“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan gənc şair Elvin İntiqamoğlunun yeni şeirlərini təqdim edir.
HALALLIQ
Keçmişimlə hesablaşmaq vaxtıdı -
bu günəcən
heç kimi gözləmədiyim
yad məkanda
gözləmədiyim anda
bir zamanlar
halıma ağlayanları,
gülənləri gözləyirəm...
Açıq qapının ağzında
gedənlərlə halallaşıb
tək-tək yola salıram,
gələnləri gözləyirəm...
Mən burdayam -
cəhənnəmlə cənnətin
kəsişdiyi nöqtədə
sağ-salamat qalanları,
ölənləri gözləyirəm...
HAÇANSA...
Sağlam ol deyə-deyə
yaşatdın mənə həsrətin
tək səbirli illərini
Haçansa...
Uzaq qohumlar qədər
yaxın etmişdim sənə mən
qonşu bağın güllərini
Haçansa...
Bir toxunuş da bəsdi -
barmaq izindən tanıyar
əllərim yar əllərini
Haçansa...
Sən də xoşbəxt olarsan -
göyün mübarək əlləri
sığallayar tellərini
Haçansa...
QİYAMƏTDƏN ƏLAMƏT
Daş yağacaq başımıza:
Dünyanın yığdığı daşlar
ətəyindən düşəcək -
Gözündən düşməyənlər
ürəyindən düşəcək...
Od yağacaq başımıza:
Günahlar dönəcək külə,
yer yanacaq həmin gün -
Şeytan qır qazanından
bir qab alov çəkəcək
acından ölənlər üçün...
Qan yağacaq başımıza:
Şəhidlərlə mələklər
gözləri yaşlı-yaşlı
yaxamızdan tutacaq -
Şəhidlər qərənfilləri
əməl dəftərimizin
başdaşına atacaq...
“Ədəbiyyat və incəsənət”
(19.12.2023)