“Ədəbiyyat və incəsənət” portalının Lirik irsimizdən rubrikasında nakam şairimiz Mikayıl Müşfiqin “Sənin gülüşlərin” şeirini diqqətinizə çatdıracağıq.
Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən, gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şehə bənzəyir.
Sənin gülüşlərin bir rüzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bəzən baş ucumda, bəzən önümdə
Şimşəklərim çaxar, sularım axar.
Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək?!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)