Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu dəfə müsahibim yazar deyil, fərqli peşə sahibidir. Düşünürəm ki, Fərqanə xanım Əliyeva ilə söhbətimiz sizinçün maraqlı olacaq. Kimdir Fərqanə xanım? Qoy özü desin.
-DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının dosenti, Qabaqcıl təhsil işçisi, filologiya üzrə fəlsəfə doktoru Əliyeva Fərqanə Aydın qızı. Deyim ki, həyatımın artıq 30 ilini pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycanımızın gənclərinin təlim-tərbiyəsinə həsr etmişəm.
-Filologiyaya marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Hələ tələbəlik illərindən elmə marağım olduğundan Tələbə Elmi Cəmiyyətində elmi məqalələrlə çıxış edirdim. Məni daha çox ədəbiyyatımızın, dilimizin tarixi, folklorumuz maraqlandırırdı. “Kitabi-Dədə Qorqud” dastanının leksikası” adlı məqaləmlə ilk dəfə tələbəlik illərində TEC-də uğur qazandım. Arzularım, elmə marağım məni 2006-cı ildə AMEA-nın Folklor İnstitutunun dissertantı kimi elmi fəaliyyətdə irəli apardı. Nəhayət, 2011-ci ildə alimlik dərəcəsi qazanaraq ilk dəfə “Əmrah” dastanının türkmən versiyası: genezisi və formalaşdırılması” adlı monoqrafiyamı nəşr etdirdim. Onlarla məqalə, proqram və 4 dərs vəsaiti, metodiki vəsaitin müəllifiyəm. Bu yaxınlarda isə yeni dərsliyim işıq üzü görəcək.
-Polis Akademiyasında fəaliyyətinizlə bağlı bilmək istərdik.
-Polis Akademiyasında artıq 10 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. Daxili İşlər orqanlarının yüksək ixtisaslı kadrlarının hazırlanmasında Azərbaycan müəllimi olaraq müxtəlif istiqamətlərdə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində əzmlə, qürurla fəaliyyət göstərirəm. Peşəsini sevən müəllim kimi kursantlara böyük məhəbbətlə Azərbaycan dilinin incəliklərini, ünsiyyət qaydalarını, nitq bacarıqlarını aşılayıram. Polis Akademiyasında “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” və “Ritorika” fənlərini tədris edərək kursantların natiqlik məharətini inkişaf etdirir, onlara çıxış hazırlamaq metodikasını öyrədirəm. Eyni zamanda, müxtəlif tədbirlər, müsabiqələr vasitəsilə onların vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyaları ilə zəngin, milli-mənəvi dəyərlərimizə rəğbət hissi ilə tərbiyə olunmasında yorulmadan çalışıram. İstedadlı kursantlarla respublika yarışlarına qatılır və uğur əldə edirik. Şairlik məharəti olan kursantlarla dərnəkdə məşğul oluruq.
-Dünya ədəbiyyatından hansı yazıçıları və əsərləri bəyənirsiniz?
-Dünya ədəbiyyatından Aqata Kristi, Teoder Drayzer, Cek London, Viktor Hüqonun əsərlərini çox sevirəm. Kursantlara ixtisasları ilə bağlı detektiv əsərlər oxumaq, onlar üzərində sərbəst iş yazmaq tapşırarkən Azərbaycan ədəbiyyatı ilə yanaşı Dünya ədəbiyyatına da müraciət edirəm.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişini ailələrdə kiçik yaşlarından başlamaq lazımdır. Əziz valideynlər, övladlarınıza şəxsi nümunə olaraq kitab oxumağı öyrədin. Ailədə axşam saatlarında bu bir vərdişə çevrilməlidir. Oxuduğunuz hekayə, nağıl və ya povestləri birgə müzakirə edərək övladlarınızı bədii ədəbiyyat vasitəsilə tərbiyə edin.
-Azərbaycandakı hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
- Ədəbiyyat, bildiyimiz kimi, söz sənətidir. Sözün təsir gücü, ədəbi-bədii irsimiz gənc nəslin tərbiyəsində böyük rol oynamaqla yanaşı onların lüğət ehtiyatını zənginləşdirir, nitq bacarıqlarını inkişaf etdirir.
Bu gün Qlobal dünyada informasiya bolluğu, sosial şəbəkələr insanları mütaliədən bir az uzaq salmışdır. Gənclərə dərslərdə şair və yazıçılarımızın əsərləri təbliğ olunaraq sevdirilməlidir.
-Ənənəvi kitablara, yoxsa elektron kitablara üstünlük verirsiniz?
-Məncə insan kitabı əlində hiss etməlidir. Ənənəvi kitablara üstünlük verirəm. Düzdür, elektron kitablar günümüzdə daha əl çatandır. Elmi məsələlərin çevik həllinin tapılmasında elektron dərsliklərin əhəmiyyəti vardır.
- Bir filoloq olaraq məsləhətlərinizi bilməyə çox şad olarıq...
-Dahi Füzuli deyir:
Xəlqə ağzın sirrini hər dəm qılar izhar söz,
Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz,
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhli eylər ol miqdar söz.
Dəyərli oxucular, gözəl danışmaq, məharətli nitq söyləmək, insanlarla davamedici ünsiyyət qura bilmək üçün çoxlu mütaliə edin.
-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Fərqanə xanım!
-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)