Tbilisidə “Heydər Əliyev İli”nin yekununa həsr edilmiş teatr axşamı olub

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı cari il ərzində səhnələşdirdiyi tamaşaların toplusunu hazırlayıb.

 

Bu barədə AzərTAC-ın Tbilisi bürosu xəbər verir. Xəbərdə deyilir ki, “Heydər Əliyev İli”nin yekununa həsr olunmuş “Teatr axşamı”nda toplu tamaşaçılara təqdim edilib.

Tamaşalar toplusunun təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, mədəniyyət və incəsənət xadimləri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Teatrın bədii rəhbəri və tamaşaların quruluşçu rejissoru Turqay Vəlizadə deyib ki, tamaşalardan ibarət toplunu hazırlamaqda məqsəd Ulu Öndərin adını daşıyan teatrın kollektivin “Heydər Əliyev İli”nə töhfə verməsidir.

Səfir Faiq Quliyev çıxışında Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı rolundan, teatr, mədəniyyət və incəsənət ustalarına qayğısından danışıb. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.

Diplomat Tbilisinin mərkəzində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni binanın inşası məqsədilə torpaq sahəsinin ayrıldığını xatırladıb.

Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, onun mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.

Sonra teatrın aktyorları Mixail Bulqakovun “Morfi” əsərinin, Pərvin Nurəliyevanın “Mən öləndə ağlama”, A.Çexovun “Ayı", Tamaz Badzağuanın "Pəncərənin o biri tərəfi” və digər əsərlərin motivləri əsasında hazırlanmış tamaşalarından hissələr təqdim ediblər.

Tamaşalarda rolları teatrın aktyorları Nərmin Həsənova, Nəriman İsfahanlı, Fuad İsfahanlı, Mədinə Həsənova, Leyla Qasımova və Turqay Vəlizadə oynayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.