Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunun dekabrın 19-da sonuncu panel sessiyası “Mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri” mövzusuna həsr olunub.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə keçirilən panel sessiyada ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Qazax Müəllimlər Seminariyasında keçirilən təmir-bərpa işləri haqqında ətraflı məlumat verib: “Seminariyanın binası acınacaqlı vəziyyətdə olub. 2018-ci ildə ölkə başçısının tapşırığından sonra orada təmir-bərpa işləri görülüb. Tarixi binanın orijinal strukturu saxlanılıb”.
Onun sözlərinə görə, bərpa olunmuş seminariya Qazaxda təhsil sektorunun inkişafına təkan verəcək, həmçinin rayonun arxitekturasına xüsusi görünüş qatacaq.
Eyni layihəni Azərbaycanın digər bölgələrində də tətbiq etməyi düşündüklərini diqqətə çatdıran universitetin icraçı prorektoru, həmçinin gələcəkdə Şəki, Gəncə və azad olunmuş rayonların birində təhsil mərkəzi yaratmağı planlaşdırdıqlarını bildirib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcəyini söyləyib. O, tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşlarından istifadə olunacağını bildirib: “Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır".
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı qarşıda duran çağırışlardan bəhs edib: “Şuşa şəhəri üçün layihələndirilmiş Baş plan bütün mövcud olan abidələri əhatə edir. Abidələrin mühafizəsi zonası hələ həllini tapmayıb. Abidənin yanında inşaat işləri gedirsə, bu binanın estetik vizual obrazını aşağı salır. Gələcəkdəki əsas məsələ şəhərin obrazını saxlamaqdır. Bunun üçün Konservasiya planı mövcuddur. Konservasiya planı abidə və ya ərazinin mədəni dəyərlərini təyin edir”.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri müasir şəhərlər və urbanizasiya məsələləri haqqında məlumat verib.
Bununla da "Mədəni irs" Forumu başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)