Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan ikinci paneli "Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar" mövzusuna həsr olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Panelin moderatoru Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Sevil Kərimova mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, memar Elçin Şamilli "Dekorativ-tətbiqi sənət nümunələri və müasir bədii ifadə formaları" mövzusunda çıxışında müasir dövrdə vizual dilin dekorativ-tətbiqi sənətlərdə, memarlıqda, dizayn sənətində oynadığı roldan danışıb.
"Azərxalça" ASC-nin kreativ direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva "Qeyri-maddi mədəni irs yaradıcılıq və innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt" mövzusunda çıxış edib. O, Bakının Pirşağı, Balaxanı və digər qəsəbələrində heç vaxt işləməmiş qadınlar üçün xalçaçılıq, keçəçilik kurslarının təşkil edilməsindən, qədim texnologiya ilə boyaqçılıq sənətinin, Şəkidə ipəkbasma sənətinin dirçəldilməsindən danışıb. Sənətşünas alim gənc xalçaçı rəssamların yenilikçi ideyaları üçün yeni imkanların yaradılması üçün də təkliflərini səsləndirib.
Əməkdar rəssam Məmmədhüseyn Hüseynov "İtirilməkdə olan sənət növləri və ənənələrin ötürülmə mexanizmləri" adlı məruzəsində tərtib etdiyi xalça sənətində unudulmaqda olan mədəni irs nümunələrinə dair cədvəli slayd kimi təqdim edib, təkliflərini dilə gətirib.
Panelin sonuncu məruzəçisi – Mədəniyyət Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədovanın "Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri beynəlxalq siyahılarda" mövzusunda çıxışı dinlənilib. O, Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının şərtləri barədə məlumat verib.
Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi abarılıb, suallar cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)