“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
9-cu hissə
Yenə də güzgü ilə üzbəüz
Saatın əqrəbləri sürətlə irəliləməkdə idi.
21:30.
Ülkər saymağa başladı. Yarım saat burdan. Saat olur 22. İki saatı da gəl üstünə. Olur 24. Demək, iki saat yarıma bu gün bitdi. On bir saat da sabahdan. Demək, on üç saat yarım.
On üç saat yarımdan sonra O, az qala uça-uça özünü Ülkərə yetirəcəkdi ki, təkliyin, uğursuz ailə həyatının acıları ilə biryolluq üzülüşsün, ürəyinə yatan, qəlbinin ən dərin tellərini titrədən birisi ilə ailə həyatı qursun, xoşbəxt olsun. Onun, yəqin, ağlına belə gəlmir ki, Ülkər indi hansı vəziyyətdədir. Düşünür ki, yəqin, indi Ülkər də sevincindən qanad açıb. Düşünür, yəqin, indi Ülkər qol götürüb oynayır, yeni həyata, yeni ailəyə təşnə kimi Onun yolunu gözləyir. Ağlına necə gətirə bilər ki, Ülkər indi tərəddüdlər içində qovrulmaqdadır. Ağlına necə gətirə bilər ki, Ülkər seçim qarşısında qalıb. Seçim deyəndə ki, bir ömür Onunla yaşamaq, Onun qolları arasında olmaq, qoxusunu duymaq, çox sevdiyi cod saçlarına barmağı ilə daraq çəkmək, qonur gözlərinin atəşli baxışları altında hey qalmaq, qalmaq indi Ülkərçün hər şey deməkdi. Bu xoşbəxtlikdən imtinamı etmək olar? Amma vicdan deyilən bir şey var ki, bax, bu imtinanı Ülkər istəməsə belə, zəruri edirdi.
Bu günün bir həqiqəti vardı, Ülkər suçlu idi, günahkar idi.
Ülkər fahişəydi, sayı-hesabı bilinməyən kişilərə xidmət göstərmiş, murdarlıqları, rəzillikləri bu otuz bir yaşına kimi üstündə daşımış ləkəli birisiydi. Vəssalam!
Qəfildən dik atıldı, telefonunu götürdü. Qızı ilə əlaqə saxlamamışdı neçə saat idi.
-- Alo, mama qurban, necəsən?
Sualın cavabı xeyli gec gəldi:
-- Yaxşıyam, ma, yemək yeyirəm. Evindəsən, yoxsa Dubayda?
Qeyri-ixtiyarı “Hə, Dubaydayam” dedi.
Ömrünün Dubay mərhələsi başlayanda məcburən dünyalar qədər sevdiyi, gözünün bəbəyi, ürəyinin döyüntüsü olan qızından ayrı yaşamağa məcbur olmuşdu. Bəzən həftələrcə orada qalası olurdu, nənəsinin yanında qalan qızı üçün burnunun ucu göynəyirdi. Bakıya dönən kimi ciyərparasını da götürüb evinə aparırdı, yeni səfərə qədər bir neçə gün birgə yaşayırdılar. Bu dəfə ilk kəzidi ki, Bakıya dönmüş, amma nə evinə, nə də qızı ilə görüşməyə getmişdi. Dubaydan birbaşa Onun evinə gəlmişdilər. Burada iki bənzərsiz, təkrarsız gün keçirmişdilər, sonra da təcili Dubaya yollanan O, yoldaca Ülkərə mesaj yazmışdı ki, qayıdan kimi səninlə ailə quracağam, Aylinə də öz balam kimi baxacağam.
-- Dərslərin necə gedir, mənim canım?
Özü həyatda büdrəmişdi, amma qızını dünyanın ən xoşbəxti etmək amacında idi. Aylinin on iki yaşı var idi, altıncıda oxuyurdu, indidən onun gələcəyinin qeydinə qalaraq ingilisdilli liseydə oxudurdu, xoreoqrafiya və rəssamlıq dərnəklərinə üzv etmişdi. Qızı üçün sürücü tutmuşdu, Malik adlı yaşlı kişi öz “Opel”i ilə Aylini məktəbə, dərnəklərə aparıb gətirir, hər ayın tamamında da Ülkərdən maaş alırdı.
-- Ma, tətilqabağı nə dərs? Boşuna gedib-gəlirik, dərs-zad olmur.
Aylinin bu cavabından sonra özünü diqqətsizlikdə qınadı. Doğrudan axı, may ayı idi, mayın 22-si idi, bu vədələrdə dərsə getmək formal xarakter daşıyırdı.
-- Nənə necədi?
-- Yaxşı.
-- Malik əmi necədi?
-- Ma, yenə ağzına bir ovuc qoz-fındıq atıb yol boyu mırc-mırc eləyir Malik əmi.
Ülkər gülümsədi, yadına düşdü ki, Aylin həmişə sürücünün mırçlarından təngə gəldiyini deyib şikayətlənərdi.
-- Təzə nə xəbər var?
Bu suala Aylinin cavabı çox uzun oldu. Aylin böyüklərsayağı “Şelkunçik” baletini məşq etdiklərindən, amma bu baletin uşaq psixologiyası ilə uzlaşmadığından, rəsm dərnəyində çəkdiyi son rəsmdən (özündən asılı olmayaraq rəssamın təklif etdiyi Xeyir və Şər mövzusunda Yeddibaşlı div rəsmi şəkmişdi), YouTube-da baxmağa başladığı yeni Ukrayna uşaq serialından hey danışdı, danışdı. Ülkərisə “yeddibaşlı div” sözü xəyalən çox-çox uzaqlara apardı. Madar yenicə ailəsini atıb Rusiyaya getmişdi, hər gecə Ülkər üç yaşlı Aylinə xoşbəxt olmaq istəyən iyirmi iki yaşlı bir qadınla üç yaşlı bir qızcığazın bu xoşbəxtliklərini əllərindən alan yeddibaşlı divin nağılını danışardı.
Kövrəldi, qəhərləndi, göz yaşlarını saxlaya bilmədi. Aylin necə duyğusal idi. Bir bax, 2017-ci ildə on ikiyaşlı uşaq 2008-ci ilin acı xatirələrini necə də içində saxlayıbmış.
Uşaqlar əslində böyüklərdən daha duyğusal olurmuşlar. Böyüklər eqoistcəsinə seçim edir, yaxşı xatirələri qoruyub saxlayıb pislərini çıxdaş edirlər. Böyüklərin xatirə boxçası tam senzuradan keçmiş, özlərinə sərf edən tərzə uyğunlaşmış olur. Uşaqlardasa hər şey təbiidir, necə var elədir, pis adamlar da, yaxşı adamlar da, qara günlər də, ağ günlər də orada qərarlaşır.
Qızı ilə sağollaşanda saata baxıb gördü ki, düz bir saat on beş dəqiqə danışıblar.
Saat 22:45 idi.
Boğazı qurumuşdu, bərk aclıq hiss edirdi. Hamam otağına keçmək zərurəti də duyurdu. Amma nə idisə, sanki onu güzgünün qabağındakı kətilə pərçimləmişdi, yerindən dura bilmirdi.
Güzgü onun simasını göstərirdi, hər gün güzgülənməyi sevdiyindən öz cizgilərini də, təbii ki, əzbər bilirdi. Boy-buxunu, bədən quruluşu, sifət cizgiləri… Amma bu gün nədisə, güzgü sanki onun içini də göstərirdi, yaşantılarını, əzablarını, acılarını da göstərirdi.
Bir yol tutub gəlmişdi, büdrəyərək, yıxılıb-duraraq, sınaraq, əzilərək, tapdanaraq. Bu yolda neçə dəfə özünə qıymaq, onunçün zülmətə dönmüş işıqlı dünyadan qopmaq istəmişdi. Damarını kəsmək, eyvandan özünü atmaq, sirkə turşusu içmək, özünü asmaq… Hər dəfəsində bir fərqli yol fikirləşərək intihar etmək istəmişdi. Amma Aylin gəlib durmuşdu gözünün qabağında. Qızını taleyin ümidinə atıb dünyadan köçməyə ixtiyarı olmadığını duyub bu yoldan əl götürmüşdü.
Yenə xatirələr onu çəkib apardı. Həyatına kino lenti kimi tamaşa etməyin davamı onu bugündən qoparıb 2004-cü ilin şaxtalı-sazaqlı 12 yanvar gününə apardı…
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)