POETİK QİRAƏTdə “Darıxıram...” deyən Cəlil Cavanşirdir

 

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair, yazıçı, kinossenarist Cəlil Cavanşir görüşür.

 

 

darıxıram...      

 

qərib, ruhsuz, avara

səs-küylü küçə, təkotaqlı ev,

bir sözlə bu dünya, bu ölkə, bu şəhər, 

içimi didir...

 

hüznlüdür günəşin qürubu, sıxılıram.

gecələr beynimdə ac köpəklər ulaşır.

ümidim, təsəllim səhər...

 

günəşin işıqlandırdığı hər yerdə kədər,

hər səhər içimi didir...

 

hər şeyi tərsinə döndər,

darıxıram...

 

adamlar, maşınlar, binalar

iş yerim, yatağım, paltarım...

üzümə gülən tanışlar, fahişələr

ümidsiz, arzusuz dostlarım...

metro çıxışlarındakı dilənçilər,

küçə süpürən qadınlar...

onlar

ah, onlar...

 

hamının, hər kəsin üzündə kədər,

darıxıram...

 

mənimçün zaman dayanıb

məni tərk etdiyin vaxtı göstərir evimdəki bütün saatlar...

pəncərəmdən içəri soxulur payız

adını pıçıldayır külək,

səni yamsılayır yağışlar.

indi yanımda olsan, bir çay dəmləyərdim, içərdik...

bu soyuq otaqda birlikdə üşüyərdik...

 

nə olar, vaxt elə birtəhər,

darıxıram...

 

səhər yenicə açılıb, sərxoşam

bir viski şüşəsinin dibində gecələmişəm...

bütün sakinlərinin tərk etdiyi

qəza vəziyyətində olan ev kimi bomboşam...

səni düşünmüşəm...

 

məni hərdən xatırla,

yada sal, adımı çək.

bilirəm,

məni əcəlim deyil

sənsizlik öldürəcək...

 

heç olmasa bu yağışlı havalarda

mənə bir mesaj göndər,

darıxıram...

             

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.