Super User

Super User

Cümə, 06 Oktyabr 2023 17:00

Səhv

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

+ Xoş gəlmisiniz dayı...Keçin oradan əyləşin. 

- Çox sağ olun təşəkkür edirəm. 

+ Ooo, Zinət müəllim ! Xoş gəlmisiniz! Buyurun, keçin sizin üçün ayırdığımız xüsusi yerdən əyləşin. 

- Sağ ol. 

-Ay oğlan ! Nizam, sən bura gəl. 

+ Buyurun...

-Sənə neçə dəfə demişəm ki, insanlara doğru şəkildə xitab elə ?! Sənsə yenə də eyni səhvləri edirsən. 

+ Mən nə etdim axı ?!

-Sən birinci gələn şəxsə müəllim, ikinci gələn şəxsə isə dayı deyə müraciət etməli idin. 

+ Axı, həmişə belə müraciət etmişəm. Həm də Zinət müəllimə hər kəs müəllim deyə müraciət edir. 

-Birinci gələn şəxs - Vaqif müəllim. Neçə ildir ki, bu xalqa, millətə savadlı fərd, vətəndaş yetişdirmək üçün çalışır. Neçə - neçə şagirdləri, tələbələri millətin, dövlətin göz bəbəyinə çevrilib. Amma, sənin dediyin o Zinət "müəllim" - müəllim adını pulu ilə qazanıb. Gördüyü çirkli işlərlə, rüşvətxorluqla qazanıb. Hamının ona müəllim deməsi isə bəlli məsələdir. Pulu çoxdu. Gəl sən bir indi də onun yetişdirdiyi tələbələrinin gördüyü işə bax, bir də həqiqi müəllimin - Vaqif müəllimin. 

 

Məlum məsələdir, hər kəs özü kimiləri yetişdirir...

Zinət zinət kimiləri, Vaqif müəllim isə özü kimiləri yetişdirəcək və beləliklə də, ölkədəki bəzilərinin cibi dolu, başı isə boş olacaq...

 

 “Ədəbiyyat və incəsənət”

(06.10.2023)

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının oktyabr ayına olan repertuarı açıqlanıb.

Qeyd edək ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.

 

Oktyabrın 16-da qədim Altay diyarının “kay” sənətinin ifaçısı Aleksey Çiçakov konsert proqramı ilə çıxış edəcək. Bununla yanaşı, oktyabrın 25-də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Oktyabrın 26-da isə Bakı Kamera Orkestrinin konserti baş tutacaq. Azərbaycan Dövlət Xor Kapellası oktyabrın 27-də filarmoniyanın səhnəsində Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət ocağında həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə "Barokko musiqi axşamı" konserti keçiriləcək.

Konsertlər Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün

                                                            

Məmməd Arazı düşünərkən həmişə xəyalımda şaxlı-buгdaqlı  bir çinar ağacı canlanır. Bu assosiasiya bəlkə də onun ömürlük yaddaşıma hopmuş aşağıdakı misralardan qaynaqlanır:

 

Mən Arazda şaxələnən cinardım

Ömrü boyu tufan əydim, su yardım.

Xətainin qılıncını suvardım

Məmməd Araz karandaşı göyərdi

 

Xalq şairi Məmməd Araz Azərbaycan Xalqının ötən əsrin 50-ci illərində yetirdiyi və xalqımıza bəxş etdiyi azman poeziya bahadırlarından biridir.

Məmməd Araz poeziyası xalqın haqq hayqıran səsinin poetik ifadəsi və ya onun poeziyası xalqın haqq hayqıran səsidir. Onun yaradıcılığı çoxşaxəli və rəngarəngdir. 

Məmməd Araz yaradıcılığında qələm yoldaşlarına həsr etdiyi məqalələr, onların yaradıcılığı haqqında  çoxsaylı yazıları, ithaf şeirləri vardır. Onun klassiklərimizə - Nizamidən üzü bəri Fizuliyə, Nəsimiyə, Sabirə, müasirləri Rəsul Rzaya, Hüseyn Arifə, Tofiq Bayrama və başqalarına - yazıçılara, ziyalılara, müxtəlif sənət adamlarına ünvanlanmış və həsr olunmuş, məqalələri, təbrik məktubları və ithaf şeirləri vardır. Onlar arasında Səməd Vurğun obrazı ayrıca yer tutur. 

Səməd Vurğun Məmməd Araz yaradıcılığında simvollaşmış obrazdır. O, Səməd Vurğuna xeyli sayda şeirlər və bir poema həsr etmişdir. Məqalələrində, yazılarında dəfələrlə söz açmış, onun haqqında xatirələr yazmış, müsahibələrində Səməd Vurğundan sitatlar gətirmiş, aforizmlərindən, şeirlərindən, çıxışlarından, xeyirxahlığından, səxavətindən misallar gətirərək böyük şairə, həm bir şair kimi, həm də bir ziyalı, vətənpərvər, xalqına və vətəninə vurğun bir vətəndaş kimi nümunələr gətirmişdir. 

Məmməd Araz özünü Səməd Vurğun məktəbinin nümayəndəsi hesab edirdi və bir vətəndaş kimi, bir şair kimi  formalaşmasında Səməd Vurğun şəxsiyyəti və yaradıcılığının mühüm rol oynadığını dəfələrlə qürurla etiraf etmişdi.

Şairin poeziya düşüncələrində başqa klassiklərimizlə yanaşı Səməd Vurğunun da adı qızıl həriflərlə keçir. Məmməd Araz deyirdi:“ Vətənin cazibəsində yaşayan, Vətəni cazibəsində yaşadan poeziya da var, sənət də var. Vətən sənətin –poeziya sənətinin əbədi beşiyi, əbədi ağsaqqal obrazı, əbədi qəhrəmanı, əbədi ağ yolu, Qalaktikasıdır. Vətən sərhəddinin əbədi keşikçisi-ayıq-sayıq əsgərinin biri də poeziyadır. Elə poeziya özü də Vətəndir. Mənim Vətənimsən Nizami müdrikliyi, Füzuli yanğısı,  Sabir fırtınası,  Vurğun əqidəsi”.

Bəs Məmməd Arazda Səməd Vurğuna olan bu böyük məhəbbət nədən və hardan qaynaqlanırdı? 

Öz varlığı, qeyri-adi istedadı, zəkası, dünyagörüşü, yüksək intillekti, ünsiyyətcilliyi, xeyirxahlığı, cəsarəti, mərdliyi, səxavəti, himayədarlığı və saymadığım neçə yüksək mənəvi keyfiyyətləri və xarakteri ilə hamıdan seçilən, elə bu keyfiyyətləri ilə də mənsub olduğu xalqa hörmət, nüfuz  və şöhrət gətirən, o zamankı Sovetlər İttifaqının ən görkəmli sənətkarları arasında böyük nüfuz və hörmət sahibi olan Səməd Vurğunun bu keyfiyyətləri və şöhrəti yenicə ədəbiyyata gəlmiş, ürəyi sözlə dolu Məmməd Arazın diqqətindən kənarda qala bilməzdi.

Səməd Vurğun az-az sənətkarlardan idi  ki,  hələ sağlığında əfsanələşmiş, xalqın sıravi fəhləsindən, kəndlisinə, ziyalısınadək insanların  qəlbinə nüfuz etmişdi. 

Böyük şair, elə uşaqlıq və yeniyetmə çağlarından Məmməd Arazın da iç dünyasına hakim kəsilmiş, oxuduğu Səməd Vurğunun “Dilican dərəsi” şeiri gənc Məmmədi vəcdə gətirmişdi: “ Məlum fikirdir ki, insan ürəyində ən böyük çevrilişlər heyrətdən yaranır. Uşaq da dünyanı heyrətlənə-heyrətlənə dərk edir. Sevgi gözəlliyə heyrətdən yaranır. Təbiət heyrətli işlərlə doludur, amma mənim üçün ən böyük heyrət sənət heyrətidir. Şeirə uşaqlıqdan marağım böyük olub. Bircə dəfə oxumuşam yadımda qalıb. Sabirin uşaq şeirlərini sevmişəm. Lakin bu sevgidən qələm almamışam. S.Vurğunun «Dilican dərəsi» şerindən heyrətlənib ilk yazını yazanda isə doqquzuncu sinifdə oxuyurdum”.

Bəlkə də Məmməd Arazın təhtəlşüurunda qalmış həmin şeirin havası altında indi dillər əzbəri olan “Əlvida, dağlar” şeiri yaranmşıdı və necə Səməd Vurğunun şeiri Məmməd Arazı vəcdə gətirib əlinə qələm alamağa sövq etmişdisə, Məmməd Arazın da bu şeiri çoxlarını vəcdə gətirərək şeir yazmağa sövq etmişdi:

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman salamat qal, dağ, salamat qal.

Dalımca  su səpir yoxsa buludlar?-

Leysan salamat qal, yağ, salamat qal...

 

Səməd Vurğunu özünün sənət müəllimi hesab edən Məmməd Araz 1950-ci illərin əvvələrində Pedaqoji İnstitutda oxuduğu  illərdə Səməd Vurğunla təmasları onda, böyük şairə qarış sevgi və məhəbbətini daha qabarıq büruzə verir. Məmməd Araz  Səməd Vurğunun şəxsində, həm yaraddıcılıq baxımından, həm şəxsiyyət, həm davranış baxımından ümumiləşdirilmiş şair obrazı görürdü. Elə özünə də o tələbkarlıqla yanaşırdı.

Məmməd Arazın xatirələrindən belə aydın olur ki, O, Səməd Vurğunla birbaşa yaxın təmasda olmamış, yalnız müxtəlif ədəbi tədbirlərdə, görüşlərdə, şeir gecələrində, Yazıçılar İttifaqının iclaslarında yaxından görmüş, onun söhbətlərini, çıxışlarını dinləmişdir. Həmin görüşlərdə O, Səməd Vurğunu belə xatırlayır: “Səməd Vurğunu çox yaxşı xatırlayıram. Lap elə bil dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına – yatağa düşənə qədər dəfələrlə şeir gecələrində, digər məclislərdə, xüsusi ilə, o zaman Natəvan klubunda çox qaynar keçən yığıncaqlarda... onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. O qədər qeyri-adi, nüfuzedici, «qara, işıqla dolu» mənalı gözləri var idi ki.  Güclü məntiqi vardı. Saatlarla danışsa belə, yəqin  bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı..!”

Beləcə gənc şair Məmməd Arazı Səməd Vurğun şəxsiyyətinin, poeziyasının sehri  özünə necə cəlb etdisə, məşhur “Mən tələsmirəm” şeirinin təsiri ilə o, Səməd Vurğuna xitabən, “Sən tələsmədin” şeirini yazır. Vurğunsevərlərin hər birinə məlumdur ki, lap erkən yaşlarından  təlatümlərlə və keşməkeşlərlə  dolu bir həyat yaşayan, həyatının son illərində “gödək ömrüm çox yaşadı” deyən şair, ömrünün sona çatdığnı dərk edir, lakin bununla barışmaq istəmirdi. Dostları xatirələrində yazır ki, hənin günlərdə  Səməd Vurğun günbəgün qocalırdı. Belə bir  zamanda O, məşhur “ Mən tələsmirəm “ şerini yazdı. 

“Yer üstündə,insan yanında deyib-danışmaqdan doymayan” şair, hər bir anın ömrünü uzatmaq istəyir, vətəni gəzib dolaşmaq, onun gözəlliklərinə heyran olmaq üçün ovçuluğu özünə peşə çeçən şair ovçu dostuna müraciət edərək. :”Sən də ovçu dostum, tələsmə sən də” deyir.

“Demə ki, yorğunam, ya qocalmışam” - deyərək sevgilisilə bütün aləmi gəzmək, hər gülə, çiçəyə salam vermək, hər zərrəyə doyunca baxmaq istəyir. Və şeirin nikbin finalı:

 

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın.

Al Günəş üzündın nur yağa-yağa,.

Ömür kitabını tamamlamağa,

Çox da tələsməsin əlimdə qələm,

Mən tələsmirəm,Mən tələsmirəm!  

 

“Mən tələsmirəm” ifadəsinin iki dəfə vurğu ilə təkrarı sanki aləmə səslənir, haray şəkir.

Məmməd Araz heyrət, həm də təəssüf hissi ilə Böyük Səməd Vurğunun bütün keşməkeşli və “gödək” ömrünü düşünərək  1956-cı ilin 12 mayında “Sən tələsmədin” şeirni yazdı. Bu o zaman idi ki, Səməd Vurğun ağır, sağalmaz xəstəlikdən yataqda yatır və ömrünün son günlərini yaşayırdı. Sanki Məmməd Araz şairə təsəlli vermək, onun ömrünü bir qədər də uzatmaq istəyirdi. Lakin onun gücü böyük şairin ömrünü uzatmağa deyil, bu şeiri yazmağa çatdı:

 

Qoy nəğmə deməyə bülbül tələssin

Gəzdiyi, gördüyü üç aydır, şair.

Sənin ki, kükrəyən ilhamın, səsin

Məcraya  sığmayan bir çaydır, şair.

 

Gah oldu oylağın Göyəzən dağı,

Sözünlə açıldı Ayın qabağı .

Əsl bayramını, bayramqabağı,

Elədi görəndə gözəllər, səni..

 

Məmməd Arazın Səməd Vurğuna həsr etdiyi ikinci şeir-”Müqəddəs məzar”adlanır.  Şeir böyük şairin vəfatının birinci ildönümü ərəfəsində, 1957-ci ildə yazılıb. Şeirin və onun  hər bəndində, hər sətrində Səməd Vurğuna böyük məhəbbət və ehtiramı hiss edirsən. Şeiri oxuduqca Səməd Vurğunun “Unudulmuş tək məzar”ı yada düşür. Fikirlərimin təsdiqi üçün bəzi paralelləri gətirmək istəyirəm. Hər iki şeirdə qəbirstan və həmin qəbirstandakı qəbrlər təsvir olunur. Hər iki məzar “Səməd Vurğuna məxsusdur”. Diqqət yetirək, Səməd Vurğunun təsvir etdiyi məzar xəyali məzardır:

 

... Qoca bir az gülümsədi,

Sonra qəbrə baxıb dedi:

-Qafil, özün bilməyirsən?

Səninkidir o tək məzar...

Onu dövran verdi bada,

Çox danışıb az yazanlar,

Unudulur bu dünyada.

 

Məmməd Arazın da təsvir etdiyi məzar böyük şair Səməd Vurğunun məzarıdır. Onun Fəxri Xiyabandakı müqəddəs məzarı. Unudulmuş tək məzardan fərqli olaraq şairin ölümündən bircə il keçməsinı baxmayaraq ətrafı gül-çiçəyə bürünmüş bu məzar artıq müqəddəsləşib:

                  

Əsir ilıq külək, mülayim  külək,

Fəqət qasırğalar keçir sinəmdən.

Qəlbimdə çırpıntı, əlimdə çiçək

Müqəddəs bir qəbrə baş əyirəm mən.

 

Onun dövrəsində gül-çiçəyə bax

Deyirsən , əkilib iyirmi ildir.

Üstündə göyərən otların ancaq

Hələ bir yaşı da tamam deyildir.

 

“Nə baş daşı, nə adı, nə doğması, nə yadı, olmayan”  “Unudulmuş tək məzar”dan fərqli olaraq “Müqəddəs məzar”ın ünvanı da var, adı da var, doğması da, sirdaşı da. Müqəddəs məzarın ətrafı daim gül-çiçəklə, insanla dolu olur:

                               

Sanki ayaqlayıb ölümü bu an,

Hər gələn baş əyir bu böyük ada.

Şairi  vədəsiz apardığından.

Elə bil utanır qəbirstan da.

                                

Az qala lirik poema həcmində və məzmununda yazılmış - 14 bəndən ibarət “Müqəddəs məzar” şeirində müəllif böyük şairin həyat yoluna, xarakterinə, yaradıcılığına səyahət edir. Səməd Vurğunun qəhrəmanlarının, əsərlərinin, şeirlərinin adlarını çəkməklə və  şeirə daxil etməklə onun həm şair kimi, həm də şəxsiyyət kimi   obrazını yaradır. Şeirin sonuna yaxın Məmməd Araz Böyük şairin əbədi susmasına dərin təəsüfünü bildirməklə yanaşı, əsəri nikbin sonluqla tamamlayır və Vurğun şeirinin ölümə qalib gəldiyini, onun ölməzliyini poetik notlarla  oxucuya təqdim edir:

 

Yox-yox xəzan görməz onun söz bağı,

Ölümə əl çalıb gülmək gərəkdir.

Vurğun şeiriyyəti, Vurğun torpağı

Bəlkə də yüz Vurğun yetirəcəkdir.

 

Qəlbi sükutdadır dayananların,

O qaxıb bu halı seyrə dalaydı,

Deyirəm kaş elə hər sənətkarın,

“Unudulmuş” qəbri belə olaydı.

 

Səməd Vurğunun fiziki yoxluğu Məmməd Arazın ona olan məftunluğunu nəinki azaldır, əksinə, getdikcə daha da gücləndirir. Şair yaşa dolduca, yaradıcılığı da onunla yaşa dolur, püxtələşir, ədəbi cameə ilə yaxından tanış olduqca yaxışnı pisdən, haqqı nahaqdan, ədaləti ədalətsizlikdən daha aydın ayırır, bunu şeirlərində tərənnüm edir. Ətafında, cəmiyytdə baş verən proseslərə mövqe sərgiləyir. Belə məqamlarda onun köməyinə  yenə də onun  şair  dünyasında artıq qranitləşmiş Səməd Vurğun gəlir. Böyük şair məqalələrinin birində yazırdı:” S.Vurğunun ən böyük gücü ondaydı ki, o, zamanın dərin və mürəkkəb hadisələrini sənət kürəsinə “töküb əridərək” onları hamıya aydın, hamıya gərəkli  və canlı poetik əsərlərə döndərirdi”, lakin Səməd Vurğunun fiziki yoxluğundan az keçmiş onu təftiş etməyə, inkar etməyə, ona qara yaxmağa, çirkab atmağa başladılar. Belə bir zamanda Səməd Vurğun barədə haqq səsini ucaltmaq üçün Məmməd Araz cəsarəti lazım idi. Şeir 1966-cı ildə “şöhbət” janrı formasında yazılmış və Səməd Vurğunun 60 illik yubileyinə həsr edilmişdir.

“Səməd Vurğunla söhbət” şeiri son dərəcə aydın, gərgin, ciddi, taleyüklü və heyrətamizdir. Bu şeir ədəbiyyatımızın, poeziyamızın həmin dövr və gələcək dövrlər üçün vəziyyəti və sabah üçün çağırışıdır, müəllifin nigarançılığının, narahtçılığının ifadəsidir. Bu çağırışla müəllif yenə də Səməd Vurğuna müraciət edir, onunla dərdləşir ondan sonra poeziyamızda baş verən proseslər barədə məlumat verir, ondan kömək istəyir. 

          

Sən gəlmədin bu axşama, səsin gəldi,

Səsin bir az qulağıma həzin gəldi.

Sonra bir az nəfəsinə qüvvət gəldi,

Çox xəbislər elə bildi Səməd gəldi:   

Ön sırada titrədilər,

Ön sırada büdrədilər...  

 

Bu bircə bənd Səməd Vurğunun  Azərbaycan poeziyasında mövqeyini müəyyənləşdirir.  

Şeiri oxuduqca gənc şairin cəsarətinə heyran qalırsan. Səməd Vurğunun sağlığında onun “kölgəsində sürünənlər” indi onun vəfatından az müddət keçəndən sonra onun bədxahları, “nihilistlər” böyük şairin kölgəsini qılınclamağa, onu təftiş etməyə, qara yaxmağa başladılar:    

                                       

Fəqət mənim deyəcəyim bunlar deyil,

Sənə məchul həqiqətdən sənə deyim .  

Səndən sonra səni bir az silkələdik

Çox aradıq, çox çevirdik, çox ələdik...

       

Məmməd Araz, böyük şairin ətrafında, kölgəsində ömür sürənləri, riyakarları, ikiüzlü və nankorları şiddətlə qınayır və  ittham edir:                 

 

Bəzisi də üzdə sənin tərifini dil-dil ötdü, Daldadasa, sağlığında min yol sənə dahi deyən,

Öz kölgəndə yallanaraq zingildəyən

Nankorları sapand etdi....

…Səndən sonra tənqid bir az yuxalıbdır,

Yaxşı-pisin çəki daşı yoxalıbdır...

…Nə gizlədim, həqiqəti şax deməyin

Doğru sözün “ səni”çatmır

Atmacalar gülləmizin “səni” çatmır...

 

Şeirin sonluğunda müəllif bir daha Səməd Vurğunun  böyüklyüyünü poetik ifadələrlə aşağıdakı kimi təqdim edir:

 

Səndən sonra 

Görüşlərin hərarəti sənsizləşib,

Kürsülərin cəsarəti sənsizləşib,

Ağsaqqallar səxavəti sənsizləşib!...

Mən saymadım sənsizləşib daha nələr,

Axı niyə sənsizliyi gizlədirlər!...

 

Səməd Vurğun haqqında yüzlərlə xatirələr, öçerklər, elmi-tənqidi məqalələr  yazılıb. Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi sənət korifeylərinin yaratdığı əsərlərinin baş qəhrəmanı Səməd Vurğun olmuşdur.

Xalq şairi Hüseyn Arifin Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi "Yolda” poeması bu sarıdan ən qiymətli əsərlərdən biridir. Qeyd etmək lazımdır ki, poema işıq üzü gördükdən sonra ədəbi came tərəfindən böyük müzakirələrə səbəb oldu. Səməd Vurğuna böyük məhəbbəti olan Məmməd Araz da poemaya  biganə qala bilməzdi: “Səməd Vurğun kimi böyük bir sənətkarın həyatını qələmə almaq, onun obrazını yaratmaq nə qədər şərəflidir! Lakin bu, şərəfli  olduğu qədər də məsuliyyətli və çətindir. Əvvəla ona görə ki, S. Vurğunun ölümündən az bir müddət keçir, onun xitabət kürsülərini titrədən səsi hələ qulaqlarda, gülüşü dodaqlarda, saçlarının rəngi, gözlərinin dərin ifadələri, yerişi, hərəkəti xalqın yadındadır.”

Məmməd Araz Səməd Vurğun haqqında fikirlərini davam etdirərərk yazırdı: “S.Vurğun müasir mövzuları məharətlə qələmə alan, poeziyanın yüksək zirvəsində dayanıb bu günün mürəkkəb hadisələrinə sənətkar projektoru salan “böyük bir filiz yatağını ələyib almazı daşdan seçən” şair idi. İllər ötdükcə, ədəbiyyatımız xalqın həyatına daha da  yaxınlaşdıqca biz S.Vurğunun gücünü daha çox hiss edirik. Ona müraciət edirik. Ondan kömək istəyirik....O, az ömründə çox yaşadı, müasir dövrümüzün ən müasir və böyük şairlərindən oldu. Bu mənada onun obrazını yaratmaq şairdən hünər istəyir”.

Və bu hünərdə Məmməd Araz da bulundu. Onun yazdığı yeddi poemadan biri-sonuncu poeması “Qayalara yazılan səs “ adlanır. Poema çox maraqlı və cəlbedici təsvirlə başlayır. Müəllifin dili o qədər şirin, bənzətmələri o qədər cəlbedicidir ki, poetik ifadələr oxucunu dərhal poemaya kökləyir, şair  sanki şeir yazmır, sözlə rəsm çəkir:

 

Bir qayanın şiş ucuna qonmuşdu qartal -

Bir az sivri vəziyyətdə: top gülləsitək...

... Sürünü də, çobanı da beləcə sanki

Bir tabloya rəsm etmişdilər.

Alaseyrək qara xallı bir palaz kimi

Ağ sürünü boz yamaca mıxlamışdılar

Çoban neylə uyutmuşdu qayanı, daşı;

Döşdə sürü məst olmuşdu,

Dərədə duman...

 

 Məmməd Araz bu poemada Səməd Vurğunun yeni obrazını yaratmışdır. Görkəmli tənqidçi və ədəbiyyatşünas, professor Vaqif Yusifli yazır: ” Poema Səməd Vurğunun xatirəsinə həsr olunub. Səməd Vurğun burada YADDAŞ OBRAZ kimi iştirak edir. O, qoca bir çobanın xatirəsindən, yaddaşından bir nur kimi, işıq kimi gəlir. Çoban şairlə söhbətini olduğu kimi xatırlayır və bu xatirədə Səməd Vurğun heykəlləşir, qayalaşır. 

Əgər Məmməd Arazın 50-60-cı illərdə böyük şairə həsr etdiyi şeirlərində S.Vurğunun yoxluğundan doğan dərin bir nigarançılıq hissi, bu hissin yaratdığı emosional gərginlik diqqəti cəlb edirdisə, "Qayalara yazılan səs"də şairin ölməzlik  ideyası qabarıqlaşdırılır. Çünki Səməd Vurğunun xatirəsi təkcə yaddaşlarda, ürəklərdə deyil, həm də təbiətin özündə, bulaqda, dağda, qayada, küləkdə yaşayır.”

Necə gözəl iifadə edib poemanın məziyyətlərini hörmətli Vaqif müəllim.

 

Çoban dedi: - Burda mənim muzeyim var,

Bu yana baxın,

Bulaq üstə qara daşa diqqətlə baxdıq: -

İri, köntöy hərflərlə həkk olunubdur:

“Səməd Vurğun su içibdir bu bulaqdan,

Sentyabr, 1952-ci il”.

 

Poemada Məmməd Arazın yaratdığı Səməd Vurğun , məhz Vaqif Yusiflinin dediyi kimi, yaddaş obrazı kimi təqdim edilir. Səməd Vurğun  təkcə poeziyamızda, ədəbi məclislərdə,  xitabət kürsüsündə alovlu çıxışları, qeyri-adi poetikası, tribunluğu  ilə deyil, həm də qarış-qarış gəzdiyi, vətənimizin hər güşəsində, hər kəndində, hər evdə, ovçu məclislərində, sadə zəhmət adamları ilə görüşlərində etdiyi söhbətləri, məclisləri, səxavəti, xeyirxahlığı ilə yaddaşlara köçüb və xatirələrdə yaşayır.      

Səməd Vurğundan söhbət düşəndə Məmməd Araz deyirdi: “Səməd Vurğun həqiqətən, qeyri-adi istedad idi. O həm də sadə və vətəndaş idi”. Məmməd Araz da məhz Səməd Vurğunun bu keyfiyyətlərindən yazır. Dağlar qoynunda məskən salmış ixtiyar bir çobanın qonağı olan Məmməd Araz onunla söhbətin üzərində qurduğu poemada Səməd Vurğunun sadə, səmimi və qeyri-adi xarakterini çobanın sözləri ilə ustalıqla oxycuya təqdim edir.

Poemanın hər sətri Səməd Vurğunun bütün xarakterini, bacarığını , istedadını oxucuya təqdim etməyə yönəlib, Müəllif çobanın sözləri ilə Səməd vurğunun ovçuluq məharətini , eyni zamanda onu ovçu sədaqətini, “Güllə atmamışdım bu səfərimdə, kəkliyi vurmadım, dedim oxusun. Günahı çox olub bu əllərin də, qaraquş sonuncu günahım olsun”, “İnsan öləndə də dağlarda ölə,Dönə bir zirvənin dənər qarına”,  kimi ifadələri ilə Böyük şairi oxucuya olduğu kimi, həm də özü başa düşdüyü kimi tanıtmaq istəyir. Poemada Səməd Vurğunla Qoca çobanın dialoqu son dərəcə maraqlı notlarla təqdim edilir. Həmin diloqun  bir parçasını maraqlı olduğu üçün oxucuya təqdim edirəm.

 

Bir de görüm: arağınan aran necədir?

Dedim: Sənin bulağınan aran necədir?

- Bir de görüm, hardan belə söz ehtiyatı?

- Bu dağlarda çox çapılıb Koroğlu atı,

Bizi təkcə dağ yaşatmır, saz-söz yaşadır,

Ta əzəldən qılıncımız sazla qoşadır.

 

Çoban söhbətini davam etdirdikcə Səməd Vurğunun ömrü, günü, həyatı, səhfə-səhfə  varaqlanır, kövrəkl xatirələr yumaq kimi çözülür, oxucunu Səməd Vurğun dünyasına səyahətə aparır. Bu xatirələrdə Böyük şairin sadəliyi də, səmimiliyi də, etibarı da, vəfası da, sədaqəti də müəllif tərəfindən son dərəcə qabarıq, həm də kövrək notlarla təqdim ediilir:

 

Çobanlardan biri durub bu şeri dedi:

“Üstündən karvan yeriməz,

Sıxdı dumanların, dağlar.”

Özü şer oxumadı; yaşardı gözü.

Söz verdi ki: “gələn dəfə saz çallam özüm”...

…Dedim: bizə bəxşiş elə bir kitabını,

Dedi: Vallah, heç birisi yoxdu yanımda,

Ondan sonra tək bircə yol gəldi Muğana.

 

Qoca çobanın şair haqqında xatirələri bitib tükənmir: “Bir cüt çəkmə gətirmişdi qoca dostuna, bir də təzə qoşalülə - yağdaca durur. Çəkmə necə alınıbdı - eləcə durur, geyib qəbrə gedəcəyəm - vəsiyyətimdi...Ondan sonra bu dağlara yolu düşmədi, səsi gəldi, sözü gəldi, özü gəlmədi.  Ondan sonra bu bulaqdan su içməmişəm, ondan sonra bulaq oldu - “Vurğun bulağı”,  adını da bu qayaya özüm yazmışam, bu da mənim əsərimdi.

                                      

Biz gəlmişdik,

Gələn kimi kim düşdü yada? -

Bu dağların öz dilində danışan adam!

Bu dağların, bu daşların yaddaşı möhkəm,

Səbri ağır, cəbri ağır, qəzəbi ötkəm...

Kimi səslər bu el-oba?

Kimi oxuyar? -

Yaxına get, sual verib, özündən soruş.

Onu sevib, onu deyib, onu duyanlar

Onun qaya yaddaşına həkk olunurmuş...

 

Səməd Vurğun Məmməd Araz üçün ədəbi və milli meyar idi. Ancaq təkcə onun üçün yox elə bütün yaradıcılar üçün. Məmməd Araz deyirdi: ”Bəli, Azərbaycan poeziyasına gəliş həmişə çətin olmuşdur. Hünərin var ortaya çıx. Burada Nizami, Xəqani, Nəsimi, Füzuli, Vaqif, Zakir, Sabir , Aşıq Ələsgər, S. Vurğun meyarları var”. Ancaq təkcə sənətdə meyar deyildi, həm də şəxsiyyəti ilə  meyar idi, Səməd Vurğun. Və Məmməd Araz özü də elə ustadı kimi həm sənətində, həm də şəxsiyyətində ədəbiyyatımızın və mənəviyyatımızın meyarı ola bildi.    

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

 

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

"Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının buhəftəki qonağı səmimi söhbətləri ilə, gözəl şeirləri ilə sevilən, şair-publisist,  AYB-nin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı sektorunun rəhbəri, AYB-nin idarə heyətinin üzvü,  Azərbaycan Dövlət Televiziyasında redaktor və aparıcı, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadədir. Xatırladaq ki, Qəşəm bəyin nəşr olunan 40 kitabından 18 kitabı xaricdə çap olunub.

Xoş gördük, Qəşəm bəy, səmimi, qəlbəxoş     cümlələrinizi səbirsizliklə gözlədiyimiz üçün təcili birinci sualı “meydana" dəvət edirik.

 

1)   Niyə şagirdlərin duymurlar səni,

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə,

Mən sevən ürəyə qəsd eləyirlər. 

(Qəşəm Nəcəfzadə)

 

Dəyərli Yaradıcımız, Siz həmin an məktəbin direktorunun "gözün oğurlayıb" sinfə daxil olsaydınız, o dəcəl şagirdlərə nə söyləyərdiniz?

-Salam, Ülviyyə xanım, xoş gördük.

Bilirsiniz ki, mənim uşaq şeirləri kitabım var, həmin o kitabdakı şeirlərdən oxuyub şagirdləri tərbiyələndirərdim.

Şuşada Vaqif Poeziya Günlərində

 "Sənin dərsin" şeirini oxumuşdum və sonra bildirdim ki, müəllimin-həyat yoldaşımın dərsində səs edən uşaqlar bu günün Milli Qəhrəmanları, Şəhidləri, qaziləri, əzmlə vuruşan igidləridir. Onlar-dəcəl şagirdlər sükuta, qayda-qanunlara etiraz edirlər. Həmin  partanın arxasında sakit otura bilməyən şagirdlər Şuşamızı, Qarabağımızı düşməndən azad etdilər.

 

2) Qəşəm bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri  əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi  həm də rejissor işidir. 

 

3) Qəşəm bəyə söyləsələr ki, məktəb dərsliyinə  üç yazarın əsərlərini daxil etmək lazımdır. Qəşəm bəy kimləri məsləhət görərdi? Mümkündürsə, indiki yazarlarımızdan seçərdiniz.

 

-1. Sevinc Nuruqızı

2. Aləmzar Əlizadə

3. Zahid Xəlil

 

4) Uliyam Şekspir söyləyib ki, " Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.

Məhz ağıl onu cilovlamaq üçün mövcuddur."

Qəşəm bəyin "ağlımı at oynadır, yoxsa hissi?" Ya da onlar bir-biri ilə " dil tapa bilirlərmi?"

 

-Poeziyanın əsas materialı hisslərdir. Ağıl olan yerdə poeziya ölür. Mən poeziyada hisslərimə üstünlük vermişəm. Ağlımın hisslərimə gücü çatmayıb. Mənim hisslərimin ağlı gözəldir. Adam bir çox zirvələrə hissləri ilə çatıb qalib gəlir. Sevgi də, yaxşı şair olmaq da hisslərlə bağlıdır. Ağıl İqtisadiyyat, Siyasət üçün vacibdir. Bir deyim də var ki, riyaziyyatçı olmaq üçün də hisslər lazımdır.

 

5) Samit ağız bağlar, sait dil çalar,

Anlayar halımı könlü alçaqlar.

Sevincim ağlayar, qəmim əl çalar,

Dərdim ortalıqda bəy, oynar?

- Oynar. 

( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, filoloq kimi ikimiz də bilirik ki, incə sait, ya qalın saitin ahəngi zamanı ahəng qanunu pozulmaz.

Bəs ikiüzlü- bir üzündə mələk, digər üzündə iblisi nümayiş etdirib həyatın "müqəddəslik ahəngini " pozanlara Şair-filoloq Qəşəm bəy nə söyləyər?

 

-Saitlərin deyilişi zamanı dodaqlar qapanmır, saitlər ağzı açır. Musiqi də saitlərdən yaranır, adamın qəlbin, dodağın açır.

İblis-mələk məsələsinə gəldikdə isə bu, həyatın qanunudur. Sevgi olmasa, nifrət olmaz, ayrılıq olmasa, vüsal olmaz, qaranlıq olmasa, gündüz olmaz. Tutaq ki, nifrəti qovaq, sevgi ilə də tam yaşamaq olmur axı, çünki sevgini tam yaşamaq üçün bir tərəfində ayrılıq olmalıdır. Nifrət özü elə sevgidir, sevdiyin adama ayrılarkən nifrət edirsən, deməli, sənin üçün əhəmiyyətlidir. Nifrətin özü bir dəyərdir. Nifrət etmədiyin adamın artıq sənin üçün heç bir əhəmiyyəti yoxdur. Həyatın bu qütbləri çox vacibdir. İnsanda yaxşı və pis xolesterin var. Pis xolesterin səhhətə ziyan vurur, yaxşı xolesterin isə orqanizmi qoruyur. Nifrət, sevgi, ayrılıq- bunlar bir-birini tamamlayan qütblərdir.

 

6) Mövlanə gözəl söyləyib ki: " Dilinin küsdüyü insanla qəlbin saatlarla danışar"

Qəşəm bəyin səbri çatır saatlarla özü ilə danışsın, yoxsa, əlini telefona atıb: " Gəl  üz-üzə danışıb, problemləri həll edək" - söyləyir?

 

-Həyatda mənəvi-psixoloji  əziyyət çəkib çox gərginliklər yaşamışam. Nadanın biri mane olduqda susmuşam, amma üsyan etmək də pis deyil, zərbələri özümə vurmuşam. Telefonla heç nəyi həll etməmişəm. Telefon əşyadır, hissləri ifadə edə bilməz. Ona görə də həmin adamın özü ilə söhbət edirəm, ya marşrutda, ya bir küncdə əyləşib kofe içərək, ya onunla  öz maşınıma əyləşib İsmayıllı meşələrinə gedərək..

 

7)Dəyərli Yaradıcımız, "Şeirimin bəxti" bu adı seçərkən nəyi vurğulamaq istəmisiniz?

 

-“Şeirimin bəxti" çoxdan çap olunan kitabımın adıdır. "Şeirimin bəxti" məni iztirablara salsın, məni düşüncələrə qərq etsin. "Şeirimin bəxti" odur ki, xalqımın yanında dayansın, Qarabağda döyüşsün, yaxşılara kömək etsin, tələbələr onu əzbər bilsin. 

Bu gün sizin kimi gənc müəllimin məndən müsahibə alması elə "Şeirimin bəxti" dir. Haqqımda gözəl cümlələr söyləyirsiniz, suallar verirsiniz, şeirlərim olmasaydı,  siz məni haradan tanıyardınız?!

 

8) Qəşəm bəy, tədbirlərin birində hər kəsin Sizə olan sevgisini, dəyərini görmüşəm, hətta yadımdadır,  çəkingən xarakterdə olduğum üçün özünüz hiss edib gənc istedadlı kimi haqqımda rəy bildirdiniz. Səmimiyyətinizə görə təşəkkür edirəm. 

Aristotelin bir aforizmində:

 "İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş olduqda başları havada, dolduqda isə aşağı əyilirlər" - söylənilir.

Qəşəm bəy içi, başı, daxili boş, burunları havada olanlara ata nəsihəti kimi nə söyləyərdi?

 

-Bəli, yadımdadır, xatırlayıram. Əslində orta məktəbdə, universitetlərdə də müəllim işləyəndə, hansı tələbə susardısa, danışmırdısa, onlar məni maraqlandırırdı. Əllərini tez-tez qaldırıb cavab verənlər yox, sakit dayananlar məni düşündürüb. Poeziya görüşlərində müxtəlif dairələrdə oluram, sakit dayanan, danışmayanların suallarını eşitmək mənim üçün daha maraqlı olardı, bəzən səs-küylü zalda sakit dayanmanın yaxşı mənada özü bir reklamdır. Aforizmə əsasən, söyləyim ki, dolu sünbüllər sakit dayananlardı, əl qaldırıb " atılıb-düşənlər" isə boş sünbüllərdi ki, zamanın küləyi onları o tərəf, bu tərəfə yelləyir.

 

9) Hecanı dodağınla ölçdüm,

Çiçəyi nəfəsinlə ölçdüm,

Küləyi saçınla ölçdüm

Həsrəti küsməyinlə ölçdüm.

Ayaqlarından öyrəndim yolların uzunluğunu,

Gözlərin çölün düzünü nişan verdi

Qollarınla havanı arşınladım,

Sükutunla sözün böyüklüyünü ölçdüm. ( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, ailənizə olan bitib-tükənməz sevginizi oxucular duyur və alqışlayır.

Gənc ailələrə sevgilərinin ölməməsi üçün hansı tövsiyələri verərdiniz? 

 

-Mənim şeirlərimdə nəsihət, tövsiyə, didaktika, pedaqogika  yoxdur. Kiməsə məsləhət verən şeirləri bəyənmirəm, çünki insan özü anlamalıdır, görməlidir.

Gənc ailələrin dağılmaması üçün sevgi lazımdır, hörmət  lazımdır.

Bir gənc ailə vardı, oğlan və qız hər saat bir-birlərinə tutarlı cümlə axtarıb məğlub etmək istəyirdilər. Bir dəfə oğlana söylədim ki, nə olar, məğlub ol.

Dedi: - necə?

Söylədim, üzr istə. Hətta günah həyat yoldaşında olsa da, sən ondan  üzr istə.

Oğlan söylədi: " Nə olacaq ki?"

Bildirdim ki, xanımın yumşalacaq və özü səndən üzr istəyəcək, beləliklə, qalib elə sən olacaqsan. Çünki üzr istəmək qarşındakının dəyərini bildirməkdir. Bir də, sevgiyə aid çox cümlələr işlətmək lazım deyil, onun alternativinini tapmaq lazımdır.

Əsas da həyat yoldaşını izləməmək lazımdır, çünki izləmək ona qarşı bir zərbə vurmaqdır. İzləmək olsa da, " açıq-saçıq" olmamalıdır. Bu gün bir hadisə baş veribsə, başına qaxmamalısan. Qadının gözəlliyi məğlub olmağındadır, çünki bu elə onun qalib olmağıdır. Qadının evdə qayınanaya, baldıza üsyan edərək cavab verməsi yaxşı hal deyil.

 

10) Nəhayət onuncu-sonuncu sualımız. Qəşəm Nəcəfzadənin istedadından pay alan, cəsarəti ilə sevilən, Savalan babanın verilişində atasının şeirini sevərək söyləyən Kəramət Böyükçölün yazılarına bir peşəkar gözü ilə 10 ballıq şkala üzrə neçə bal  verərdiniz?

 

-Kəramət çox istedadlıdır, təkcə mənim üçün yox, xalq üçün, cəmiyyət üçün. Elə ona  10 bal da verərdim. Onu çox istəyirəm və ondan öyrənirəm. Kəramət fiziki mənada mənim oğlumdur, mənəvi mənada o xalqının, Ədəbiyyatın, zamanının oğludur.

 

-Qəşəm bəy, rubrikamızın qonağı olduğunuz, bizlərə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Ən çox hansı sualımızı bəyəndiniz?

 

-Ülviyyə xanım, bütün suallarınız gözəldir, heç mənə belə suallar verən olmamışdır.

9-cu sual da, elə cavab da xoşuma gəldi.

 

-Dəyərli Yaradıcımız Qəşəm bəy, ömrünüzdən Əbülfətqızı suallarına pay ayırdığınız üçün Sizə minnətdarıq, yaradıcılığınızda uğurlar, sağlam həyat arzulayırıq. Allaha əmanət olun!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə, Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

 

Tədbir çərçivəsində milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən xanəndənin repertuarında yer alan muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Konsertdə Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Beynəlxalq Muğam Mərkəzinin solistləri və muğam sənətimizin sevilən xanəndələri çıxış ediblər

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Bu gün - oktyabrın 6-da Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi oyunlarının açılışı olacaq. Oyunlarda Azərbaycanı bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri təmsil edəcək.

Bu oyunlarda 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənclər arasında keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.

Müsabiqə proqramı aşağıdakı nominasiyalardan ibarətdir: fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlər. Müsabiqənin nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.

MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.

Oyunlar oktyabrın 10-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

33-CÜ DƏRC

 

 

-Mən  əsərində 1905-ci ildə İrəvan qəzasında toqquşmalar zamanı azərbaycanlı əhalinin tərk etmək məcburiyyətində qaldığı və böyük itkilər verdiyi kəndlərin siyahısını vermişəm. İrəvan qəzasında törədilən qırğınlar haqqında yazmışam. Məsələn, mayın 26-da bizimkilər, yəni ermənilər Mədinə türk kəndinə hücum etdilər. Daha sonra Məngüs kəndi ətrafında qızğın döyüşlər getdi. Azərbaycanlı əhalinin kəndi tərk etmək məcburiyyətində qalmasından sonra ermənilərin evləri talan etdiklərini qələmə almışam. 1905-ci ildə təkcə İrəvan qəzasında 7 türk kəndi hadisələrin qurbanı olmuşdur. Həmin türk kəndləri bunlardır: Güvəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal, Məsimli.

Bu dəfə ermənilər əyləşən sıradan natiqə təhdidlər yağdırıldı. Amma o, sıradakılara barmaq silkələyib nitqinə davam etdi:

-Eçmiədzin qəzasının Üşü kəndində ermənilərin törətdikləri faciənin miqyasını göstərərək yazmışam ki, öldürülən üşülülərin sayı 100-ə çatırdı, qadın və uşaqlar, qoca və körpələr qırğınlardan qurtulmaq üçün vay-şivən qoparırdılar. “Üşü yandırıldı, dağıdıldı, yerlə-yeksan edildi, bir kənd də belə silindi, administrasiya yenə də yox idi. Üşünün faciəsi türklərin üzərində elə bir dəhşətli iz buraxdı ki, iyunun 5-də bir sıra kəndlər bir tərəfdən boşalır, digər tərəfdən isə ermənilər tərəfindən talan edilir və yandırılırdı. Nəziravan və Təkiyə kəndləri yandırıldı, Persi, Əngirsək, Kürdəli, Hamamlı kəndləri və Çobankərə obası talan edildi. Beləliklə, Əştərək bölgəsinin 9 türk kəndi talan edildi, yandırıldı və əhalisi çöllərə düşdü”. Cümlələri bax bu cür izhar etmişəm. Qeyd etmişəm ki, Gəncə quberniyasının 8 qəzasının heç birində qırğınlar və dağıntılar Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmayıb. 1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndlərinə hücum etdilər. Kiçik Cicimli tamamilə darmadağın edildi, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edildi. Mən ermənilərin bu hərəkətini “vəhşilik” adlandırmışam və acı olsa da, öz əsərimdə bunu qeyd etməyə məcbur olmuşam.

Natiq bu yerdə köks ötürüb azacıq nəfəsini dərdi, sonra çıxışına davam etdi:

-Zəngəzurun ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları Dərabas kəndində daşnakların törətdikləri vəhşiliklərin şəxsən şahidi olmuşam. 1905-ci il dekabrın 26-da erməni silahlıları azərbaycanlı evlərinə hücum etdilər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçdı, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsən, Ələkbər bəy və Abbas Ələkbər oğlunun evlərində sığınacaq tapdılar. Ermənilər məhz bu evlərdə cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub insanları içində diri-diri yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxlu insan məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş və yandırılmış, meyitləri səpələnmiş türklərin sayı 272 nəfərə çatırdı.

Natiq dərindən ah çəkdi, tamaşaçıların heyrət və hiddət dolu reaksiyalarının müşayiəti ilə Andronik səmtə “Yaramaz cəllad” replikasını atıb çıxışına davam etdi:

-1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər kəndinə hücuma keçsə də, çoxsaylı itki verərək, geri qayıtmaq məcburiyyətində qalmışdılar. Sonradan isə kənd talan edilmiş, yandırılaraq xarabalığa çevrilmişdi. Mən bizimkilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyimdən onların bu hücumunu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişəm. Ardınca Zəngəzurdan Şuşaya keçmişəm. Ermənilər 1905–1906-cı illərdə Şuşa şəhərində iki dəfə qırğınlar tötətmişdilər. 1905-ci il avqustun 16-da baş verən birinci toqquşma nəticəsində ermənilər 100 nəfər, azərbaycanlılar isə bundan 2–3 dəfə çox itki vermişdilər. Şuşada ikinci dəfə 1906-cı il iyulun 12-dən 22-dək qırğınlar törədilmişdi. İkinci qırğınlar zamanı azərbaycanlıların itkiləri yenə də qat-qat çox olmuş, böyük əksəriyyəti onlara məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı. Mən bu Divanın anonsundan  xəbər tutdum ki, bizim dövrandan qat-qat sonralar, bizimçün xəyali və utopik görünən 1992-ci ildə də mənim millətimin nümayəndələri Qarabağın Xocalı bölgəsində qətliam törədiblər. Böyük utanc hissləri keçirdim. Bu hadisə ilə bağlı növbəti günlərdə baş tutacaq Divan prosesini səbirsizcəsinə gözləyirəm. Çünki - bizim dövrdə - XX əsrin əvvəllərində – 1905-cil avqustun 23-də də ermənilərimiz Xocalıda qətliam törətmişdilər. Erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də bizim ermənilər öldürmüşdülər. Kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, əhali bir də geri qayıda bilməsin. Erməni quldurları...

Müttəhimlər kürsüsündə əyləşmiş Andronik Ozanyan ona söydü, ermənilər sırasındakı vəkillərdən biri isə yerindən replika atdı:

-Quldurlar yox, mücahidlər.

Amma natiq Andronikə nisbətən mədəni tərzdə cavab qaytardıqdan sonra vəkili də təkzib etdi:

-Xeyir, məhz quldurlar. Çünki mənim andronikkimilərlə şəxsi tanışlığım var, onlara hələ Əsas dünyada yaşadığımız dönəmdə də quldurluq etmələri barədə iradlarımı bildirmiş, təqib olunmuşam.

Baş Hakim də söhbətə müdaxilə etdi:

-Bəli, hər kəsi öz adı ilə çağırmağın zamanı yetişib!

Tamaşaçılar bu aforizmsayağı sözləri alqışladılar, natiqsə sözünə davam etdi:

-Noyabrın 27-dən 30-dək Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud kəndlərini erməni quldurları talamış və yandırmışlar. Tərtər dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu idi. Dekabrın 23-də şiddətli şaxta olan bir gündə ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma keçdilər. Bir neçə saatlıq müqavimət türkləri qırğınlardan qurtarmadı. Ermənilər bu iki kəndə daxil olub barbarlıq törətdilər... Umudluda heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər. Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin söylədiklərinə görə, sağ qalıb qaçmağa  məcbur olanların bəziləri uzun yol gedə bilməyib, meşələrdə qalaraq dondular... 1905-ci ilin və 1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl–Qaryagin qəzasında 10 azərbaycanlı kəndi darmadağın edilmişdi. Çıxışımı yekunlaşdırıram. Bilirsiniz, möhtərəm hakimlər, möhtərəm tamaşaçılar, bir şeyi etiraf etmək istəyirəm. Mən erməni olduğum üçün fəxr etmişəm, amma hər dəfəsində bu rüsvayçılıq və şərəfsizlik tarixi xatırlanarkən utanc hissləri duymuşam.

Natiq şiddətli alqışlar altında tribunanı tərk etdi, müttəhimlər kürsüsündə əyləşmiş Andranik Ozanyana qıyğacı baxış atıb yerinə keçdi.

Baş Hakim cəsarətinə görə Hovannes Ter-Martirosyana minnətdarlıq bildirdi, onun sözünə qüvvət kimi başqa bir erməni müəllifinin -  Stepan Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda çap edilən “Qarabağın iqtisadi şəraiti və 1906–1907-ci illər aclığı” əsərindən bir iqtibas gətirdi, qeyd etdi ki, 1905–1906-cı illərdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə ermənilər tərəfindən 75 kənd dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir.

Yağış xeyli səngimişdi, tamam dayandı. Amma günəş buludlar arxasından görünməkdə nə idisə də tərəddüd edirdi. Sanki o, aşağıda söylənilən vəhşiliklərdən dəhşətə gəlib insanlara işıq və hərarət verməyə tərəddüd etməyə başlamışdı.

Hakimlərlə azacıq məşvərət etdikdən sonra Baş Hakim söylədi:

-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar, biz bugünkü prosesin reqlamentində məcburən müəyyən dəyişikliklər etməli olduq. Divanın hərəkət traektoriyasını sapındırmamaq, effekti daha da artırmaq üçün şahid ifadələrini fasilədən sonraya keçirib indi sözü daha bir erməni tarixçisinə veririk. Əsərlərini “Leo” imzası ilə çap etdirən erməni tarixçisi, əslən Şuşadan olan Arakel Babaxanyana. Bu şəxs 1925-ci ildə Tiflisdə erməni dilində işıq üzü görən “Ançyaliç” (“Keçmişdən”) adlı əsərində öz həmmillətlilərinin cinayət əməllərini açaraq ortaya qoymuşdur. Alqış olsun bu cür fədakar insanlara!

Sürəkli alqış sədaları altında (Andranik Ozanyan yenə etiraz səsini ucaltdısa da ona əhəmiyyət verən olmadı) tribunaya ağsaçlı, lopabığlı, başına fəs qoyulmuş bir şəxs çıxdı. Hakimləri, tamaşaçıları salamlayıb öncə özünü təqdim etdi, sonra asta-asta kitabını çıxarıb oxumağa başladı:

- Əsrin əvvəlində “Daşnaksütun”çular Zəngəzur qəzasında və digər qəzaların kəndlərində...

Baş Hakim üzündə gülümsər ifadə onun sözünü kəsərək indi artıq 20 yox, 21-ci əsr olduğunu xatırlatdı, odur ki, “əsrin əvvəllərində” ifadəsinin işlədilməsinin bir səhv olduğunu anlatdı. Arakel Babaxanyan da üzrxahlıq edib çıxışına davam etdi:

-20-ci əsrin əvvəllərində bizim ermənilər elə dəhşətli zorakılıqlar törədiblər ki, bunun tarixdə misli-bərabəri olmayıb. Daşnaklar Qarabağda “Ermənistan” yaratmaqla, türklərə qarşı “sil-süpür” siyasəti həyata keçirirdilər. Mən kitabımdan bir çox dəhşətli faktlar oxuya bilərəm, buna lüzum olsa deyərsiniz, oxuyaram, amma indilikdə çox istərdim ki, Divanda mənim dostum Hovanes Apresyana söz verilsin. Bilirsinizmi, Leonard Ramsden Hartillin müəllifliyi ilə 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində çap edilən “Men Are Like That” (“İnsanlar belə imiş”) kitabı dostumun xatirələri əsasında qələmə alınmışdır.

Yaşlı hakim dərhal onun sözünə qüvvət verdi, həmin kitabı ABŞ-da yaşayarkən oxuduğunu bildirdi.

Babaxanyan sözünə davam etdi:

-Bu kitabın ikinci adı “1918–1920-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində” adlanır. Azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Xankəndidə 1892-ci ildə doğulan, ilk təhsilini Şuşada alan Hovanes Apresyan öz xatirələrində 1905–1906-cı illər və 1918–1920-ci illərdə erməni silahlı dəstələrinin Qarabağda, İrəvan quberniyasında və Qars vilayətində törətdikləri qırğınlar və insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.

Baş Hakim söylədi:

-Mən etiraz etmirəm. Güman edirəm ki, hakim yoldaşlarım da etiraz etməyəcəklər.

Onun sağında və solunda əyləşmiş yaşlı və cavan hakimlər “biz də etiraz etmirik, buyursun” söylədilər, tribunadan bir natiq gedib yerini başqasına verdi. Birincidən xeyli gənc olan bu natiq olduqca pafoslu tərzdə çıxışa başladı:

- Qarabağın sakinləri türklər və ermənilərdir. Əslində, bir türk yurdu olan bu diyarda ermənilər gəlmə idilər. Sayca çoxluq təşkil edən müsəlman türkləri arasında biz bir xristian azlığı halında yaşayırdıq. İrq-din, adət-ənənə ayrılıqlarının bu iki toplum arasında yaratdığı məsafə heç zaman aradan götürülməmişdi. Ermənilər rus ordusunda xidmət etdiklərini və yaxşı silahlandıqlarını, sakit təbiətli türklərin isə əsgər aparılmadıqlarını və bıçaqdan başqa silahlarının olmadığını qeyd etmək istərdim. Bu, çarizmin dini ayrı-seçkiliyinin bariz nümunəsi idi. 1905–1906-cı illər qırğınlarında bu faktor böyük rol oynadı. Ara bir qədər sakitləşən kimi, Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, sakinləri öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin də başına gəlmişdi”.

Günəş buludların arasında inadla gizlənməkdəydi. Səmaya baxınca onun harada olması aydın sezilirdi, azacıq cəhd etsəydi o, qara buludun arxasından çıxacaqdı, amma əfsus ki, buna cəhd etmirdi. Günəşlə bağlı vəziyyət Baş Hakimin də gözündən yayınmadı. O, replika atdı ki, yerdə baş verən rəzilliklərə günəş də çıxmamaqla etiraz edir.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Azərbaycan Aşıqlar Birliyində (AAB) yeni layihəyə başlayıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.

 

XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaqdır.

 

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Günel Mehrinin özüylə söhbəti və hekayəsi təqdim edilir.

 

 

 

özüylə söhbəti...

 

Mənə görə, ədəbiyyat – özünlə söhbətdir. Öz içinə – ağrılarına, narahatlıqlarına boylanmaqdır. Ətrafda baş verənləri içindəki süzgəcdən keçirib, saf-çürük edib öz rakursundan göstərməkdir.

Ədəbiyyat – güzgüdür. Hər kəsin hər zaman dilinə almadığı, etiraf edə bilmədiyi, amma hamıya doğma, məhrəm olan duyğuların güzgüsü... Ona görə bu güzgüyə baxanda çox məqam bizə tanış, doğma gəlir. Ona görə ədəbiyyat səmimiyyəti, sərhədsizliyi sevir...

 

 

...və hekayəsi

 

DOĞUM GÜNÜ

     

“De görüm, necəsən?” ...Yaxınlarda motivasiya ilə bağlı bir kitabda oxumuşdu: “Hərdən güzgüyə baxıb öz əhvalınızı soruşun...” Heç olmazsa doğum günündə özüylə səmimi olmaq istədi. Bir də pıçıldadı: “Necəsən?” Necə olacaqdı? Nə zövqlü libası, nə saç ustasının səyi əvvəlki görkəmini qaytara bilirdi. Rəngi-rufu avazımış, gözlərindəki işıq sönmüşdü. Yaxşı deyildi... Ona görə yox ki, yaşının üstünə yaş gəlirdi. Əksinə, heç vaxt öz doğum gününü belə həsrətlə gözləməmişdi. Xeyli vaxt idi, hər gün təqvimi işarələyir, ad gününə qalan günlərin hesab-kitabını aparırdı. Olan-qalan ümidini bu günə bağlamışdı...

          Ev qonaq-qarayla qaynayırdı. Bir yandan da telefonu susmaq bilmirdi. Təbriklərin ardı-arası kəsilmirdi. Amma nə qiymətli hədiyyələr, nə də gözəl diləklər gözündə idi. Heç kimdən yox, bu özəl gündə məhz ondan sürpriz gözləyirdi. Düzdür, ona aparan yolların önünə qalın divarlar hörmüşdü. Amma bilirdi ki, onun bir qərarlı addımıyla aralarındakı buz sədlər qalxar, hər şey dəyişə bilər. Ən azından param-parça olmuş münasibətləri ya sapa düzülər, ya da… Başqa  ehtimalı beynindən qovmağa çalışırdı. Danışmadıqları, görüşmədikləri bu bir il ərzində içinə yüklənmiş bütün cümlələri, cavabsız sualları beynində saf-çürük edirdi: “Görəsən, ad günümü necə təbrik edəcək?” Amma anası demiş, yüz fikir bir borcu ödəmir ki... O gün anasıyla xeyli mübahisə etdilər. Eləcə israrla deyirdi ki, unutmalısan, vəssalam. Necə razılaşa bilərdi anasıyla? Necə yəni keçmişi buraxmalısan? Sözlə deməyə nə var? Buna əməl etməyin nə qədər mümkünsüz olduğunu anası başa düşməliydi axı. Axı niyə içini isidən hissləri öldürüb boşluqla yaşamalıydı? Axı o boşluğu doldura biləcək bir nəsnə tanımırdı. Anası isə bir ucdan üyüdüb tökürdü: “Sevgi boş şeydir. Bu gün var, sabah yoxdur. O dediklərin eşq kitablarında, bir də filmlərdə var. Bax, atanla görücü üsulu ilə evlənib necə gözəl yaşayırıq...” Yenə nələrsə söyləyirdi anası, amma artıq onu eşitmirdi. Qadının ağzı balıq kimi açılıb-yumulurdu, səs yox idi. Ya da var idi, ona dəyib qayıdırdı, divara dəyən kimi. Birdən bütün gücünü toplyıb bağırdı, hə, eynən, qışqırmadı, bağırdı: “Mənə unutmaqdan danışma. Bacarırsansa, mənə unutmamağın reseptini öyrət, ana!” O an susdu anası. Amma susan kimi də bənizi bəmbəyaz oldu. Yazıq qadın qızından belə münasibət gözləmirdi. Əslində, anasını qınamırdı. Bəlkə də, anası əkiz ruhların vəhdətindən  xəbərdar olsaydı, ona haqq verərdi. Anlayardı ki, kitabları bağlansa da, yolları ayrılsa da, Tanrı tərəfindən içinə həkk  olunmuş ruh əkizini öldürə bilməz…

          Telefonun ekranı yandıqca həyəcandan boğazı quruyurdu: “Bax bu dəfə o olacaq.” Amma hər dəfə də başqa birinin təbrik mesajı, zəngi… Bu müddət ərzində mexaniki şəkildə qonaqları salamlamış, neçə dəfə rəqs etmişdi, kimlərləsə qədəh toqquşdurmuşdu, hətta ad günü tortundan da dadmışdı. Amma nə etsə də, dönüb-dönüb bir nöqtəyə baxırdı: kiçik qara ekrana. Nə baş verirdisə, içində baş verirdi. Uzun müddətdir hiss edirdi ki, xarici görünüşü ilə daxili dünyası arasındakı bağ qopub. Bədəni fiziki anlamda yatıb-durur, yeyib-içir. Amma içi bir nöqtədə quruyub qalıb. Nəyə əl atsa da, bir tərpəniş baş vermirdi. Bir növ daxili iflic yaşayırdı. Boynuna alırdı ki, ilk dəfə “mən olmaq”dan yorulub. “Biz”i tanıyandan bu yana daha mən olmaq istəmirdi. İlahi, o ağrılı gündən sonra hər şey necə də adiləşib, eyniləşib. Heç bir fiziki həzzin əvvəlki dadı qalmayıb: nə sevdiyi təamların, nə vurduğu ətirlərin, nə izlədiyi filmlərin, nə dinlədiyi musiqilərin. Hər şey boz rəngə bürünüb. Sanki hava da, mahnılar də, filmlər də, yeməklər də boz rəngdədir, əsl mahiyyətini itirmiş kimidir. Çünki onların bir ucu “biz” məfhumuna bağlıydı. Çünki hər notda, hər ətirdə, hər dadda, hər misrada “biz” vardı. Artıq onları tək halda həzm edə bilmirdi. “Biz” olan hər şeyi – birgə gülüşlərini, davalarını, göz yaşlarını, baxışmalarını və görmə trayektoriyasına iişib qalmış  daha nələri dondurub, saniyə-saniyə, kadr-kadr xatırlamaq istəyirdi. Qorxurdu, günlərin bir günü yuxudan durub görər ki, hafizəsindəki o  sevimli obraz yoxa çıxıb, silinib. Arada fraqment-fraqment onun təsvirlərini çəkirdi: göz, saç, ya əl fraqmenti. Bununla rahatlaşırdı. Amma heç vaxt onu bütövlükdə çəkməyə cəhd etməmişdi. Beynindəki “o” obrazı o qədər işıqlı idi ki, haqqını layiqincə verə bilməməkdən qorxurdu. Yaddaşını möhkəmlətmək üçün onun pazllarını qarşılaşdığı başqa oğlanlarda toplayırdı: “Bunda onun duruşu var, o birində isə barmaqları...” Xırda bənzərlik belə diqqətini cəlb edirdi və uzun-uzun baxırdı o adama, baxdıqca da içi isinirdi. Sanki həmin an onunla qarşılaşırmış kimi olurdu. Birdən lap yaxınlıqda kimsə güldü. Çönüb baxdı. Qonşu oğlan idi. Qəribədir. İlk dəfə düşündü ki, onların təbəssümü bənzəyir... İlahi, onun təbəssümü üçün necə darıxmışdı. Halbuki ən son görüşlərində siması tutqun və gərgin idi...

          Saat 12-ni vururdu. Bu günün son akkordları... “Bəlkə, indi, bəlkə, gecənin ən son təbriki ondan gələcək…” Ovcunda sıxdığı telefonun qaralmış ekranına son bir nəzər saldı və bütün ruhuyla içindəki “Biz”in qırılıb sonsuzluğa yuvarlandığını duydu. O an qərarlıydı. Aralarındakı son bağı qoparmaq istəyirdi. Telefonun nömrəsini çıxarıb eyvandan aşağı tulladı. Qəfil isti bir təmas çiyinlərinə toxundu:

          – Əllərin necə əsir... Əməlli-başlı donmusan ki… Üzün, gözün də göyərib. Soyuq səni   almamış yaxşı-yaxşı pencəyə bürün.

          Başını qaldırıb gözlərinə hərarətlə dikilmiş qonşu oğlana baxdı. Deyəsən, üzbəüz yaşadıqları bu illər ərzində ilk dəfə görürdü onun baxışlarındakı hərarəti. Ya bəlkə, o heç vaxt belə baxmayıb?..

– Bu gün yaman fikirliydin. Yoxsa bir yaş da gəncləşməyin dərdini çəkirsən?)

          Gülüşdülər. Son günlər ərzində ilk dəfə üzü gülürdü. Qonşu oğlansa bundan xəbərsizdi:

– Şamları üfürəndə arzu tutmuşdun? Qoy tapım, sənin kimi gənc xanım ancaq böyük  eşq arzulayar…Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!..)

          Bu nədir?.. Yavaş-yavaş içi donurdu. Şaxtanın əvvəlcə dərisini, sonra bircə-bircə daxili orqanlarınıı, iliklərini bürüyüb işğal etdiyini hiss edir, titrətməsi artırdı. Yox, bu elə-belə baş vermirdi. Hardasa dərin qatlarda yanan sevgi çırağı dörd tərəfini bürümüş soyuğun təsirindən öləziyib, öləziyib sönürdü. Uşaq vaxtı izlədiyi cizgi filmindəki qar kraliçaya çevrilirdi. Acı-acı gülümsündü: “Eşq…”

– Mən eşqə inanmıram ki…

– Necə yəni? Yəni heç?

– Heç. Əllə tutulmayan, gözlə görünməyən bir şeyə necə inanasan… Düz demirəm?

– Orası elədir. Amma bu Leylilər-Məcnunlar, Əslilər-Kərəmlər elə-belə yazılmayıb da.

– Elə məsələ ondadır ki, onlar hamısı nağıldır, əfsanədir. Reallıqsa daha sadədir. Olmayan bir şeyə inanaraq həyatı ötürmək olmaz…

– Yəqin ki. Maraqlı məntiqli yanaşman var. Ora bax, ora bax. Ulduz axır.

– Ay da, hə. Tez arzu tutaq:

Eyni anda pıçıldadılar:

– Hüzur...

          Qonşu oğlan onun buz kimi barmaqlarından tutdu:

– Doğum günün mübarək, qonşu qızı. Yeni yaşın hüzurlu gəlsin.

– Sağ ol. Təsəvvür eləmirsən, bu təbrikin necə yerinə düşdü.

          Dərindən nəfəs aldı. Soyuq hava ciyərlərini yaladıqca yüngülləşirdi. Ona elə gəlirdi ki, bu saniyələrdə içində əvvəlkindən fərqli, yeni bir mən doğulur. Pıçıldadı: “Yaxşıyam… ”

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

“Legendary Entertainment” şirkəti “Sony TriStar Pictures” ilə birgə görkəmli braziliyalı yazıçı Paulo Koelyonun bütün dünyada populyar olan “Əlkimyagər” romanının ekranlaşdırılması üçün hüquqları əldə edib. Bu barədə TASS agentliyi məlumat verir.

 

Milyonlarla oxucunun sevgisini qazanan roman əsasında filmin ssenarisi üzərində yazıçı və ssenarist Cek Torn işləyəcək («Qaranlıq başlanğıclar”, “Enola Holms”).

 

“Əlkimyagər” romanı Misirdə böyük xəzinələrin tapılacağını yuxuda gördükdən sonra Misirdəki piramidalara yollanan gənc əndəlus çobanı Santyaqodan bəhs edir. Roman ilk dəfə 1988-ci ildə nəşr olunub və dünya bestselleri olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.