POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Qaytar özümə…”

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Qaytar özümə” şeirinin növbəsidir. 

Siz heç eşqinizi sevdiyinizdən geri istədinizmi?

 

 

QAYTAR ÖZÜMƏ

 

Arzun, duyğuların kövrək deyilmiş,

Sinəndə döyünən ürək deyilmiş.

Eşqim, sevgim sənə gərək deyilmiş,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Bu sevdanın tüstüsünə kor oldum,

Dönük çıxdın el içində xar oldum.

Zülmünü çəkməkdən bezdim,yoruldum,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Ümüdsüz sevgiyə güman ayrıdı,

Eşqə, məhəbbətə inam ayrıdı.

Bizim yollarımız tamam ayrıdı,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Vuruldum gözünə gözüm günahkar,

İnandım sözünə sözün günahkar.

Özüm günahkaram, özüm günahkar,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Atdığın kəməndə ayıq düşmədim,

Neçə tələ qurdun duyub, düşmədim.

Satılan eşqimdən duyuq düşmədim,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Qayıt bu yollardan, çox dedim sənə,

Çatmadı verdiyim öyüdüm sənə.

Eşqimi alverçün vermədim sənə,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Yalvarma, yalançı dilinlə daha,

Qafqaza dağ çəkdin gəl, dinmə daha.

Ürəyim düzəlməz səninlə daha,

Elə yazıq-yazıq baxma üzümə,

Qaytar, öz eşqimi qaytar özümə.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.