“Qanun” Nəşriyyatı və “M. Teatr” ssenari və dramaturgiya kurslarına start verib.
Kursun rəhbəri “M. Teatr”ın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq Artisti Vidadi Həsənovdur.
Dramaturgiya və ssenari yazarlığına marağı olan, teatr və kino sahəsində qələmini sınamaq istəyənlər Yaradıcılıq emalatxanasına müraciət edə bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müraciət edənlər burada əsərlərin ideya strukturunu, yazılma texnikasını, dramaturgiya qaydalarını dərindən mənimsəyəcək və təcrübi biliklərə də yiyələnəcəklər.
Hər həftə “M. Teatr” və digər teatrların tamaşalarında iştirak etmək, məşq prosesi ilə tanışlıq imkanı da əldə edəcəklər.
Yazılmış pyeslər və ssenarilər sonda bir kitabda çap ediləcək.
Yaradıcılıq emalatxanasında ilk üç yerə layiq görülən əsərlər “Qanun” Nəşriyyatının və “M. Teatr”ın xüsusi mükafatını qazanacaq.
Birinci yeri tutan əsər isə “M. Teatr”da səhnələşdiriləcək.
Yaradıcılıq emalatxanasında tanınmış yazıçılar, ssenaristlər, dramaturqlar, rejissorlar, prodüsserlərlə görüşlər və ustad dərsləri keçiriləcək.
Uğurlu iştirakçılara Sertifikat veriləcək.
Təhsil müddəti 6 ay, ödəniş aylıq 100 AZN olacaq. Qəbul bu gündən başlayaraq 10 yanvar 2024-cü ilədək davam edəcək. Layihənin koordinatoru yazar Cəlil Cavanşirdir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)