Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 118 il ötdü Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın gözəlliklərini klassik poeziyamızdan, folklorumuzdan bəhrələnərək ən gözəl tərzdə tərənnüm edən, ortaya qoyan şairlərimizdən biridir Osman Sarıvəlli. Biz hər ilin soyuq 17 dekabr günündə qəlbi alovlu şairimizi yad edirik. 

 

Bəli, ötən gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 118 il ötdü. 

Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. Və Moskva həyatı onun gələcəyini müəyyənləşdirib. Belə ki, Moskvada təhsil aldığı müddətdə Osman Sarıvəlli bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olub. 

Sonralar şairin özü yazırdı: “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.

O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Nəzərə alın ki, söhbət qanlı-qadalı 1937-ci ildən gedir. O dövrdə sağ-salamat qalmağın özü bir möcüzə idi. Xüsusən yazıb yaradanlar üçün. Xəlqiliyi qoruyub saxlayanlar üçün. 

Onun şair taleyi heç də asan olmayıb, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.

Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələri - Osman Sarıvəllinin əmək kitabçasına yazılan iş yerləridir. 

Şairin 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurub. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.

Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.

Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olub, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. 

 

Osman Sarıvəlli barədə Xalq şairi Mirvarid Dilbazi bilirsinizmi nə deyib? Deyib ki, o, çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır.

Məncə, elə bu bir kəlmə ilə böyük şairin bütün həyat və yaradıcılığını səciyyələndirə bilərik. 

Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub. Müstəqilliyi görə bilməmək olub onun qisməti. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.