REDAKSİYANIN POÇTUNDAN - “Beyləqanın yovşan qoxusu”

 

Aygün Bayramlının yeni şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Beyləqan rayonunda piano müəllimi işləyən, şeirləri ilə dövri mətbuatda tez-tez çıxış edən istedadlı şair Aygün Bayramlının məktubu var. Aygün xanım Beyləqana aid şeir yazdığını və bu şeiri elmi yaradıcılığı, tədqiqat işləri ilə bağlı yazdığını bildirir, portalda yayımlanmasını arzulayır. Buyurun, istəkli oxucular, tanış olun. 

 

Yovşanlı torpaqların

Altı tarix, üstü tarix

Gözü yolda qalan diyar,

Ulu torpaq, ulu diyar.

Sən haradan gəlmiş idin

Haralarda tutdun qərar?

Əsrlərin süzgəcində

İlim ilim ilmələnən,

Zillətlərə, zülmətlərə

Sinə gərən

Ərən diyar...

 

3-4 əsr ölü qaldın,

Diriltmədi səni gəlib gedənlərin,

Elə baxıb köks ötürdü torpağına,

Torpaq altda qalanına

Əsrlərdir ölən qala,

Örənqala...

 

Səni tarix unudarmı?

Sən tarixin özüsən

Mücirəddin torpağısan

Məsud Namdarın elisən.

Baş qoydu sənin yolunda Müsafirin,

Havalandı Ozan Murad,

Havalandı sinəsindən el havası-

Qaraca!

Çaldı əllər, qolça qopuz,

"Qaraca oğlan" çaldı,

Özü qalmayan ərlərin

Qaldı, izləri qaldı...

 

Oğuz yurdu, Boyatdan bir ər qopan

Dədəm Qorqudun diyarı

Ozan Əsədin diyarı,

Sirli, sazlı, sözlü diyar...

 

Ucaldı Mil-Minarədən azan!

Dündə də, bu gün də ,sabah da ucalacaq

Bu torpaqda yatan neçə ulu babam

Yenə yatır, dünya durduqca yatacaq.

Burda Peyğəmbərlər yatır.

Ənzələ, Sarı, Qərib, Cərciz peyğəmbərim yatır.

Beyləqan peyğəmbər yurdu

Müqəddəslərin məkanı, son mənzili...

 

6 min il yol gəlirsən,

Dəvələrin karvanında,

At belində gəlirsən.

Minarənin məşəl ilə işıq salan yollarından,

Əbu Musa tamahındandan keçib gələn,

Qala dövlət!

Dözən, duran, qaya dövlət!

 

Babəkin doğma şəhəri,

Neçə yüzilliklər keçdi, burdan kimsələr keçmədi,

Viran qaldın, xarab oldun, öldün, öldün-dirildin...

 

Bu gün yenə ayaqdasan,

Allahın əli çatan, ünü yetən yerdəsən,

Sən Xan qızı ürəyində,

Nizaminin qəlbindəsən,

Mənim peyğəmbər yurdum,

Mənim "Tanrı Şəhərim"

 

Yaşa, dünya durduqca ərənlərin diyarı,

Mücirin avazıyla ucal, ucal deyirəm,

Mənim tarixi yurdum,

Tarix qoxan şəhərim,

Yaşa, dünya durduqca, yaşa mənim diyarım!

 

İç şəkildə: Mücirəddin Beyləqani.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.