Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Universitetimizdə gənc yazarlar arasında yarış keçiriləcəkdi. Münsiflər heyətinin verdiyi mövzuya uyğun gənc yazarlar öz düşüncələrini esse janrında yazmalı idi.
Biz bilirdik ki, Ülkər hər zaman bu cür yarışmalarda yüksək yerlərdən birini tutur. Lakin Ülkər hər yarışqabağı o qədər həyəcan keçirirdi ki, zarafat üçün deyirdik: "Ay, Ülkər, elə bil, ölüm-qalım məsələsidir".
Ülkər çox məsuliyyətli və ağırxasiyyətli bir qız idi. Uzun qara, ipək saçları Günəş işığında Günəşi belə qısqandırırdı. Qara qaşları "yeni doğulmuş "Aya bənzərdi, qara gözləri isə üzündə lap buta naxışına bənzəyirdi. Lakin çox az adam bu butavari gözlərin içindəki dərinliyi görmə şərəfinə nail olardı. Ülkər qaş-qabaqlı və yol gedərkən belə başını qaldırmayan biri idi. Sadəcə, desək, Ülkər əlçatmaz və alınmaz bir qala idi. Bu qalanı isə hər tərəfdən yeddibaşlı əjdahalar mühafizə edirdi. Ülkəri sevənlər çox idi, amma Ülkər üçün sevgi kitablar idi... Elə olurdu, Ülkər bir kitabı bir gecəyə oxuyub qurtarırdı. Hətta bəzən biz onu "Vunderkind Ülkər" çağırırdıq.
Yarışa qatılanların içərisində Filologiya fakültəsinin dekanının qızı Aytəkin də vardı. Aytəkin də savadlı bir qız idi. Amma biz Ülkərə daha çox inanırdıq. Bəziləri məlum səbəblərdən bu dəfə Ülkərin birinci yer tutmayacağı proqnozu ilə pıçıldaşırdı. Bir anlıq mənim də fikirlərim qarışdı. Düşündüm ki, münsiflər bəzi səbəblərdən Ülkəri yox, Aytəkini seçə bilərlər. Amma qəlbimin dərinliyində yenə də Ülkərin layiq olduğunu düşünürdüm. Dekanımız çox mərhəmətli və insani keyfiyyətlərlə zəngin bir xəzinə idi. Bu xəzinə sahibi yalnız ədalət prinsipin rəhbər tutardı...
Aytəkin isə eqolu qız idi. Qalib olacağına tam əmin idi. Hətta mətnaltı cümlələrlə, sanki qalibin o olacağını vurğulayırdı...
Ülkər isə buna heç fikir vermirdi. Ülkər üçün əsas yarışda iştirak etmək və mövzu barədə öz fikirlərini bölüşmək idi.
Artıq yarışın nəticələrinin elan edilməsinə bir gün qalmışdı. Hamımız həyəcanlı idik. Dalğalanan dənizə dönmüşdük. Həyəcan və maraq daxilimizdə öz cığırını açmışdı. Aytəkin isə heç həyəcan belə keçirmirdi. Sanki o, əmin idi ki, yüksək yerin sahibidir.
Aytəkinin özünü belə aparması isə Ülkərdə ruh düşkünlüyü yaratmırdı, əksinə Ülkərin gözlərində adının mənası kimi ulduz görünürdü və işıq saçırdı.
Ülkər dekanımızı - Gülnarə müəllimi çox sevirdi. Gülnarə müəllim də Ülkəri savadına və gözəl mənəviyyatına görə çox istəyirdi.
Bu yarış bizim üçün digər yarışlardan daha da maraqlı olmuşdu. Sanki ədalət mövzusunda olan bu yarışın xüsusi nə isə daha çox önəmi vardı.
Mən Ülkər ilə artıq iki ildir ki, tanış idim. Ülkərin həyatı heç də yaxşı keçməmişdi. O, çox uşaqlar kimi rahat həyat sürməmişdi. Anası öz halal zəhməti ilə Ülkərə həm ana, həm ata olmuşdu. Ülkərin atası avtomobil qəzası zamanı dünyasını dəyişmişdi. Bu hadisə Ülkərin yaddaşında dərin bir iz buraxmışdı. Ülkərin anası əsl fədakar bir Azərbaycan qadını idi. O, Ülkəri min-bir əziyyətlə böyütmüşdü. Ən əsası, Ülkər ailədə tək uşaq olsa da, ərköyün, nadinc bir qızcığaz olmamışdır. Davranışları, həyata baxışı onu öz yaşıdlarından fərqləndirirdi. Məhz, bu cəhətlərinə görə o çox sevilirdi.
Ülkərgilin maddi vəziyyəti ürəkaçan olmasa da, o həmişə gözütox, əliaçıq idi. Xanım xala qızına-Ülkərə zəngin mənəviyyatından pay vermişdi. Bu miras Ülkərin ruhunda qorunub saxlanmışdır. Ülkər həmişə söyləyirdi ki:- “Ən böyük zənginlik saf mənəviyyatın zənginliyidir. Bu elə bir zənginlikdir ki, ömür boyu xərcləsən belə tükənməz".
Ülkər üçün dilənçi üstü-başı çirkli, köhnə pal-paltarlı, maddi sıxıntı çəkənlər deyildi, mənəviyyatı kasıb olan varlılar əsl dilənçi sayılırdı. İnsani keyfiyyətlərdən uzaq düşmüş adamlar Ülkərin ən qəddar düşmənləri idi. İnsani hissləri dəfn edib, heyvani hisslərlə qidalananlar Ülkərin gözündə "cinayətkarlar" idi.
Mənəviyyatı saf, təmiz olanlar isə açıq mavi səmanı xatırladırdı Ülkərin təxəyyülündə... O səma ki, yalnız mərhəmətli insanların duaları ilə nur saçır. O səma ki, sevgidən və məhəbbətdən rəngini alır. O səma ki, cismin ruhuna, ruhun cisminə alqış deyir.
Ülkərin elə gözəl fəlsəfəsi, dünyagörüşü vardı ki, onu saatlarla dinləməkdən yorulmazdım. Onun çox xeyirxah qəlbi və mərd xasiyyəti vardı. O qədər qətiyyətli xarakterə malik idi ki, tələbə dərnəyində ilk türk qadın hökmdar -Tomris rolunu məharətlə oynamışdı. Kirə dediyi sözləri elə ustalıqla səsləndirmişdi ki, biz tələbə yoldaşımıza az qala bir il Kir adı ilə səslənmişdik. Doğuluşdan istedadlı idi Ülkər.
O bir dəfə yaşadığı hadisəni mənə danışdı. Bu hadisəni eşidəndə Ülkəri var-gücümlə sıxıb qucaqlamışdım. Söyləmisdim ki;-"Nə yaxşı səni tanıdım".
Ülkərgilin maddi vəziyyəti yaxşı olan bir qonşuları vardı. Çox təəssüf ki,
Ülkərgilin maddi vəziyyəti elə də yaxşı olmadığından o qonşu onlara yuxarıdan-aşağı baxırmış. Amma Ülkər onlara elə bir xəzinə vermişdi ki, özləri belə Ülkərdən etdiklərinə görə üzr istədilər.
Bir dəfə o varlı qonşunun üç yaşında oğlu həyətdə oynayarkən topu bir az uzağa düşür. Uşaq topun arxasınca qaçan zaman həyətə bir maşın daxil olur və əyilib topu götürən uşağı görmür. Ülkər bunu hiss edib irəli atılır. Uşağı maşının altından çəkərkən özü yüngül xəsarət alır. Səs-küyə yığışan qonşular Ülkərə alqış edirlər.
Ülkər olmasaydı, Allah bilir, o uşağın taleyi necə tamamlanacaqdı. Bu hadisədən sonra həmin o qonşu Ülkərə minnətdarlıq bildirib. Hətta, səhərisi gün zərfdə Ülkərə:"Pis başa düşmə"- deyərək bir miqdar pul uzadıb. Ülkər isə “bu pulu uşaq evinə köçürün” deyib.
............
Hamının həyəcandan ürəyi sürətlə döyünürdü. Üç qalib adı çəkiləcəkdi. Ülkər isə nədənsə, sakit görünürdü. O, dekana-Gülnarə müəllimə etibar edib güvənirdi. Çünki dekanımız müdrik qadın idi. O, tələbələrə haqq-ədalətdən danışarkən necə ədalət prinsipin poza bilərdi ki. Müəllimlik peşəsi işıqlı yolları göstərən bir peşədir. Müəllimlər həyatımızda işıq saçan mayakdır. Hər bir peşənin öyrədicisi müəllimdir. Ulu Öndərimiz, Ümumilli Liderimiz Heydər Əliyev necə gözəl söyləmişdir: - "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır".
Gülnarə müəllimimiz qaliblərin adlarını çəkməzdən əvvəl belə söylədi:
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət.
Nizami Gəncəvi.
Bundan sonra qaliblərin adı müəyyənləşdi.
Hamımızın gözlədiyi oldu-Ülkər birinci yerə layiq görüldü. Gülnarə müəllimin qızı-Aytəkin isə öz ədalətli yerində-üçüncü idi.
Ülkər sevincli idi. Aytəkin Ülkərə yaxınlaşıb: "Sən, həqiqətən, layiqsən"-dedi.
Yarışa qatılan iştirakçıların yarış mövzusu "Ədalət" olduğu kimi yarışın nəticəsi də ədalət prinsipi ilə tamamlandı.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)