Super User

Super User

Çərşənbə axşamı, 12 Dekabr 2023 09:00

Bu gün Heydər Əliyevin anım günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 20 il keçir. Nə az, nə çox, düz 20 il.

 

2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb.

1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabrvə 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi.

Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Beləcə, Azərbaycan dirçəliş əldə etmək üçün vaxt əldə etdi, ordu qurdu, iqtisadiyyatını yüksəltdi. Heydər Əliyev Qarabağın xilasını görməsə də bunu həyata keçirməyi öz davamçısına – Azərbaycanın prezidenti İlham Əliyevə estafet kimi ötürdü.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa görkəmli rumın şairi və ictimai xadimi Ana Blandiana ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisdən məlumat verilib.

 

Mədəniyyət Komitəsində baş tutan görüşdə Rumıniyanın Azərbaycandakı

Fövqəladə və səlahiyyətli səfiri Vasile Soaren, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB üzvü, tərcüməçi Jalə İsmayıl iştirak edib. 

Azərbaycan-Rumıniya mədəni əlaqələri və mental yaxınlıqlarımızın, ümumən qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə, ədəbiyyat, sənət mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

Belə görüşlərin ədəbiyyatımızın, ümumən mədəniyyətimizin təbliği üçün faydalı olacağını vurğulanıb.

Ana Blandiana "İndi mən sənə ibadət edirəm" şeir kitabını Komitə sədri üçün imzalayıb. 

Fazil Mustafa rumın qonağa xarıbülbül işləməli hədiyyə bağışlayıb və öz kitabını imzalayıb. 

*

Məlumat üçün Ana Blandianianın özkeçmişini oxucularla bölüşürük:

 

Ana Blandiana 

(rum. Otilia Valeria Rusan, doğ. Coman) – dünyaşöhrətli rumın şairəsi, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisidir. 

O, 1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Din xadimi olsn atası George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra evdə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra”, (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982),  “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.

Rumın dilində onun 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarının daimi iştirakçısıdır. Onun əsərləri qardaş ölkələr Türkiyə və Macarıstanda, habelə ABŞ, Birləşmiş Krallıq, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Bolqarıstan, Çex Respublikası, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və b. ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.

Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya”  (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Quzey Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.

“Yüksək ədəbi uğurlarına və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni (2000), Fransanın “Fəxri Legion Ordeni” (2009) ilə təltif olunub.

Ana xanım Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.

1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradan Ana Blandiana, hazırda bu qurumun fəxri başqanıdır. 

O, Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.

1993-cü ildə Ana Blandiana həyat yoldaşı, yazıçı Romulus Rusanla birlikdə Sigetu Marmatsia şəhərində yerləşən, öncələr siyasi həbsxana kimi tanınan yerdə “Kommunizm Qurbanları və Müqavimət Memorialı”nı yaradıb. Onlar, həmçinin, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış Vətəndaş Alyansının da qurucularıdır. (Romulus Rusan 2016-cı ildə Buxarestdə vəfat edib).

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Justine Trieu-nun “Düşmə anatomiyası” filmi Berlində Avropa Film Akademiyası Mükafatlandırma mərasimində 4 mükafat aldı. Bu barədə gecə saatlarında Euronews-un efirindən məlumatlanıb xəbəri sizlərə çatdırırıq. 

 

Fransız xanım rejissor Justine Trieu-nun “Düşmə anatomiyası" filminin zəfəri, hər il Köhnə Dünyanın ən yaxşı filmlərinə  verilən Berlində Avropa Film Mükafatının təqdimetmə mərasimi ilə başa çatdı.

"Düşmə anatomiyası" ən yaxşı ssenari, ən yaxşı rejissorluq və ən yaxşı film mükafatlarını, Sandra Hüller isə ən yaxşı aktrisa mükafatını qazandı. 

Qeyd edim ki, film Kann Film Festivalının "Qızıl palma budağı" nı qazanıb.

Filmin baş qəhrəmanı əri pəncərədən yıxılaraq müəmmalı şəkildə ölən alman yazıçı xanımdır. Faciənin yeganə şahidi olan kor oğul anasının günahsız olduğuna şübhə etməyə başlayır və qadın qətldə şübhəli bilinir…

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

Bazar ertəsi, 11 Dekabr 2023 11:01

Bu gün Semih Kaplanoğlu ssenariləri dinləyəcək

 

Berlin Film Festivalının qalibi, Türkiyənin tanınmış kinorejissoru və ssenaristi Semih Kaplanoğlu Mədəniyyət Nazirliyinin xətti ilə Bakıya gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikasının Kino Agentliyinə istinadən xəbər verir ki, bu gündən etibarən Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri olacaq.  

Dinləmələr Semih Kaplanoğlu tərəfindən həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən ilin dekabırnda start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazıçı-publisisit, iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub.

Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusunda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspetlərə təqdim edib, ikinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib. Beləliklə, qaliblər:

Roman - Etibar Muadxanlı, “İlin beşinci fəsli”;

Povest - Nazilə Gültac, “Şəhid atası”;

Hekayə - Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verib. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılması zərurəti, bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən R.Dastanoğlu Fondun bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü Azər Turan, yazıçı-tərcüməçi Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndiriblər. Digər iş adamlarımızı da bundan örnək götürməyə çağırıblar.
Sonda çıxış edən AYB sədri, Xaq yazıçısı Anar yarışmanın unudulmaz yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı təsisçiyə təşəkkürünü bildirib, bu işdə üzərinə böyük məsuliyət düşən jüri üzvləri və ekspertlərin zəhmətini qeyd edib, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğular arzulayıb.
Sonra qaliblər mükafatlandırıləb. Roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim edib. AYB katibiləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaiya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Salim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)

Varis, “Ədəbiyyat və incəsənət”

 

Dekabrın 9-u - biz Şuşaya yollananda günortadan çıxsaq da yalnız gecə 12 radələrində mənzil başına çata bildik, temperatur cəmi 2 dərəcə idi və çox qatı duman var idi, irəliləmək olmurdu. Amma növbəti gün - dekabrın 10-da hava mülayimləşdi xeyli. 

 

“ŞUŞA” OTELİNDƏ SƏMİMİ QARŞILANMA

Dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirildi. Türk dünyasının mədəniyyət paytaxtı statusu Şuşadan Türkmənistanın Anev şəhərinə ötürüləcəkdi. Yeni istifadəyə verilmiş müasir və komfortlu “Şuşa” otelinin konfrans zalında. 

 

 

Tədbirdən əvvəl TÜRKSOY tərəfindən 12 türk dünyası rəssamının əsəri otelin foyesində nümayiş etdirilirdi və həmin əsərlər də Şuşaya hədiyyə edildi. 

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər. O cümlədən, mədəniyyət nazirimiz Adil Kərimli və Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov. 

 

ADİL KƏRİMLİ

Aparıcı açılış nitqi söyləmək üçün mədəniyyət naziri Adil Kərimliyə söz verdi, nazir dedi:

 

 

- Azərbaycan və Türk dünyası üçün 2023 ce il tarixi hadisələrlə zəngin oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olundu.

Şuşada baş tutan I Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq, Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevriləcək. Cari ildə ölkədə çoxsaylı tədbirlər təşkil olundu. Xüsusən Türk Dünyasının Qorqud Ata film festivalını qeyd etmək olar. Bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq.

2020-ci ildə 44 günlük müharibə, eləcə də bu il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan Respublikası öz ərazilərində suverenliyini tam bərpa etdi. Bu da bütün ölkə ərazisində mədəni həyatın inkişafında böyük rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

 

ATAGELDİ ŞAHMURADOV

Daha sonra çıxış edən Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov belə tədbirlərin Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət etdiyini vurğuladı.

 

 

O qeyd etdi ki, Türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hazırda geniş imkanlar mövcuddur. O həmçinin Anev şəhərində 2024-cü ildə nəzərdə tutulan tədbirlər barədə də bilgi verdi. 

 

AYDIN KƏRİMOV

Sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova söz verildi, Aydın Kərimov qonaqları qarşılamaqdan, ilboyu burada keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək məlumat verdi ki, Şuşada bu günədək 16 abidə tam bərpa olunub. 

 

 

Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bununla yanaşı, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir. Şəhərin tarixi və memarlıq irsi dirçəldilir, yenilik və müasirlik gətirən layihələr reallığa çevrilir. 

 

ELÇİN QAFARLI

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının çıxışı dinlənildi. Elçin Qafarlı təmsil etdiyi təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs etdi, türk xalqlarının yaxınlaşmaaında mədəniyyətin müstəsna rolunu vurğuladı. 

 

 

Elçin Qafarlı səhhəti ilə bağlı mərasimə qatıla bilməyən TÜRKSOY-un Baş katibi Sultan Raevin məktubunun mətnini oxudu. 

 

MÜKAFATLANDIRILMA MƏRASİMİ

Tədbirdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirildi. 

Mərasimdə, həmçinin 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının təqdimatı oldu.

2023-cü il üzrə TÜRKSOY Media Mükafatı Azərbaycandan Medianın İnkişafı Agentliyinə və "Ədəbiyyat və incəsənət” mədəniyyət portalına verildi. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, eləcə də portalın Baş redaktoru bəndəniz TÜRKSOY Media Mükafatını fəxarət hissi ilə qəbul etdik. 

 

 

Digər türk dövlətlərindən isə mükafatlandırılanlar aşağıdakı media mənsubları oldu:

"AIQYN" qəzetinin baş redaktoru Amangəldi Kurmet, "Xabar 24" televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress" İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, "Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə), Türkmənistan televiziya, radio ve sinematografiya dövlət komitəsi, Konstantin Kurtoğlu, Qaqauz Yazıçılar Birliyi jurnalının baş redaktoru, Alyona Terzi, Qaqauz Radio Televiziyası (GRT) program yapımcısı, Fehmi Gürdallı, Türk Ajansı Kıbrıs (TAK) müdiri (Quzey Kıbrıs) və Seyyid Emin, TİMEBALKAN baş redaktoru (Makedoniya).

 

 

ESTAFET ÖTÜRÜLDÜ

Qırğızıstanın kino rejissoru Zamir Eraliyev xüsusi mükafatla təltif edildikdən sonra Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradova təqdim etdi. 

 

 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olundu. 

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova Fəxri Fərman verildi. 

Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı da izlədilər. 

Daha sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edildi. 

 

 

QISA TARİXÇƏ

Qeyd edək ki, bu il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.

Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər olub.

 

2024-DƏ YENİ STATUSLA

Onu da xatırladaq ki, Şuşa şəhərinin mədəniyyət paytaxtı statusu daha bir il davam edəcək. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa 2024-cü ildə bu dəfə də İslam dünyasının paytaxtı olacaq.  

Və günortadan sonra Şuşa ilə xudahafizləşib Bakıya yön aldıq. Bu dəfə duman yox idi. 

Nə sirdirsə adam heç Şuşadan qayıtmaq istəmir.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Dekabr ayının 10-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa möhtəşəm bir tədbirə evsahibliyi etdi. Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamradovun, digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə 2023-cü mədəniyyət ilinə yekun vuruldu və Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı estafetini Türkmənistanın Anev şəhərinə verdi. 

 

Tədbirdə 2023-cü il ərzində Türk dünyası mədəniyyətinə töhvə verən media qurumları TÜRKSOY-un media mükafatlarına layiq görüldülər. Azərbaycandan mükafat “Ədəbiyyat və incəsənət” portalına təqdim olundu. 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2023)

“Qanun” Nəşriyyatı və “M. Teatr” ssenari və dramaturgiya kurslarına start verib. 

Kursun rəhbəri “M. Teatr”ın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq Artisti Vidadi Həsənovdur.

 

Dramaturgiya və ssenari yazarlığına marağı olan, teatr və kino sahəsində qələmini sınamaq istəyənlər Yaradıcılıq emalatxanasına müraciət edə bilər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müraciət edənlər burada əsərlərin ideya strukturunu, yazılma texnikasını, dramaturgiya qaydalarını dərindən mənimsəyəcək və təcrübi biliklərə də yiyələnəcəklər.

Hər həftə “M. Teatr” və digər teatrların tamaşalarında iştirak etmək, məşq prosesi ilə tanışlıq imkanı da əldə edəcəklər.

Yazılmış pyeslər və ssenarilər sonda bir kitabda çap ediləcək.

Yaradıcılıq emalatxanasında ilk üç yerə layiq görülən əsərlər “Qanun” Nəşriyyatının və “M. Teatr”ın xüsusi mükafatını qazanacaq. 

Birinci yeri tutan əsər  isə “M. Teatr”da səhnələşdiriləcək.

Yaradıcılıq emalatxanasında tanınmış yazıçılar, ssenaristlər, dramaturqlar, rejissorlar, prodüsserlərlə görüşlər və ustad dərsləri keçiriləcək.

Uğurlu iştirakçılara Sertifikat veriləcək.

Təhsil müddəti 6 ay, ödəniş aylıq 100 AZN olacaq. Qəbul bu gündən başlayaraq 10 yanvar 2024-cü ilədək davam edəcək. Layihənin koordinatoru yazar Cəlil Cavanşirdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Bu arada Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Bazar ertəsi, 11 Dekabr 2023 18:00

“Yaşayan şəhid” təqdim olundu

“Accel Group” ilk yaradıcı işini - "Yaşayan şəhid" adlı layihəsini təqdim edib. 

“Ədəbiyyat və incəsənət”ə bu barədə əsərin söz və musiqi müəllifi Aysel Kərim məlumat verib. 

 

Dueti Xalq artistləri Nəzakət Teymurova və Zabit Nəbizadə ifa edib.

Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi qazilərimizə psixoloji dəstək və motivasiya ötürməkdən ibarətdir. 

Yaxın zamanda əsərin klip çəkilişlərinə başlanılacaq.

Qeyd edək ki, Aysel Kərim Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun rəhbəri olduğu “Accel” qrupun yaranmasında məqsəd Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində layihələr, elmi konfranslar, simpoziumlar, diskussiyalar, müsabiqələr, kütləvi tədbirlər keçirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.