“Əsl məni tanıyanlar isə həmişə susurdu” - HEKAYƏ Featured

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Dörd divar arasında tənha vəziyyətdə oturmuşdum. Amma problem tək oturmağım deyil idi, dünyada tək-tənha olmağım idi. Otağı qorxunc sakitlik bürümüşdü. Mən durmuşdum, lakin saat əqrəblərinin səsi mənə bizim vaxtı gözlədiyimizi, amma onun bizi gözləmədən getdiyini, yarım qalanları tamamlamağa fürsət vermədən zamansızca ölümə apardığını anladır, anladıqca boğazıma kəndirtək dolanan hisslərim sıxılır və mən boğulduğumu hiss edirdim. 

Ürəyimin döyüntüsü ilə saat əqrəblərinin səsi ölüm melodiyasına bənzəyirdi. O an anlamışdım:

"Zaman bizi sonsuzluğa aparan səfər idi. Dünya, biz səfərdə ikən, baş çəkdiyimiz müvəqqəti yerlərdən biri, ölüm isə dünyanın müvəqqəti olduğunu sübut edən ən mühüm dəlillərdən biri idi."

Bəzən yerimdən qalxıb, saat əqrəblərini durdurmaq istəyirdim. Onları çıxarsam, bəlkə zaman duracaq, mən də  düşünməyə vaxt tapacaqdım?

Kənardan biri hal-hazırdakı vəziyyətimi "otaqda oturan tənha biri" kimi təsvir edərdi. Lakin mən tək deyildim. Beynimdəki düşüncələr ilə qəlbimdəki hisslər ayaq tutmuş, bir-biri ilə mənim gözümün önündə savaşda idilər. 

İçimdə heç bitməyəcək, ağ bayrağı heç bir tərəfin qaldırmayacağı, ancaq mən öləndə sonlanacaq savaş var idi.

Ah, bəli.. düşüncələrim, hisslərim. Onlar məni heç vaxt tək qoymayacaqdı. Hara getsəm, ördək balalarının analarını izlədiyitək məni izləyəcək və sorğusuz,  sualsız arxamca gələcəkdilər. 

İnsanlardan qaçdığımı zənn edərkən, sən demə özümdən qaçırmışam. Olmaq istədiyim insanla yaratdıqları insan arasında böyük fərq var idi. Fiziki həyatım onların istədiyi, hərkəsə göstərdiyim, mənəvi həyatım isə dənizin heç bilinməyən yerindəki adaya bənzəyirdi. Kənardakı insanlar dənizin sahilindən baxıb, məni tanıdıqlarını zənn edirdilər. Unutduqları bir şey var idi...

Mən dənizin heç bilinməyən, görünməyən yerindəki ada idim və əsl məni tanımaq istəyənlər, o dənizə girməli, islanmalı, üzməli və dalğalarla boğuşmalı idilər "əsl mənə" çatmaq üçün. 

Buna cəsarəti çatmayanlar sözlərə qaçır, əsl məni tanıyanlar isə həmişə susurdu…

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.