Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi.
Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdir. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi.
Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Belə işıqlı şəxslər əsla unudulmaz.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)