Bir başqa sevdim səni - SEVGİ ŞEİRLƏRİ Featured

Lala Hasancan, “Ədəbiyyat və incəsənət”

 

 

DÖZƏ BİLMƏRƏM

 

Darıxmaq gözəldir,

İztirabsız özümü unuda bilmərəm.

Arzular özəldir,

Diləmədən ümidə qapıla bilmərəm.

Gəzdiyim yerlər ğözəldir,

Kölgənsiz yürüyə bilmərəm.

Gözlərimdən süzülən damlaykən,

Yanağından doya bilmərəm.

Silinən yaddaşımdaykən,

Səni çıxara bilmərəm.

Gecələr əlin əlimdəykən,

Yatmaqdan doya bilmərəm.

Gözlərim baxışında sərsəriykən,

Yoxluğunda aza bilmərəm.

Dodaqlarını hiss edərkən,

Nəfəssiz qala bilmərəm.

Sevgin mənə hədiyyəykən,

Biganə ola bilmərəm.

Sözlərində kədərimi oxşarkən,

Saralıb sola bilmərəm.

Sənsizlik sənikən,

Sükutunda gizlənə bilmərəm.

Sənə aşiqkən, 

eşqimdən dönə bilmərəm.

Vüsalına qərq olarkən,

Hicrandan dözə bilmərəm.

Heyranınam,

Bəxtimdən çönə bilmərəm.

 

               

GÖZLƏ MƏNİ

 

Məni dənizin sahilində gözlə

Gözlə ki, sənə rahat-rahat qaça bilim.

O həzin küləyi yara bilim.

Gözlə ki, sənə doyasıya sarıla bilim.

Üzündəki təbəssümə

şirin gülüşlərimi qata bilim.

Bu uzaqlıqdan zəncirləri qıra bilim.

Sən yoxkən neylərəm bu havanı, suyu!?

Sən yoxkən neylərəm bu böyük cahanı!?

Məndə varsa sənsizliyin timsalı,

Yaşanmazmı eşqlər səni görcək!?

Bu sahilldəki qumlarda cizilməzmi ürəklər!?

Əl-ələ…

Üz-üzə…

Göz-gözə…

Qəlb-qəlbə…

Başımızın üstündə….

Qütb ulduzu bizə baxıb parıldar.

 

 

SƏN BİLMİRSƏN

 

Sən bilmirsən,

Kənardan baxıb toxuna bilməmək 

necə bir əzabdır.

Sən bilmirsən,

Birindən duyğu özləmək 

necə bir dəlilikdir.

Sən bilmirsən,

Yarı səndə, yarı səndə olmayan 

birinə sahiblənmək 

necə bir çətinlikdir.

Sən bilmirsən,

Səni itirmək 

necə bir qorxu hissidir.

Sən bilmirsən,

Ümidə sarılıb bağlı qapılarda qalmaq 

necə bir bədbəxtlikdir.

Sən bilmirsən,

Əhdi-peymanında könül atəşi 

dumanda közərən necə bir əfsanədir.

Sən bilmirsən,

Uzaqlıq ömürdən keçən hüsnündə

necə bir səda səsidir.

Barı bilsəydin sən,

Məndə qalan naxışın

necə bir sənli nəğmələrindir.

 

                     

BİR BAŞQA SEVDİM SƏNİ

 

Bir başqa sevdim səni..

Qeyb olmuş qəlbimdə atdığın zaman,

Günəş olub sevdim səni.

Yalnızlığımın içindən çəkib sevdim səni.

Bir başqa sevdim səni…

Kədərimin gülümsəmələrində sevdim səni.

Səni, geri gəlməyən ümidlərimin çırağında sevdim.

Hər şeyin sonundaykən,

Başlangıcında sevdim səni.

Bir başqa sevdim səni…

Sabahlar nura qərq olacaq kimi

Bu günümdə sevdim səni.

Yuxularım üzülüb donmuşkən,

Düşüncələrimdə dadlı-dadlı sevdim səni.

Bir başqa sevdim səni…

Çürüyən həyat yorğunluğumun

Qəfil sehrində sevdim səni.

Şaxtalı, ayazlı günlərdə donub,

Baharda açmış qönçə eşqlərdə sevdim səni.

Dolanbac yolların hər ayrıcında,

Mənzilli qatar yolunda sevdim səni. 

Bir başqa sevdim səni.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.