Super User
Zülm dağı - PRİTÇA
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
Biri var idi, bir yox idi. Pislik adında bir bəla vardı. Bu bəla öz əməlləri ilə yaman öyünürdü. Elə zənn eşitmişdi ki, günahkar yox, etdiyi əməllər haqdır. Etdiyi günahlar yekə bir daş parçasına çevrilirdi. Pislik isə bu daşların sayını artırmaqda yaman israrlı idi. O bu daşlardan "dağ inşa edib" hər kəsə ucadan baxmaq istəyirdi.
Hə, Pislik bu daşların sayını günbəgün artırırdı. Hər dəfə də ucalan daşlara baxıb fəxr edirdi. Axı o hamıya daha ucadan baxırdı. Hər kəsi ayaqları altında görmək artıq Pislik üçün hobbiyə çevrilmişdi. Birinin halal ruzisinə mane olurdu, birinin şərəfini və mənliyin alçaldırdı, birini zəhərli sözlərlə acılayırdı. Ən sonda ana-atasını itirmiş fəqir birinin malını mənimsədi və yekə bir daş parçası ilə uca bir "Zülm dağı" inşa etdi. Təkəbbürlü şəkildə bu dağın zirvəsinə çıxdı: -Hamınız ayağımın altındasınız,- demək istəyəndə ayağı sürüşdü və uca "Zülm dağı"-dan yerə çırpıldı.
İndi o, onun gölməçə şəklində yaranmış qanına baxan və yazığı gələn insanların ayaqları altında idi...
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Bu gün Gəncə terrorundan 3 il ötür
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Lap beşikdə, bələkdə
Eşitdik bu qarğışı:
"Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı"
Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, İlahi,
Yaşamağa vətən ver!...
Tanrının nə günahı vardı axı yaratdığın bəndələr bir-birinə doğmaca, halalca vətənində rahat yaşamağa imkan vermirdi.
Tarix boyu neçə soyqırımına, neçə qanlı qırğına məruz qaldı bu xalq. Mart, Xocalı, ADNA, Yanvar, Gəncə, Bərdə, Tərtər, Sentyabr..
Neçə günahsız insan qanına qəltan olundu, arzuları, xəyalları yarım qaldı. Neçə insan yurd-yuvasından qovulub didərgin düşdü. Neçə insan bir gülləylə sevdiklərindən, doğmalarından ayrıldı. Neçə insanın ömrünün bahar çağı dönüb çovğunlu qış oldu. Neçə qız neçə qadın çirkin erməni əliylə çirkləndiyini hiss etdi. Neçə uşaqlıq, neçə gənclik puç oldu. Güllə səsiylə neçə qocanın qaşları çatıldı, yuxusu rahatlığı pozuldu. Neçə körpə hələ qundaqdaykən eşitdiyi ana laylasıyla şirin yuxuya dalacaqkən, böyüyüb boya başa çatacaqkən ölüm yuxusuna daldı. Hələ yenicə dil açan neçə az yaşlının eşitdiyi güllə səsiylə dili tutuldu. Neçə körpə hələ heç bircə dəfə olsun gün işığını, valideyn nəvazişini, təbəssümünü görmədən, duymadan anasıyla birlikdə elə ana bətnindəcə tələf oldu.
Bu gün sizə onların hansından danışım?
Yaralanmış qanlı üzüylə kameralara gülümsəyən. Və vəhşət saçan o gecənin qaranlığında eyni ilə şərin qarşısında heç bir zaman sınmayan xeyir ədası tək parlayan o məsum gülüşüylə şəhid generalımız Polad Həşimova bənzədilən Bəxtiyardan.
Yoxsa o gecədə həm ana-atasını, həm nənəsini, həm də bir neçə ay sonra düyaya gələcək olan balaca qardaşını itirən 2 yaşlı Nilaydan.
Hər iki valideynini itirən 16 yaşlı bacı, 8 yaşlı qardaş. Sevil və Hüseyndən
Yaşadıqlarının nə olduğunu hələ heç anlamayan, eşitdiyi Partlayış səsindən dili tutulan 2 yaşlı Məryəmdənmi
Ya doğum gününə saatlar qalmış yaş günü hədiyyəsi mənfur erməni raketi olan 15 yaşlı Nigar Əsgərovadan.
Körpə balasını kəfənləyib bağrına basan, ondan qopa bilməyən çarəsiz atadan.
Türklərin bir sözü var deyir:
Çocuklar ölünce deyil uyuyunca susulur..
Gəncə terroru
İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu OTR-21 TOÇKA ballistiк raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi
Üstəlik Ermənistan tərəfi bu raket hucumu ittihamını rədd edib. Hücuma görə məsuliyyəti rəsmi olaraq Dağlıq Qarabağın rəsmiləri üzərinə götürüblər. Onlar hədəfin mülki insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildiriblər. Azərbaycan tərəfi isə Gəncədə ümumiyyətlə hərbi təyinatlı binaların olmadığını bildirib.
Hadisə yerində olan rus jurnalist və hava limanının direktoru Kovid-19 pandemiyasına görə martdan bəri çalışmayan hava limanının vurulması xəbərini yalanlayıb.
İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb.
Bu zaman Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşüb.
Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir.
Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.
Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır.
Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
10 oktyabrda imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni Skad ballistik raketlərindən atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatmışdır. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil təsirlənmişdir. Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir
Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Təxminən yerli vaxtla 01:00-da Azərbaycanın rəsmi dairələri bildirdiriblər ki, Erməni Silahlı Qüvvələri Skat ballistik raketləri ilə Gəncəni atəşə tutmuşdurlar. Jurnalistlər şəhərdə 3 güclü partlayış səsinin eşidildiyini bildirmişdirlər
RİA Novosti agentliyinin müxbirinə görə, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdür.
Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa düşmüş, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşmüşdür. "Dojd" kanalının müxbiri Vasili Polonski raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hər hansısa vacib obyektlərin olmadığını bildirmişdir. Yerli səlahiyyətli şəxslərin bildirdiklərinə görə, 20 ev dağıdılmış və xeyli sayda mülki şəxs bu dağıntıların altında qalmışdır. Azərbaycan Respublikasının axtarış və xilasetmə komandaları, Azərbaycan Müdafiə Nazirliyinin işçiləri hadisə yerinə gəlmiş və dağıntılar altında qalan şəxsləri olduqları yerdən çıxarmağa başlamışdırlar.
Ermənistan bu hücumun da onun tərəfindən edildiyini inkar etmişdir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
LİRİK İRSİMİZDƏN - Mikayıl Müşfiqdən “Sənin gülüşlərin”
“Ədəbiyyat və incəsənət” portalının Lirik irsimizdən rubrikasında nakam şairimiz Mikayıl Müşfiqin “Sənin gülüşlərin” şeirini diqqətinizə çatdıracağıq.
Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən, gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şehə bənzəyir.
Sənin gülüşlərin bir rüzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bəzən baş ucumda, bəzən önümdə
Şimşəklərim çaxar, sularım axar.
Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək?!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Kəlağayı ilə eldən elə
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər vermişdik ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində ''Kəlağayı əlvan qıyqacı'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 14 Oktyabr 2023-cü ildə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində kəlağayıdan bəhs edən növbıti ədəbi-bədii gecə keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı olaraq “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı ilə əlaqə yaradaraq tədbir barədə məlumat aldıq. Məlumatı nəzərinizə çatdırırıq:
Ədəbi-bədii gecəni İsmayllı rayon İcra Hakimiyətinin əməkdaşı Gülər Baxışova açaraq tədbir iştirakçılarını salamladı, kəlağayımızın keçmişindən, bu günündən, bu günkü geniş təbliğatından danışdı. Sonra sözü Güllü Eldar Tomarlıya verdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Güllü Eldar Tomarlı layihənin təşkili, mahiyyəti haqqında məlumat verdi.Bildirdi ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclsi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, məclisin idarə heyətinin üzvləri Vüsal Ağa, Mərziyyə Sarvan, şairlər- Mətanət Uluşirvanlı, Turac Hilal, Roman Səfərov, Xatun İsmayıllı, Nial instrumental ansamblı, ansamblın solisti, Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva, xanəndə Qalib Güləliyev çıxış etdilər. İsmayıllı rayonu R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin direktoru Yeganə Ağayeva kəlağayı haqqında maraqlı məlumatlar verdi, məktəbin şagirdləri kəlağayı haqqında şeirlər söylədilər.
Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olundu. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür etdi.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulmuşdur.
Kəlağayı ulu keçmişimizin bir artefaktıdır, maddi mədəni irsimizdir.
Onun bu cür təbliğini sadəcə alqışlamaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Təntənəsiz 100 illik yubiley
Könül, “Ədəbiyyat və incəsənət”
100 illik yubiley hər bir tanınmış şəxs üçün özü olmasa belə, ən azı ruhunu sevindirəcək bir mərasimdir. Ötən gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlunun doğum günüydu, 100 illik yubileyi idi. Bir səs, səmir duymadım amma. Tək bir istisna ədəbiyyatımızln təbliğində böyük işlər ortaya qoyan C. Cabbarlı adına Gənclər Kitabxanasından gəldi. Amma bu barədə daha sonra.
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.
Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri vardır. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.
Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.
İndi də vəd etdiyim yeganə anım barədə:
Gülhüseyn Hüseynoğlunun 100 illiyi münasibətlə Cəfər Cabbarı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçının elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan aldığımız məlumata görə, elektron məlumat bazasında müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi olan Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılıq yolu haqqında məlumatlar təqdim edilir. Elektron bazada onun tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığında tutduğu mövqe haqqında məlumat verilib, ədəbiyyatımızda ilk mənsur şeirin dəyərli nümunələrini qələmə alan yazıçı, Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifi olması diqqətə çatdırılıb.
Elektron məlumat bazasında Xalq yazıçısı haqqında görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, məqalələr, mənsur şeirlər təqdim edilir. Məlumat bazasında Gülhüseyn Hüseynoğluna həsr edilmiş akademik Nizami Cəfərovun “Gülhüseyn Hüseynoğlu ədəbiyyatşünas - müşfiqşünasdır”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənsur şeir ustası: Gülhüseyn Hüseynoğlu”, professor Camal Əhmədovun “Uzaqgörənlik, orijinallıq, səmimiyyət” məqalələrindən seçmələr, “Rəsmi sənədlər”, “İzomateriallar” kimi bölmələr yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və fotoqalereyası da təqdim edilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçının 100 illik yubileyi münasibətilə hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Bizə də sonda “ruhun şad olsun, ustad” demək qalır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
İncəsənətlə idmanı birləşdirən Körpü
Uraqan Abdullayev, “Ədəbiyyat və İncəsənət”
Bu məsələdə metis, yaxud mulat kimi hiss edərək sırf bir tərəfə aid edə bilmirəm özümü. Mövzu peşəkar idmanla yanaşı incəsənət adamı olmağımla əlaqəlidir.
Misal üçün, ədəbiyyatçı və ya yaradıcı insanlar idmançıları kobud hesab edir və qəbul edə bilmir. Eyni zamanda, idmançılar da ədəbiyyatçı adamları tam başa düşə bilmir və onları zərif və həssas insanlar kimi qəbul edir çox zaman. Sırf bu səbəbə görə, idmançıların arasında həssas insan olduğumu düşündükləri üçün məndən ehtiyat edirlər. Eyni qaydada bir çox hallarda ədəbiyyat camiyyəsində də sərt biri olduğum üçün məndən çəkinirlər.
Bəs elədirsə, yaradıcı insanlar nəyə görə idmançıları kobud və ya yekəxana adamlar kimi görürlər? Eyni qaydada bu idmançılara hörmət bəsləyirlər, çünki "idman sağlamlıqdır və sağlam bədəndə sağlam ruh olar" deyirlər. Halbuki "nəyə görə idmanla məşğul olmursan" dedikdə "mən tənbəl adamam, idman gözəl şeydir, amma halım olmur ki, gedim idman edim" deyərək etmək istədikləri məşqi ertələməyə başlayırlar. Soruşsan, deyəcəklər ki, "məşq gözəl şeydir, ancaq adam çox məşq edəndə özünü dartmağa başlayır."
Elə idmançı adamların əksəriyyətinə gəlib desən ki, kitab oxuyursanmı, deyəcəklər ki, "yox, səbrim çatmır, amma oxumaq gözəl şeydir". Sonra da əlavə edəcəklər ki, "amma çox oxuyanda da adamın başı xarab olurmuş."
Məsələ ondan ibarətdir ki, hər ikisi də həm haqlıdır, həm haqsız. Haqlıdır ona görə ki, idmanla məşğul olduğun zaman kənardan bədən quruluşundan bu hiss olunur, özünü dartmırsan, sadəcə qamətin dikləşir. Eləcə də çox oxuduğun zaman dünyadan uzaqlaşırsan və bətnə deyil, batinə önəm verməyə başlayırsan. Ona görə də Fridrix Nitşenin sözünü xatırlayırıq: "musiqinin səsini duya bilməyənlər, rəqs edənləri dəli zənn edər."
Mən isə nə ətəm, nə balıq. Peşəkar futbolçuların yanında "peşəkar yazıçı", ciddi ədəbiyyatçıların yanında isə "dəyməyin, peşəkar futbol hakimidir" deyilərək hörmət görürəm. İki zidd qütb var içimdə. İki fərqli ruh var içimdə, biri həssas, digəri sərt. İki ayrı axın var içimdə, biri hər kəslə razılaşan feminen tərəfim, digəri hər kəsə qarşı çıxan maskulen tərəfim. Biri insanlara göstərdiyim müsbət keyfiyyətlərim, digəri hər kəsdən gizləməyə çalışdığım mənfi tərəfim. Ayın görünməz üzü qədər soyuq və günəşin yandırdığı üfüqlər qədər isti. Bir tərəfim ətdən və sümükdən, digər tərəfim ruhdan və duyğulardan ibarətdir. Sırf bu xüsusiyyətimə görə, insanlara nə çox yapışa bilirəm, nə də onlardan uzaqlaşıb qopa bilirəm. İki fərqli peşəni bir insanda birləşdirmək necə ola bilər axı, İlahi? Futbolçu olan biri sonradan gedib məşqçi və ya futbol hakimi kimi çalışa bilər. Eyni qaydada jurnalist olan biri yazıçılıq edə bilər. Yazıçı olan biri reperə çevrilə bilər. Lakin iki ayrı qütbü İn-Yan kimi birləşdirmək, bu ziddiyyəti özümdə formalaşdıra bilmək illərimi aldı. Sırf bu xüsusiyyətimə görə hər iki tərəfə də aidəm.
Yuxarıda müşahidə etdiyim analizdən bəhs etdim, araya salıb bir az da özümü təriflədikdən sonra təkrar qayıdıram problemin özəyinə. Məsələ idmançıların yaradıcı insanları qəbul etməməsində, yaxud incəsənət adamlarının idmançıları gözləri götürməməsində deyil. Məsələ ondadır ki, hər əlinə qələmi alıb bir neçə hekayə yazan adam özünü yazıçı sayanda, təbii ki, həmin adam məsxərə olunaraq "ağzına gələni yazır" reaksiyası ilə qarşılaşacaq. İdman isə udan və uduzan davası üzərində qurulduğu üçün empatiya hissləri nisbətən arxa planda qalır. Çünki qalib gəlməli olduğu rəqibinə acısan və onunla empatiya qurmağa çalışsan, özün məğlub ola bilərsən. Necə ki, vəhşi təbiətdə aslan yeyəcəyi şikarına acısa, həmin gün ac yatmalı olar. Lakin buna baxmayaraq idmanın da özünə görə hörmət qanunları, loru dildə desək, raconları var.
Yaradıcılıq isə sırf empatiya hissləri üzərində qurulduğu üçün daha zərif və həssas təbiətin üzərindədir. Çünki sən digər insanların görə bilmədiyi rəngləri görməli və duya bilmədiyi duyğuları hiss etməlisən. Lakin bundan əmin ola bilərsiniz ki, əgər bizim ölkədə bu yolu seçsəniz yaradıcılığınız ilk illəri çevrənizdəki insanların beyinlərindəki qəlibləri yıxmağa çalışmaqla, onların fikirləri ilə döyüşməklə keçəcək.
Təəssüflər olsun ki, bir neçə həftə qaydasız döyüşə gedib profil hesabında "MMA döyüşçü" yazdıran insanların sayəsində digər peşəkar idmançıların da adı pisə çıxmaqdadır. İlk növbədə anlamaq lazımdır ki, peşəkar döyüşçülər davaya və ya küçə söhbətlərinə meyilli olmurlar. Ona görə ki, peşəkar idmançı öz etikasını gözləyərək döyüşdən maksimum yan qaçmağa çalışır. Çünki peşəkar döyüşçünün işi rinqdə döyüşməkdir və adi küçə davasında atacağı yumruğun gücü də digər sıradan bir adamın yumruğuna nisbətdə soyuq silah kimi sayılacaqdır. Çünki peşəkar döyüşçü nə cür yumruq atacağını və qarşındakı adamın boşluğuna necə zərbə endirməsi gərəkliyini də yaxşı biləcək. Ona görə adi adamın yumruq cəzası ilə, idmançının yumruğu bir sayıla bilməz. Bunun cəzası da, sıradan insanlara nisbətdə 3 qat daha ağır hesablanacaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Arzulayın!!!- ESSE
Eminquey Akif yazır
İkimərtəbəli, mansartı olan xudmani, sarı rəngli bir evim olacaq. Evimin dörd bir yanı həyət. Həyətdə sarmaşıqların, çiçəklərin ağuşuna aldığı, dostlarımla, sevdiklərimlə oturmağa bir yer. Qışda həyətdə manqal qalayıb şabalıd qovuracam. Samovar qalayacam. Sevdiklərimlə gözəl vaxt keçirəcəm.
Həyətdə ağaclar olacaq, yaşıllıq olacaq. Yayda anam, həyat yoldaşım otluğun üstündə, ağacın dibində yerdən süfrə hazırlayacaq. Qonaq dəvət edəcəyik. Qızım Günəş dostlarımın övladları ilə həyətdə oynayıb, deyib-güləcək. "Ata" deyib üstümə cumacaq, qucaqlayacaq məni.
Eyvanımız olacaq, bir də Gün işığının səhər yuxudan oyatdığı pəncərələr. Hər səhər o eyvana çıxıb, pəncərəni açıb bir siqaret yandırıb kofemi içə-içə Günəşin istisini, sarmaşıqların, çiçəklərin qoxusunu udacam.
Anam üçün bir mətbəx düzəltdirəcəm ki, 30 ilə yaxın darısqallıqdan çəkdiyi əziyyəti unuda bilsin. Hərənin öz çarpayısı olacaq, hərənin öz otağı olacaq. Hərənin öz çarpayısı olanda o bu dünyadan gedəndən sonra bir çarpayılıq xatirəsi qalır, yeri görünür. Mən hələ də yaşadığım evdə atamın yatdığı yeri tapa bilmirəm.
Bütün çərçivəsiz xoş anlarımızın çərçivəli fotoları qonaq otağının divarlarını bəzəyəcək. Və atam... o isə həmişəki kimi anamın çarpayısının baş ucunda - divardan asılıb ömür gün yoldaşını izləyəcək. Anam yenə də gecə yerinə uzananda atama "gecən xeyirə" deyəcək, səhər yuxudan oyananda "sabahın xeyir". Amma bu dəfə təkcə şəklinə baxıb deməyəcək bu sözləri, həm də yanındakı boş yerlə "kaş yanımda olaydın" deyib söhbətləşəcək gecələr. Qızım Günəşə babasından danışacaq. Babası bizi görüb xoşbəxt olacaq, şad olacaq.
Gələcəkdə doğulacaq qızım, Günəş! Sən doğ(ul)masan qaranlıq olacaq hər yer. Bilmirəm, sən doğulacaqsan, ya yox, amma doğulsan, bir gün böyüyəcəksən və bu məktubu oxuyacaqsan. Mən Azərbaycan kişisiyəm. Mentallıqdan çıxmaq mənim üçün çətindir. İstəyirəm ki, sən sevgini mənim qorxumu gözünə almadan yaşaya biləsən. Amma biləsən ki, həmişə arxandayam, tək deyilsən. Sənə bu vaxta kimi heç bir dini təbliğ etməmişəm, seçimində azadsan. Amma bil ki, Allah var və mənə sənin kimi bir övlad qismət edib.
Səni məcbur etməyəcəm təhsilində. Əsas odur ki, biləsən, sən gələcəyin qadınısan və ayaqların üstündə durmağı bacarmalısan. Bunun üçün seçim sənindir. Amma mütləq savadlan. Gələcəyin üçün, övladların üçün, özün üçün. Bil ki, sənin həyatdakı yeganə məqsədin ailə qurmaq deyil. Və həyat ailəsiz də davam edə bilir. İşdir, birdən seçimində yanılsan, qorxma. Daima arxandayam. Amma öz ayaqların üstündə dayanmağı bacar ki, heç nədən çəkinməyəsən.
Unutma ki, sən böyük bir nəslin Günəşisən. Sən doğmasan, qaranlıq olacaq hər yer. Sən elə bir övlad yetişdirməlisən ki, cəsarətilə ağlını birgə işlədə bilsin. Amma qurbanın olum, övladına yaltaqlığı, susmağı öyrətmə. Övladına çörək qazansın deyə təhsil vermə. Övladını hamı üçün faydalı olsun deyə tərbiyələndir. Övladına qorxmamağı öyrət.
Mənimlə birgə film izlədiyin, musiqi dinlədiyin, teatra getdiyin, şeir, roman oxuduğun günləri xatırla. Və sən də övladlarınla birgə bunları et. Onlara nəyisə diqtə etmə, sadəcə, yönləndir.
Taleyin işini bilmək olmur. Birdən məni tez itirərsən, ona görə də mənə arxalandığın qədər özünə də arxalan. Məni unut, adımı unut və atdığın bütün addımları öz adına say. Yaxşısını da, pisini də. Sən nə mənə, nə də anana oxşamağa məcbur deyilsən. Amma bizə baxıb özün ola bilərsən, özünü tapa bilərsən.
Səndən bircə istəyim var, bircə. Özünü kiçik görmə. İnsan bəşər üçün doğulur, təkcə mətbəx üçün, ailə üçün, vətən üçün yox. O bəşərin içində bütün bunlar cəm olub.
Hə, bir də, ananın yanında məni qucaqlama, qucaqladınsa da ikimizi birdən qucaqla. Qısqanclıq bəşər-zad tanımır.
Arzulayın! Arzularınızı qeyd edin, bölüşün və daima var imiş kimi, gerçəkmiş kimi düşünün. Mütləq ki bir gün gerçəkləşəcək
P. S Ananı tapdıq, qızım!
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Evlənməyin yaşı 25-dir
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
+ Oğul neçə yaşın var?
- 23
+ Evli deyilsən yəqin ki?
- Xeyr. Nə üçün soruşduz?
+ Hələ tezdi əslində. Evlənməyin əsil yaşı 25-dir.
- Niyə məhz 25?
+ Bax, mənim oğlum xaricdə təhsil alır. Mənim də 43 yaşım var. Düşünürəm ki, mənə bir şey olsa və ya ehtiyac olsa, o bizə dayaq olmalıdır. Ümumiyyətlə, gərək övlad valideyninə dayaq, dəstək olsun. Ona görə də 25-dən gec olması çox pisdir.
- Sizcə, bəs övlad öz həyatını yaşamaq istəsə, birdən sizdən kənarda sərbəst şəkildə yaşamaq istəsə bəs onda necə? O zaman övlad nankor övladmı sayılır, ya yox?
+ Bilirsən, oğul, sən gəncsən, hələ bilmirsən. Biz dədə-babadan belə görmüşük, belə götürmüşük. Övladın borcudur ki, öz valideyninə baxsın. Yoxsa, biz onu nəyə dünyaya gətirmişikki ?!
Bizim də bir nəvə, nəticə sahibi olmaq haqqımızdı, ya yox ?!
- Dədə-babalarımızın zamana görə, məhdudiyyətlərə görə etdiklərini biz niyə təkrarlayıb adət-ənənə halına salmalıyıqki ?
Bizdə indiki dövrdə olan imkan və fürsətlər dədə-babalarımızda yox idi. Onun üçün də onların etdiklərini etməyə gərək yoxdur. Həm belə təkrarları təkrarlasaq, biz hansı yeniliyə əl atmış olarıqki ?!
Övlada elə missiya yükləmək doğru deyil axı. O zaman övlad da sizə belə bir cavab verməlidir: - “Məni dünyaya gətirərkən məhz düşünərək gətirməmisiniz, ətraf düşüncəsilə bu olub və mən də öz missiyamı bilmədən gəlmişəm." Onda, sözünüzdən belə çıxır ki, övlad məhkumdu, dayaq funksiyasını yerinə yetirir və məhkum da məhkuma bağlıdır.
+ Oğul, nəsə qarışıq danışdın. Başa düşə bilmədim. Ən yaxşısı, sən evlənməyi tam vaxtında et, dədə-babalarımızın etdiyindən kənara çıxma. Doğrusunu onlar biliblər.
- Əlbəttə, əlbəttə. Mütləq. Sürü psixologiyası ilə.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib
Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala konsert keçirilib.
AzərTAC xəbər verir ki, tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsinə göstərilən dəstəyə və həmişə Türk dünyasının yanında olduğuna görə təşəkkürünü bildirib. O, həmçinin bu il 100-ci ildönümü qeyd olunan Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib. “Təşkilatımızın 30-cu ilini Bakıda belə bir möhtəşəm konsert proqramı ilə keçiririk. Bundan əvvəl TÜRKSOY-un ildönümünü unudulmaz konsertlərlə Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində qeyd etmişik”, - deyə S.Rayev əlavə edib.
Gecədə 15 oktyabr tarixinin əlamətdarlığı, xalqımızın tarixi zəfərinin davamı olaraq Xankəndində Azərbaycan bayrağının Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldılması xüsusilə qeyd olunub. Prezident İlham Əliyevin 20 il öncə dövlət başçısı seçilərkən Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirdiyi və bu gün bütün Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurunu yaşadığımız vurğulanıb.
Sonra TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artistləri Polad Bülbüloğlu, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı, Faiq Sücəddinov, Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov təşkilatın "Şərəf" medalı ilə təltif olunublar.
Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansamblların çıxışları ilə davam edib.
Konsert proqramı bütün kollektivlər və solistlərin iştirak etdiyi "Azərbaycan - odlar yurdu" kompozisiyası ilə yekunlaşıb.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində TÜRKSOY-un 30 illiyi münasibətilə təşkil olunmuş sərgi ilə də tanış olublar.
Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
V Məmməd Araz Poeziya Günü başlayıb
Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar Birinci Fəxri xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib.
AzərTAC xəbər verir ki, V Məmməd Araz Poeziya Günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və xalq şairinin ailə üzvləri və qohumları iştirak ediblər.
Universitetin tələbələri Məmməd Araz məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.
Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya Günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.
Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.
Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)