Aslan Cəfərovun “Tariximizin Heydər Əliyev zirvəsi” kitabı işıq üzü görüb

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yola salmağa hazırlaşdığımız 2023-cü il tarixdə Heydər Əliyev ili kimi qalacaq. Çünki bu il Ulu Öndərin anadan olmasının 100 illiyi idi və bu əlamətdar tarix ilboyu ən müxtəlif qeydetmələrlə yadda qaldı. Bu günlərdə isə Heydər Əliyev ilinə töhfə olaraq növbəti bir kitab da işıq üzü gördu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun sənədli materiallar əsasında yazdığı “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabında Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. 

 

Kitabla tanış olduqda ilk öncə onun oxunaqlığı, yığcamlığı, ardıcıl təhkiyəsi diqqət çəkir. Heydər Əliyev irsindəki milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, gənclər siyasəti, dövlətçiliyimizi gücləndirən digər amillər müxtəlif istiqamətlərdən olan elmi mənbələrlə təhlil olunaraq geniş oxucu kütləsinə təqdim edilir. 

Kitabda eyni zamanda Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanın ictimai-siyasi həyatından, eləcə də elm, təhsil və mədəniyyətin tərəqqisi yolunda əvəzolunmaz xidmətlərindən söhbət açılır.

Kitab müstəqil Azərbaycan Respublikasının qurucusu, dünyada yaşayan bütün azərbaycanlıların Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınıb.

Kitaba yazılmış “Zəmanəmizin ən görkəmli siyasi xadimi” sərlövhəli “Ön söz”də müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması Ümummilli Lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətidir:

 

“Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamla addımlar atır. Azərbaycanın ən yeni tarixinin 33 illik bir mərhələsi Heydər Əliyevin adı ilə, titanik fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Ulu Öndər bütün həyatı boyu Azərbaycanın inkişafı və tərəqqisi naminə mübarizə aparıb, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxarmağı bacarıb. Tarix onun kimi insanları yüz ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri yaxşı başa düşürlər ki, Heydər Əliyev olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik dahi bir insan idi. Onun tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyası müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri tərəfindən çox yüksək dəyərləndirilib. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin onun haqqında söylədikləri fikirlər bu dahinin şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir”.

 

“Ön söz”də daha sonra vurğulanır:

“Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb və bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.

“Azərbaycan – Heydər Əliyev” əsrlər boyu qoşa səslənəcək. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaq. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Dahi və bənzərsiz şəxsiyyət Azərbaycanın simvoluna çevrilmiş parlaq Günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır”.

 

Kitabda yer alan “Qaranlıqdan aydınlığa”, “Heydər Əliyevin fəaliyyətinin yeni mərhələsi”, “Xilaskarlıq və quruculuq missiyası”, “Azərbaycan ordusunun qurucusu”, “Təhsil millətin gələcəyidir”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və digər sərlövhəli məqalələrdə Aslan Cəfərov müasir Azərbaycanın qurucusu Ulu Öndərin yorulmaz fəaliyyətini tarixi faktlarla oxucuya çatdırır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.