Super User

Super User

Bazar ertəsi, 16 Oktyabr 2023 17:00

Cəbhədəki qardaşıma məktub

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənə”

 

Salam, əsgər qardaşım, necəsən? Orada vəziyyət necədir?

Sənə bir az bizdən bəhs edim. 

Atamız özünü soyuqqanlı aparsa da, sənin üçün çox narahat olur, darıxır. O dəfə telefonda şəkillərinə baxırdı, gözləri dolmuşdu. Məni görən kimi, bir qədər qaşlarını çatıb; "Get mənə çay gətir" - dedi.  Çünki onun bu vəziyyətini görməyimi  istəmirdi. 

Anamızı desən, o hamımızdan çox darıxır.

Hər gün yuxularına girirsən. Röyalarında danışır hər gün səninlə. 

Gözü elə hey qapıdadır. Hər qapı döyüləndə, telefon çalınanda tez həyacanla qaçır, elə bilir ki, sənsən. 

Sən və əsgər yoldaşların üçün corablar, şərflər toxuyur. Balam orada üşüyür -deyir.  Otağına girib gizli-gizli ağlayır. 

Çox vaxt köynəyini qucaqlayıb qoxlayaraq yuxuya gedir.

Hər gün xəbərlərə baxır. Şəhidlərin adları oxunanda hər birinə ayrı rəhmət oxuyaraq ağlayır, sənin adın çıxmadığı üçün əllərini göyə açaraq Allaha şükür edir və yenə ağlayaraq məni bağrına basır.

O sənin sağ-salamat qayıdacağına çox ümidlidir. Amma anamı bilirsən də, mövzu biz olduqda həmişə həddindən artıq həssas olur.

Gələk mənim GƏLİNBACIMA...

Onu hər nə qədər sevməsəm də, (zarafat edirəm haa) ondanda danışım. O da sənin üçün çox darıxır. Şəkillərinizdən videolar hazırlayıb paylaşaraq oxudur həsrətini. 

Yanına gələndə taxdığın, əl əməyin yaşıl qolbaq hələ də qolundadır. Onu gözündən də qoruyur, sənin ətrini hiss etdiyini deyir.

Bizə baş çəkməyi də unutmur. Anamla birlikdə səndən danışırlar. Narahat olma, mən araya girib onları güldürməyi bacarıram.

Atam deyir ki, sən gələn kimi toyunuzu edəcək. Evlənəcəksən!

Baldızlıq etmək üçün səbirsizlənirəm.

Bir gün bunu deyəcəyimi düşünməzdim, lakin sənin üçün çoxca darıxmışam. Hətta  "Çirkiin" deyə məni çağırıb gülməyin, yerdən bir şey götürəndə əlini başıma qoyub “xoşbəxt ol mənim balam”, 

nəsə gətirəndə “sağ ol, nökər” deməyin üçün də. Sənsiz ev sanki bomboşdur. 

Anamızın; "Ayrı qalanda biləcəksiniz bir-birinizin qədrini" sözlərini indi anlayıram.

Sənin üçün narahatam, düzdür, ancaq əsgər bacısı olduğum üçün çox qürurluyam. 

Nə qədər dava-dalaşımız olsa da, birimizin dediyi o birimizin boğazında ilişib qalsa da o günləri heç nəyə dəyişmərəm.  O xatirələr daha maraqlıdır, doğmadır. 

Sən mənim üçün çox yaxşı qardaş olmusan. Sənin bacın olduğum üçün ikimiz də  şanslıyıq. Varlığın hər zaman mənə güc verir, qüvvət verir. Yaxşı ki, varsan, Qardaşım!

İnşallah tez bir zamanda, qələbə ilə sağlam və güclü şəkildə qayıdarsan.

Səninlə bərabər biz də günləri sayırıq. 

Son 36 gün. 

Ailən səni sevir, səninlə qürur duyur, Əsgər! 

Yazan : Bacın

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 11:45

Şəkillər canlı xatirələrdir, deyilmi?

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ön cəbhədə döyüşən, mübarizliyi, əzmkarlığı ilə düşmənin canına vəlvələ salan oğullar. Şəkil Vətən Müharibəsinin qızğın döyüşlər gedən günlərindən bir xatirədir. Bu şəkil həm də bir Tarixdir.

 

Şəkildə görünən ərazi Füzuli rayonu, Horadiz yaşayış məntəqəsidir. 1993-cü il sentyabrın 3-də Qarabağ müharibəsi zamanı erməni qəsbkarlarının işğalına məruz qalan Kənd Horadiz Müzəffər Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı nəticəsində düşmən tapdağından azad olundu. Bu şəkildə səhv etmirəmsə bir Şəhid var. Şəhid kapitan Elçin İsmayılovun ruhu şad olsun. İnşallah, digər Qəhrəmanlar sağ salamatdır.

Bəzən zabitlərin etdiyi Qəhrəmanlıqlar səbəbsiz yerə unudulur. Vətən isə öz mərd oğullarını unutmur. Şəkillər həm də tarixi yaşadan əksimizdir. Zəfərdə İmzası olan oğullar var bu şəkildə.

Bu şəkildə Qazax mahalının iki Qəhrəman oğlu var. Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Xüsusi Təyinatlı Qüvvələrinin Polkovniki Eldəniz Namazov Qazax torpağından boy atan, Azərbaycan Ordusuna şərəf gətirən şəxsiyyətlərdir. Sizinlə fəxr edirik. Qürur duyuruq.

Bu şəklə baxanda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın "Qazax yetirir" şeiri yadıma düşdü.

 

Bu torpağın mayasında nə varsa

Bilirsənmi nə insanlar yetirir.

Düşməninə qan udduran oğullar,

Dost-yoldaşa mehribanlar yetirir.

 

Haqdan gələn haqqı-sayı itirməz,

Bir məclisi sazsız-sözsüz ötürməz.

Elə-belə adamları yetirməz,

Ya dahilər, ya azmanlar yetirir.

 

Tarixlərdə övladları duyulub,

Ürəklərdə heykəlləri qoyulub.

Şan-şöhrəti bu dünyaya yayılıb,

Top Allahı, komandanlar yetirir.

 

Barat, Qazax tərlanlara yuvadır,

Dostuna dost, düşməninə bəladır.

Vurğun kimi şairlərə anadır,

Ramiz kimi pəhləvanlar yetirir.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Bazar ertəsi, 16 Oktyabr 2023 10:45

Gənclər sabah Ramiz Rövşənlə görüşəcəklər

Xalq şairi Ramiz Rövşən ölkədə ən böyük oxucu auditoriyası olan şairdir desək yanılmarıq. Onunla hər bir görüş yaddaşlara yazılır. Budur, növbəti görüşün elanını veririk.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oktyabrın 17-si, saat 13-də Ramiz Rövşənlə gənclər təşkilatlarının görüşü keçiriləcək. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq görüş zamanı şair ümumən ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini iştirakçılarla bölüşəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə hansı əlamətdar hadisələr təsadüf edir? Gəlin birlikdə təqvimimizi vərəqləyək.

 

16 oktyabr. Ümumdünya anestezioloq günü

Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.

Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.

 

16 oktyabr. Ümumdünya sağlam qidalanmaq günü

Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).

 

16 oktyabr. “Sonuncu mogikan”

Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz.

Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər.

Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Yazıçı Varis bu mövzuda bir hekayə də yazıb, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz.

Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq.

Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər.

Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

 

Tanınmış modelyer Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası Qazaxıstanda "Şuşa günləri" çərçivəsində təqdim olunub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovadan məlumat alıb. 

 

Şuşa şəhərinin 2023-cü il üzrə "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Şuşa günləri" layihəsi Şuşa şəhər Dövlət Qoruğu İdarəsi və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Qazaxıstanın Astana və Türkistan şəhərlərində təşkil edilib.

Təbbirlər çərçivəsində tanınmiş dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası böyük maraq doğurub. Bu kolleksiya Azərbaycan mədəniyyətində xüsusi yer tutur və Qarabağın geri qaytarılmasına həsr olunur. Qarabağın 12 tarixi şəhərini (Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan), eyni zamanda, əsrlər boyu formalaşmış milli ənənələri və mənəvi dəyərləri özündə cəmləşdirir.

Gülnarə Xəlilova qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz hissəsi olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini geniş auditoriyaya çatdırmaqdır.

Nəzərinizə çatdıraq ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Foto: Gulnarə Xəlilova MODA EVI “Qarabağ” kolleksiyasını nümayiş etdirərkən.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Ölkəmizdə müxtəlif sahələrə yüksək diqqət və qayğı nəticəsində onun gələcək perspektivləri, hərtərəfli inkişafı diqqəti cəlb etsə də, lakin bir neçə nüanslar da nəzərə çarpacaq qədər diqqət mərkəzindədir...

Xüsusilə son zamanlar  ölkəmizin flora (bitki) və faunası (heyvanlar aləmi) öz qəribəlikləri ilə daha çox diqqət mərkəzindədir...

 

Belə ki, itlər daha öz sahibini basqınçıdan, sürülərdə qoyunu qurddan qorumur, əksinə, yeri gəldikdə öz sahiblərinə və hətta sürülərdəki qoyunlara, toplumdakı insanlara  hücum edərək onları yaralamağa başlamışlar... Lakin həmin itlər kənardan hələ də qoruyucu mələk simasında və insanın ən yaxın dostu görünümündə qalmaqdadırlar...

Meşənin Aslanına, başçısına çip taxılaraq və ya hər hansısa təlimçi sayəsində bir şeylər öyrədilərək ondan sirkdə müəyyən hərəkətlərin nümayişi üçün, eyni zamanda meşədəki digər heyvanların idarəsi və meşənin vəziyyətini nəzarətdə saxlamaq üçün də istifadə edilir...

Göstərilən fəaliyyətdən, heyvanların bu addımından daha çox təsərrüfat sahibləri faydalana bilirlər...

Mal naxırlarında, qoyun sürülərində qoyunların, malların sayı getdikcə artmaqdadır. Mallardan sağılan süd sayəsində çobanlar öz istədiklərini, zəruri tələbatlarını ödəməkdədirlər. Qoyun sürülərindəki qoçlar isə müqəddəs bayramlarda və ya əhəmiyyətli günlərdə "bismillah" deyilərək kəsilərək ehtiyacı olanlara verilir...

Bəzi ilan növləri öz sahiblərinə sarılaraq onların ölçülərini nəzərdən keçirir və hətta bu yaxınlarda öz sahibini bir ilanın udmağa cəhd göstərdiyi də qeydə alınmışdır...

Eyni zamanda orintologiya (quşları öyrənən elm sahəsi) sahəsində də müəyyən fərqliliklər müşahidə edilir. Ölkədə keçən sərt hava şəraiti nəticəsində, havanın temperaturuna dözə bilməyib məhvə məhkum olan bayquşlar da artıq ölkəni tərk edərək başqa diyarlara üz tuturlar...

Sərçələr yenə əvvəlki kimi eyvanlarda, evlərə daha yaxın yerlərdə məskən salmışlar...

Bəzənsə onlar haqqında şayiə gəzir ki, evin sirrlərini məhz onlar yayaraq, "yerin də qulağı var" məsəlini arabir yada salırlar...

Dənizlərdə xırda balıqlar nəhəng köpəkbalıqlarına yem olur, onlardan bəzənsə qorunmağı bacarır...

Yağan yağışdan sonra yeraltındakı göbələklər baş qaldırmağa başlayır...

Bəzi göbələklər yeməli, bəziləri isə yemək üçün yararlı görünərək diqqəti cəlb etsə də insan həyatı üçün zərərlidirlər. Onlardan zəhərlənmə halları qaçılmazdır.

Təsərrüfatda tərəvəz bitkilərindən xiyarın qiyməti xarici bazarda artmaqdadır. (Bizdə qiyməti münasibdir).

Onlardan bəzən bir tağda 8-10 ədəd müşahidə etmək mümkündür və bu da ölkədəki təsərrüfata göstərilən diqqətin əsas göstəricilərindən biri kimi qiymətləndirilir...

Kənardan cəlbedici görünən xurmalar isə ağız büzüşdürməklə, yemək zamanı boğulmalarla öz mövsümünün hələ gəlmədiyini, yetişmədiyini bildirir...

Bu qədər. 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Bu gün sizinlə yaxın keçmişdə rastlaşdığım, daha doğrusu başıma gəlmiş bir əhvalatı və bu əhvalatın toxunduğu bəzi vacib bildiyim məqamları və ortaya qoyduğu təzadları bölüşmək istəyirəm.

 

Deməli, xəstəxananın dəhlizində stomatoloqun qapısının önündə növbə gözləyən insanların sırasında əyləşib sakitcə telefonda pdf kitab oxuyurdum.

Avtobusda yol gedərkən və ya haradasa növbə gözləyərkən kitab oxumaq vaxtın həm tez, həm də daha faydalı keçməsinə şərait yaradır. Və kitab oxumaq uzun növbələrin sizdə səbəb olduğu stresi də minimum azaldır.

Lakin bir müddət sonra sol tərəfimdə əyləşmiş 65-70 yaş arası bir qadının düz qulağımın dibində hərarətli bir şəkildə və davamlı olaraq ucadan danışması nəticəsində diqqətim yayınmağa başladı və heç cür fikrimi toplaya bilmədim. Bu səbəbdən də, telefonun ekranını söndürüb mən də qadını dinləməyə başladım.

Məndən başqa orada olanların hamısı onu dinləyirdi. Deyəsən bu hərarətli söhbətə gecikən bir tək mən idim. 

Düzü, xatırlamıram söhbət nə vaxt və necə başlamışdı, çünki o sırada kitab oxuduğum üçün ətrafdan təcrid olub bütün diqqətimi kitaba yönəltmişdim.

Xüsusi ilə bir məqamı da qeyd edim ki, növbədə gözləyənlər arasında uşaqdan tutmuş qocaya qədər demək olar ki, bütün nəslin nümayəndəsi var idi. Yeniyetmə, gənc, orta yaşlı və s.

Qadın ətrafdakıların hamısının onu eşidə biləcəyi yüksək bir səs tonuyla danışırdı. Əslində bu səs tonuyla danışmasında da elə səbəb hamının ona diqqət kəsilməsini istəməsi idi.

Sözlərindən anladığım qədəri ilə qadın bir neçə il bundan öncə təqaüdə çıxmış ali təhsilli bir müəllim idi. Səhv anlamamışamsa dil ədəbiyyat müəllimi. Söhbət etdiyi gənc oğlan da müəllimənin tanışı idi, yəqin ki, dərs dediyi məktəbdə təhsil almışdı və hal-hazırda Bakıda universitetlərin birində 4-cu kurs tələbəsi idi.

Düzdür, mən söhbət dedim, amma əslində qadın oğlanın danışmasına heç macal vermirdi. Sualları özü verib oğlanın cavabını gözləmədən, daha dəqiqi oğlan cavab vermək istəyərkən çox hallarda onun sözünü kəsib verdiyi suala elə özü cavab verirdi.

Söhbətin çatdığım hissəsindən etibarən nəql etməyə çalışacağam. Deməli, mən dinləməyə başlayanda oğlanı təhsil aldığı universiteti və ixtisası haqqında sorğu suala tutub suallarına yenə özü cavab verdikdən və bir az da təhsil sistemini tənqid etdikdən sonra tələbəlik dövründən, dövrün ən məşhur müəllimlərindən dərs aldığından, ötən əsrdən, köhnə Bakıdan, tələbə həyatından, hazırda məşhur olan qrup yoldaşlarından danışırdı. Ötən əsr köhnə Bakı hissələri nisbətən marağımı çəksə də, bir qədər bu haqda danışdıqdan sonra isə artıq övladlarının oxuduğu universitetlərdən onların diplomlarından danışmağa başlayanda söhbət tamami ilə maraqsız və mənasız bir hala gəldi, çünki bu artıq göstəriş idi. Və bu vaxt mən yenə söhbətdən qopub telfonuma gəlmiş mesajlara baxmağa başladım. 

Lakin sonra mən mesajlara cavab verərkən necə olmuşdusa söhbət yenə təhsil sisteminə istiqamətlənmişdi.  Və bir anda qadının verdiyi bir sual məni diqqətimi yenidən onun söhbətinə yönəltməyimə məcbur etdi.

Sual belə idi: "Kollecə kimlər gedir?"

Gənc oğlan: "9-dan çıxanlar, univerisitetə qəbul ola bilməyənlər"-,  deyə cavab verib davam etmək istəyirdi ki, qadın yenidən onun sözünü kəsib verdiyi suala yenə özü cavab verməyə başladı.

- 2 alanlar, avara-avara gəzib heç dərsə girməyənlər, dərsdən xəbəri olmayanlar... Kollecə kimlər girir ki, bunlar girir də.

Və bu yerdə artıq necə deyərlər səbir kasası doldu. Mən şəxsən tanımasam da, çox güman ki, qadın el arasında nüfuzlu, hörmətli bir müəllim idi. Və oradakı insanlarıın da heç biri üçün: "Bir dəqiqə dayanın, axı orta ixtisas təhsili alanların hamısı sizin dediyiniz tipdə insanlar deyil"-, deyib də kollec bitirən şəxsləri müdafiə etməkdə, daha doğrusu müdafiə etmək deyil də, doğruları dilə gətirməkdə maraqlı deyildi. Amma mən susa bilməzdim. Təkcə ona görə yox ki, mən özüm də orta ixtisas təhsilliyəm, ona görə ki, bu düşüncə düzgün deyil. Ətrafdakılardan, başda da elə o qadının özündən böyüyə qarşı hörmətsizlik damğası ilə qarşılaşa biləcəyimi bilsəm də bunu gözə aldım. Çünki mən orada sadəcə orta ixtisas təhsilli biri deyil, eyni zamanda da orta ixtisas təhsilli insanların siması idim. 

- Kollec bitirənlər savadsız olur?

Sualım çox qəfil və çox qəti olmuşdu.

Çox güman ki, belə qəfil bir vaxtda və belə bir sualla qarşılaşacağını ağlına gətirmirdi. Və yenə çox güman ki, ətrafındakı insanlardan da, kiminsə, hətta düz sağında oturmuş bir gəncin orta ixtisas təhsilli olub da ona reksiya verə biləcəyini də düşünməmişdi. Buna görə də rahat danışırdı.

Qəfil gələn sualım onu bir az duruxdurdu, nə cavab verəcəyini bilmədi. Ətrafdakıların nəzəri qadından kənarlaşıb mənə yönəldi. Nəinki o qadın, heç kim bu sualı gözləmirdi. Bir neçə saniyyəlik ortaya çökən sükutdan sonra üzümə baxmadan: "Söhbət sizdən getmir, mən sizi nəzərdə tutmuram. Mən ümumiyyətlə danışıram. Ali təhsil başqa şeydir. Məktəbdə dərs deyən müəllim mütləq ali təhsilli olmalıdır."-, deyə cavab verdi.

Əvvəl kollecə gedənlər deyib sonra “söhbət sizdən getmir” deməsində təzad var idi, həm də axı "kollecə gedənlər 2 alanlardır" ifadəsi ilə “məktəbdə dərs deyən müəllim mütləq ali təhsilli olmalıdır” ifadəsi eyni şey deyil axı.

"Ali təhsil başqa şeydir, amma işə qəbul imtahanında subbakalavrlar da, baklavrlar da eyni kəfəyə qoyulur və imtahanda eyni proqrama tabe tutulur. Razıyam ayrı şeydir, amma gərək imtahanlarda da fərqli proqrama tabe tutulsunlar. Bəs niyə eyni proramla imtahan olunurlar ? "-,  deyə cavab verdim. Yenə nə deyəcəyini bilmədiyi üçün: "Zatən Azərbaycanın təhsil sistemi sıfır səviyyəsindədir"-, söylədi.

Daha sonrasında mən artıq susamağı seçdim və söhbəti davam etdirmədim.

İndi gələk bu əhvalatın ortaya qoyduğu məsələlərə.

1. Cəmiyyətdə orta ixtisas təhsilli olanlara münasibət birmənalı deyil. 

Əgər orta ixtisas təhsili alanlara qarşı hətta ali təhsilli bir müəllimin münasibət bu cürdürsə, peşə təhsili alanlara qarşı olanı ümumiyyətlə heç düşünmək belə istəmirəm.

Məgər biz bütün peşə sahiblərinə hörmətlə yanaşmağı elə müəllimlərdən öyrənməmişdikmi?

2. Təhsillə dünyagörüşü hər zaman üst-üstə düşmür.

3. Doğrudan da Azərbaycanda təhsil sistemi heç də ürək açan vəziyyətdə deyil.

4. Və son olaraq önəmli olan qəbul imtahanıdır, yoxsa semestr? 

Əslində məsələ bütöv bir cəmiyyətin əksəriyyətinin düşüncə tərzindədir.

Məsələn, xaricdə insanlar ali təhsil ala bilmək üçün təhsil müəssisəsinə pul ödəyirlər. Bizdə isə insanlar oxumadan diplom ala bilmək üçün təhsil müəssisəsinə pul ödəyirlər.

Əslində, bəzi xarici ölkələrinin təhsil sistemində olduğu kimi bizdə də diqqət daha çox qəbul imtahanına deyil də, tələbənin ali təhsil müəssissəsində təhsilini davam etdirə bilməsi üçün hər semestrdə keçməli olduğu semestr imtahanına ayrılsa, şəffaflıq üçün ciddi nəzarət bu imtahanların üzərində qurulsa, bununla təhsil sistemindəki bir çox problem həll oluna bilməzmi?

Məsələn, hansı problemlər:

Savadlı kadrların yetərsizliyi problemi.

İllərlə əziyyət çəkib, hazırlığa gedib, lakin imtahanda həyəcana görəmi, ya başqa hər hansı bir səbəbə görəmi istədiyi balı toplaya bilməyib istədiyi ixtisasa qəbul ola bilməyən. Məcbur sevmədiyi ixtisasda təhsil alıb  nəticədə ixtisasını sevmədiyi üçün sırf oxumaq xətrinə oxuyub peşəkar olmayan kadr problemi.

Və yaxud da imtahandan kəsildiyi, heç bir ixtisasa qəbul ola bilmədiyi üçün canına qəsd edib intihar edən abituriyent problemi.

Doğrudur, mən ölkənin ən məşhur müəllimlərindən dərs almamışam, amma mən də öz müəllimlərimdən gözəl dərslər almışam.

Məsələn, bir müəllimimiz var idi. Çox zaman müəllimlər tələbə və ya şagirdə uşaqlar deyə müraciət edir, amma o, bizə yoldaşlar deyə müraciət edirdi və deyirdi ki, müəllim istər tələbəyə, istərsə də şagirdə heç vaxt yuxarıdan aşağı baxmamalıdır, çünki o şagird və ya tələbə sabah gəlib onunla birlikdə  çiyin-çiyinə çalışacaq, onun iş yoldaşı olacaq. Və buna nümunələr də göstərirdi.

Məsələ əslində hansı peşənin sahibi olmağın deyil, öz sahəndə necə işlər gördüyündür. Bənna daşdan divar hörüb bina ucaldır. Müəllin o divarlar arasında insan. 

Və mən tənqidçi deyiləm, bu yazını yazmaqda da məqsədim tənqid etmək deyil, qınamadığını yaşamadan ölməz insan, amma bu çərçivəli və məhdud dünyagörüşünün dəyişməli olduğunu düşünürəm. Ona görə də bacardığım qədəri ilə qınaq obyektinə çevirmədən yazmağa çalışdım.

Dediyim kimi, təhsillə dünyagörüşü heç də  hər zaman üst-üstə düşmür, buna görə də insanları aldıqları təhsil pilləsinə görə dərəcələndirərək kimisə aşağılamaq düzgün deyil.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə müsahibim qardaş Türkiyənin sevilən gənc yazarlarından biri olan Hande Uyar xanımdır.

 

-Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Salam, ilk öncə Habil Yaşara bu müsahibəyə görə çox təşəkkür edirəm. Qardaş ölkəmiz Türkiyədən salamlar. 1998-ci ildə Muğlanın Datça rayonunda anadan olmuşam. İbtidai və orta təhsilimi Muğlanın Datça rayonunda tamamladım. “Muğla Sıtkı Koçman Universiteti”nin Tarix fakültəsini bitirmişəm. Hazırda “Muğla Sıtkı Koçman Universiteti ndə Mədəni İrs və İrs Sahəsi İdarəçiliyi üzrə magistr təhsili alıram.

 

-Ədəbiyyata marağınız necə yarandı?

 

-Ədəbiyyata marağım uşaqlıqdan başlayıb. İbtidai sinifdə türk xalq ədəbiyyatı ilə bağlı yazıçılardan oxuyurdum. Kitabxanaya getməyi çox sevirdim. Sonra şeir yazmağa başladım. O gündən bəri  yazıram.

 

-Əsər yazmağa nə zaman başladınız və ilk əsərinizin mövzusu haqqında məlumat verə bilərsinizmi?

 

-İlk işim “Mövsümi keçidlər” adlı şeir kitabım olub. Bu günlərdə tezimə diqqət yetirsəm də, yaxın illərdə qısa hekayələr kitabı üzərində işləməyə başladım. “Mövsüm keçidləri” kitabında gündəlik həyatın axarında özünə yer yaratmaq istəyən, həyatı, insanı düşünən insanların sevgi axtarışlarını, insan və təbiət bütövlüyünü insanda və təbiətdə necə tapıla biləcəyini poetik sətirlərlə izah etməyə çalışdım. Bəzən pastoral, simvolik və lirik təsvirləri ehtiva edən bir kitabdır. Şeirlərimi maviyə, dənizə, sevgiyə həsrət qalan insanlar üçün, şəhərin izdihamından, yeknəsəkliyindən uzaqlaşdırmaq üçün yazdım. Oxuyanda sözlərin altında yatan mənalar üzərində düşünməyinizi istəyirəm. Düşünsəniz, özünüzü başqa bir dünyada tapacaqsınız. Kitab bir insanın qarşıdakı insana duya biləcəyi sevgini ən doğru şəkildə, çimərlik küləyi şiddəti ilə dərk etməyə imkan verəcək. Başqasına verə biləcəyiniz ən yaxşı şey hörmət və sevgidir. Ümid edirəm ki, şeirlərimi sevdiklərinizlə bölüşməkdən zövq alacaqsınız.

 

-Əsərlərinizi yazarkən ilham mənbəyinizi haradan alırsınız?

 

Şeir yazmamışdan əvvəl həmişə mütləq sahildə gəzirəm. Təmiz hava mənim üçün çox yaxşıdır. Xüsusilə, fikrimi dinləmək və tək qalmaq istədiyim vaxtlar olur. Məni yazmağa vadar edən, ümumiyyətlə, insanlarla ortaq hisslərimizi şeirlər vasitəsilə çatdırmaq həyəcanıdır... İnsanlara yeni ümidlər aşılamaq gözəldir... Xüsusilə də ədəbiyyat duyğuları ifadə etməyin ən gözəl üsullarından biridir... Didaktik deyil, insanın daxili aləmi ilə bağlı uzaqgörənliyə daha yaxındır... Ədəbiyyat çox səmimi dildir... İnsanlarla ünsiyyət quran dildir. Mən bu dildə daha rahat ünsiyyət qururam.

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Özümü tanımağa davam etdikcə xəyallarım ümumiyyətlə fərqliləşir. Həyatımızdakı təcrübələrimiz xəyallarımızı formalaşdırır.

 

-Zaman sizin üçün nə deməkdir? Yazarkən hər hansı bir rutininiz varmı?

 

-Vaxtdan düzgün və səmərəli istifadə etmək mənim üçün çox önəmlidir. Bizi hədəflərimizə və xəyallarımıza aparan əslində bir gündə etdiklərimizdir. Vərdişlərimiz olduğumuz  və olmaq istədiyimiz insana böyük təsir göstərir. Ona görə də günə başlamazdan əvvəl mütləq həmin gün nə edəcəyimi planlaşdırıram. Mənim əslində heç bir yazı rutinim yoxdur, amma hər gün gündəlik yazmağı unutmuram.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

Kitab oxumaq vərdişini qazanmaq üçün əvvəlcə psixologiya, tarix və ya elmi fantastika kimi sizi maraqlandıran sahələri tapmalısınız. Daha sonra, maraqlandığınız mövzuda müəllifləri araşdıraraq və sizi maraqlandıran kitabları oxumaqla başlaya bilərsiniz. Əgər oxuma vərdişiniz yoxdursa, özünüz üçün kiçik hədəflər qoyaraq oxumağa başlaya bilərsiniz. Məsələn, bir həftə ərzində hər gün iyirmi beş səhifə oxuyacağam. Sonra performansınızdan asılı olaraq, ideal oxu vaxtı tapana qədər səhifələrin sayını artıra və oxuduğunuzu izləyə bilərsiniz. Bir gündə iki kitab da bitirə bilərsiniz, bu tamamilə sizə bağlıdır. Ancaq vərdiş etmək istəyirsinizsə, hədəflərinizə möhkəm bağlanmalısınız. Hədəflərinizi mümkün qədər təxirə salmayın.

 

 

_Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?

 

_İnanıram ki, Türkiyədə kitab oxumaq vərdişi artıb, amma bu kifayət deyil. Oxumaq öyrənmənin başlanğıcıdır. Nə qədər çox oxusan, bir o qədər çox zövq alarsan. Öyrənməklə yanaşı, oxumaq biliklərimizi təzə saxlayır və bizi yeni məlumatlar üçün həyəcanlandırır. Ona görə də çox oxumalı və oxumağa da təşviq etməliyik.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Xüsusən 19-20-ci əsrlər Azərbaycan ədəbiyyatı ilə maraqlanıram. Türkiyə ilə Azərbaycan bəzən eyni cəbhədə vuruşurdular. İki dövlət, bir millətik... Azərbaycan yazıçılarının Türkiyə üçün yazdığı şeirlər diqqətimi xüsusilə cəlb edir. Mən bunu çox səmimi hesab edirəm. Hər dəfə oxuyanda emosional oluram. Biz ortaq tarixi və mədəniyyəti paylaşırıq. Ədəbiyyat da bunun bir hissəsidir. İnşallah iki xalqın qardaşlığı əbədi qalacaq.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

 

Həyat üçün prioritetim sağlam və dinc gələcəkdir... Düşünürəm ki, qalanı bundan sonra gələcək. Sizə də xoşbəxt bir həyat arzulayıram.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

İnternetdə kitab oxumağı sevmirəm. Amma bu seçimi edənlərə hörmət edirəm. Rəqəmsal transformasiya əsri olan XXI əsrdə elektron kitablar olduqca təbiidir. Amma mən kitablara toxunmağı, kitab qoxusunu sevən tərəfdəyəm.

 

-Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Yazıçılara məsləhətim odur ki, yazarkən cəmiyyəti kənara qoymasınlar. Ədəbiyyat ağlına gələni yazmaq demək deyil. Nəyi, necə yazacağını bilərək yazmaq vacibdir... Ədəbiyyat duyğuların dili olsa da, cəmiyyətdən əlaqəsiz deyil.

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram

 

 -Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Hanı o yuvalar” şeiri təqdim edilir.

 

 

HANI O YUVALAR...

 

Sözümü, sirrimi bilməzdi heç kim,

Əsən küləklərlə uçub gələrdim.

Açıq darvazanı görməzdi eşqım,

Tikanlı çəpərdən keçib gələrdim.

 

Xəlvət gəlişimi Qızıl it duyar,

Yeməli nə atsam qapıb məzdəyər.

Sonra da guya ki, gedər yuxuya,

Vurardı özünü görməməzliyə.

 

Sənsə neçə kərə ev yığışdırar,

Silib, süpürərdin eşiyinizi.

Məni görən kimi bığları qaçar,

Gözləri gülərdi pişiyinizin.

 

Bəlkə yüz yerindən sızlar ürəyim,

Səni görməyəndə xəstə olardım.

Kasıb komamızın bir gözü daim

Sizin evinizin üstdə olardı.

 

Saman tayasında, ot mərəyində

Neçə sirlərimiz lal oldu, qaldı.

O bulaq başında, dağ ətəyində

Görüş yerlərimiz qal oğlu qaldı...

 

Niyə titrəyirsən, Kazımın qızı,

Ağlamaq yadından çıxıbmı sənin.

Son görüş gecəsi darvazanızı

Bağlamaq yadından çıxıbmı sənin?..

 

Biz harda yatmışıq,

Harda batmışıq?

Daha o evimiz, çəpərimiz yox.

İlaxır çərşənbə papaq atmışıq,

Hələ o papaqdan xəbərimiz yox.

 

Hanı qurduğumuz yuvalar, hanı,

Quş olub qoynuna uça bilmirik.

Cənnət Qarabağın qapılarını

Elə bağlayıblar,..

Aça bilmirik.

 

P.S. Nə xoş bizə ki, o qapılar artıq açılıb, Ustad şairin arzuları həyata keçib.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalında ötən Sentyabr ayında ən çox oxunan yazıların ilk 20-liyini sizlərə təqdim edirik.

 

1.”Yeni bir üslub - Rəssam CP ilə müsahibə”, Uraqan Abdullayev 

 

2.”Debüt”də Leyla Ümidin “Acının şirin təbəssümü” hekayəsi”

 

3.”Qabaqcıl gəncləri tanıdaq: Sərfinaz Məmmədova”, Habil Yaşarın təqdimatında

 

4.”Cümə günü Əbülfətqızının 10 sualında qonaq Habil Yaşardır”, Ülviyyə Əbülfətqızının təqdimatında

 

5.”Qismət Rüstəmov: Füzulini uşağa tutuquşu kimi əzbərlətməyin mənası yoxdur”, Uraqan Abdullayevin təqdimatında

 

6.”Sən demə təklikdən ölürmüş adam”, Təranə Dəmirin şeirləri

 

7.”Moskvanın qızıl medalını almış qızıl adam”, Rəhman Orxan

 

8.”Ölümsüzlüyün mübarək, Dədə”, Çiçək Mahmudqızı

 

9.”Sadəcə, ədəbiyyatda tanınana qədər müvəqqəti…”, Uraqan Abdullayevin N. Mətinlə müsahibəsi

 

10.”Özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə…”, Habil Yaşarın L.Həsəncanla müsahibəsi

 

11.”Əlləri qoynunda son görüş yeri”, gənc şair Aygün Fikrət

 

12.”Züleyxa Nadirin Əkbər Qoşalı ilə Ginnesin rekordlar kitabına düşəcək 50 suallıq müsahibəsi”

 

13.”Buker mükafatının qısa siyahısı açıqlanıb”, informasiya

 

14.”Balaca daxmamızın sevgi dolu otağında”, Dinar Bədrəddinqızı

 

15.”Poetik qiraətdə Təranə Dəmirin “Şuşa” şeiri”

 

16.”Yekaterinburqdakı Azərbaycan diasporunun siyasi proseslərə təsiri böyükdür”, informasiya

 

17.”Adsız oğlan”, - Narıngül Nadirin hekayəsi

 

18.”Türkün iki ulusu”, - Əsgər İsmayılov

 

19.”Gəncliyini gınclərin gələcəyinə qurban verib…”, Yusif Alıyev

 

20.”Pərvanə Seyidlinin həm hekayəsi, həm şeirləri”

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.