Bu gün müəllimlərin qurultayıdır! Featured

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu günün gündəmi müəllimlərdir, bu gün ölkə müəllimləri öz qurultaylarını keçirirlər. Mən də mövzuya uyğun olaraq öz ilk müəllimim olmuş Hənifə Əzizəliyevadan müsahibə götürmüşəm. İstəyirəm əziz müəllimimi sizlərə də tanıdım. 

-Salam əziz və dəyərli ilk müəllimim olan Hənifə müəllimə. Mən çox xoşbəxt insanam ki, sizin kimi dəyərli müəllimlərin şagirdi olmuşam. İlk dəfə qələm tutmağı, oxumağı məhz siz mənə öyrətmisiniz. Qazandığım hər uğurda məhz sizin gərgin əməyiniz vardır. Bizlər bir ömür boyu sizlərə borcluyuq! İlk öncə bu peşəyə gəlişiniz haqda məlumat verməyinizi xahiş edirəm.

-Mən müəllimlik peşəsinə çox gənc yaşlarımdan başlamışam. Universiteti qiyabi oxumuşam. Qəbul olan kimi də fəaliyyətə başlamışam. Hal- hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə çalışıram.

 

-Bir pedaqoq olaraq gənclik, hal-hazırdakı mütaliə sizi qane edirmi?

 

-Soruşursunuz ki, hal- hazırki mütaliə  sizi qane edirmi? İndiki gənclər az mütaliə edirlər. Baxmayaraq ki, 50 ildir ki təhsil işçisiyəm, mən yenə də mütaliə edirəm. Vaxt tapan kimi qəzetlər, bədii kitablar oxumaga can atıram. Hətta sizin " Yeddinci ayın yeddisi" romanınızı da oxudum. İndiki gənclərə tövsiyəm odur ki, çalışsınlar imkan düşdükcə mütaliə ilə məşgul olsunlar.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Mən bütün janrlara üstünlük verirəm

 

-Madam ki, mütaliənin vacibliyini vurğuladınız, onda deyərdiniz, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq vərdişinə elə məktəb vaxtlarından yiyələnmək lazımdır. Elə götürək, gündəlik məktəbdə keçirilən dərsləri. Gənclər oxusalar, mütaliə etsələr onların dünyagörüşləri genişlənər,  nitqləri daha gözəl olar. Eyni zamanda sizin romanınızda nə qədər tərbiyəverici məqamlar var. O romanı gənclər oxusa səhvlərə yol verməzlər. Eləcə də, digər bədii ədəbiyyat nümunələrini.

 

-Bir pedaqoq kimi, predaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Pedaqoq olmaq istəyən gənclərə məsləhətim budur ki, həvəsləri, arzuları varsa məqsəd də olmalıdır. Qarşıda məqsəd varsa səbr lazımdır. Səbr varsa əzmkarlıq lazımdır. Pedaqoq olmaq çox şərəfli peşədir. Bu peşəni şərəflə qorumaq lazımdır. Mənim üç övladım müəllimdir. Çalışırıq ki, bu peşəni  layiqincə yerinə yetirək. Bizim ailənin bir şüarı var. Axı biz müəllimik.

Sonda ümummillii liderimiz Heydər Əliyevin  müəllim haqqında bir kəlamını qeyd etmək istərdim: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

 

-Dəyərli vaxtınızdan bizlər üçün ayırdığınız üçün minnətdaram hörmətli Hənifə müəllim! 

 

-Xoşdur Habil müəllim! Mən də sizə, bütün əməkdaşlara təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.