“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
11-ci hissə
Kabus
Keçmişdən Ülkər üçün yalnız Rüfətin bağışladığı ürək rəsmli açarqabı qalmışdı, bir də seriallara baxmaq vərdişi. Bu seriallarda kişi-qadın münasibətlərinin onun bildiyi mental çərçivəyə sığışmayan, fərqli tərəfləri görünürdü. Belə ki, böyüyüb boya-başa çatdığı rayonda namus faktoru var idi, orada namusun tapdalanması ölümə bərabər hal hesab olunurdu. Qız-qadınlar suyu da ehtiyatla içməyə məhkum idilər ki, haqlarında söz-söhbət çıxmasın. Küçə-bacada çox görünməmək, ucadan səslərinin çıxmaması, kişi xeylaqlarından yaşmanmaq – bu kimi halların bir həyat norması olmasına Ülkər alışmışdı. Mental qayda-qanunlardan biri də ailələrdə kişi despotu, qadın hüquqsuzluğu idi. Kişi heç bir hərəkətinə görə cavabdehlik daşımazdı. Eləcə də arvadına xəyanət etdiyinə görə ona güldən ağır söz demək olmazdı. “Kişi xoruzdur, bütün toyuqları dada bilər” anlamı rayonlarının yazılmamış qızıl qanunu idi. Atasının hərəkətləri bu qanunun real təzahürü idi. Amma xarici seriallarda tam fərqli bir həyat yaşanırdı. Kişi qadınına xəyanət edirdisə, qadın da ondan qisas almaq, onu cəzalandırmaq üçün xəyanət yolunu seçirdi.
Bir dəfə Madar bir həftə itdi, atası onu dul bir qadının evindən tapıb gətirdi. Deməzsənmiş, bir-iki aymış Madar həmin qadınla eşq yaşayırmış. Ülkər Aylinini də götürüb evdən çıxdı, Gənclikdəki evə yollandı. Artıq ailə həyatı qurmuş qardaşı evin tam sahibinə çevrilmişdi deyə qapının qarşısında xeyli dayanıb qapının zəngini basa bilmədi, tərəddüdlər içində qaldı. Hara getsin? Rayonamı? Atası onu qolundan tutub geri gətirməyəcəkdi yəni? Üstəlik, adı dilə-ağıza düşəcəkdi. Bəs neyləsin?
Çox düşünüb-daşınıb evə qayıtdı. O vədələrdə ilk dəfə ağlından Madara xəyanət etmək keçdi. Təsəvvürünə özünü Rüfətlə gətirmək istədi, sevdiyinin hazırkı halını, durumunu, necə dəyişdiyini bilmədiyi üçün tezcə də yeni obraz axtarmağa başladı. Tələbəliyində ona eşq elan edən oğlanlarla da bir səhnə qura bilmədi. Hər biri ilə ünsiyyət çox qısa olurdu, bəzən heç üzləri də yadda qalmırdı.
Tez-tez qonşu eyvanda gözünə sataşan yaraşıqlı gənc qonşuları diqqətini çəkmişdi, bəzən eyvana maykasız çıxır, əzələli bədəni valehedici görünürdü. Belədə Ülkərin səhnə qurmaq çabaları həmin oğlana transfer olundu, onunla yataq bölüşməsi səhnəsini xəyalına gətirdi. Hər gecə özünü üzü üstə döşəyə sıxır, gənclə eşq yaşadığını xəyal edirdi. Hətta onun cod dodaqlarını, əzələli sinəsini realda görmüşdü deyə daha canlı öpürdü xəyalən. Belədə bütün əzalarını xoş gərilti də bürüyürdü.
Daha tez-tez eyvana çıxır, qonşu oğlanı görməyə can atırdı.
Bu minval xeyli davam etdi, oğlan da Ülkərin sanki ona marağının olduğunu duyub cəsarətlənərək bir dəfə ona xoş sözlər dedi.
Məhz həmin anda Ülkər nə etdiyinin fərqində olub qızardı, içəri qaçdı, xəyalən Madara xəyanət etmək səhnələrinə o gündən son qoydu.
Bacısı Leyli Xarici Dillər Universitetində oxuyurdu deyə ara-sıra onlara gəlirdi.Ürək sirdaşı olan bacısının gəlişləri Ülkərin eynini həmişə açırdı. Anası da hərdən gəlir, bir-iki gün qalıb qızına uşağı saxlamaqda, ev işlərində kömək edirdi. Nazəndə xanım nəvəsinin dünyaya gəlişindən sonra gəlinini daha artıq sevir, ona daha artıq nəvaziş göstərirdi. Təkcə Madar düzəlmirdi ki, düzəlmirdi. Ülkərə qarşı qabalıq və kobudluq etdiyi əvvəlki dönəmlər indiki davranışının yanında toya getməliydi, əl qaldırıb Ülkəri döydüyü də olurdu. Telefonuna niyə mesaj gəldi, pəncərədən niyə baxdın, mənə qarşı niyə yataqda soyuqsan kimi bəhanələr ayaq açıb yeriməkdə idi. Ülkərin gücü yalnız göz yaşlarına çatırdı. Leylidən, eləcə də rayondakı rəfiqəsi Dünyadan Rüfət barədə soruşub bilgilənəndə keçirdiyi qarışıq hisslər hər dəfəsində onun ovqatını da kökləyirdi. Rüfət Bakıda İqtisadiyyat Universitetini Biznesin idarə edilməsi üzrə bitirmişdi, yaxşı yerdə də işə düzəlmişdi, rayonda yaşayan ata-anasına, qardaş-bacısına güzəran qurmaqda köməklik edirdi. Bunlar Ülkəri sevindirirdi. Amma həm də kədər burulğanına atır, itirdiyinin necə bir ləl-cavahirat olmasının fərqində olurdu. Demək, evlənsəydilər, Rüfətlə, həqiqətən də, xoşbəxt olardı, Rüfətin uğurlu karyera quracağı o vaxtlar bir xəyal idisə, indi artıq reallığa çevrilmişdi, bu, artıq həqiqət idi, ailə qura bilməmələri indi Ülkəri daha da yandırırdı.
Dərd gələndə ardıcıl gəlir. Bir gün Madar üzərində narkotik gəzdirdiyinə görə narkotik istifadəçisi kimi yaxalandı. Atası nə qədər əziyyət bahasına onu məsuliyyətdən kənarlaşdıra bildi. Ardınca daha betəri baş verdi. Bu dəfə Madar gecə evə üst-başı qan içində gəldi. Sərxoş idi, araq iyi on metrdən vururdu. Hönkürüb ağlayaraq dedi:
-- Maşınla adam vurmuşam.
Evdə nə mərəkə qopduğunu sözlə izah etmək mümkün deyil. Ərəstun həmin gün ürək tutması ilə xəstəxanaya yerləşdirildi.
Madar yolu keçən yaşlı bir qadını vurub öldürmüşdü. Heç bir bəraət yox idi. O, sərxoş vəziyyətdəymiş, özü də şəhərin içində saatda 90-la maşın sürürmüş. Üstəlik, qadın piyada keçidində vurulmuşdu. Yeganə tutalqa o ola bilərdi ki, qadın, demək olar, görmürdü, çox qoca və əldəngetmiş haldaydı. Yiyəsi də yox idi. Vəkil onun görməməsini, lapdan yola çıxmasını əlində bayraq kimi tutdu.
Madarı cinayət məsuliyyətindən tam qurtarmaq mümkün olmadı, ona hər halda icbari iş verildi. Bu hadisə həm ailəni maddiyyatdan məhrum elədi, həm də daha pisi baş verdi, Ərəstun müəllimin ürəyi tab gətirə bilmədi, o, vəfat etdi.
Atasızlıq yağ-bal içində yaşayan, əziyyət nə olduğunu bilməyən Madarıxeyli dəyişdi. O, gələcəyini düşünməyə, nə yollasa bu qara zolaqdan çıxmağa çabalar göstərməyə başladı. Amma alınmadı. Atasının biznesini batırdı, ata obyektlərini əlindən çıxartdı, banklardan kreditlər götürüb faiz boyunduruğuna düşdü. İşdən də qovul.
Həmin dönəmdə Qələndərov artıq təqaüdə çıxmışdı, onun da tifaqı dağılmaqda idi. Ömrü boyu vəzifələrdə olan, əli pulla oynayan bu şəxsi indi heç kəs itirib-axtarmırdı, ara-sıra çölə-bayıra çıxıb kiminləsə dərdləşmək, çayxanaya gedib domino oynamaq da daha müşkülə çevrilmişdi. Şərlədib tutdurduğu, haqsızlıq etdiyi insanlar, onların qohum-əqrəbaları üzbəüz gələndə onu acılayırdılar, hətta üzünə tüpürəni də olmuşdu. Qələndərov köçüb rayondan getmək istəyirdi hətta.
Bir qış axşamı Qələndərov piyada evinə qayıdırmış, Dursun kişinin bir vaxtlar həbsə saldığı oğulları maşınla keçəndə onu görürlər, saxlayıb onu zorla maşına salırlar, həmin o süni meşədə lüt soyundurub başıaşağı ağacdan asırlar. Qələndərov həm soyuqdan dona-dona, həm də ağrıdan ufuldaya-ufuldaya yalvar-yaxar edir, deyir, məni balalarınızın başına çevirib öldürməyin, yazığam. Onda ona deyirlər ki, bəs cavan canımızı həbsxanada çürütdürəndə düşünmürdün ki, biz də yazığıq?
Kişinin paltarlarını da yandırırlar, çıxıb gedirlər. Anası namaz üstündə imiş Qələndərovun. Təsadüfən oradan dana oğrularının dalınca düşən sahə müvəkkili keçməsəymiş, həmin gün onun son günü olacaqmış. Sahə müvəkkili onu budaqdan açır, şinelinə büküb rayon xəstəxanasına aparır. Qələndərov düz iyirmi üç gün xəstəxanada yatası olur.
Haram pul heç vaxt insana xeyir gətirməz. Hətta bir müddət gətirdiyi firavanlığı belə mütləq tarmar edər, ağ boyaları tünd boyalarla dəyişər. Qəddarlığın insan həyatına təsiri də mütləqdir, evlər yıxan, başqalarına qan udduran, daim haqsızlıq və ədalətsizlik sərgiləyənlər cəhənnəmin həm də bu dünyada olduğunu incitdiklərinə sübut edirlər, halbuki özləri sonda mütləq cəhənnəmə vasil olurlar.
Ülkər bu xəbəri eşidəndə atasına qarşı daşlaşmış ürəyi yenə də yumşalmadı, “su çanağı suda sınar” deyib atasının tuş gəldiyi aqibətin zəruri olduğunu dilinə gətirdi. Hətta anasına məsləhət də verdi ki, onun yanında qalma, sənə də xətər toxunar, çıx gəl Bakıya.
Madarın işləkləri isə davam etməkdəydi. Bir gün də Ülkərin qır-qızıllarını satdı, əlinə bir az pul alıb çamadanını yığdı, dedi, gedirəm Ukraynaya, orda biznes quracam.
Nazəndə xanım nə illah elədi, nə qədər göz yaşı axıtdı, xeyri olmadı, Madarı saxlaya bilmədi.
Madar getdi. Altı ayın tamamında bir dəfə zəng edib gözü yaşlı qalmış anasıyla beş-on kəlmə danışdı, bir müddət sonra bir şəxs vasitəsilə evlərinə yüz dollar pul göndərdi, vəssalam. Davamı gəlmədi.
Ülkər ayaqda durmağa çalışır, Nazəndə xanıma dəstək olurdu, birlikdə acıları yaşayırdılar. Aylinin dörd yaşını qayınana, gəlin və nəvə birlikdə qeyd etdilər. Nazəndə xanım üzərinə “Aylin, 4 yaş” yazılmış dadlı bir kremli tort da bişirtdirmişdi. Ağıllarına belə gəlməzdi ki, həmin gün növbəti bir qara xəbər eşidəcəklər.
Madar anasına yox, bu dəfə Ülkərə zəng vurmuşdu, təbii ki, Ülkərin ilk ağlına gələn ərinin qızını təbrik etməkçün zəng vurması olmuşdu. Amma Madar başqa şeylər dedi. Telefondan onun bumbuz səsi gəldi:
-- Özüm bunu mamaya yox, sənə deyirəm ki, birdən mamanın ürəyi tutar. Mən daha qayıtmayacam, burda evlənmişəm, get başına çarə qıl. Düşünmə ki, sənə, qızına nəsə bir köməkliyim dəyə bilər. Daha mənimçün yad adamlarsız.
Bu qədər zalımlıq, qansızlıq ola bilərdimi? “Sənə və qızına” deyirdi o alçaq, elə bil, Ülkər Aylini atası evindən gətirmişdi. İnsan da öz əti, qanı olan gül balasından bu cür rahatca imtina edə bilərdimi?
Hətta kişi öz qadınından boşanırsa da, normalda keçmiş ailəsinin problemlərini həll etmək, uşağına yiyəlik etmək onun boynunda olmalıdır. Yoxsa ki, necə sən birincini tam silib, ağ kağız üzərindən ikinci ilə münasibət qura bilərsən axı? Heç vaxt birisinin bədbəxtliyi üzərindən ikincinin xoşbəxtliyi qurula bilməz. Allah buna rəvac verməz.
Həmin gün Ülkər boşanmış qalmağın dəhşətini bütün çılpaqlığı ilə hiss etdi. Müstəqil həyata hazır deyildi, işi-gücü yox idi, haraya gedəcəkdi? Yenidən rayonamı qayıdacaqdı? Balaca qızının o gerilik, o mövhumat yuvasında aqibəti necə olacaqdı axı?
Ülkər hər gecə Aylini yatağa uzadanda ona nağıl danışırdı. Danışırdı ki, biri vardı, biri yoxdu, iyirmi iki yaşlı bir qadın, bir də üç yaşlı bir qız uşağı var idi. Onlar çox şən, mehriban idilər, xoşbəxt olmaq istəyirdilər. Amma bu xoşbəxtliyi yeddibaşlı div gəlib onların əllərindən aldı…
Aylin bir dəfə soruşdu, dedi, ana, o divin adı nə idi?
Ülkər çox düşünüb-daşınıb dedi ki, divin adı Madar idi.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)