“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
15-ci hissə
Yuxusuz gecə
Süleyman yerindən durdu, yalnız indi romanın içindən çıxarkən Ülkərin bətnindəki körpəsinin qatilinə çevrilərkən yaşadığı dəhşətli hisslərdən qopa bildi, əlləri əsə-əsə Elginə mesaj yazdı, yazdı ki, “Sən çox acımasız, zalım birisən. Həta yazdıqların həqiqət olsa belə, sən oxucuda ümid cücərtiləri yaratmaq əvəzinə, -- halbuki bu, ədəbiyyatın birbaşa borcudur, -- sən bu ümidləri qırırsan. Sonunadək qırırsan”.
Həyat yoldaşı kabinetə girib əsnəyə-əsnəyə ona yatmaq zamanının keçdiyini bildirəndə üzrxahlıq elədi ki, sən get yat, əlimdəki işi bitirməmiş yata bilmərəm, çox vacib sənəd-sünəd işidir.
Həyat yoldaşı ona “gecən xeyrə qalsın” söyləyibkabinetdən çıxdı. O isə acgözlüklə romanın üzərinə çökdü. Əmin idi ki, bu gecə yatmayacaq. Səhərə qədər oxuyacaq.
16-cı hissə
Yenə də güzgü ilə baş-başa
Gecə saat bir tamam idi. Fasiləsiz saatlarca oturmaq bütün bədənini keyitmişdi.
Durdu, azacıq hərəkətlər elədi ki, bədəninin keyini açsın.
Mətbəxə keçdi, qrafindən su töküb içdi. Bura ilk dəfə gəldiyi gün Onunla çay süfrəsi açanda ağlına da gətirə bilməzdi ki, bu evdə növbəti günlər də qalası olacaq, hələ lap bu evin qadını olmaq təklifini də alacaq.
Onun mənzili çox gözəl idi, zövqlə bəzədilmişdi. Üç otaqdı, iri mətbəx, iri hamam otağı, küçəyə və həyətə baxan iki eyvan var idi. Həyətə baxan eyvan şüşəbəndliydi. Küçəyə baxan eyvanda həsir masa və iki oturacaq çox romantik görünürdü, otur, saatlarca izdihamlı küçəyə tamaşa elə. Qonaq otağı sanki muzey idi, divarda göz oxşayan rəsmlər, adamın ağlını alan çilçıraq, vazlar, dekorativ qablar sıralanmışdı. O, gözəllik aşiqi idi, xoşlayırdı bu sayaq əntiq şeyləri. Servantın üstünə stolüstüsaat kolleksiyası düzülmüşdü, ən müxtəlif ölçüdə, rəngdə, siferblatda saatlar düzülmüşdü. Bir saata baxanda adamı vaxtın ötməsi elə də təntitmir, amma birdən-birə onlarca saatın əqrəbləri çaqqıltı altında irəliləyəndə adam ömrün necə sürətlə keçməsindən sanki dəhşətə gəlir.
Ülkər kimi, Onun da tale hekayəti uğursuz olmuşdu. Universitetdə oxuyanda anasının tövsiyəsi ilə bir uzaq qohumuna baxıb bəyənmiş, evlənmişdilər, heç altı ay çəkməmişdi ki, gəlinin ağciyər xərçəngi xəstəsi olması aşkarlanmışdı, tezliklə də gəlin dünyadan getmişdi. Sonra bir daha ailə qurmaq fikri onu məşğul etməmişdi. Ta ki Ülkərlə rastlaşanadək.
Tək yaşayan kişinin ev səliqəsi ürəyəyatımlı idi. Heç nə pozulmamışdı, hər şey yerindəydi. Bu cür kişilər ailə həyatında da nizamlı, dürüst olurlar, Ülkər dərhal bu qənaətə gəldi.
Madarı xatırladı. İşdən gələndə paltarlarını hara gəldi vızılladırdı, heç nəyinin yeri bilinmirdi. Yazıq anası, o boyda kişini uşaq kimi izləyirdi, danlaya-danlaya qalmışdı. Rasim də görüşəndə nizam-intizamsızlıq edər, yemək yeyəndə yanında qadın olduğunu unudub acgözlük edər, suyu hortuldadardı.
O isə bir başqadır, çox mədəni, çox alicənabdır.
Sudan doymamışdı, yanğısı çox idi. Qrafindəki su ilıqdı, soyuducunu açdı, qazlı “Borjomi” suyu var idi, sərin suyu stəkana süzüb başına çəkdi, dalbadal iki stəkan içdi, yanğısı xeyli azaldı.
Güzgünün qarşısına qayıtdı.
Saat 2-yə qalmışdı. Gözləri acışırdı. Bəlkə yatsın? Amma hara yatır? Onun gəlişinə 9 saat 18 dəqiqə qalmışdı. Onun gəlişinə qədər Ülkər qərar qəbul etməliydi.
“Hə”, yoxsa “yox”. “Yox”, yoxsa “hə”?
Yolayrıcı. Hansını gedəsən, bilmirsən. Biri aşkar işıqlıdır, ətrafı gül-çiçəklidir, yol özü hamar, təmizdir. Digəri gahdan qaranlıq, gahdan dumanlı-çiskinli. Daş-kəsəkli, palçıqlı. Kim birincini qoyub ikincini seçər? Heç kim. Kim azacıq tərəddüd edər? Yenə heç kim. Amma Ülkər tərəddüdlər burulğanındaydı. Ülkər xoşbəxtlik yolunu seçməyə qorxurdu. Buna mənəvi haqqının çatmaması səbəbindən qorxurdu.
İndiyə qədər yaşadığı sərt ailə, ucqar rayon qayda-qanunları, üstəlik də mental qayda-qanunlar buxovundan yetərincə əziyyət çəkmişdi, zorla ərə verilməsi bir yana, ərindən zülm görəndə ondan ayrılmasına belə imkan verilməmişdi, yaşadığı cəmiyyətdə “qonşu nə deyəcək, qohum-əqrəba nə deyəcək” adında tabular vardı, başqasına görə həyat qurmaq məcburiyyəti vardı, halbuki heç kəsin keç kəsin həyatına qarışmasına ixtiyarı yoxdur, hər kəs öz həyatının şahı olmalıdır.
Elə ailə həyatından sonrakı dönəmlərdə də bu buxovlar onu sıxıb, bu buxovlara əsaslanan başqaları ona xoşbəxt olmağa imkan verməyiblər, onu öz ambisiyalarına qurban ediblər. Biri övladının gələcəyini, biri ərinin taleyini, biri ehtirasının hüdudsuzluğunu, biri məntiqi düşüncəsinin isbatını əsas tutaraq onun üzərinə həmlələr edib, onu sınaq poliqonuna çeviriblər. O, nə qədər vuruşmaq istəsə də, bütün döyüşlərdən məğlub çıxıb, toplu-tüfəngli, silah arsenallı rəqiblərinə bata bilməyib.
Güzgüyə baxa-baxa taleyini qaldığı yerdən xatırlamağa davam etdi.
Həqiqətən də, bir film kimi tale yaşamışdı. Ədəbiyyatdan və kinematoqrafiyadan başı çıxanlar bu filmin janrını heç cür müəyyənləşdirə bilməzdilər. Drammı idi, melodrammı idi? Bəlkə tam gözlənilməzliklərlə dolu triller idi?
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)