Uraqan Abdullayev, “Ədəbiyyat və İncəsənət”
Bu məsələdə metis, yaxud mulat kimi hiss edərək sırf bir tərəfə aid edə bilmirəm özümü. Mövzu peşəkar idmanla yanaşı incəsənət adamı olmağımla əlaqəlidir.
Misal üçün, ədəbiyyatçı və ya yaradıcı insanlar idmançıları kobud hesab edir və qəbul edə bilmir. Eyni zamanda, idmançılar da ədəbiyyatçı adamları tam başa düşə bilmir və onları zərif və həssas insanlar kimi qəbul edir çox zaman. Sırf bu səbəbə görə, idmançıların arasında həssas insan olduğumu düşündükləri üçün məndən ehtiyat edirlər. Eyni qaydada bir çox hallarda ədəbiyyat camiyyəsində də sərt biri olduğum üçün məndən çəkinirlər.
Bəs elədirsə, yaradıcı insanlar nəyə görə idmançıları kobud və ya yekəxana adamlar kimi görürlər? Eyni qaydada bu idmançılara hörmət bəsləyirlər, çünki "idman sağlamlıqdır və sağlam bədəndə sağlam ruh olar" deyirlər. Halbuki "nəyə görə idmanla məşğul olmursan" dedikdə "mən tənbəl adamam, idman gözəl şeydir, amma halım olmur ki, gedim idman edim" deyərək etmək istədikləri məşqi ertələməyə başlayırlar. Soruşsan, deyəcəklər ki, "məşq gözəl şeydir, ancaq adam çox məşq edəndə özünü dartmağa başlayır."
Elə idmançı adamların əksəriyyətinə gəlib desən ki, kitab oxuyursanmı, deyəcəklər ki, "yox, səbrim çatmır, amma oxumaq gözəl şeydir". Sonra da əlavə edəcəklər ki, "amma çox oxuyanda da adamın başı xarab olurmuş."
Məsələ ondan ibarətdir ki, hər ikisi də həm haqlıdır, həm haqsız. Haqlıdır ona görə ki, idmanla məşğul olduğun zaman kənardan bədən quruluşundan bu hiss olunur, özünü dartmırsan, sadəcə qamətin dikləşir. Eləcə də çox oxuduğun zaman dünyadan uzaqlaşırsan və bətnə deyil, batinə önəm verməyə başlayırsan. Ona görə də Fridrix Nitşenin sözünü xatırlayırıq: "musiqinin səsini duya bilməyənlər, rəqs edənləri dəli zənn edər."
Mən isə nə ətəm, nə balıq. Peşəkar futbolçuların yanında "peşəkar yazıçı", ciddi ədəbiyyatçıların yanında isə "dəyməyin, peşəkar futbol hakimidir" deyilərək hörmət görürəm. İki zidd qütb var içimdə. İki fərqli ruh var içimdə, biri həssas, digəri sərt. İki ayrı axın var içimdə, biri hər kəslə razılaşan feminen tərəfim, digəri hər kəsə qarşı çıxan maskulen tərəfim. Biri insanlara göstərdiyim müsbət keyfiyyətlərim, digəri hər kəsdən gizləməyə çalışdığım mənfi tərəfim. Ayın görünməz üzü qədər soyuq və günəşin yandırdığı üfüqlər qədər isti. Bir tərəfim ətdən və sümükdən, digər tərəfim ruhdan və duyğulardan ibarətdir. Sırf bu xüsusiyyətimə görə, insanlara nə çox yapışa bilirəm, nə də onlardan uzaqlaşıb qopa bilirəm. İki fərqli peşəni bir insanda birləşdirmək necə ola bilər axı, İlahi? Futbolçu olan biri sonradan gedib məşqçi və ya futbol hakimi kimi çalışa bilər. Eyni qaydada jurnalist olan biri yazıçılıq edə bilər. Yazıçı olan biri reperə çevrilə bilər. Lakin iki ayrı qütbü İn-Yan kimi birləşdirmək, bu ziddiyyəti özümdə formalaşdıra bilmək illərimi aldı. Sırf bu xüsusiyyətimə görə hər iki tərəfə də aidəm.
Yuxarıda müşahidə etdiyim analizdən bəhs etdim, araya salıb bir az da özümü təriflədikdən sonra təkrar qayıdıram problemin özəyinə. Məsələ idmançıların yaradıcı insanları qəbul etməməsində, yaxud incəsənət adamlarının idmançıları gözləri götürməməsində deyil. Məsələ ondadır ki, hər əlinə qələmi alıb bir neçə hekayə yazan adam özünü yazıçı sayanda, təbii ki, həmin adam məsxərə olunaraq "ağzına gələni yazır" reaksiyası ilə qarşılaşacaq. İdman isə udan və uduzan davası üzərində qurulduğu üçün empatiya hissləri nisbətən arxa planda qalır. Çünki qalib gəlməli olduğu rəqibinə acısan və onunla empatiya qurmağa çalışsan, özün məğlub ola bilərsən. Necə ki, vəhşi təbiətdə aslan yeyəcəyi şikarına acısa, həmin gün ac yatmalı olar. Lakin buna baxmayaraq idmanın da özünə görə hörmət qanunları, loru dildə desək, raconları var.
Yaradıcılıq isə sırf empatiya hissləri üzərində qurulduğu üçün daha zərif və həssas təbiətin üzərindədir. Çünki sən digər insanların görə bilmədiyi rəngləri görməli və duya bilmədiyi duyğuları hiss etməlisən. Lakin bundan əmin ola bilərsiniz ki, əgər bizim ölkədə bu yolu seçsəniz yaradıcılığınız ilk illəri çevrənizdəki insanların beyinlərindəki qəlibləri yıxmağa çalışmaqla, onların fikirləri ilə döyüşməklə keçəcək.
Təəssüflər olsun ki, bir neçə həftə qaydasız döyüşə gedib profil hesabında "MMA döyüşçü" yazdıran insanların sayəsində digər peşəkar idmançıların da adı pisə çıxmaqdadır. İlk növbədə anlamaq lazımdır ki, peşəkar döyüşçülər davaya və ya küçə söhbətlərinə meyilli olmurlar. Ona görə ki, peşəkar idmançı öz etikasını gözləyərək döyüşdən maksimum yan qaçmağa çalışır. Çünki peşəkar döyüşçünün işi rinqdə döyüşməkdir və adi küçə davasında atacağı yumruğun gücü də digər sıradan bir adamın yumruğuna nisbətdə soyuq silah kimi sayılacaqdır. Çünki peşəkar döyüşçü nə cür yumruq atacağını və qarşındakı adamın boşluğuna necə zərbə endirməsi gərəkliyini də yaxşı biləcək. Ona görə adi adamın yumruq cəzası ilə, idmançının yumruğu bir sayıla bilməz. Bunun cəzası da, sıradan insanlara nisbətdə 3 qat daha ağır hesablanacaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)