Super User
Bu gün Semih Kaplanoğlu ssenariləri dinləyəcək
Berlin Film Festivalının qalibi, Türkiyənin tanınmış kinorejissoru və ssenaristi Semih Kaplanoğlu Mədəniyyət Nazirliyinin xətti ilə Bakıya gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikasının Kino Agentliyinə istinadən xəbər verir ki, bu gündən etibarən Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri olacaq.
Dinləmələr Semih Kaplanoğlu tərəfindən həyata keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olunub. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən ilin dekabırnda start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazıçı-publisisit, iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub.
Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusunda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspetlərə təqdim edib, ikinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib. Beləliklə, qaliblər: Roman - Etibar Muadxanlı, “İlin beşinci fəsli”; Povest - Nazilə Gültac, “Şəhid atası”; Hekayə - Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verib. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılması zərurəti, bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən R.Dastanoğlu Fondun bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib. Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü Azər Turan, yazıçı-tərcüməçi Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndiriblər. Digər iş adamlarımızı da bundan örnək götürməyə çağırıblar. Sonda çıxış edən AYB sədri, Xaq yazıçısı Anar yarışmanın unudulmaz yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı təsisçiyə təşəkkürünü bildirib, bu işdə üzərinə böyük məsuliyət düşən jüri üzvləri və ekspertlərin zəhmətini qeyd edib, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğular arzulayıb. Sonra qaliblər mükafatlandırıləb. Roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim edib. AYB katibiləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaiya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Salim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)
DUMANLI VƏ AYDIN ŞUŞA - Şuşada Türk dünyası mədəniyyət ilinə yekun vuruldu
Varis, “Ədəbiyyat və incəsənət”
Dekabrın 9-u - biz Şuşaya yollananda günortadan çıxsaq da yalnız gecə 12 radələrində mənzil başına çata bildik, temperatur cəmi 2 dərəcə idi və çox qatı duman var idi, irəliləmək olmurdu. Amma növbəti gün - dekabrın 10-da hava mülayimləşdi xeyli.
“ŞUŞA” OTELİNDƏ SƏMİMİ QARŞILANMA
Dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirildi. Türk dünyasının mədəniyyət paytaxtı statusu Şuşadan Türkmənistanın Anev şəhərinə ötürüləcəkdi. Yeni istifadəyə verilmiş müasir və komfortlu “Şuşa” otelinin konfrans zalında.
Tədbirdən əvvəl TÜRKSOY tərəfindən 12 türk dünyası rəssamının əsəri otelin foyesində nümayiş etdirilirdi və həmin əsərlər də Şuşaya hədiyyə edildi.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər. O cümlədən, mədəniyyət nazirimiz Adil Kərimli və Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov.
ADİL KƏRİMLİ
Aparıcı açılış nitqi söyləmək üçün mədəniyyət naziri Adil Kərimliyə söz verdi, nazir dedi:
- Azərbaycan və Türk dünyası üçün 2023 ce il tarixi hadisələrlə zəngin oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olundu.
Şuşada baş tutan I Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq, Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevriləcək. Cari ildə ölkədə çoxsaylı tədbirlər təşkil olundu. Xüsusən Türk Dünyasının Qorqud Ata film festivalını qeyd etmək olar. Bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq.
2020-ci ildə 44 günlük müharibə, eləcə də bu il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan Respublikası öz ərazilərində suverenliyini tam bərpa etdi. Bu da bütün ölkə ərazisində mədəni həyatın inkişafında böyük rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
ATAGELDİ ŞAHMURADOV
Daha sonra çıxış edən Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov belə tədbirlərin Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət etdiyini vurğuladı.
O qeyd etdi ki, Türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hazırda geniş imkanlar mövcuddur. O həmçinin Anev şəhərində 2024-cü ildə nəzərdə tutulan tədbirlər barədə də bilgi verdi.
AYDIN KƏRİMOV
Sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova söz verildi, Aydın Kərimov qonaqları qarşılamaqdan, ilboyu burada keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək məlumat verdi ki, Şuşada bu günədək 16 abidə tam bərpa olunub.
Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bununla yanaşı, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir. Şəhərin tarixi və memarlıq irsi dirçəldilir, yenilik və müasirlik gətirən layihələr reallığa çevrilir.
ELÇİN QAFARLI
Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının çıxışı dinlənildi. Elçin Qafarlı təmsil etdiyi təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs etdi, türk xalqlarının yaxınlaşmaaında mədəniyyətin müstəsna rolunu vurğuladı.
Elçin Qafarlı səhhəti ilə bağlı mərasimə qatıla bilməyən TÜRKSOY-un Baş katibi Sultan Raevin məktubunun mətnini oxudu.
MÜKAFATLANDIRILMA MƏRASİMİ
Tədbirdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirildi.
Mərasimdə, həmçinin 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının təqdimatı oldu.
2023-cü il üzrə TÜRKSOY Media Mükafatı Azərbaycandan Medianın İnkişafı Agentliyinə və "Ədəbiyyat və incəsənət” mədəniyyət portalına verildi. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, eləcə də portalın Baş redaktoru bəndəniz TÜRKSOY Media Mükafatını fəxarət hissi ilə qəbul etdik.
Digər türk dövlətlərindən isə mükafatlandırılanlar aşağıdakı media mənsubları oldu:
"AIQYN" qəzetinin baş redaktoru Amangəldi Kurmet, "Xabar 24" televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress" İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, "Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə), Türkmənistan televiziya, radio ve sinematografiya dövlət komitəsi, Konstantin Kurtoğlu, Qaqauz Yazıçılar Birliyi jurnalının baş redaktoru, Alyona Terzi, Qaqauz Radio Televiziyası (GRT) program yapımcısı, Fehmi Gürdallı, Türk Ajansı Kıbrıs (TAK) müdiri (Quzey Kıbrıs) və Seyyid Emin, TİMEBALKAN baş redaktoru (Makedoniya).
ESTAFET ÖTÜRÜLDÜ
Qırğızıstanın kino rejissoru Zamir Eraliyev xüsusi mükafatla təltif edildikdən sonra Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradova təqdim etdi.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olundu.
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova Fəxri Fərman verildi.
Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı da izlədilər.
Daha sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edildi.
QISA TARİXÇƏ
Qeyd edək ki, bu il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.
“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər olub.
2024-DƏ YENİ STATUSLA
Onu da xatırladaq ki, Şuşa şəhərinin mədəniyyət paytaxtı statusu daha bir il davam edəcək. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa 2024-cü ildə bu dəfə də İslam dünyasının paytaxtı olacaq.
Və günortadan sonra Şuşa ilə xudahafizləşib Bakıya yön aldıq. Bu dəfə duman yox idi.
Nə sirdirsə adam heç Şuşadan qayıtmaq istəmir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
“Ədəbiyyat və incəsənət” portalı Türk dünyasının media mükafatına layiq görüldü
Dekabr ayının 10-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa möhtəşəm bir tədbirə evsahibliyi etdi. Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamradovun, digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə 2023-cü mədəniyyət ilinə yekun vuruldu və Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı estafetini Türkmənistanın Anev şəhərinə verdi.
Tədbirdə 2023-cü il ərzində Türk dünyası mədəniyyətinə töhvə verən media qurumları TÜRKSOY-un media mükafatlarına layiq görüldülər. Azərbaycandan mükafat “Ədəbiyyat və incəsənət” portalına təqdim olundu.
“Ədəbiyyat və incəsənət”
(10.12.2023)
“Qanun” və “M.Teatr”ın birgə təşəbbüsü - Yaradıcı emalatxana
“Qanun” Nəşriyyatı və “M. Teatr” ssenari və dramaturgiya kurslarına start verib.
Kursun rəhbəri “M. Teatr”ın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq Artisti Vidadi Həsənovdur.
Dramaturgiya və ssenari yazarlığına marağı olan, teatr və kino sahəsində qələmini sınamaq istəyənlər Yaradıcılıq emalatxanasına müraciət edə bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müraciət edənlər burada əsərlərin ideya strukturunu, yazılma texnikasını, dramaturgiya qaydalarını dərindən mənimsəyəcək və təcrübi biliklərə də yiyələnəcəklər.
Hər həftə “M. Teatr” və digər teatrların tamaşalarında iştirak etmək, məşq prosesi ilə tanışlıq imkanı da əldə edəcəklər.
Yazılmış pyeslər və ssenarilər sonda bir kitabda çap ediləcək.
Yaradıcılıq emalatxanasında ilk üç yerə layiq görülən əsərlər “Qanun” Nəşriyyatının və “M. Teatr”ın xüsusi mükafatını qazanacaq.
Birinci yeri tutan əsər isə “M. Teatr”da səhnələşdiriləcək.
Yaradıcılıq emalatxanasında tanınmış yazıçılar, ssenaristlər, dramaturqlar, rejissorlar, prodüsserlərlə görüşlər və ustad dərsləri keçiriləcək.
Uğurlu iştirakçılara Sertifikat veriləcək.
Təhsil müddəti 6 ay, ödəniş aylıq 100 AZN olacaq. Qəbul bu gündən başlayaraq 10 yanvar 2024-cü ilədək davam edəcək. Layihənin koordinatoru yazar Cəlil Cavanşirdir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Yeni ildə 7, Novruz bayramında 5 gün iş olmayacaq
Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Bu arada Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb.
Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
“Yaşayan şəhid” təqdim olundu
“Accel Group” ilk yaradıcı işini - "Yaşayan şəhid" adlı layihəsini təqdim edib.
“Ədəbiyyat və incəsənət”ə bu barədə əsərin söz və musiqi müəllifi Aysel Kərim məlumat verib.
Dueti Xalq artistləri Nəzakət Teymurova və Zabit Nəbizadə ifa edib.
Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi qazilərimizə psixoloji dəstək və motivasiya ötürməkdən ibarətdir.
Yaxın zamanda əsərin klip çəkilişlərinə başlanılacaq.
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun rəhbəri olduğu “Accel” qrupun yaranmasında məqsəd Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində layihələr, elmi konfranslar, simpoziumlar, diskussiyalar, müsabiqələr, kütləvi tədbirlər keçirməkdir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
POETİK QİRAƏTdə “Yenə bağlıdı bəxtin dəstəksiz qapıları...” deyən Şəfa Vəli
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə gənc şair Şəfa Vəli görüşür.
Mən axı yer üzüyəm,
Astanamda eşq hökmü..
İnsanda dərd iziyəm,
Ağaclarda dörd mövsüm...
İnsan olmaqdan çıxıb
Kainata səpildim.
Etdiklərimdən qorxub
Öz içimə təpildim.
Tapmadı məni Tanrı...
Görmədi məni bəşər...
İçərimin o yanı
Arzulardan kül eşər...
Yenə bağlıdı bəxtin
Dəstəksiz qapıları...
Yenə tayçarıq əhdim,
Yenə yoxdu can payı...
Özüm-özümü yonub
Qorxu büstü elədim.
Saçımı yolub-yolub
Yolları dəstələdim.
Dəstələrin o başı
Tanrıyacan çatmadı...
Arzumun aldanışı
Öz ağlıma batmadı.
İtirilmiş hər güman
Şeytana dəvətnamə...
Ümidsizliyim ümman,
Düşüncəm divit, namə...
Yazıram ey...
Yazdığım
Öz başıma daş olur...
... Bu cür şeir yazanın
Gövdəsində baş olur?!
Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Göy üzündən gələn qız
Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Bir az dəli doludu, bir az küsəyən, bir az pessimist, bir az təkəbbürlü, bir az utancaq, bir az da gözüsulu. Göz yaşı ovcunun içindədi. Himə bənddi. Ani toxunuşdan sellənə bilər…
Bütün bu bir azlarda özüdü amma. Heç kimə bənzəmək istəməyən, öz yolu, öz cığırı olan, xəyalları, arzuları uzun saçlarından asılan, hər addımda qadınlığını qoruyub saxlayan, çiyinlərində yüz kişinin yükünü daşıyan, yorulmayan, usanmayan bu kişmiş qız (mən elə adlandırıram) həm də özündən çox sevdiklərinin harayına qaçır. Özü də sevə-sevə, həvəslə. Kirpikləri qaranlığı yoranacan yumulmur. Zamandan zaman oğurlayır. Mənim "25-ci saat"-ımın qəhrəmanları kimi.
Həm də bu boyda çətinliyin və təlatümün içində onun bir ədəbiyyat yükü də var. Yazıb yaratmaqla bütün ağrılarına, əzablarına sığal çəkir. Sözüylə ovudur özünü. Elə vurğunu olduğu yazarların da söz işığında oturmaq, sözə tutunmaq eşqi də onu bircə an rahat buraxmır. Bilirsiz söhbət kimdən gedir.? Günün hansı hissəsində olur olsun, ürəyinin və duyğularının qapısını ərklə açdığım, qızım kimi öyüd verdiyim( hərdən tənbeh etdiyim vaxtlar da olur) filoloq yazar Ülviyyə Əbülfəzqızından danışıram. Daha doğrusu, duyğularım və hiss etdiklərim məni danışmağa vadar edir.
Ürəyinin işığı üzünə yansıyıb. Gözlərinin təmizliyi vurur adamı. İçini görürəm bu qızın. Gəncliyimə bənzədirəm bir az da. Üsyankarlığını, sadəliyini, kübarlığını, dürüstlüyünü. Deyəsən özümü çox təriflədim. Nə edim? Bu qız mənə bənzəyir. Əyilməzdi həm də. Kiməsə söykənib yeriməyi, kiminsə ətəyindən tutub gəzməyi sevmir. Bütün uğurlarını öz zəhmətinə və səbrinə borcludu. Bütün çətinliyin və əzabların qarşısında alnı açıqdı. Hərdən heyfim gəlir bu qıza. Bu çirkabla dolu dünyada onun təmizliyinə, saflığına , paklığına heyfim gəlir. Qorumaq istəyirəm onu. Keçdiyim fırtınaların təlatümündən, həyatın siyah üzündən, təzadlardan, yalanlardan, hiylələrdən - hər şeydən. Qanadımın altına almaq istəyirəm. Amma sonra fikirləşirəm ki, insan əzablarda bərkiməlidi, bişməlidi. Hər əsən küləyə əyilməməlidi, dik dayanmalıdı. Ülviyyə hələ ömrünün ən çətin sınaqlarından keçir. Söz , dostluq, övladlıq, müəllimlik və ən başlıcası analıq sınağından. Büdrəyir də, qaçır da, töyşüyür də, yorulub usanır da. Amma ümidini itirmir. Həmişə axtarışdadı. Özünü dəryada damla adlandırır. Baxmayaraq ki, sözü havadan asılı qalan, köksüz, budaqsız "şeir"ləriylə özünü ədəbiyyata sırıyan, yaradıcılığı olmasa da imzası ilə hər addımbaşı gözümüzü yoran neçə dil pəhləvanlarından yaxşı yazır. Nə o özündən razıdı, nə də biz. Öyrənməyi və öyrətməyi çox sevir amma. Özü də incimədən.
Hər sözə sevgiylə yanaşa- yanaşa həm də. Bilir ki, insan həmişə öyrənməli, oxumalı , ruhdan düşməməlidi. Ən çox məndən söz eşidir. İstər problemlərin ağırlığından yorulanda, istər cəmiyyətin o biri üzüylə qarşılaşanda, istərsə də şeir yazanda ən çox mənim fikirlərimlə ovunur. Bu qız başdan-başa təlatümdü. İçindəki fırtinanı mən görürəm bircə. Ya mənə elə gəlir. Bilmirəm.
Bu qız haqda danışmaq elə asandı ki, mənə. Hətta bu yazını da birnəfəsə yazdım. Pəncərəmə ayın üzündən işıq düşüb. Bilirəm ki, Ülviyyə də oyaqdı. Baxışlarımız göy üzündə toqquşur. Elə fikirlərimiz də. İnanıram ki, hər şey gözəl olacaq. Sözə inandığım qədər inanıram həm də. Bir də ki, hələ payıza bir ömür var. Hələ ömrünün baharını doya-doya yaşa, əzizim. Onsuz da bu gün yazdıqların sabah xoşuna gəlməyəcək. Elə yaşadıqların da. Həyatın dadını çıxar. O çox gözəldi. Ürəyinisə beləcə tər-təmiz və ləkəsiz saxla.
Mən sənə inanıram. Elə sözünə də...
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Zaman Paşazadənin “Doğum” ssenarişeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Zaman Paşazadənin şeirlərini təqdim edir.
Zaman Paşazadə 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmış, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanln Parsabad şəhərinə köçmüşdür.
O, Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir.
2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.
SSENARİŞEİR: DOĞUM
İçəri – gecə - doğum evi
Işıq izinsiz cumur gözlərimizə
Yenicə göz açmış kameradan zillənirik divardakı saata
Saat iyirmi dördü tələsir…
İçəri – gündüz – doğum evi
Çeşidli açıdan üzümüzə zillənir kameralar
Yaxınlaşdıqca dodaqları yekəlir
Öpülürük
Öyülürük
Öööö
Burnumuzdan gəlir ana südümüz
Zaman ağzımızın ağuz zamanı.
Mavi boyalı istamp güpsənir ayağımızın altına
Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində
Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…
Yoxlanılır təməl hüceyrələrimiz
Yoxlanılır sağlamlığımız
Yoxlanılır sağmallığımız
Yoxlanılır varlıq.
Içəri – gecə - ev
Zillənirik divardakı saata
Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını
Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu
Saat iyirmi dördü…
Geri, geri, geriyə dönür film
Kameralar itir dumanda.
Zamansız – içəri – iç
Cənində bir budda heykəliyik
Boynumuz da göbək bağından bir boyunbağı
Ayağımızın altında doğum çarpayısı…
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)