Vokalçıların III Beynəlxalq festivalı çərçivəsində Bakı Musiqi Akademiyasının Opera studiyasında Cüzeppe Verdinin “Traviata” operası təqdim olunub. Eyni zamanda, Azərbaycan Milli Konservatoriyasının milli vokal kafedrası tələbələrinin konsertində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.
AzərTAC xəbər verir ki, operanın 170 illik yubileyinə həsr olunmuş tamaşada baş rolları Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, Cahangir Qurbanov ifa ediblər.
Tamaşanın dirijoru qismində Xalq artisti, professor Cavanşir Cəfərov çıxış edib. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, bu məşhur operanın premyerası 1853-cü il martın 6-da Venesiyanın “La Feniçe” teatrında olub. Cüzeppe Verdi onu Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” romanı əsasında yaradıb.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)