Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Çarpayı” şeirinin növbəsidir.
Siz heç çarpayının edam kötüyü olduğunun fərqinə varmışdınızmı?
Bu ipək örtük altda
zolaqlı döşəyin
qırçın ləpələri var,
Neçə qadın kürəyinin
neçə qız ürəyinin
ləpirləri var...
Bu çarpayı hop-hop kimi
oxuya bilir,
Bu çarpayı
taksi sayğacıtək
saya bilir,
Qadınların ağırlığından
onların firavanlığını
duya bilir.
Bu çarpayı
qoşa ovuca bənzər,
dilənçi ovcuna,
Qadınlar pul kimi
atılırlar bura;
Çırpınırlar balıq kimi
polad torlarını qıra-qıra...
Balışın içindən
qarət olmuş toyuqların
libası hönkürür.
Çarpayıdan döşəməyə
ipək libas tökülür.
Divardan Cakonda gülümsünür
Çılpaq Afroditaların
yalançı hay-küyünə,
Bu çarpayı ağrı çəkir
deyinə-deyinə...
Cakonda qadına baxır,
Elə bil qəhqəhəylə güləcək;
Bu qadın hər şeydən xəbərsizdir,
İndi...
hər şeyi biləcək...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)