanda da güclü qadın idi. Həyatı ürəyincə olmasa da ayaqları üstə durmağı bacardı. Bütün çətinliklərə sinə gərdi. Yıxılmadı. Sevdiyi ilə ailə qursa da elə ilk günlərdən anladı ki, tamam fərqli adamlardı. Bununla belə var gücüylə bu ailəni qoruyub saxlamağa çalışdı. İki övladları oldu. Bıçaq sümüyə dayananda ayrılmaq qərarına gəldi. Can şirindi axı. Bildi ki, belə davam etsə ya öləcək, da dəli olacaq. Beləcə ayrıldılar. Məhkəmədə heç bir təmənnası da olmadı qarşı tərəfdən. Qol çəkib boşandılar. Vəssalam. Uşaqlarını da götürüb çıxdı ərinin evindən. Uzun müddət kirayələrdə yaşadı . Sonra çətinliklə də olsa özünə iki otaqlı bir mənzil aldı. Elə bildi dünyanı ona veriblər. İşinə, gücünə sarıldı. Respublikanın sayılan, seçilən jurnalistlərindən oldu. Sözünün hökmü vardı. Elə onunla bu günkü  görüşümün də səbəbi bu idi. Bilirdim ki, bir işi öhdəsinə götürdümü, axıracan gedəcək. -Sən o qadını götür, yanıma gəl. Əlimdən gələni edəcəm ki, dövlət  ona bir sığınacaq  versin.

-Yaxşı. 

Kafedən çıxanda gördük ki, əməllicə yağış yağır. Həm də küləkli yağış. İstər- istəməz qadını düşündüm. Üşüdüm. Qayıdanda qadını əvvəlki yerində görmədim. Düzü, bir az da narahat oldum. Səhər qadına yaxınlaşıb olanları ona danışacaqdım onsuz da. Buna görə bir xeyli sakitləşmişdim. Nərgizlə danışandan sonra çiynimdən yük götürülmüşdü sanki. Nəhayət ki, bu qadına da sahib çıxacaqdılar və bu işdə mənim də  payım olacaqdı. Hər şey səhər həll olacaqdı. Amma səhəri də qadını yerində görmədim. Fikirləşdim ki, yəqin başına bir iş gəlib ki, iki gündü gözə dəymir. Ya xəstələnib, ya da bir başqa nəsə var. Hər halda, yaxşı heç nə düşünmədim. Özümü də danladım ki, niyə  bu vaxtacan heç bir köməkliyim dəyməyib qadına. Axı bu fikirləşdiklərimi əvvəlcədən də edə bilərdim. Bu minvalla aradan təxminən bir həftə keçdi. Dilənçi qadın da yavaş-yavaş unudulmağa başladı. Daha əvvəlki kimi nigarançılığım qalmamışdı. Yoldan keçəndə arada ətrafa göz gəzdirirdim. Vəssalam. Bir gün Nərgizdən zəng gəldi. Hal əhval tutduqdan sonra qadını soruşdu. Qadını bir neçə gündü görmədiyimi və bundan bərk narahat olduğumu dedim.

-Narahat olma. Bəlkə yaxınlarından kimsə sahiblənib qadına. Niyə ancaq pis fikirləşirsən. Əvvəlki xasiyyətin başındadı. Həmişə neqativə yüklənirsən.

-Təki sən deyən olsun. Yox. Sadəcə qoca arvaddı deyə narahat oldum bir az. Yazığım gəldi nəsə. Bəlkə də sən deyəndi. Yaxınlarının, doğmalarının yanına sığınıb bəlkə də. Səndə nə yenilik var?

-Hər şey öz yolundadı. Bircə...

Nərgiz sözünə bir az ara verdi. Görünür verəcəyi xəbərin mənə pis təsir edəcəyindən qorxurdu. Bilirdi ki, ürəyim xəstədi. Hər şeydən narahat oluram .

-Nəsə olub? Uşaqlar yaxşıdı? 

-Həə. Hamı yaxşıdı şükür. Qulağın xeyir xəbərlər eşitsin. O rəhmətə gedib.

-Kim?

-O da. Uşaqların atası.

-Aaa. Niyə? Xəstə idi ki? Sən hardan bildin?

-Seymurun( həyat yoldaşının) xalası qızını gördüm bayaq. Təsadüfən. Salamlaşıb görüşdük. O dedi. Bir ilmiş ki, yataq xəstəsiymiş. İflic olubmuş. İkinci dəfə ailə qurmuşdu axı. O da atıb gedibmiş bunları. Anasının ümidinə qalıbmış. Qahmar çıxanları da yox imiş. Bilsəydim mən kömək edərdim. Bilirsən də mənim ürəyim yoxdu. Belə vaxtda incikliyi də unuduram. Bir də necə olsa uşaqların atasıdı. Baxmayaraq ki, bizdən heç vaxt xəbər tutmadı. Mən yenə də əlimdən gələn köməyi əsirgəməzdim. 

Nərgizin böyüklüyünə mat qalmışdım. Bu ürəyin sahibini necə tək-tənha qoymaq olardı? Yanımda olsaydı qucaqlayıb öpərdim onu. Sakitcə: -Allah günahlarını bağışlasın. Nə etmək olar. Bu da onun qismətidi. Allah bilən məsləhətdi- dedim.

Hiss etdim ki, bu sözləri boğazdan yuxarı deyirəm. Ürəyim ayrı şey deyirdi. Fikirləşirdim ki, insanın ən böyük düşməni elə özüdü. Seymur həm özünün, həm də  Nərgizin həyatını alt-üst etmişdi.

Cəzasını da çəkdi. Amma onu nə qədər günahlandırsam da əməllicə dolmuşdum.  Bir himə bənd idim. Hönkür-hönkür ağlamaq istəyirdim. Nərgizlə sağollaşıb paltomu əynimə keçirdim. Divarlar üstümə gəlirdi. Onsuz da neçə gün idi ki, dilxor idim. Bir yandan dilənçi qadının yoxa çıxması, bir yandan da Nərgizin verdiyi xəbər məni bərk sarsıtmışdı. Evdən çıxıb fikrimi dağıtmaq istəyirdim bir az.

Küçənin tinində yumulub yumağa dönmüş bir qadın gördüm. Gözlərim işıqlandı. Qadın sakitcə dayanıb əllərini gəlib gedənə uzadırdı. Arada dilinin ucunda bildiyi duaları təkrarlayırdı. Ən əziz adamımı görmüş kimi sevincək qadına yaxınlaşdım:

-Salam. 

Qadın başını qaldırıb üzümə baxdı. Yerimdə donub qaldım.

Bütün sevincim uçub getdi. Bu o qadın deyildi. Amma dilənçi qadın deyəsən mənim ərklə "salam"  verməyimdən  ürəklənmişdi. Dua edirdi mənə. Özü də elə içdən edirdi ki, bu duaları. Kövrəldim. Çantamı açdım və pul qabımdan bir xeyli pul çıxarıb qadına verdim. Qadının gözləri işıqlandı. Əlimdən öpmək istədi. İmkan vermədim. Qadının yanından uzaqlaşdım. Hara getdiyimi də bilmirdim. Birdən… Ani qərarla Nərgizə zəng etdim:

-Nərgiz, dilənçi qadın burdadı. Dediyim ünvana gələ bilərsən ?

Telefonun o başında hiss etdim ki, Nərgiz də sevinir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini  təqdim edir.

 

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.