Super User

Super User

Çərşənbə axşamı, 12 Dekabr 2023 12:30

“Üç şagirdim şəhid, otuzdan artıq şagirdim qazidir…”

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Tural Nəbiyev çox maraqlı insandır. O, müharibə dövrünün səlnaməçisidir, pedaqoqdur, 40 illik ömründə azı 80 illik işlər ortaya qoyub. Turalı yaxından tanıyıram, tələbəlik yoldaşımdır. Düşündüm ki, onu sizə də tanıdım. 

 

-Salam Tural bəy! Hörmətli oxucularımız üçün sizdən bir müsahibə almaq istədim. İlk olaraq zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz.

 

-Mən Tural Nəbi oğlu Nəbiyev. 1983-cü ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuşam. Orta məktəbin 5-ci sinifində oxuyanda ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yurdumuzdan didərgin düşmüşük. Məcburi köçkün kimi İmişli rayonunda müvəqqəti məskunlaşmışıq. Orta məktəbi bitirib ali məktəbə - ADPU-nun filologiya fakültəsinə qəbul olmuşam. 2004-cü ildə ali məktəbi bitirib Horadiz qəsəbəsinə qayıtmışam və doğma 1 saylı tam orta məktəbimizdə müəllim kimi əmək fəaliyyətimə  başlamışam. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam. Xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətimə davam etmişəm. Rayonumuzda müxtəlif ictimai vəzifələrdə çalışmışam. Bu gün də həm müəllim kimi, həm də ictimai fəaliyyətlə məşğul oluram. İki kitab müəllifiyəm: “Söz Xəsinəsi”, "44 GÜNlük müharibə"

 

-Müharibə dövrü hər birimiz kimi sizin də  həyatınızda silinməz izlər buraxmışdır. O qanlı günlərin, anların birbaşa şahidi və iştirakçısı olaraq bu haqda sizlər daha dərin təəssüratlara maliksiniz. Mümkünsə o günlər haqda təəssüratlarınızı bilmək oxucularımız üçün çox gözəl olardı. Qeyd edim ki, sizin “44 GÜNLÜK MÜHARİBƏ” kitabınız da təzəlikcə nəşr olunmuşdur.

 

-Yaşadığım ömrümün böyük hissəsi müharibə dövrünə düşüb. I Qarabağ müharibəsi, Aprel müharibəsi, 44 günlük müharibə. Bu 30 ilə yaxın bir dövrü əhatə edir. Yaşadığım Horadiz vaxtı ilə düşmənə qarşı qazandığımız ən böyük qələbə idi. Belə ki, 1994-cü ilin sonundan başlayan və qısa zaman içərisində 22 yaşayış məntəqəsinin azad olunması düşməni atəşkəsə imza atmağa məcbur etdi. İllərlə düşmənlə bir neçə yüz metr məsafədə yaşadıq. 2016-cı ildə 4 günlük Aprel döyüşləri zamanı düşmənə ağır zərbələr vuruldu. Nəhayət, bu qələbələr bizə 44 gün ərzində böyük qələbə qazanmağımıza zəmin yaratdı. 44 gün ərzində bir çox hadisələrin şahidi olduq. Yaşadığımız yer Qarabağa gedən əsas yolun üzərində, strateji bir yerdə yerləşir. Məhz bizlər ön xəttə gedən əsgərlərimizi son uğurlayan, ön xəttən gələn yaralılarımızı, şəhidlərimizi ilk qarşılayanlar olduq. Ən son məlumatı bizlər eşidirdik. Hər qəhrəmanlıq bir dastan idi. Məhz bu yaşadıqlarımızı qısa zaman içərisində qısa qeydlər götürərək kitab halına salmağı bacardıq. "44 GÜNlük müharibə" adı altında kitab çap etdirdik. Kitabın təqdimatını  gənclərimizlə, məktəblilərimizlə etdik. İkinci təqdimatımızı adları kitabda qeyd olunan şəhid övladları ilə etdik. Qarşılarında borclu olduğumuz, bu gün sayələrində qürurla gəzə bildiyimiz şəhidlərimizin övladlarına təqdim etdik kitabları. Bu kitabda birliyimiz, bərabərliyimiz, bir yumruğa, dəmir yumruğa döndüyümüz anlar qeyd olunub.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Bu gün müəllim olaraq, oxumağı sevən biri olaraq fantastikadan başqa bütün janrlarda kitabları oxumağı xoşlayıram.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün gənclərimizin yükünü azaltmaq lazımdır. Onlara müəyyən qədər olunan dəstəyi artırmaq lazımdır. Maraqlı kitabların reklamını etmək lazımdır. Lazımsız verlişlərə lazımsız "yazarlar" deyil, lazımlı verlişlərə lazımlı yazarları dəvət edib oxucu ilə görüşdürmək lazımdır.

Bu gün təəssüflər olsun ki, gənclərimizin böyük əksəriyyəti mütailədən uzaqdırlar. Onları da qınamaq çətindir. 9-cu sinifdən başlayaraq ali məktəbə qəbul olmaq üçün çalışırlar, ali məktəbə qəbul olduqdan sonra bitirmək üçün çalışırlar. Ali məktəbi bitirib işə qəbul olmaq üçün çalışırlar. Sonra ailə, çətinliklər... Təbii ki, bu zaman çərçivəsində kitab oxumaq, mütailə etmək üçün vaxt o qədər də qalmır. Vaxt tapanlar, marağı çətinliyindən, problemlərindən daha böyük olanlar bu işi davam etdirir.

 

-Yazıçı və ya pedaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Bu gün Tik Tok kimi platformalarda baş verənlər gənclərimizin fikrini qarışdırır. Onlar da vaxtını kitabla, qələmlə keçirməkdənsə tik-tokerlər kimi asan yolla, qısa zamanda pul qazanmaq, vaxtını bu yöndə sərf etmək niyyətinə düşürlər. Qürur duyuram ki, müəlliməm. 3 şagirdim 44 günlük müharibədə şəhid oldu, 30-dan artıq şagirdim qazidir, onlarla şagirdim müharibə iştirakçısıdır, bəziləri hələ də vətənin keşiyindədir. Bu onu deməyə əsas verir ki, nə qədər bu gənclikdə çatışmazlıq olsa da, qüsurlar olsa da gənclərimizin vətənpərvərliyi yüksəkdir. Bu duyğu, bu hiss onlara gördükləri hər bir işi ləyaqətlə davam etdirməyə güc verəcəkdir. İstər yazıçı, istər həkim, istər polis, istər pedoqoq, istərsə də digər sahələrdəkilər - hər kəs özünü göstərməli və hər addımda vətənini, xalqını düşünməlidirlər...

 

“Ədəbiyyat və incəsənət”

(2.12.2013)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə Əlizadə Nuri görüşür.

 

Bir gün...

 

Bir gün yaxamızdan yapışıb,

Allahı istəyəcək uşaqlar,

Soruşacaqlar: ''Neynədiniz ONU?"

 

...Bir gün biləcəksən ki,

     ipdən özünü asanlar

   təkcə intihar etmirmiş,

 həm də özünü günə verirmiş...

 

Bir gün  duz səpsək də üstünə

       dadı qaçacaq ümidlərin də.

 

Bir gün biləcəksən ki,

     dünyadakı bütün cütlər

          əslində təkdi.

Ən ağır ayrılıq Allahdan ayrı düşməkdi.

 

Bir gün görəcəksən ki,

   bütün ömür əriyib

Yerində bir ovuc xatirə qalıb...

 

Bir də görəcəksən ki, qocalıb adın,

         hamı unudub səni

Bu doğma vətəndə qürbət yerisən...

 

..Və bir gün ölüb gedəcəksən,

       başdaşın keşik çəkəcək məzarına...

 

...Bir gün

bu " bir gün" də olmayacaq...

 

Hərdən dərdin özü elə əlacdı...

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

Çərşənbə axşamı, 12 Dekabr 2023 12:15

İnsanlığa, mənəviyyata xidmət

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

 

Yüksək mədəniyyət, xeyirxahlıq kübarlığından irəli gəlir. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə çox mehriban və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb. 

Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. 

İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən yazıçı-publisist, "Əməkdar jurnalist", pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin növbəti ad günü idi. Onu bir gün gecikməklə bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək, Zemfira xanım!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

Çərşənbə, 13 Dekabr 2023 13:30

Bağçadan nazirliyəcən

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bu həftə də fərqli bir gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa gülməcələr. Bəyənəcəyinizə əminəm. 

 

Mərminin üstünə yıxılanın hansı hündürlükdən yıxılması bir məna kəsb etmir

 

Sən bağçaya gedəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlməsi ilə sən nazir işləyəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlmələri çox-çoooox fərqlidir, əfəndim. 

 

Məktəblərdə də biznes və ekonom klasslar tətbiq ediləcək. Hamı öncə 1-ci klass-a gedəcək. Sonra varlılar biznes, kasıblar ekonom klass-a gedəcəklər. 

 

Fəlsəfəni çox sevən oğru “Daşları yığmaq vaxtı yetişdi” deyib zərgərlik mağazasına girdi. 

 

 “Ədəbiyyat və incəsənət”

(12.12.3023)

Çərşənbə axşamı, 12 Dekabr 2023 11:45

Fikrət Əmirovun adına layiq

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının  mətbuat katibi 

 

Ulu Öndər Heydər Əliyevin yüz illiyi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Vokal Kafedrası “Fikrət Əmirovun yaradıcılığına səyahət ”adlı konsert proqramı hazırlamışdır.

Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu tələbələrin həyəcanında nəzərimi cəlb etdi.İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülərüzlə məni qarşıladı.

Bu respublikanın əməkdar artisti,

Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim  Zenfira İsmayılovadır. Uzun illər Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu müəllimənin istedadlı tələbələri olacaq düşünüb, onlara uğur diləyib, zala daxil oluram, yavaş- yavaş izləyicilər öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sözə başlayıb tədbiri açıq elan edir, sevimli müəllimə və tələbələrinə uğur diləyir…

 

*

Səhnə Fikrət Əmirovun görüntüləriylə, bir-birindən zəngin əsərləriylə davam etdi.

Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər olan tələbə qrupunun eyni səhnəni eyni peşəkarlıqla bölüşməsi oldu. Tələbələr səhnədə sərbəst, səslərinə və bütün səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. Fikrət Əmirovun “Sevil" operasından Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək kimi iz qoydu. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdi. “Sevil" operasında Bir çox Dilbərlər gördük. Tələbənin ifa etdiyi Dilbər heç də onlardan geri qalmırdı. Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı. 

Səhnə - profesionallığı, sərbəstliyi ona hakim olmağı sevir. Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən  Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim. Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu Zenfira İsmayılovanın ucalığı və uğuru idi. 

Konsert  boyu Fikrət Əmirovun görüntülərini görüb səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi,

Bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azırbaycan Operasının əsasını təşkil edir. Bir bəstənin böyüklüyü onun insan ruhuna, obrazına yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır. Konsertdə iştirak edən bütün tələbələrın adlarını qeyd edirəm: Sevil-Səma Həmzəyeva, Gülüş-Günel Əsədova, Tafta-Vüsalə Teymurzadə, Laylay-Nigar Rüstəmova, Dilbər-Zeynəb Hüseynova,  kor ərəbin mahnısı -Cavidan İsayev, Fikrət Əmirovun İşləməsində xalq mahnısı "Küçələrə su səpmişəm" - Mikayıl Nəsirov, Şəms Cəfərova, Sara Hüseynova, Fidan Mənsurova (trio Reyhan, Baharımsan-Ləman Əhmədova, Mədinə Mirzəyevə - Göy göl, Günel Əsədova - Fikrət Əmirovun işləməsində -Evləri var xana -xana, Konsertmeyster Vəfa Əzizova, Rəhimə xanım Qurbanova - hər kəsə daha böyük səhnələrdə çıxış edərək sənətin zirvəsinə qədər qalxmağı arzu edirəm.

Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımları daim yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Kim qalib gəlirsə, haqlını da o təyin edir.

2.İnsanın pulu qurtardıqdan sonra onu xərcləməyin daha yaxşı yolları haqda çoxlu fikirləri peyda olur.

3.Həyat mahnı, sevgi onun nəqarətidir.

4.İnsan yazır ki, onun yaza bilmədiklərini anlasınlar.

5.Uşağınıza oxumağı öyrədəndən sonra hər oxuduğuna inanmamağı da öyrədin.

6.İnsanın ən böyük qazancı onu daşıyacaq çiyinləri qazanmaqdır.

7.Pislik edə-edə yaxşı nəticə gözləmə.

8.Qızılın susaraq dediyini heç bir insan dili ilə deyə bilməz.

9.Ən dözülməz insan yanlış əqidəsində israr edəndir.

10.İnsanlar özlərindən aşağı saydıqları ilə daha səmimi olurlar.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

Çərşənbə axşamı, 12 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

9-cu hissə

 

Yenə də güzgü ilə üzbəüz

 

Saatın əqrəbləri sürətlə irəliləməkdə idi.

21:30.

Ülkər saymağa başladı. Yarım saat burdan. Saat olur 22. İki saatı da gəl üstünə. Olur 24. Demək, iki saat yarıma bu gün bitdi. On bir saat da sabahdan. Demək, on üç saat yarım.

On üç saat yarımdan sonra O, az qala uça-uça özünü Ülkərə yetirəcəkdi ki, təkliyin, uğursuz ailə həyatının acıları ilə biryolluq üzülüşsün, ürəyinə yatan, qəlbinin ən dərin tellərini titrədən birisi ilə ailə həyatı qursun, xoşbəxt olsun. Onun, yəqin, ağlına belə gəlmir ki, Ülkər indi hansı vəziyyətdədir. Düşünür ki, yəqin, indi Ülkər də sevincindən qanad açıb. Düşünür, yəqin, indi Ülkər qol götürüb oynayır, yeni həyata, yeni ailəyə təşnə kimi Onun yolunu gözləyir. Ağlına necə gətirə bilər ki, Ülkər indi tərəddüdlər içində qovrulmaqdadır. Ağlına necə gətirə bilər ki, Ülkər seçim qarşısında qalıb. Seçim deyəndə ki, bir ömür Onunla yaşamaq, Onun qolları arasında olmaq, qoxusunu duymaq, çox sevdiyi cod saçlarına barmağı ilə daraq çəkmək, qonur gözlərinin atəşli baxışları altında hey qalmaq, qalmaq indi Ülkərçün hər şey deməkdi. Bu xoşbəxtlikdən imtinamı etmək olar? Amma vicdan deyilən bir şey var ki, bax, bu imtinanı Ülkər istəməsə belə, zəruri edirdi.

Bu günün bir həqiqəti vardı, Ülkər suçlu idi, günahkar idi.

Ülkər fahişəydi, sayı-hesabı bilinməyən kişilərə xidmət göstərmiş, murdarlıqları, rəzillikləri bu otuz bir yaşına kimi üstündə daşımış ləkəli birisiydi. Vəssalam!

Qəfildən dik atıldı, telefonunu götürdü. Qızı ilə əlaqə saxlamamışdı neçə saat idi.

-- Alo, mama qurban, necəsən?

Sualın cavabı xeyli gec gəldi:

-- Yaxşıyam, ma, yemək yeyirəm. Evindəsən, yoxsa Dubayda?

Qeyri-ixtiyarı “Hə, Dubaydayam” dedi.

Ömrünün Dubay mərhələsi başlayanda məcburən dünyalar qədər sevdiyi, gözünün bəbəyi, ürəyinin döyüntüsü olan qızından ayrı yaşamağa məcbur olmuşdu. Bəzən həftələrcə orada qalası olurdu, nənəsinin yanında qalan qızı üçün burnunun ucu göynəyirdi. Bakıya dönən kimi ciyərparasını da götürüb evinə aparırdı, yeni səfərə qədər bir neçə gün birgə yaşayırdılar. Bu dəfə ilk kəzidi ki, Bakıya dönmüş, amma nə evinə, nə də qızı ilə görüşməyə getmişdi. Dubaydan birbaşa Onun evinə gəlmişdilər. Burada iki bənzərsiz, təkrarsız gün keçirmişdilər, sonra da təcili Dubaya yollanan O, yoldaca Ülkərə mesaj yazmışdı ki, qayıdan kimi səninlə ailə quracağam, Aylinə də öz balam kimi baxacağam.

-- Dərslərin necə gedir, mənim canım?

Özü həyatda büdrəmişdi, amma qızını dünyanın ən xoşbəxti etmək amacında idi. Aylinin on iki yaşı var idi, altıncıda oxuyurdu, indidən onun gələcəyinin qeydinə qalaraq ingilisdilli liseydə oxudurdu, xoreoqrafiya və rəssamlıq dərnəklərinə üzv etmişdi. Qızı üçün sürücü tutmuşdu, Malik adlı yaşlı kişi öz “Opel”i ilə Aylini məktəbə, dərnəklərə aparıb gətirir, hər ayın tamamında da Ülkərdən maaş alırdı.

-- Ma, tətilqabağı nə dərs? Boşuna gedib-gəlirik, dərs-zad olmur.

Aylinin bu cavabından sonra özünü diqqətsizlikdə qınadı. Doğrudan axı, may ayı idi, mayın 22-si idi, bu vədələrdə dərsə getmək formal xarakter daşıyırdı.

-- Nənə necədi?

-- Yaxşı.

-- Malik əmi necədi?

-- Ma, yenə ağzına bir ovuc qoz-fındıq atıb yol boyu mırc-mırc eləyir Malik əmi.

Ülkər gülümsədi, yadına düşdü ki, Aylin həmişə sürücünün mırçlarından təngə gəldiyini deyib şikayətlənərdi.

-- Təzə nə xəbər var?

Bu suala Aylinin cavabı çox uzun oldu. Aylin böyüklərsayağı “Şelkunçik” baletini məşq etdiklərindən, amma bu baletin uşaq psixologiyası ilə uzlaşmadığından, rəsm dərnəyində çəkdiyi son rəsmdən (özündən asılı olmayaraq rəssamın təklif etdiyi Xeyir və Şər mövzusunda Yeddibaşlı div rəsmi şəkmişdi), YouTube-da baxmağa başladığı yeni Ukrayna uşaq serialından hey danışdı, danışdı. Ülkərisə “yeddibaşlı div” sözü xəyalən çox-çox uzaqlara apardı. Madar yenicə ailəsini atıb Rusiyaya getmişdi, hər gecə Ülkər üç yaşlı Aylinə xoşbəxt olmaq istəyən iyirmi iki yaşlı bir qadınla üç yaşlı bir qızcığazın bu xoşbəxtliklərini əllərindən alan yeddibaşlı divin nağılını danışardı.

Kövrəldi, qəhərləndi, göz yaşlarını saxlaya bilmədi. Aylin necə duyğusal idi. Bir bax, 2017-ci ildə on ikiyaşlı uşaq 2008-ci ilin acı xatirələrini necə də içində saxlayıbmış.

Uşaqlar əslində böyüklərdən daha duyğusal olurmuşlar. Böyüklər eqoistcəsinə seçim edir, yaxşı xatirələri qoruyub saxlayıb pislərini çıxdaş edirlər. Böyüklərin xatirə boxçası tam senzuradan keçmiş, özlərinə sərf edən tərzə uyğunlaşmış olur. Uşaqlardasa hər şey təbiidir, necə var elədir, pis adamlar da, yaxşı adamlar da, qara günlər də, ağ günlər də orada qərarlaşır.

Qızı ilə sağollaşanda saata baxıb gördü ki, düz bir saat on beş dəqiqə danışıblar.

Saat 22:45 idi.

Boğazı qurumuşdu, bərk aclıq hiss edirdi. Hamam otağına keçmək zərurəti də duyurdu. Amma nə idisə, sanki onu güzgünün qabağındakı kətilə pərçimləmişdi, yerindən dura bilmirdi.

Güzgü onun simasını göstərirdi, hər gün güzgülənməyi sevdiyindən öz cizgilərini də, təbii ki, əzbər bilirdi. Boy-buxunu, bədən quruluşu, sifət cizgiləri… Amma bu gün nədisə, güzgü sanki onun içini də göstərirdi, yaşantılarını, əzablarını, acılarını da göstərirdi.

Bir yol tutub gəlmişdi, büdrəyərək, yıxılıb-duraraq, sınaraq, əzilərək, tapdanaraq. Bu yolda neçə dəfə özünə qıymaq, onunçün zülmətə dönmüş işıqlı dünyadan qopmaq istəmişdi. Damarını kəsmək, eyvandan özünü atmaq, sirkə turşusu içmək, özünü asmaq… Hər dəfəsində bir fərqli yol fikirləşərək intihar etmək istəmişdi. Amma Aylin gəlib durmuşdu gözünün qabağında. Qızını taleyin ümidinə atıb dünyadan köçməyə ixtiyarı olmadığını duyub bu yoldan əl götürmüşdü.

Yenə xatirələr onu çəkib apardı. Həyatına kino lenti kimi tamaşa etməyin davamı onu bugündən qoparıb 2004-cü ilin şaxtalı-sazaqlı 12 yanvar gününə apardı…

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

 

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib müğənni Səkinə İsmayılovadır. Ondan müsahibə1998-ci ilin fevralında  götürülüb.

 

SƏN SEHRKARSAN, SƏKİNƏ

 

Müsahibimiz Azərbaycan Dövlət Opera və Balet Taetrının solisti, Xalq artsiti Səkinə İsmayılovadır.

 

-Səkinə xanım, indiki şöhrətinizin zirvəsindən baxanda sənətə ilk gəldiyiniz anları necə xatırlayırsınız?

 

-Mən hüquqşünas olmaq istəyirdim. Bizim məktəbdə əslən qarabağlı olan Vidadi Xəlilov adlı bir musiqi müəllimimiz var idi. O bir dəfə mənə dedi ki, qızım, hamı hüquqşünas ola bilər, amma hamıda səndəki kimi səs yoxdur. Səndən yaxşı xanəndə ola bilər. Bu sözlər mənim gələcək taleyimi müəyyən etdi. Xalq artisti adını alanda Vidadi müəllim zəng edib dedi ki, mənə sürprizi var. Bu sürprizin altıncı sinifdə oxuduğum iki mahnının lent yazısı olduğunu biləndə, bu gözəl insana minnətdarlığımı necə ifadə edəcəyimi bilmirdim.

 

-Hər bir xanəndə özündən öncəki hansısa sənətkara vurulur, onun tərzini mənimsəyir, repertuarını təkrarlayır, neçə illər onun təsirindən çıxa bilmir. Siz sənətə kimə vurulub gəlmisiniz?

 

-Səhnəyə Zeynəb xanımı görüb gəlmişəm. Mən uşaq və yeniyetmə olanda Zeynəb xanım təkcə mənim yox, sənətə gələn hər bir qızın pərəstiş ünvanı olub. Amma bütün ömrüm boyu sənətinə böyük hörmət bəslədiyim sənətkar Rübabə Muradovadır. Sonra tale elə gətirdi ki, Rübabə xanımla eyni teatrda işləməli oldum.

 

-Rübabə xanım Leyli rolunun Opera Teatrı səhnəsində ən uzunömürlü ifaçılarından biridir. Yaşlı müğənnilər gəncləri adətən gülə-gülə qarşılamırlar. Teatra gələndə Rübabə xanımdan necə münasibət gördünüz?

 

-O, bir qədər sərt, ağır təbiətli xanım idi. Həyatda çox ağrılar, acılar yaşamışdı. Doğulub böyüdüyü Ərdəbil şəhərindən ömürlük uzaq düşmüşdü. Bu, şəxsi həyatından gələn ağrı-acıları bir az da artırırdı. Rübabə Muradova Leyli rolunu təkcə mənə yox, hər bir xanəndəyə, hətta Füzulinin özünə belə qısqanırdı. Mən səhnəyə gələndə o artıq 50 yaşını keçmişdi. Çoxları belə bir yaşlı müğənninin gənc qız rolunda səhnəyə çıxmasını normal saymırdı. O isə bu söz-söhbətlərə önəm verməyir, “mən səhnəyə Leyli kimi gəlmişəm, Leyli kimi də gedəcəm, qoy, kim nə deyirsə-desin” deyirdi. Salam verirdim, salamımı almırdı. Bir dəfə soruşdum ki, ay Rübabə xanım, mən sizə neyləmişəm, mənim salammımı niyə almırsınız? Qayıtdı ki, mən yalandan gülə bilmirəm.

 

-Opera Teatrı öz qapılarını hamının üzünə taybatay açmır. Necə oldu ki, belə asanlıqla teatrın kollektivinə daxil ola bildiniz?

 

-Mən Operaya 1980-ci ildə Konservatoriyanın muğam sinfini bitirəndən sonra Leyli roluna dəvət olunmuşam. Leyli ifaçılarından Rübabə xanım dediyim kimi artıq yaşlaşmışdı. Zeynəb xanım xarici ölkələrdə qastrol səfərlərində olurdu. Bircə qalırdı, Nəzakət Məmmədova. Rübabə xanımdan fərqli olaraq, o məni səmimiyyəytlə, həssaslıqla qarşıladı. Onun mənə yaxşılığını heç vaxt unuda bilmərəm. Böyük səhnə plastikasına, qeyri-adi artistlik məharətinə malik olan bu zərif xanım çox gözəl insan idi. Məşqlərimin necə getməsi ilə daim maraqlanır, mənə mənəvi dayaq olmağa çalışırdı. İlk tamaşam olan gün onun böyrəklərinin sancısı tutmuşdu. Amma tamaşa zalını mənə görə axıra qədər tərk etmədi. Tamaşa bitəndən sonra gəldi pərdənin arxasına, məni qucaqlayıb üzümdən öpdü, təbrik elədi, dedi ki, mən ilk dəfə Leyli roluna çıxanda təbrik edən olmadı, istəmirdim ki, səninlə də belə olsun. Ona görə böyrəyimin ağrısına baxmayaraq, tamaşaya axıra qədər baxdım. Mənə ürək-dirək verirdi ki, heç nəyə fikir vermə, mən də səhnyə təzə gələndə mənə soyuq sifət göstərənlər var idi.

 

-Səkinə xanım, bu gün siz Xalq artisti, adlı-sanlı sənətkarsınız. Şöhrətiniz Azərbaycanın hüdüdlarını aşaraq dünyanın müxtəlif ölkələrinə yayılıb. Bu gün də səhnəyə yeni leylilər gəlir. Bəs, onlar necə, vaxtilə Rübabə xanımdan gördüklərinizi sizdən görmürlər ki?

 

-(dərindən nəfəs alır, köks ötürür. Pauza verir...) Yox...

 

-Sizdən əvvəlki nəsil müğənnilərin ən parlaq nümayəndəsi kimi Zeynəb xanımın adı mahnı ifaçılığı tarixinə gətirdiyi şuxluq, dinamizm, rəqs elementləri ilə düşüb. Ondan sonrakı nəslin ən parlaq nümayəndəsi kimi siz sənətə gətirdiyiniz yeniliyi nədə görürsünüz?

 

-Muğam üçlüyü ilə çıxış edən ilk qadın xanəndəsi olmağı Allah mənə qismət edib. Qadınlardan ibarət ilk muğam üçlüyünü də mən yaratmışam. Mən qaval çalan ilk xanəndə qadınam. Əvvəllər qadınlar ya ümumiyyətlə qaval götürməz, ya da forma üçün götürsələr də, qaval çalmazdılar.

 

-Bəs, necə oldu ki, siz bu ənənəni qırdınız?

 

-Bakı və Hyuston şəhərlərinin qardaşlaşması münasibətilə keçirilən konsertdə muğam üçlüyü ilə çıxış etməli idim. Mədəniyyət naziri Polad Bülbüloğlu dedi ki, qavalı özün çalmalısan. Çünki qoşa nağara əlavə olunsa, bu artıq trio yox, kvartet olacaq. Bu təklif əvvəlcə o qədər də ürəyimcə olmadı, amma indi fikirləşirəm ki, nə yaxşı belə olub. İndi görürəm ki, gənc müğənnilərin çoxu qaval çalmağı özlərinə borc bilirlər.

 

-Niyə muğamlar üstündə ən çox Füzulinin qəzəllərini oxuyursunuz?

 

-Füzulinin qəzəllər divanı mənim stolüstü kitabımdır. Onu çox oxumaq sənətçiyə ruhən təmizlənməyə, özünüdərk etməyə kömək edir. Amma gərək oxuduğun qəzəlin mənasını dərk edəsən. Əgər başa düşmürsə, xanəndə Füzulinin qəzəllərini dilinə gətirməməlidir. Bu, günahdır. Ondansa, götürüb daha asan, anlaşıqlı Vahidi oxusunlar.

 

-Toylara gedirsiniz?

 

-Xanəndənin toyda oxuması təbii və vacibdir. Mən toyda oxumağı xanəndə üçün əskiklik saymıram. Əvvəllər həyat yoldaşım icazə vermədiyindən toylara gedə bilməmişəm. Bir dəfə on min manat müqabilində məni toya dəvət edirdilər. Toy sahibi övladı hələ körpə olarkən əhd edibmiş ki, oğlumun toyuna Səkinəni dəvət edəcəm. Nə qədər təkid etdi, hətta daha böyük məbləğ təklif etdisə də, yoldaşım razı olmadı. Sonra eşitdim ki, toya Mələkxanımı dəvət ediblər. Amma indi hamının yeyib-içdiyi, şənləndiyi, söhbət etdiyi, oynadığı, yəni mahnıya diqqətlə qulaq asılmadığı bir yerdə oxumağı özüm də istəmirəm.

 

-Ailə vəziyyətiniz barədə nə deyə bilərsiniz?

 

-Ailəliyəm, həyat yoldaşım öz bibim oğludur və mühəndisdir. Qızım Bibixanım orta məktəbin beşinci sinfində oxuyur.

 

-Qızınızın gələcəkdə müğənni olmasını istərdinizmi?

 

 

-Qızımın musiqi qabiliyyəti var. Özü də arzu edirdi ki, incəsənətlə məşğul olsun. Amma mən onu bu fikirdən daşındıra bildim. İstəmirəm sənətin enişli- yoxuşlu yollarında mən gördüklərimi o da görsün. İngilis dilini yaxşı bilir, dilçi olmağa hazırlaşır.

 

-Belə bir fikir var ki, sənətçi qadının ailə sahibi olması çətindir və hətta mümkün deyil.

 

-Bu, yanlış fikirdir. Elə etmək olar ki, həm təmiz ailən olsun, həm də sənəti atmayasan. Bizim də ailədə bu mövzuda çox söz-söhbət olub, amma son nəticədə ortaq dil tapa bilmişik.

 

-İdeal sənətçi qadını necə görürsünüz?

 

-Təbii olan, amma bu təbiilik içində özünün kim olduğunu, hər şeydən əvvəl, bir müsəlman qadını, sonra isə bir ailənin xanımı olduğunu unutmayan adam.

 

-Müsəlmanlığın hansı vacib tələblərinə əməl edirsiniz?

 

-Dörd ildir ki, oruc tuturam, özümü dinə, Allaha bağlı adam hesab edirəm.

 

-Sizcə, Səkinə xanım necə adamdır?

 

-Ayağını yorğanına görə uzadan, özünə tənqidi yanaşan bir adamdır. Bir az romantikdir. Kin saxlamır, düşmənini də bağışlayır. Çox mərhəmətlidir, taksi pulunu dilənçiyə verib, özü piyada gedər.

 

-Gözəl bir xanım kimi kino çəkilişlərinə dəvət almısınızmı?

 

-“Nizami” filmində Afaq roluna dəvət almışdım. Evdən razı olmadıqlarından imtina etməli oldum.

 

-Həyatda ən çox sevindiyiniz və kədərləndiyiniz anlar nə vaxt olub?

 

-Ən xırda şey belə məni sevindirir. Mağazada qəşəng bir kukla da görəndə sevinirəm.

 

-Onda sizin evdə çoxlu kukla olar?

 

-Doludur ev (gülür, sonra düşüncəli bir tərzdə). Çox duyğusal olduğumdan tez kədərlənirəm. Məni ən çox haqsızlıq kədərləndirir.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Füzulinin qəzəllər kitabını.

 

 “Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 12 Dekabr 2023 11:30

BİRİ İKİSİNDƏdə Əkbər Qoşalının şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, tanınmış şair, beynəlxalq mükafatlar laureatı Əkbər Qoşalının şeirləri ilə tanışldıqdır.

 

 

***

 

Nə zamansa işim qalıb çətinlərdən çətində,

Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,

Təvəkkül eyləmişəm...

 

Olmadığım ürəklərin boylanmadım gözünə...

Güzgüyə də baxmadım heç – baxdım dostun sözünə...

Təvafüq eyləmişəm.

 

Qırıq cama su tökmürəm, yaş keçəndən qırxları,

“Bu dünyaya ağır gələr, bir qırıx qəlb hesabı” –

Tərənnüm eyləmişəm...

 

Coşan dəniz, yatan sahil... qarışqaynan balığı

bir-birinə ruzi qılıb... – nədi başa saldığı?.. –

Təfəkkür eyləmişəm.

 

Bir köklücə yaşıl ağac budaq-budaq quruyub,

Kölgəsində böyüyənlər çıxıb gedib, unudub...

Təəssüf eyləmişəm.

 

Əzəl başdan bir sevdiyi olmalıdı insanın...

Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...

Tərəddüd eyləmişəm...

 

İnsanoğlu, çiyinlərin iki günə yarayar:

Dərdli başa yastıq olar, bir də tabut daşıyar...

Təsadüf eyləmişəm...

 

Nə ki yaxşılıq etmişəm – unutmuşam, çox şükür,

Nə yaxşılıq görmüşəmsə – yaddaşımda görünür…

Tədarük eyləmişəm...             

 

 

***

 

“Yüz ev tikən cənnətini bu dünyada qazanar” –

Eşitdim ki, mən yaşayan şəhərdə

nə zamanmış belə inanc varıymış.

O inancla evlər tikib adamlar –

səksən olub, doxsan olub, yüzü görən olmayıb…

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır… –Amma yenə o inancın işığı

ev tikdirib adamlara,

ev tikdirir bu gün də… –

Əgər kimsə bilə-bilə yalan danışıbsa da,

Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,

cənnət olsun məqamı!

 

Mənim gözəl şəhərimdə ayrı bir inanc da var –

Deyərlər ki, “Bir ev yıxan cəhənnəmi bu dünyada satın alıb

elə bil”…

Gəl görəlim, yenə evlər yıxılır…Cəhənnəmi satın alır gözgörəsi tanıdığmız adamlar…

O qaranlıq niyə çəkir adamları? – bilmirəm…

Görən, onlar özlərini aldadırlar nə ilə?..

Yenə evlər tikilir,

Yenə yıxılır evlər…

Tikin, qardaşlar, tikin,

Bəlkə, yüzə çatmadınız,

cənnət görmədiniz, bəlkə…

Amma          

evyıxanlar                 

cəhənnəmdəsə,

demək,

         evtikənləri          

unutmayıb Yaradan…

Eviniz yıxılmasın…

 

 

***     

 

(Dostum və qardaşım YOLÇU üçün)

 

Bir gün, əlbət, bir gün

olanlar olmayacaq,

olmayanlar olacaq.

Nə qurşun atdıq bir kəsə,

nə qurşun atdılar, ölək;

Ömür deməm ömürə,

yol yoxsa, cavan ölümə…

Onsuz da olanlar olmayacaq, olmayanlar olacaq…

Nə qurşun atdılar, ölək,

nə qurşun atdıq bir kəsə;

Ömür dedim ölümə,

özüm dedim özümə:

bütün ömürlər         

ölümə aparır…

Baxma, hər ölünü bir qoşun aparır, kim dünyadan nə götürür?

Qoy desinlər, bir şair dünyadan qurşun aparır…

 

 

***

 

Sən necə soyundun ayaqlarını?..  – Sən elə soyundun ayaqlarını,

Sanki soyunmayır, əzizləyirdin!

O da elə bil ki, ərkələnirdi...

Qoy mən təşəkkürlər edim onlara, səni mənə,                

səni mənə gətirib...

Var olsun, var olsun ayaqlarını!Gözlərim ayrılmır ayaqlarından:

Yeriyən, “düşünən”, “döyünən” ayaq...

Ağ ayaq, gül ayaq, ətirli ayaq...

Ha yana baxsam da, görünən ayaq...

 

“Gümüş topuğunda xal, sənə qurban”  

hələ yüz il öncələr Müşfiq belə yazırdı.

Əlbət, Müşfiqdən öncə, 

əlbət, öncədən öncə,

qadın ayaqlarından vəcdə gələnlər olub.

Düşünə bilirsənmi, dünyanın ilk qadını   

ilk dəfə ayaq açır,    

yeriyir bu yer üstə;    

Qadın ayaqlarıyla tanış olur torpaqlar...

Yəqin, elə o vaxtdan          

işvə, naz qarışıbdı torpağın canına da,

bəlkə, ona görə də

qapqara torpaqlardan ağappaq güllər çıxıb, çiçəkləyib Yer üzü...

    ilk qadın addımı    

ilk kişiyə doğruydu...   

İnsanlıq doğulurdu…

Budur, min illər sonra sənsən ayaq yiyəsi,

qalxıb mənə gəlmisən.

Gəlmisən, xoş gəlmisən!..

Qoy       

bircə doyunca baxım onlara –

Qoy    

bir də, qoy bir də baxım onlara…“Ayaq” dediyimiz başabəlaya.

Ah, hələ barmaqların,

Ah, rəngli dırnaqların,

Ah, bir də topuqların!..  

“Xallı, gümüş topuqlar”...

 

Bu gün sən səbirsizsən,

Bu gün qayğılıyam mən;

Ta Adəmdən-Həvvadan        

dönüb gələn fikirlər

ayaqda tutur məni...

Söylə,    

yeni söz söylə    

ayaq verək keçidə...                         

 

 

HƏSRƏTİN HEKAYƏTİ

 

İl yarım olmuşdu biz ayrılalı,

İl yarım deyirəm, zarafat deyil.

Şeytanın qıçını sındırdıq axır,

İkimiz də kövrək, ikimiz dəli...

 

Bilmirəm, həsrəti necə keçirib,

Bilmirəm, o zalım nə yeyib-içib?

Özümə çəkilib o aylar boyu,

İçimi yemişdim mən gizlin-gizlin.

 

Bilirəm, daha çox həsrət çəkən var,

Bilirəm, tez küsüb-barışıb kimsə.

Söz var: od düşdüyü yeri yandırar,

Bizim il yarımmız bəs edər bizə...

 

Deyirdim, nə geyər bugün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü ağ olmuş,

Kəməri, çantası qıpqırmızıydı.

 

Deyirdim, ilk sözü nə olacaq, nə?

Sinəmə sığmırdı yarımcan ürək.

O gəldi, mən baxdım, ikimiz susduq...

unutduq ilk sözü, nə deyəcəkdik?..

 

Sonrası, sonrası “itotu, bağayarpağı”... –

Elə bil dünəncə sağollaşmışıq...

Ah, mənim il yarım yaşadıqlarım,

Ah, mənim hələ də yaşamadığım...                     

 

 

***

 

Gecələrə Günəş,

gündüzlərə Ay…

Say, zalım əfəndim,

ömrümü gəl say…

 

Eşq dolu – sevdaya ac,

bir körpə nazlı turac,

Ömrümü etdi tarac,

Nə “uf” derim, nə də “oy”…

 

Yağış yağmaz Günəşə…

Kimdi gələ gənəşə?..

Ətimi çəkməz şişə,

Tənimi eyləyər zay…

 

Yağış, Günəş və hava,

Hər dərdə olsa dəva;

Ollam daşa dost, valla,

Demə, olduq nəyə tay…

 

Eşq dolu sevdaya ac,

o körpə nazlı turac,

Ömrümü aldı xərac,

Nə “uf” deməm, nə də “oy”…

 

Gecələrə Günəş,

gündüzlərə Ay…

Say, zalım əfəndim,

ömrümü gəl say…

 

 

ŞUŞA ALXIŞI

 

Şuşada açmışam sabahı bu gün,

Şuşamıza şükür, sabaha şükür.

Dolaşdım, toxundum, gördüm-götürdüm,

Özümə tapdığım cavaba şükür.

 

Ucada görmüşəm bayrağımızı,

Ondan öyrənmişəm növrağımızı,

Gündüzü cilvəli qutsalımızı,

sığala yetişən axşama şükür.

 

Yaddaşım oyandı, tərpəndi lay-lay,

Gah aypara oldum, gah da dolunay…

Xankəndi tərəfə boylandım bir az,

Orda çatacağmız tonqala şükür.

 

Əkbər, hər şəhərin öz gözəlliyi,

Burdakı gözəllik döz gözəlliyi…

Daha aramadım söz gözəlliyi,

İdraka, iqbala, amala şükür!..

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Türk dünyasının məş­hur siması, əsərləri dünyanın 174 dilinə tərcümə edilən Qırğızıstanın xalq yazıçısı, siyasətçi, diplomat Çin­giz Ayt­ma­tovun anadan olduğu gündür. Böyük ədib 12 de­kabr 1928-ci il­də Qır­ğı­zıs­ta­nda anadan olub. Və o, dünya ədəbiyyat xəzinəsinə “Əsrə bərabər gün”, “Cəmilə”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Kötük” kimi romanlar bəxş edib.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının 95 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar - virtual kitab sərgisi və yazıçının bədii, ictimai, siyasi fəaliyyətindən bəhs edən videomaterial hazırlanıb.

Hazırlanan materiallarda yazıçının həyat və fəaliyyəti, ictimai-siyasi mühitdə malik olduğu mövqe, də­rin mil­li xü­su­siy­yət­lə­rə ma­lik  yaradıcılıq nümunələri - müəllifi olduğu roman və povestlər haqqında məlumat verilir. Videomaterialda qədim köklərə malik Azərbaycan-Qırğızıstan mədəni əlaqələri, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovun Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov haqqında söylədikləri dəyərli fikirlər, yazıçının layiq görüldüyü təltif və mükafatlar haqqında məlumatlar da yer alır.

Virtual kitab sərgisində müəllifin “Çingiz xanın ağ buludu”, “Ağ gəmi”, “Mənim ilk müəllimim”, “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Dağlar yıxılanda” kimi əsərlərinin qısa annotasiyası təqdim edilir.

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.  https://ryl.az/multimedia/cingiz-aytmatov-95

https://ryl.az/multimedia/cingiz-aytmatov

Düşünürəm ki, Aytmatov yaradıcılığını sevənlər buradan tam bəhrələnə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.