Dahiliyin Dəlilik Əlamətləri Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Keçmişə dönüb baxdıqda bütün dahilərin öz dəlilik hekayəsi olduğunu görərik. Hansı ki, adi insanlara görə, normal olmayan, olunması mümkün bütün çılğınlıqları gözə ala bilən insanlar olublar. Bu cür insanlardan Albert Eynşteyn, Nikola Tesla, Stiv Cobs, Leonardo Da Vinçi və başqa insanların adlarını misal gətirmək olar. Yaşadığı cəmiyyətə uyğunlaşa bilməyib, o cəmiyyəti özlərinə uyğunlaşdırırlar bu cür insanlar.

 

Dahilik nəyə deyilir? Ağılı və dəliliyini (yəni çılğınlığı) bir arada istifadə edib öz həyatlarını quran insanlara dahilər deyilir. Bu özəlliyinə görə insanlar 3 cür olur.

 

1. Ağıllı insanlar.

2. Dəlilər.

3. Dahilər.

 

Ağılı insanlar düşdüyü mühitə uyğunlaşır. Dəlilər nə etdiklərini bilmir və normal mühitdə yaşaya bilmir. Dahilərsə düşdüyü mühitə uyğunlaşa bilməsələr də, o mühiti özlərinə uyğunlaşdırmağa çalışır. Nə etdiklərini çox gözəl bilir bu cür insanlar. Buna görə də bütün çılğınlıqları gözə ala bilirlər. Normal mühit onlara görə deyil. Qanları hər zaman qaynayır. "Dahiliklə dəlilik arasında bir addım məsafə var" deyiblər.

Cəmiyyətdə hər zaman ağıllı insanlar özlərinə yer tutsalar da o cəmiyyəti irəli aparan bu dahilər olub. Onlar əsrin dahiləri kimi adlarını tarixə yazdırıblar. Günəşin doğuşunu, aylı gecədə olan dərin sakitliyi və yaşama həzlərini heç bir zaman itirməyən bu insanlar nə qədər çətin olsa da, öz rahat mühitlərindən qırağa çıxmağa çalışıblar. Əsl həyatları da elə bundan sonra başlayıb.

Qismət və taleyin qurduğu oyunla razılaşırsansa özünü ölü balıq kimi dənizin axarına buraxmış hesab elə. Dalğa səni hara aparırsa razılaşmağa çalış. Amma unutma ki, əsl ləzzət küləkli havada dalğalarla mübarizə aparmağı bacarmaqdır. Bəlkə də sən istədiyin yerə gedib çata bilmədin. Bəlkə sən də bir gün bir qayaya çırpıldın. Amma bil ki, istədiyin yerə çata bilməsən də, səni layiq olmadığın yerdə heç kim saxlaya bilməz. Daş qayaya çırpılmaqdan qorxma, onsuz da bir gün hamımız bu qayalara çırpılırıq. Önəmli olan çırpıldıqdan sonra təkrar ayağa qalxıb mübarizə aparmağa çalışmaqdır. 

Bir gün bu qayalar sənə görə adi və sıradan görünəcəklər. Dəyən heç bir zərbə səni incitməyəcək, yaralamayacaq. Heç bir yara səni ağrıtmayacaq. Bəlkə də ağrı verəcək. Ancaq sən heç bir şey hiss etməyəcəksən.

 

Bu yazdıqlarımı oxuduqdan sonra dahi olmaq üçün gedib özünü qayaya, daşa çırpmağa çalışma. Əsl qayalar və daşlar sənin yaşadığın mühitdə, iş yerində məktəbdə, universitetdə qarşına çıxacaq. Özünü küləyə vermə. Külək dediyim sənin qarşına çıxan problemlərdir.

Onlara nə cür reaksiya verəcəyini özün bilməlisən. Bu küləyi sən bir problem kimi də görə bilərsən, bir fürsət kimi də qiymətləndirə bilərsən. Hansını seçəcəyin, həyata baxışını necə görməyindən asılıdır. Səni etdiyin şeylərə görə dəli də hesab edə bilərlər. Sən axmaqca addımlar da ata bilərsən. Əsas olan odur ki, etdiyin səhvlərdən nəticə çıxarıb içindəki dahini oyada biləsən.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.