Super User

Super User

Şahbaz Xuduoğlu yazır

 

 

Qərara aldıq ki, yaxın kəndlərin birinə gedək, həm təkərli dükanı sınaqdan keçirək, həm də insanların münasibətini öyrənək.

 

Masazırdan isti çörək aldıq, Novxanıdan isə ləzzətli qutablar.

Fatmayi kəndini seçdik. 

Avtomobilimizi Fatmayi kəndinin mərkəzində taksilər dayanan yerdə saxladıq. Yol qovşağı, kəndə gələn avtobusların da son durağıdır. Məktəb yolunun üstü və Məscidin yanı. Bir tərəfimizdə də Mədəniyyət sarayı. Dəmir hasarla “qorunan” Mədəniyyət sarayı. 

 

“Təkərli kitab dükanı"nı yolun kənarında, yola paralel saxladıq ki, gediş-gəlişə mane olmayaq. Həm də yaşayış evinin darvazasına yaxınlaşdırdıq. Qonşu dedi ki, saxlaya bilərsiz. Taksi sürücüləri ilə də məslətləşdim və yer rahat olduğundan qapıları açdıq, 1 manatlıq kitabları, kataloqları masaya düzdük.

Məktəblilərin dərsdən çıxan vaxtıydı, sevinclə "təkərli dükanı" dövriyyə aldılar. 

Qonşu bizi yeməyə dəvət etdi, anası üçün "Şorbalar" kitabı aldı. Anası isə dualar kitabı istədi. Mən ona duaların yerinə "Aforizmlər" kitabını hədiyyə etdim. 

Valideynlərdən biri oğlunun autist olduğunu dedi, uşağı üçün rəngləmə kitabçaları aldı ki, "motoriklər" yaxşı işləsin. Dərhal ağlıma gəldi ki, autizmlə bağlı kitab nəşr etmək lazımdır.

Uşaqlardan birini valideyn göndərmişdi ki, bitkilərə baxmaqla bağlı kitab alsın, o da bizdə olmadı, amma dəftərimə yazdım.

Fatmaiydə Quran və başqa dini məzmunlu kitablara daha çox maraq göstərdilər.

Belə, yolumuza davam edək. 

Niyyətiniz Azərbaycanın bütün guşələrində, kəndində, dağ-dərəsində yaşıyan hər kəs üçün kitabı əlçatan etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 12:45

QƏZƏL SAATInda İslam İslamovun 2 qəzəli

Bu dəfə Qəzəl saatında əruz vəznində kifayət qədər uğurlu işlər ortaya qoyan İslam İslamovdur. Gənc müəllif səfalı rayonlarımızdan olan Qəbələdə dünyaya göz açıb. Ədəbiyyata marağı uşaq yaşlardan yaranıb. Əruz vəzni isə sevdiyi vəzn kimi qəlbində yer alıb. İslama görə "əruzun zirvəsi" dahi Füzulidir. 

Beləliklə, gənc müəllifin 2 qəzəlini sizlərə  təqdim edirik:

             

Birdəfəlik

 

Xəstəyəm, könlümü şad eylə, gülüm birdəfəlik,

Məni ağuşuna al ki, düzəlim birdəfəlik.

 

Ya mənim qəlbimi bir anlıq ovutmaqçün gəl,

Ya da gəl, qəlbimə daş bağla, ölüm birdəfəlik.

 

Bu rəvadırmı, gözümdən gələ eşqim dən-dən,

Əl uzat sil, ya da əl çək ki, silim birdəfəlik.

 

Bu nə getməkdi, gedirsən, qayıdırsan tez-tez,

Gəlmə, getdinsə, gülüm, gözlə, gəlim birdəfəlik.

 

Könlümün qayəsi zülfündə qərar tutmaqdır.

Bir telin göstər, o səmtə yönəlim birdəfəlik.

 

Bağrımın başına basdın bu bəla baltasını,

Qəsdin ölmümdüsə, gizlətmə bilim birdəfəlik

 

Onsuz İslamə ölümdən daha ağırdı qəmin.

Gəl mənim canımı al, get, gözəlim birdəfəlik.

 

 

 *

Görər

 

Küfr' qılmazsan əgər ki, zülfünü aləm görər,

Görsə aləm zülfünü, ta görmədikcə qəm görər.

 

Ey, üzü qur'an özü baği-behiştin cilvəsi,

Göz ki, hüsnün görməz ol göz hər nə görsə kəm görər.

 

Sən ki, ey ərşi, təcəssüd etmiş Allah nurusan,

Allah-Allah, bilməz idim Həqqi bir

adəm görər.

 

Məhrəmi-raz ol deyə razü niyaz eylər könül,

Dəhrə naməhrəm birin çünki könül  məhrəm görər.

 

Dərdi-bidərmanə düçar olsam etməzdim təlaş,

Əhli-eşqin qəddin aləm ta əzəldən xəm görər.

 

Vüsləti-dildarə yetmək qəsdi ilə ağlayan,

Məst olar, səccadəsin agah olub pürnəm görər.

 

Təxti-mülki-könlümə sulta'n sənsən, ey sənəm,

Dideyi-qəlbim səni hər dəm duyar, hər dəm görər.

 

Acizanə vəsf edib, İslamın aciz gözləri,

İnşəAllah gül üzarın həşrdə bahəm görər...

 

Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 14:00

Axtarırsansa itir, itirirsənsə tap məni! - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Çox yaxşı xatırlayıram, o gecənin qaranlığı bir başqa idi, səmada ulduzların nizamı mənə doğru baxan bir cüt gözü əks etdirirdi. Və sonra bu nizamı göy üzünü büsbütün ağuşuna alan günəş yox etdi, baxmayaraq ki, saat 03:00 idi. Şüaları kəskin bıçaq kimi ətrafıma sədd çəkmişdi və onlara toxunan yara ala bilərdi. Ətrafımı bütövlükdə öz əlinə alan bıçaqlar bir ayna kimi məni göstərirdi. Özümə baxarkən həm qorxur, həm də heyrətlənirdim. 

Bir anda bütün aynalar parçalanmağa başladı, sanki günəş onları öz yanına çağırırdı. Olduğum yerdə donub qalmışdım. Məni o gecə qanım isidir, tərim yuyurdu. Bu dəmdə əlləri ilə çiynimə arxadan kimsə toxundu, demək olar ki, hərarəti boğazımda hiss edirdim. Önüm tamamilə qaranlıq idi, mən ilk toxunuşu hiss edərək varlığın qarşısında vücudumu əksinə çevirdim. Ayna mənim tam qarşımda dayanmışdı, amma o məni göstərmirdi. Varlıq içində yoxluğu bütünləşdirmişdi. Daxilim mənə: -İşıq gələn tərəfə get - deyərək, məni odun əlləri arasından xilas etməyə bir addım belə atmırdı!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 14:30

13 yaşlı pişikləri niyə öldürürlər?

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Min illərdir insanlarla bir arada yaşayan pişiklərə münasibətlər olduqca dəyişkəndir. Qədimdə Tanrı elçisi adlandırilıb baş əyilən bu sevimli heyvanlar orta çağda cadugər, şeytan adlandırılaraq yandırılıb, işkəncə görüb. 

 

Pişiklərin hissiyyatlarının nə dərəcə güclü olduğu hamıya məlumdur. Bu, onlardakı "yakanson" adlanan orqanla bağlıdür. Üçüncü göz orqanı deyilən bu orqan onlarda ağız nahiyyəsində yerləşir və fəaliyyəti pişiklərin bir çox təhlükəni hiss etməsinə səbəb olur. Bununla belə, bu canlıların telepatiya bacarıqları hələ də sirlidir.

Əsrlərlə pişiklər haqda fikirlər yayılıb. Belə ki, bir dönəm yayılan vəba xəstəliyinə səbəbkar da bu canlılar görülüb və pisliklərdən, şeytandan arınmaq məqsədilə təəssüflər olsun ki, minlərlə pişik diri-diri yandırılıb. Hətta indi də bəzi bölgələrdə belə bir inanc var ki, 13 yaşına çatan pişik artıq insandan belə ağıllıdır, o, cinlərə qulluq edəcəkdir. Buna görə də ən mərhəmətli ev sakinləri belə 13 yaşlı pişiklərini ya azdırır, ya yandıraraq, boğaraq vicdansızcasına öldürür. 

Küçələrdə minlərlə ac, zərərsiz heyvan var, amma biz onlara nəinki yardim edir, hətta bəzilərimiz görəndə təpikləyir, yerindən qovuruq. Dəyişməyən tək şey bu heyvanın sevimliliyi və sirri deyilmiş, insan oğlunun qatilliyi, insanlıqdan uzaqlığı da elə eyni qalıbmış...

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 13:00

Nüşabə xanımın “Zəngulə”si

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Həyata, insanlara sevgisi ilə hər kəsin doğmasına çevrilən Vaqif Bayatlı Odər yazır ki,

Dünyaya baca kimidir şair qələmi,

baca evin tüstüsünü,

hisini çəkəntək

şair qələmi də çəkər,

çəkər ötürər canından

dünya deyilən

damlar damının dərdlərini.

 

Şair də, yazıçı da, bir sözlə qələm adamları dünyanın, yaşadığı mühitin, mənsub olduğu xalqın dərdlərini bir başqa cür çəkər. Sanki süçəkən kimi bu dərdlər onun canına hopar, qanına keçər. Onu elə bir hala gətirər ki, yazıçı son anda təsəlli kimi əlini ən yaxın dostu, həmdəmi olan qələmə uzadar. Qələm də sevdiyi əllərə, ürəklərə könül verər. Qələmlə ürək birləşəndə bir hayqırtı, zəngulə meydana gələr.

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəngulə”si kimi...

Hələ illər öncə topaqlarımız yağı tapdağında qalanda Nüşabə xanımın elə bu dərdlərdən ürəyinin qanı ilə yazdığı “Zəngulə” romanını oxumuşdum. Sonra müəlliflə görüşüb yazı hazırlamışdım. Sən demə, Nüşabə xanım erməni qaniçənlərinə əsir düşmüş azərbaycanlı qadın və uşaqların həyatını, həmin anda onların çəkdiyi sözə sığmayan əzablarını qələmə alarkən sarsıntıdan üstünə dəfələrlə təcili yardım maşını gəlib…

Amma o bir az özünə gələn kimi yenə qələmə sarılıb. Çünki ədəbiyyatın qanunu budur və yazmaq onun taleyidir... Tənqidçi deyir ki, yazıçı ən çətin məqamları, faciəni, dəhşəti qələmə almalı, amma soyuqqanlığını da itirməməli, əsəri yarımçıq qoyub ölməməlidir!

Yəqin elə bu cür əziyyətdən doğulduğuna görə “Zəngulə” romanı ötən günlərin birinə təsadüf edən yubiley törənində yazıçının başına toplaşanların dilindən düşmədi. Kim onun hansı əsərindən danışsa da, sonu gəlib “Zəngulə”yə çıxırdı...

Doğrudan da, musiqi, səs və incəsənətin bütün növləri kimi ədəbiyyat da, qələm də, söz də bir silahdır. 30 ildə gözlədiyimiz bu gözaydınlığına qədər ədəbiyyatımız susmadı, nə şairimiz dayandı, nə yazıçımız durdu. Nüşabə Məmmədlinin “Zəngulə”si də beləcə bütün dünyaya hayqırdı. Əsərin qəhrəmanı kimi, romanın özü də Azərbaycanın sərhəddini aşdı. Azərbaycanda 2005-ci ilin kitabı seçilən “Zəngulə” romanına görə müəllif Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhfəyə görə Q. R. Derjavin adına orden ilə təltif edildi.

Nüşabə Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq məqsədilə məqalələrini “Комсомольская правда”, “Аргументы и факты”, “Усть-Илимская правда” qəzetlərində dərc etdirib.

N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikart alıb (2014).

İstedadlı yazıçının əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanalarının fondlarına daxil edilib. Bir çox mükafat və fəxri fərmanlarla təltif edilib.

Yasamal rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində yazıçının yaradıcılığına və 70 illik yubileyinə həsr edilmiş tədbirdə çıxış edən tanınmış ziyalılar, mədəniyyət xadimləri, eləcə də, ədəbiyyatşünas alimlər, şair və nasirlər iştirak etdilər. Professorlar- Asif Rüstəmli, Rüstəm Kamal, Azad Şükürov, millət vəkili Aydın Mirzəzadə, Əli Əmirli, eləcə də tanınmış iqtisadçı alim Azər Əlioğlu, ehtiyatda olan polis polkovniki Sahib Həsənov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqaları yazıçının həyat və fəaliyyətindən maraqlı xatirələr, əsərlərinin bədii üslubundan danışdılar.

Yasamal MKS-nin təşkil etdiyi həmin tədbirdə yubilyara Yazıçılar Birliyinin, Heydər Əliyev Mərkəzinin mükatları təqdim edildi.

Yazıçıya hər kəsin bir arzusu da bundan sonra Azərbaycanın 44 günlük Zəfər yürüşündən, möhtəşəm qələbələrimizdən və dogma torpaqlara, Qarabağa, Şərqi Zəngəzura əbədi qayıdışımızdan yazması oldu...

Hörmətli Nüşabə xanım,  Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir və dünyaya göz açdığınız dogma Ağdamın işğaldan azad edilməsi ilə bağlı Sizə gözaydınlığı veririk.

Qələminiz həmişə əlinizdə, ömrünüz bərəkətli və sevinciniz belə möhtəşəm olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

39-CU DƏRC

 

Şaumyanın nitqini oxuduqdan sonra prosesdə ekspertliyə 6 ay idi ki, hazırlaşan, yüzlərlə mənbə oxuyan macar ekspert mövzu ilə bağlı öz fikrini də bildirdi:

-Sovet hakimiyyətinin qeyri-humanistliyi onda idi ki, Azərbaycan xalqını  qatil Şaumyanı sonradan zorən idollaşdırmağa məcbur etmişdi, onun adı qəsəbələrə, rayonlara verilmiş, ona abidələr qoyulmuşdu. Xalqın müdafiəçisi olan Müsavat isə tarix kitablarına “xalq düşməni” ampluasında salınmışdı. 1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.

Prosesin bu yerində erməni müdafiəçi vəsadət qaldırdı ki, Stepan Şaumyanın Azərbaycan xalqı üçün elədiyi müsbət şeylərdən də danışılsın. Yaşlı hakim dərhal cavab atəşi ilə erməni müdafiəçini susdurdu, bir daha Şaumyanın daşnakları silahlandırıb müsəlmanları necə qırdırması barədəki etirafını səsləndirdi, sonra da erməni cinayətlərini ittiham edən Fövqəladə Təhqiqat Komissiyasının yaranması və fəaliyyəti barədə geniş məlumat verilməsinin vacibliyini qeyd etdi..

Həmin məlumat dərhal səsləndirildi:

-“1918-ci il iyunun 15-də yeni elan olunmuş Azərbaycan Xalq Cumhuriyyəti Zaqafqaziyada bolşevik-daşnak cütlüyünün törətdiyi qətliamların istintaqını həyata keçirmək üçün Fövqəladə Təhqiqat  Komissiyası (FTK) yaratdı. 1919-cu ilin avqustunda toplanan materiallar 36 cild – 3500 səhifəyə bərabər idi. Təkcə 6 cild -740 səhifə Bakının müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarından ibarət idi. Burada çox sayda müsəlman və qeyri-müsəlman insanın şahid ifadələri yer almışdı.

FTK əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində - 15 iyul 1918-ci ildən 1 noyabr 1919-cu il ilədək FTK tərəfindən, qeyd edildiyi kimi 36 cilddən  ibarət istintaq materialı toplanmışdır ki, onun da 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.

Komissiyanın fəaliyyətinin sonuna qədər onun sədri Ə.Xasməmmədov, üzvlərdən isə A.F.Novatski və N.M.Mixaylov daha səmərəli fəaliyyət göstərmişlər. Bundan başqa, müxtəlif vaxtlarda Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Klige, andlı iclasçı Məhəməd xan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri üzrə müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbasəli bəy Hacırzayev, Bakı dairə məhkəməsinin üzvü B.Yusifbəyov komissiya üzvü kimi fəaliyyət göstərmişlər. Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabrından geniş təhqiqat işlərinə başlamışdı. Komissiyanın üzvü N.M.Mixaylov 1918-ci il oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında məlumat verirdi. Məlumata görə, göstərilən müddət ərzində 500 nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir. 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirliyinə göndərdiyi məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlman kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verirdi.

1919-cu il yanvarın 6-da Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. Məlumatda göstərilirdi ki, Lənkəran qəzasında daşnak polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla ruslar tərəfindən, həmçinin İrəvan quberniyasında, Gəncə quberniyasının 4 qəzasında - Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzurda böyük dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. Komissiya xaricə göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı”.

Baş Hakimin xahişi ilə həmin fotoşəkillər monitorda göstərildi.

Özbək ekspert oxunuşu davam etdirdi:

-“Komissiya fəaliyyətinin ilk dövrlərində çox gərgin işləyirdi. 1919-cu il yanvarın 16-da komissiyanın üzvü N.M.Mixaylov Gəncə quberniyasının Ərəş və Nuxa qəzaları, A.F.Novatski isə həmin ilin iyununda Quba şəhəri, Quba qəzası kəndlərində ermənilərin törətdiyi soyqırımları, qətl-qarətlər və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim etmişdilər. 1919 il avqustun 27-də Fövqəladə Təhqiqat Komissiyasının üzvü Ç.B.Klossovski komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərirdi ki, toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslərə qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı.

1919-cu il avqustun 23-də komissiyanın sədri Ə.Xasməmmədov ədliyyə nazirinə Bakı və Şamaxı şəhərlərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdə müqəssir olan şəxslərin artıq məsuliyyətə cəlb edilməsi işinə başlanıldığını bildirərək qeyd edirdi ki, Bakı şəhərində hələlik 24, Şamaxı şəhəri və Şamaxı qəzasında isə 100 nəfərə yaxın müttəhim istintaqa cəlb olunmuşdur. 1919-cu il martın 21-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərini genişləndirmək haqqında ədliyyə nazirinin məruzəsini dinləmiş və müvafiq qərar qəbul etmişdi”.

Ekspert mətni bitirdikdə prosesə gecə səhərədək yatmayıb ciddi hazırlaşan gənc hakim Baş Hakimdən icazə alaraq bir məsələyə toxunmaq istədiyini bildirdi, icazə alaraq danışmağa başladı:

-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar, az öncə təqsirləndirilən  Vaçyants istintaqdan azad olunmasını suçsuz olması ilə izah edəndə ona aydınlatdılar ki, bu, heç də belə deyil, Vaçyants sadəcə pul ödəmək müqabilində zaminə buraxılmışdı, onun istintaqına Avropa, Rusiya, xüsusən də Ermənistan, Daşnaksütun partiyası ciddi müdaxilə edirdilər. Mən bu müdaxilə barədə geniş material oxumuşam, çox məlumatlıyam. Odur ki, möhtərəm Baş Hakimin icazəsi ilə məsələnin üzərində bir qədər dayanmaq istəyirəm. Belə ki, mənbələrə görə, xaricilər bir tərəfə, Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi, Bakıda Erməni Milli Şurası və "Daşnaksutun" partiyasının parlament fraksiyası, həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar. 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının Azərbaycanın ədliyyə nazirliyinə göndərdiyi məktubda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnaya küçəsində Şamaxı şəhəri sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər. Həbs edilənlərin hamısının Şamaxının "ən hörmətli" adamları və uzun müddət Şamaxı şəhər dumasının üzvləri olduqlarını qeyd edən erməni liderləri onlardan M.Gülbəndiyantsın Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, M.Arzumanovun Şamaxı erməni kilsəsinin hamiktikoru, Y.İvanyantsın isə məşhur tacir olduğunu bildirirdilər. Halbuki, Fövqəladə Təhqiqat Komissiyasının zərərçəkənlərin və şahidlərin dindirilməsi protokollarında azərbaycanlılara qarşı zorakılıqların təşkilatçıları və fəal icraçıları sırasında cəllad S.Lalayandan sonra, məhz bu "hörmətli" adamların adları çəkilirdi. Eyni zamanda, Vaçyantsla bağlı da belə bir ultimatum verilmişdi. "Daşnaksütun" liderləri riyakarcasına bəyanatlar verir, Azərbaycan Hökumətini keçmişləri yada salmaqla "intiqam və düşmənçilik" hisslərini daha da qızışdırmaqda ittiham edirdilər. Lakin 1920-ci ildə sovetlərin Azərbaycanı iğqalından sonra erməni-daşnak terrorçuları 1920-21-ci illərdə məhz qisasçılıq niyyəti ilə Tiflis və İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk sədri Fətəli xan Xoyskini, Parlament sədrinin müavini Həsən bəy Ağayevi və 2-ci Hökumət kabinetində daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər.

Auditoriya təəssüfünü ifadə etdi.

Gənc hakim çixişina davam elədi:

-Azərbaycan Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquqları verilmişdi. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.Xasməmmədov və FTK üzvü Ç.V.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və “Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış” bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur

 Çıxışını bitirəndən sonra gənc hakim bu sözləri söyləyib hədsiz təsirləndiyini dilə gətirdi:

-Azərbaycan hökumətinin bir belə qan tökmüş daşnaklara amnistiya verməsi hədsiz humanizmdən, genişqəlblilikdən xəbər verir.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nəsr saatıdır, sizlərə Aysel Fikrətin “Kaktus çiçəyi” hekayəsi təqdim olunacaq.

 

 

 

NƏSR

 

Aysel FİKRƏT

 

 

KAKTUS ÇİÇƏYİ

 

İlk dəfə gəlin getdiyim evin eyvanındakı kaktus çiçəklərindən anladım: gəlin getmək, əslində, çox yad bir duyğuymuş. İnsan da özü öz ayağıyla doğma evindən, sevdiklərindən çıxıb gedərmi? Hara qədər? Qəti bunu qəbul etmədən ilk gündən içimdəki üsyanı qıraqdan izləməyə başladım. Gəlin getməyin ilk dəfə şəxsiyyət ikiləşməyini yaradan psixoloji xəstəlik yaratdığını başa düşdüm.

İlk dəfə üstümə gələn, məni anlamayan, başqa duyğuları daşıyan insanları öyrənməyə başladıqca anladım; əməlli-başlı həyatın dibinə yuvarlanıram, ətrafda bir saman çöpü belə yoxdur. Gəl, – deyə haradasa uzaqdan bir doğma səs mənə kəndir uzatdı. Kəndirə sarılıb yuxarı qalxırdım ki, yuxudan qapı döyülməyinə oyandım. Qapının arxasında bir sürü adam saat səkkizi keçmədən ayağa qalxmalı olduğumu sübut etdilər. Baxışlarıyla qapını göstərib, nəyəsə eyham vurdular. Çox keçmədən əlimdə bir sürü əşya həyətdə donub qalmışdım. Ətrafda bir yığın toyuq-cücə kəsiləcəklərini gözə alıb həyata sığınırdılar. Sonra gözlərimə inanmadım; çox keçmədi, qonşu evlərdən mənim kimi ayaqlarını sürüyə-sürüyə gəlinlər çıxdı. Əyinlərindəki geyimin mənə nəyisə xatırlatdığını yəqin etdim. Sonra bir özümə, bir də onlara baxdım. Eynisi idi. Qapıdan bizi izləyirdilər. Heç kim özünü itirmirdi, hamı bir nəfər kimi xalçaçırpanı xalçaya çırpırdı. Hər çırpanda sanki burada hədər gedən boş günləri kötəkləyirdilər. Anladım ki, gəlinlik hərbi vəzifədir – öz geyimi, öz qanunu olan.

Yaşasın azadlıq! İlk evdən çıxdığım günü heç unutmaram. Günəşli bir gün idi. Adını bilmədiyim xalalar, bibilər... Hamısını bir-bir qucaqlayıb öpmək istəyirdim. Poçt idarəsinə ərimdən gələn məktubu almağa getmişdim. Sən demə, bu məhəllədə bütün qadınlar ərlərini toy səhəri köçəri quş kimi göyə uçurdub yazda yolunu gözləyirlərmiş…

Bu məhəllədə toylar payızda olur. Hər gün səhər o gəlinlərin geyimlərindən tutmuş, göz yaşlarına qədər eyniləşdiyini görüb ağlımın yerindən oynayacağından çox qorxurdum. Onlardan bir damla belə fərqlənmirdim. Nə yaxşı ki, bir kimsə bir kimsənin beyninin içinə girmir. Mənim fərqim içimdə idi. Hər an özümü ayıldırdım – yox, sən eyniləşmə, – deyirdim, nə edirsən-et, bu axına düşüb getmə.
Gözümün önünə məni yola salarkən atamın göz yaşları gəlirdi. Gəlin köçmək bu dünyadan köçməyə bənzəyirdi: sən gedər-gəlməzə gedirsən. Öz evinə dönüş yoxdur. Artıq sənin xəyalınla yaşayırlar. Hamı səni unudur, xatırlamır.

Qız uşağı qurbanlıq kimi bir şeydir. Dönüşü yoxdur. Hərdən o qadınların əri gəlirdi. Məhəllənin səssizliyi pozulurdu; haradasa biri arvadını döyürdü. Mən də xəyalımda o qadını zalım ərinin əlindən alırdım. Onu öldürürdüm. Heç düşünməzdim ki, insanlıqdan uzaq, qəddar, qorxulu hisslərin hamısını burada öyrənəcəyəm.

Mənə sevgi haqqında bir sürü yalan demişdilər. İlk dəfə “sevirəm” sözünü məhkəmə zalında eşitdim. Boşanma kürsüsündə ərimi beşinci dəfə idi görürdüm. Hakim mənə sual verdi:

         – Boşanma səbəbiniz?

Uzun bir danışıqdan sonra: həyatıyla barışan qadınları ordan qurtarın, - dedim. Hamı mənə gülürdü, hakim də:

– Bu nə düşüncədir?

– Xanım, ailə qurmaq sevgidən doğulan və insanlar üçün önəmli olan bir dönəmdir. Siz nə ilə mübarizə aparırsınız?

– Bir kimsə evlənməsinmi? Əgər sizin uğursuz evliliyiniz olubsa, hamı boşansınmı?

Azadlığıma qovuşduğum gün bərk soyuq idi. Hər tərəf ağappaq qar... Evimizə qədər qaçdım. Saatlarca qapımıza baxdım. Sonra yavaşca qapını döydüm. Qapını mənə açan elə özüm idim. Gözlərində sevinci itməmiş halımla gülümsünürdüm. Əllərimi saçlarıma çəkib bağışla, – dedim. Gözləri dolmuşdu, sevinirdi. Üzümü çevirib getdim...

Yol həmişə ümid verir. İnsanın heç bir yerdə yeri olmayanda yol getmək istəyir. Nə qədər yol getdimsə, ardımca əl edən o qadınları unuda bilmədim. Onlar mənim içimdə böyüdülər, oğul-uşaq sahibi oldular, qocaldılar, öldülər. Əsla unudulmadılar. Elə indi də dediyim o məhəllə var. Orada qadınlar payız nübarından dadıb arzularından əl çəkirlər. Onların hamısının pəncərəsində kaktus çiçəyi olur.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

 

                              

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

-Eşitdim bu dünyada heç kəsdə olmayan bir ev tikdirmək istəyirsən. Əvvəlcə inanmadım. Axı sən dünyaya tamamilə ayrı gözlə baxırdın. Düzdür, öz həyatındır, fərqli bir şey yoxdur, amma düşüncələrinin illər sonra necə dəyişməsi məndə təəccüb yaratdı

+ Deməli, düşüncələrim dəyişə bilməz, hə?

- Xahiş edirəm, pis anlama, amma mən tanıdığım düşüncə sahibinin beyni bu ideyanı necə verib, dodaqları isə necə dillə əlbir olub bu cümlələri söyləyib?

+ Düz eşitmisən və eşitdiyin hər bir cümləni beynim, dilim və dodaqlarım hazırlayıb.

- Yaxşı, mən tələsirəm.

+ Üzündə niyə hüzn yarandı ki, elə bil adi bir tanışından bəd xəbər eşitdin

-Bəd xəbər eşitsəydim, bundan yaxşı olardı. Mən illərlə mükəmməl sandığım bir rəsmin, sən demə ayrı mənası varmış.

+Bəlkə, aydın danışasan. Bezdim sənin obrazlı cümlələrindən, bezdim bu mətnaltı axmaq fikirlərindən.

-Düz deyirsən, mən axmağam.

+Bəli, mən bu dünyada heç kəsdə olmayan bir ev istəmişəm. O ev ki əbədidir, o ev ki ən gözəl məkandır, o ev ki dünyanın ən varlı insanı belə bu dünyada onu ala bilməz. O evin hər kərpici ibadətin, xeyirli əməllərin, mərhəmətin, sevginin möcüzəsi ilə yaranmışdır. Hə, get tələsirsən axı, yad tanış. Sən həqiqətən, məni tanımamısan.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AzərTAC xəbər verir ki, dövlətimizin başçısı burada çıxış edib.

 

Prezident İlham Əliyevin

çıxışı

- Əziz həmvətənlər.

Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır.

Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Bu bina keçən əsrin 60-cı illərində inşa edilmişdir, Azərbaycan büdcəsi hesabına. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası idi. Buna partkom binası deyirdilər. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördüyünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi.

Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.

Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi.

Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.

Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.

Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Günün fotosu: Azərbaycan bayrağı Xankəndində dalğalandı

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bazar günü Azərbaycan tarixinin ən önəmli günü oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Stepanakertə çevrilmiş Xankəndi öz əzəlinə qayltdı. 

Həmin axşam bütün Azərbaycan bayrama büründü. Günlər adətən insanları - ayrı-ayrı fərdləri xoşbəxt edər. Amma gün də var ki, bütün xalqı xoşbəxt edir! 

Yaşasın Azərbaycan!!!

Foto: AzərTAC

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.