“Ədəbiyyat və incəsənət” portalı Narıngül Nadirin yeni yazdığı “Köşək gözlü” hekayəsini təqdim edir.
“Marşrutka” adlanan sınıq-salxaq, kiçik avtobus nəhayət ki, dəniz kənarındakı ucqar qəsəbədən şəhərə doğru yola düşür. Avtobusun tərpənməsini gözləməkdən təngə gəlmiş sərnişinlər yerlərini rahatlayıb dərindən nəfəs alır. Marşrutun sürücüsü qara, iri gözləri olan cavan, qaraşın oğlandır. Sir-sifətindən yorğunluq yağır. Oğlanın əynində dəbdən düşmüş, bəzi yerləri sürtülərək ağarmış, qara rəngli dəri gödəkcə var. Bu qəsəbənin adamları onu yaxşı tanıyır, çünki hər gün rastlaşırlar. Sürücünün yanında dayanmış, 5-6 yaşlarındakı oğlan uşağı avtobusun qapısının ağzında tutacaqdan bərk-bərk yapışıb. Uşağın ayaqqabısının birinin bağı açıqdır, şalvarının ayağının biri ayaqqabısının içinə girib. Uşaq hərdən çirkli əlləriylə gözlərini ovuşdurur, amma üz-gözü çox şirindi. Avtobus hər dəfə dayanacaqda saxlayanda uşaq sərnişinlərin əlindən qəpikləri qapıb həvəslə avtobusun xırda pul yığmaq üçün qoyulmuş taxta qutusuna atır.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Sürücü imkan tapan kimi gödəkcəsinin döş cibindən bir dəstə əzik-üzük manatlıq çıxarıb sayır, nəyisə ürəyində hesablayır, vurub-çıxır, sonra pulu qaytarıb yerinə qoyur. Hiss olunur ki, say onu qane etmir.
Uşaq birdən atasını çağırmağa başlayır: - Dədə, ay dədəəə…
Səsi salonda açıq-aydın eşidilir. Sərnişinlərin baxışları bir anda ona tərəf çevrilir. Təkcə atası uşağı eşitmir. Görünür, matorun səsi imkan vermir, yaxud da cavab verməyə həvəsi yoxdur. Uşaq yenə də mızıldanır. Bir qədər keçmiş yenidən hündürdən səslənir:
-Dədə, ay dədəəə...
Uşağın cavan atasına “dədə” deməsinə bəzi sərnişinlər qımışır. Adətən kasıb ailələrin övladları atalarına “dədə” deyir...
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Sürücünün telefonuna zəng gəlir. Köhnəlib dəbdən düşmüş kvadrat formalı, düymələrinin yazısı silinmiş telefonunu açaraq bir gözü yolda cavab verir:
-Yoldayam. Yaxşıdır, yanımdadır. Niyə darıxır ki, kişi deyil? Həm də bu gün-sabah təzə bacısı gəlir axı... Qazı da, işığı da söndürmüşəm, sən arxayın ol, uşağa fikir ver! Həkimə de, uşağa yaxşı baxsın. Narahat olmasın, söylə ki, çıxanda hamısının pulunu birlikdə ödəyəcəm. Denən qaçan deyilik! Səhər evin kirayə pulunu da ödədim. Axşama kimi xəstəxananın pulu da düzələcək. Düzəlməsə, uşaqlardan borc alaram, vəziyyəti bilirlər, əl tutarlar, sən narahat olma. Ad? Nə ad, ad qoymaq qaçmır ki, gələrsən fikirləşərik. Yaxşı, indi onun vaxtı deyil! Axşam gələcəm, dediklərini də alıb gətirəcəm. Özün də tez-tez zəng eləmə, yoldayam! Dedim ki, yaxşıdır, yanımdadır.
Sürücü qarşıdan gələn siqnal səsinə diksinir, dodaqaldı söylənir. Uşaq tutacaqdan daha da bərk-bərk yapışır.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Sürücü avtobusu növbəti dayanacaqda saxlaır. Avtobusa qonurgözlü, gözəl və gənc bir qadın minir. Qadın əyninə bahalı xəz palto geyinib, yaxalığının yumşaq tükləri zəmi kimi o tərəf- bu tərəfə dalğalanır. Əslində, bu marşrutda belə bahalı geyimli qadınlara çox az təsadüf olunur. Üstəlik də belə yaraşıqlı ola...
Qonurgözlü qadının üzü çox qüssəli görünür. Əlindəki şəffaf polietilen torbanın içi müxtəlif çeşidli dərmanlarla doludur. Qarşı oturacaqda əyləşmiş yaşlı qadın dizlərini ovuşdura-ovuşdura vaysınaraq yanındakına pıçıldayır:
-Yazıq deyəsən çox ağır xəstədir, yoxsa bu qədər dava -dərman alıb niyə torbaya yığsın ki?..
Qonurgözlü qadın keçərək arxada əyləşir. Telefonuna kimdənsə zəng gəlir. Son dəbli, bahalı markalı telefonunu çantasından çıxardır. Ətrafa kəskin və xoş ətir yayılır.
- Özün bilirsən, daha həkimlik də deyil. Uşağımız olmayacaq! Baş vurmadığımız yer qalmadı. Hər şey hədər imiş... Neyləyək, deyirsən? Əlbəttə, yalandan deyirsən ki, fikir çəkmə, boş şeydir... Axşam o qadının yanında gecələdiyini bilirəm. Neynirsən hardan bilirəm?! Darıxırsan mənim yanımda. Özün deyirdin axı uşaqsız ev susuz dəyirman kimidir… Amma mən uşaq istəyirəm, uşaq! Başa düşürsənmi?! Uşaq!!! Bu da son! Demək sən də razılaşırsan. Artıq yol yoxdur! Belə...
Qadın bir qədər fasilə verir, sonra ağır-ağır dillənir: - İntihar edəcəyəm! Daha istədiyin qadının yanına da arxayınlıqla gedərsən... Aptekdən çoxlu dərman almışam, bir azdan hamısını içəcəm. Harda olmağımın dəxli yoxdur, onsuz da tapa bilməyəcəksən. Amma məni ömürlük xatırlayacaqsan. Nə sevgi? Axmaqlıq etmirəm, dəli də deyiləm. Deyəsən hələ indi ağıllanıram. Yox, ağıllı-başlı ayrılsaq unudacaqsan, amma belə ömürlük xatırlayacaqsan. Əlvida! Telefonu söndürürəm ki, izimə düşə bilməyəsən!
Qonugözlü qadın yanağından aşağı yuvarlanan bir damla yaşı silib, telefonu söndürərək çantasına atır. Əsəblə barmaqlarını ovuşdurur. Üzündəki çarəsizlik uzaqdan duyulur. Birdən gözü sürücünün yanındakı uşağa sataşır. Sanki bədənindən elektrik cərəyanı keçir, özünü itirir. Baxışları uşağa ilişib qalır, üzü işıqlanır. Bu, tez-tez yuxularına girən, xəyalında gəzdirdiyi uşağın eynisidir. Qonurgözlü qadın gözlərini yumub fikrə dalır. Uşağa başdan-ayağa gözəl geyimlər geyindirir, bahalı oyuncaqlar alır, əlindən tutub əyləncə mərkəzlərində gəzdirir. Çox gözəl bir səhnədir. Əri də onlarla birlikdədir. Birlikdə uşağı sevib əzizləyirlər…
Qonurgözlü qadın anidən yerindən qalxıb irəli keçir. Əlini uzadıb uşağın başını sığallayır, saçlarını qarışdırır, əyilib üzündən öpərək qoxlayıb sinəsinə sıxır. Avtobus ləngərlənir, sərnişinlər oturduqları yerdə yırğalanırlar. Qadın keçib yerində əyləşmək əvəzinə uşaqdan yapışıb qalır. Sürücü çaşqınlıqla bir uşağa, bir də dönüb qadına baxır. “Bunun qarnının azarı nədir, görəsən? Deyəsən, mənə ilişmək istəyir axı. Mən nə hayda, bu nə hayda? Yəqin hardansa görüb, mənimlə maraqlanır. Yoxsa bu köhnə marşruta niyə minsin ki?..”
Uşaq qadının qolunun altından başını kənara çəkərək gözlərini bir neçə dəfə qırpır.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Gözlərini qonurgözlünün əlindəki dərman torbasından çəkə bilməyən yaşlı qadın hündürdən ah çəkərək astadan bir ağız bayatı deyir və əlini dizlərinə çırpıb daha da bərk-bərk ovuşdurur.
Sonuncu dayanaçağa yetişən avtobus bir gözqırpımında boşalır. Qonurgözlü qadın tələsmədən yerə enərək yolun kənarında dayanır. Amma oradan aralana bilmir, sanki addım atmağa qoymurlar. Qadın avtobusun içinə boylanaraq gözucu sürücüyə baxır. Hiss olunur ki, ondan çəkinir. Sonra avtobusun pəncərəsinə yaxınlaşaraq içəridə xırda qəpiklərlə oynayan uşağa əl edir.
Sürücü qadının ətəyi xış –xış xışıldayan xəz paltosuna nəzər salır, qadın paltonun içərisində model kimi görünür. Ürəyində söylənir: “Mənlik deyil, bu, getsin öz tayını tapsın”.
Aşağıda dispetçerin yanında dayanıb ayaqüstü çay içərək müştəri yığmaq üçün növbə gözləyən yoldaşları sürücüylə məzələnir:
-Sən öl, bəxtin açılıb. Özü də imkanlıdır, özüm ölüm. Get, kef elə!
Başqa sürücü yoldaşı ərklə onu arxadan itələyir.
-Yeri, qapını aç, yeri görüm.Yerin varsa, məni də götür.
Sonra sürücülər səs-səsə verib xorla oxuyurlar:
-Dağlar oy, oy, oy... daşlar oy, oy, oy...
Sürücü avtobusa qalxıb köşkdən yenicə aldığı isti peraşkini uşağa uzadır. Uşaq cəld peraşkini dişlərinə çəkir.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Sürücü qutudakı xırda pulları təkrar- təkrar sayaraq mazutlu əllərilə balaca yuvacıqlara yerləşdirir.
Qarşı tərəfdəki böyük oyuncaq mağazasından çıxan qonurgözlü qadın yenidən avtobusa yaxınlaşır. Əlində çox bahalı oyuncaq tutub, o biri əlindəki içi dərmanlarla dolu torbanı külək yellədir.
Qonurgözlü qadın oğrun- oğrun sürücüyə baxır, üz-gözündən günahkarlq yağır. Sürücü də gözaltı onu süzür. Qadının yaraşıqlı üzü süd kimi ağ və təravətlidir, qonur gözləri bayaqkından fərqli olaraq parıldayır. Əlindəki oyuncaq maşını bərk-bərk sıxaraq, başıyla qapını açmasını sürücüdən xahiş edir. Qadın o qədər yaxında dayanıb ki, sürücü onun dodaqlarında oynayan qəribə təbəssümü, xəz paltosunun altındakı düymələri yarıya qədər açıq ipək koftasının altında ürəyinin necə sürətlə vurmasını, sinəsinin necə titrəməsini belə hiss edir. Bahalı qadın ətri yarıaçıq pəncərədən küləklə bərabər ciyərlərinə dolur.
Qonurgözlü qadın cəld boş avtobusa qalxaraq əlindəki oyuncağı uşağın qucağına basır, yenidən üz- gözündən öpüb sinəsinə sıxır, sonra sürətlə yerə enir. O qədər sürətlə enir ki, sürücü ona nəsə deməyə imkan tapmır. Uşağın əlindəki bahalı oyuncağa baxaraq müəmmalı şəkildə çiyinlərini çəkir.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
Qonurgözlü qadın yolu o biri tərəfə keçmək istəyir, sonra bir anlıq ayaq saxlayır, qəti hərəkətlə əlindəki həb dolu torbanı yaxınlıqdakı zibil qutusuna tullayır, yolun kənarında sıralanıb müştəri gözləyən taksilərdən birinə yaxınlaşır.
-3 saylı körpələr evinə sürün! Bəli, kimsəsiz uşaqların sığınacaq yerinə!
Bir müddət təəccüblə qadının arxasınca baxan sürücünün gözləri yol çəkir. Köksünü ötürərək pullarını çıxarıb yenidən sayır, sığal çəkir. Düşünür ki, bu pul hələ azdır, sabah uşağı xəstəxanadan çıxartmağa kifayət etməz. Görünür, axşama kimi bir neçə dövrə vurmaq da lazım gələcək, ən azından üç dövrə...
Döşəmədə əyləşib hələ də heyrətlə oyuncaq maşına tamaşa edən uşaq avtobusun işə düşdüyünü görüb oyuncağını qoltuğuna vuraraq gəlib atasının yanında dayanır, gözlərini yola zilləyir.
Uşağın gözləri qapqaradır, köşək gözü kimi...
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)