Cavanşır Quliyev: “Bizim nəsil bəstəkarlar – Eldar Mansurov, Faiq Sücəddinov, mən Qara Qarayevin avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik” Featured

 

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib bəstəkar Cavanşir Quliyevdir. Ondan müsahibə1998-ci ilin martında  götürülüb.

 

“AZƏRBAYCAN ƏSGƏRİ” MARŞI BİR NEÇƏ DƏQİQƏYƏ YARANDI

 

Azərbaycan mədəniyyəti tarixində iki möcüzə var, birini yeddidən yetmişə hamı əzbərdən deyir, ikincisini isə yeddidən yetmişə hamı oxuyur. Birincisi Səməd Vurğunun “Azərbaycan” şeiri, ikincisi isə Cavanşir Quliyevin “Azərbaycan əsgəri” marşıdır. Müsahibimiz öz orjinal bəstələri ilə Azərbaycan musiqi mədəniyyətinə yeni üslub gətirmiş, onu mövzu və məzmunca zənginləşdirmiş, istedadlı bəstəkar Cavanşir Quliyevdir.

 

-Cavanşir müəllim, çoxları sizi qarabağlı bilir. Bu, sənətlə məşğul olmağınızdanmı irəli gəlir?

 

-Atam, doğrudan da, qarabağlıdır. O, Şəkidə işləyəndə anamla tanış olub və mən Şəkidə doğulmuşam.

 

-Amma, deyəsən, ana yox, ata tərəfə çəkmisiniz.

 

-Niyə elə düşünürsünüz?

 

- Yumora da o qədər də meylli deyilsiniz.

 

-Bəlkə də, bu mənim şəxsi həyatım yox, xalqımızın, vətənimizin indiki durumu ilə bağlıdır.

 

-İlk bəstəniz yadınızdadırmı?

 

-İlk dəfə musiqi məktəbində oxuyanda tar üçün pyes yazmışdım. Bir müddətdən sonra gördüm ki, əhəmiyyətsiz bir şeydi, cırıb atdım.

 

-Çoxmu əsərlərinizi cırıb atmısınız?

 

-Uşaqlıqda yazdıqlarımın bəzilərini.

 

-Peşman deyilsiniz ki?

 

-Yox.

 

-Hərdən mahnı da oxuyursunuz, bu, hansı istəkdən irəli gəlir?

 

-Mənim müğənnilik səsim yoxdur. Özümü müğənni hesab etmirəm. Hərdən elə-belə , özüm üçün oxuyuram.

 

-Şöhrət sizi niyə belə gec gəlib tapdı?

 

-Şöhrət geniş anlayışdır, siz onu nə mənada işlədirsiniz?

 

-O mənada ki, uşaqdan-böyüyə hamı mahnılarınızı zümzümə eləsin.

 

-Bu mənada sizinlə razıyam, şöhrət məni bir az gec tapıb. Amma mən hələ konservatoriyanın üçüncü kursunda oxuyanda əsərlərimdən biri SSRİ Mədəniyyət Nazirliyi tərəfindən alınmışdı. Moskvanın adi bir tələbəni tanıması o vaxt üçün balaca məsələ deyildi. 1980-ci ildə SSRİ Bəstəkarlar İttifaqı tərkibində keçmiş sosialist ölkələri və ABŞ-da oldum. O vaxtlar məni xaricdə daha yaxşı tanıyırdılar, nəinki Azərbaycanda. Bəstəkar yalnız populyar əsər yazandan sonra sizin dediyiniz mənada məşhurlaşır. Qara Qarayev kimi böyük bəstəkarın çoxları yalnız adını bilir, amma bir əsərinin belə musiqisini bilmirlər.

 

-Fərdi üslubunuzun əsas cəhətini nədə görürsünüz?

 

-Ənənə ilə müasirliyin vəhdətində. Ənənə deyəndə milli xalq musiqisi, aşıq havalarını, müasirlik deyəndə isə dünya musiqi standartlarını nəzərdə tuturam.

 

-Sənətdə idealınız olubmu?

 

-Mən heç kimə pərəstiş etməmişəm. Sadəcə, sevdiyim sənətkarlar olub. Bunlar istər Azərbaycan, istərsə də dünyanın bütün böyük, istedadlı bəstəkarlarıdır. Mən onlardan öyrənmişəm və öyrənirəm. Dinləyicilərin  idealı ola bilər. Amma sənətkar üçün bu ola bilmz. Əgər mən desəm ki, Çaykovski idealımdır, onda deyərlər ki, bəs, Rimski, Korsakov, bəs, Bethoven, bəs Bax, bəs Motsart...

 

-Özünüzü hansı sənət cərəyanının üzvü hesab edirsiniz?

 

-Bizim nəsil bəstəkarlar – İsmayıl Hacıbəyov, Eldar Mansurov, Faiq Sücəddinov, Elnara Dadaşova və eləcə də mən əsası Qara Qarayev tərəfindən qoyulan avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik. Qarayev bu cərəyanın təkcə Azərbaycanda deyil, həm də bütün SSRİ-də banisi idi. Ona görə də Kommunist ideoloqları tərəfindən kəskin tənqid olunurdu. Onun vaxtsız ölümündə, yəqin ki, bu haqsız tənqidlərin də payı var.

 

-Bir müddət “Azkonsertbirlik”in bədii rəhbəri işlədiniz. Sonra niyə oradan uzaqlaşdınız?

 

-Üç il işlədim – 1990-93-cü illərdə. Sonra özümü o vəzifədə görə bilmədim və oradan çıxmalı oldum.

 

-Əbülfəz Elçibəyə həsr etdiyiniz mahnı niyə heç yerdə ifa olunmadı?

 

-Onu məndən niyə soruşursunuz? Oxuyanlardan soruşun.

 

-Bu əsəri kimin oxumasını istərdiniz?

 

-Bu, xor üçün yazılmış əsərdir. Arada bircə sətir qadın səsi üçün yazılmış solo musiqisi var.

 

-Qadın demişkən, zərif cinsə münasibətiniz necədir?

 

-Çox gözəl, bizi dünyaya qadın gətirir.

 

-Bu anaya münasibət oldu.

 

-Qadın bizə qız bəxş edib.

 

-Yəqin ki, siz əsil azərbaycanlı kimi onun adını çəkmək istəmirsiniz.

 

-Bu, avamlıq olardı, qızımın adı Aytəkindir.

 

-Deyilənə görə, müğənni qadınlar sizi çox sevirlər.

 

-Mən müğənni qadınlardan özümə qarşı xüsusi sevgi hiss etməmişəm. Əgər belədirsə, onlara ancaq çox sağ olun deyə bilərəm. Bunlar bir müğənninin bəstəkara simpatiyası kimi yozulımalıdır.

 

-Niyə mahnılarınızı ən çox Aygün Kazımovaya verirsiniz?

 

-Azərbaycanın qadın müğənniləri içərisində ilk dəfə olaraq əyləncəli ifa üslubunu səhnəyə gətirən Aygün olub. Buna görə onunla işləmək maraqlı idi. Ancaq Aygünün repertuarı zəif olduğuna görə il yarım ərzində onun üçün 10-15 mahnı bəstələdim. İstədim ki, öz repertuarı olsun. Bunu özümə borc bildim. Aygün həm səhnə davranışı, həm də ifa baxımından əsil estrada müğənnisidir.

 

-Estrada müğənnisi səhnədə quş kimi uçmalıdır. Maykl Cekson, Valeri Leontiev, Anjelika Varum, Tarkan, Zəfər Pekər, heç olmasa Faiq Ağayev və ya Brilyant Dadaşova kimi müğənnilər bu baxımdan estrada standartlarına daha çox uyğun gəlir. Aygünün getdikcə artan çəkisi onu səhnədə çox ləng göstərir.

 

-Elə görünür. Çünki operatorun necə çəkməsindən çox şey asılıdır. Bir də ki, Azərbaycan kişiləri köklüyü sevirlər. Dünya standartları ilə biz heç vaxt hesablaşmamışıq. Rəşid Behbudov və Zeynəb Xanlarovadan başqa heç kəs dünya səhnəsinə çıxa bilmədi. Amma iradınızla mən də müəyyən qədər razıyam. Hərdən deyirəm, ay qız, hara belə kökəlirsən?

 

-Siz siyasi mövqeyi olan sənətçisiniz. Bu maraq nədən doğur?

 

-Hamı kimi mən də Azərbaycan vətəndaşıyam. Yeddi milyon vətəndaşın hər hansı biri kimi mənim də buna haqqım çatır. Amma heç bir partiyaya üzv olmamışam və olmayacam. Məm Məhəmməd Əmin Rəsulzadənin ideologiyasını yeganə ideoligiya, Azərbaycan Demokratik Respublikasını isə ideal dövlət quruluşu hesab edirəm. Hakimiyyətdə kim olur-olsun, fəqri yoxdur.

 

-Siz Azərbaycan Demokrat Partiyasına marş yazmış və sonra onu geri almısınız. Bu nədən irəli gəldi?

 

-Mən bu marşı sifarişlə yazdım, niyə geri aldığımı deməyəcəm. Çünki bu olacaq Qurban Məmmədov və Sərdar Cəlaloğluya qarşı kampaniyaya qoşulmaq.

 

-Sifarişlə yazdığınız əsərlər müqabilində nə qədər haqq alırsınız?

 

-Bu kommersiya sirridir. Bəyəm, mən sizdən nə qədər qonorar aldığınızı soruşuram?

 

-Lazımdırsa, deyə bilərəm.

 

-Mən də sizə dövlət tərəfindən verilən maaşı deyə bilərəm: Milli teatrın musiqi hissəsinin müdiri, Konservatoriyada müəllim, İncəsənət Universitetində müəllim, “YUĞ” teatrında repetitor. Hamısı ilə bir yerdə 150 min manat maaş alıram.

 

-“Azərbaycan əsgəri” marşı necə yarandı?

 

-Şuşa və Laçında əsgərlərlə görüşdüm. Ona qədər mən əsgərlərə Bakı küçələrində rast gəlmişdim. Və həmişə fikirləşirdim ki, görəsən, bunlar vətəni necə qoruyacaqlar? Cəbhədəki əsgərləri görəndə məndə ordumuza inam oyandı, marş yazmaq qərarına gəldim. Əhliyyət Süleymanov adlı bir əsgər mənə bir mətn verdi və xahiş etdi ki, marşı bu mətnə yazım. Bakıya gələndə gördüm ki, marş yazmaq həvəsi məni içəridən dağıdır. Marş vur-tut bir neçə dəqiqəyə yarandı.

 

-Marşın mətni Mehmet Əmin Yurdakul adlı türk şairinə məxsusdur. Siz isə müəllif kimi Əhliyyət Süleymanovu göstərirsiniz.

 

-Mən bunu bilməmişdim, tələsik oldu, elə verdim. Sonra bunu mənə Akademiyadan bir oğlan dedi. Amma o dedi ki, guya bu şeir əsrin əvvəllərində yaşayan Əli Kami adlı Azərbaycan şairinə məxsusdur.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Anamı...

 

-Bəs, niyə ana haqqında mahnınız yoxdur?

 

-Musiqi ana haqqında hisslərimi ifadə etməkdə acizdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.