“Sən - əlləri boyalı bir qatil” - Güneydən Məsum Cabbarpurun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri Məsum xanım Cabbarpurun şeirləri ilə tanış edəcək. 

 

Məsum Cabbarpur 1989-cu ildə Təbriz şəhərində doğulmuşdur. O, Qanun və Hüquq fakültəsində təhsil almışdır. Onun Təbrizdə 4 kitabı çap olunmuşdur.

 

SƏN

 

Sən sonsuzluğumun ilk ilişkisi

Əllərimi qanadan budaqların tilişkəsi

Toxunuram sənə, budaq-budaq.

Nəfəs çəkirəm səni yarpaq-yarpaq.

Tamsınıram dodaq-dodaq...

 

Sən

Əlləri boyalı bir qatil

Ayda boğulan bütün röyalar

Xəyallar

Həyəcanlar...

Sən, var anındakı yoxluq, boşluq

Yoxluq anlarındakı gərəksiz varlıq

Sıxıntı...

 

Mən gözümün ac qurdu

Mən gözümün tox qurdu

Sən gözlərimin ağı, qarası

Sən gözlərimin heç nəyi...

Sən gözlərə gərəkən

Rəssamların fırçası

Sən,

Gözlərdən uzaq düşüncədən qopan tufan

Sinədə parad marşı çalan darıxmaq,

Döyüntü...

 

Sən hər gecə yarısı üzümə açılan

Lüks taksilərin qapısı

Sən yaralı bir cənazəni köçürən tabut...

Sən toylarda ikili bir tanqo

Yaslarda göz yaşı.

Sən var ya, sən

Sən mənim ilkim, sonum.

Sən mənim ən paradokslu düşüncəmsən.

Gözlərimə tərsə bax

Şəkilin düzdən düzgün qalacaq

Gözlərimdə,

Beynimdə,

Ürəyimdə...

 

DÖRD BİR YANIM MƏSUM CABBARPUR

 

Dörd bir yanım Məsum.

Dörd bir yanım günah

Dörd bir yanım  nahəncar

Həncarlar.

Dörd bir yanım yasaq

Yasaqlı Məsumlar...

Dörd bir yanım günəş

Dörd bir yanım külək

Başımın üstə ulduzlar

Aylar... Aylar... Ay var...

Ayımı ayaqlarından daşıyan qartal

Başımın üstündə allahın qəlbiri, ələyi

Ələyir başıma əlinə gələni.

Ələyir başıma sənsizliyi

Ələyir başıma izdiham tüstüsün.

Ələnir başıma sevgilimin oynaşı ilə

Çəkdiyi siqaretlərin külü...

Ələnir başıma, nələr ələnir.

Qarşımda sel

Qarşımda tufan

Qarşımda anam

Qarşımda sən...

Qarşımda yaşayış

Qarşımda ölüm

Qarşımda uçurum

Qarşımda yamac

Qarşımda hər şey

Qarşımda heç nə.

Qarşımda ümid

Qarşımda təvəhhüm!

Qarşımda buruq-buruq yollar.

Qarşımda sakit yaşayış

Qarşımda “Ləqəd xələqnəl insanə fi kəbəd”

Arxamda polis...

Arxamda kələfçələr

Arxamda pis günlərim, xoş günlərim

Arxam, arxamda...

Arxamda düşmənlər, dostlar

Arxamda təbəssümlər, göz yaşlarım

Arxamda benzin var, yanğın var

Kül var,

Köz var,

Közərən köz var.

Aman allah yellər əsir arxamdakı yollarda

Bazarlar var, küçələr var

Daşa dönmüş canlılar

Canlanmış daşlar.

Dəyişik ruhlar, ruh dəyişikləri...

Sağımda sol var

Solumda sağ.

Sağ-solum ilan

Bir-birini sancır hər yanım

Bir yanımda tüncələr, bir yanımda it qatığı

Bir yanımda eşq murdar olub

Bir yanımda nifrət qoxuyur

Bir yanımda xoruzlar dan ulduzuna baxıb ağlayırlar

Bir yanımda itlər keflənib.

“Məndə iki cahan yox,

Bu cahanın mindən biri də sığışmadı”*

Məndə hər şey itdi, batdı, boğuldu.

Məndə yarananlar öldü, törənənlər, yaşayanlar...

Amma mən, məndə qaldım.

İçimdə daşdım, töküldüm,

Calandım, dondum.

Axmadım

Dörd bir yanım film

Dörd bir yanım nəm-nəmənə!

Dörd bir yanım Ahmet Kaya

“Dörd bir yanın pas içində

Önüm, arxam pos içində”.

 

*Böyük Nəsiminin şeirinə bir damğa.

 

KİM SUSMA HAQQIN ALIR

DODAQLARIN CAN ÇƏKİŞMƏSİNDƏN

 

Kirimişəm ay darışlıq dünya

Kim deyir dünya fırlanır?

İllərdir tanrının qaş-qabağı –

Cızılıb yaşam tablosunda

Buraxmayın məni özgürlüyümə

Vücudumun şəhərindən qovğa səsi gəlir

İçimdəki otuz neçə illik həsrət

Bir depremə qarşı dağılır

Gözlərim cumur

Gözlərinin meyxanasına

Suçmu?

Bollu “Sevirəm” söyləyişinlə

Susma haqqı almışsan gözlərimdən

Sevgi təməllərimiz

Yenidən doğulur

Bu gecə

Yasaq öpüşlərlə özünü –

Utanc ipəyində gizlədi!

Güzgünün dodağı qaçdı

Öpüşlər güzgüdə çoxaldı

Bir qəhqəhə səsi

Dadaq zalında minlər öpüş doğuldu

Bu gecə bir sənsən

Sənsizliyin daşın atmışam

Bir qəhqəhə səsi

Tanrı qısqandı bunca öpüşə

İçinə sığmayır

Dodaqlar şıllaq atır

Bir çaxır dodağa

Dodaqlar tanrının öpücükləri

Altında can verir

Badaqlar tükənir

Mızıldayan mahnılar susur

Zaman saarı torpaqlarını –

Səpələyir gəlinlər başına

Dünya

Dünya susur

Kim susma haqqı alır

Dodaqların can çəkişməsindən?

Və birisi –

Yalnız insanlıq yasasını

Bilirdi

Bu gecə birisi yalqız yatağında yatır!

 

İLK YARANIN AĞRISI CAN ALIR

 

Gəl...

Yaraların zülmün görürsənmi?!

Artıq

Toxtamaz, heç bir ağrı kəsici ilə

Nurofen

Kodeinlər

Bütün uyuşdurucular

Bir böyük etirafa məcbur

Acizlik!

Mazoxisti bir dəlilik

Yalnız

Yeni bir yara axtarır

Bu günlər...

 

Gəl

Axsın çirkinliklərə

Volqan kimi püskürən qan

Lap doğrusu!

Yaralar

Beşiyinin bağrına qısılıb

Cığcığasız

Boy atır

Didməyə canları can atır

Beşik tovlanır

Bir yuxu kimi

Ana öpücükləri

Cücərdi yaralı ağrılara

“Öpsəm toxtar”

İndisə

Təbriz boyda

Ağrı, darıxma sancılıb

Saçımın telbətel sancmağına

Gahdan çarəsizliyə məhkum –

Ölümə çarəsiz olduğu kimi!

Yaranın ağrısı

Can alır

Gəl...

 

QURUMAZ KƏSİLƏN DİLLƏRİN QANI

 

Çarmıxa çəkilən ağrılarım tək

Qabarlı sözlərim kitablarımda.

İllərdir ki, yanır bir ovuc ürək,

Göz yaşı boylanır şərablarımda.

Qələmlər asılı bir şəhid kimi

Oxşayır, sızlayır ağ varaqları.

Körpə uşaqların ürkək xəyalı

Oyadır içimdə ötən çağları.

Köhnə yaralarım Azər ayında

Sıxır ürəyimi yeni dərd olur.

1324 olaylarında

Biri namərd olur, biri mərd olur.

Hələ də gözümdə yanan kitabda

İp atdı oynayan uşaqlar yanır.

Bir ceyran balası əlində kitab

Silahlı əsgəri bir qardaş sanır.

Qurumaz kəsilən dillərin qanı,

Axı vətən boyda qəfəs olarmış?

Yaraşmır əynimə yadların donu

Vətən gül açarmış, vətən solarmış!

Təkcə əlifba yox, təkcə lövhə yox

Gecədən gündüzə yetən yanırdı.

Təkcə müəllim yox, təkcə sözlük yox,

Təbriz alovlanıb, vətən yanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.